• Həbsdəki şəriklərindən şeyxə və onun deputat qardaşına növbəti ağır ittihamlar

     Həbsdəki şəriklərindən şeyxə və onun deputat qardaşına növbəti ağır ittihamlar

    İş adamı Müğdət Həşimov məhkəmədə sensasion ifadə verdi; “Ölkənin dini lideri məni və ailəmi ağır vəziyyətə salıb”

    Rubrika.az Musavat.com-a istinadən bildirir ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə və onun deputat qardaşı Cavanşir Paşazadənin şəriki olmuş Müğdət Həşimovun məhkəmə prosesi davam edib. Əvvəlki məhkəmə proseslərində olduğu kimi M.Həşimov bu dəfə də Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadənin sifarişi ilə həbs edildiyini deyib.

    Məhkəmədə qərara alınıb ki, şeyxin yaxın adamı, onun əmrlərini icra etdiyi bildirilən, adı bir çox qalmaqallı məlumatlarda hallanan və Hacı Mazan kimi tanınan Ramazan Zeynalov növbəti dəfə məhkəməyə çağırılsın.

    M.Həşimovun vəkili Elçin Sadıqov bir neçə nəfərin də əlavə şahid qismində məhkəməyə gətirilməsini istəyib.

    Məhkəmə müşavirədən sonra vəkil Elçin Sadıqovun vəsatətinin təmin edildiyini açıqlayıb.
    Paşazadələr ailəsi ilə tibb müəssisəsində şərik olan M.Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1(vergidən yayınma) maddələr ilə də ittiham irəli sürülüb. Müğdət Həşimov məhkəmədə bir daha günahsız yerə, Allahşükür Paşazadənin qardaşı deputat Cavanşir Paşazadənin sifarişi ilə həbs edildiyini deyib.

    Deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayan Müğdət Həşimov müqavilənin heç bir şərtini pozmadığını deyir. Müqavilənin şərtlərinə görə, M.Həşimovla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub.

    Hakim M.Həşimova xatırladıb ki, zərərçəkmiş kimi tanınan Ramazan Zeynalov şərik olduqları klinikaya alınan avadanlıqların keyfiyyətsiz və köhnə olması ilə bağlı məhkəmədə fikir bildirib.

    Hakim M.Həşimovdan bu iddiaları rədd edən sübutları məhkəməyə təqdim etməsini istəyib: “Siz ittiham üzrə danışın. Ramazan Zeynalov avadanlıqların köhnə və keyfiyyətsiz olduğunu, buna görə hətta bir nəfərin öldüyünü deyir. Siz həmin klinikanın təsisçisi olmusunuz. Avadanlıqların köhnə olmadığını, keyfiyyətli olduğunu sübut edən sertifikatı, sənədləri məhkəməyə təqdim edin. Bunu sizə 20 dəfə demişəm”.

    Müğdət Həşimov hakimin qeyd etdiyi sənədləri məhkəmənin növbəti iclasınadək təqdim etməyə çalışacağını bildirib. Təqsirləndirilən M.Həşimov Hacı Mazanın klinikadakı ölüm hadisəsi ilə bağlı dediklərinə də toxunub: “Möhtərəm hakim, Hacı Mazan bir nəfərin öldüyünü deyir. Həmin hadisədən sonra Baş Prokurorluqdan, Səhiyyə Nazirliyindən yoxlama gəldi. Araşdırma aparıldı, sertifikatlar yoxlanıldı. Bu ölüm hadisəsindən əvvəl belə sertifikat olmasaydı, klinikanın 1 saat işləməsinə icazə verilməzdi. Bunu deməkdə məqsədim budur ki, avadanlıqlar nə keyfiyyətsiz, nə də köhnə olub. Mən Cavanşir Paşazadənin sifarişi ilə həbs edilmişəm. Bunu hamı bilir. Klinikada olan avadanlıqlarla bağlı deyilənlər yalandır. İşi aparan müstəntiq mənə dedi ki, ”mən qələməm, yaz deyirlər, yazıram". Ölkənin dini lideri məni və ailəmi bu ağır vəziyyətə salıb. Özüm günahsız yerə aylardır həbsdəyəm. Aydın məsələdir ki, bu iş mülki işdir və mən sifarişlə həbs edilmişəm".

    Hakim növbəti dəfə Müğdət Həşimova ona aid olan ittiham üzrə danışması ilə bağlı xəbərdarlıq edib: “Ayrı-ayrı şəxslər haqda ittihamlar səsləndirməyə ehtiyac yoxdur. Kiminsə sizi şərləyərək həbs etdirdiyini iddia edirsinizsə, bunu sübut edən faktları ortaya qoyun. Prokurorluğa müraciət edin. Siz mənim üçün sadəcə olaraq vətəndaşsınız”.

    M.Həşimov deyib ki, tərəflər arasında şərikliyin şərtinə görə Bank “VTB”dən 700 min manat götürülüb. Həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər M.Həşimovun öhdəliyində olub. M.Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməli imiş.

    Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə M.Həşimov arasında bölünməli imiş. Klinika üçün ayrılan, bankdan götürülən ümumi 840 min manatın nəyə və hara xərclənməsi ilə bağlı istintaqa siyahı təqdim etmişəm. Bir məsələni də diqqətinizə çatdırım ki, Paşazadələrlə imzalanan müqavilədə mənim öhdəliyim avadanlıqların təzə olması deyildi. Bankdan götürülən 700 min manatı ödəmək idi. Bu öhdəliyi də yerinə yetirirdim. Müqavilə də 2018-ci ilə qədər idi. Aylıq 20 min manat kredit ödəyirdim. Amma razılığı onlar pozdular. Dəfələrlə danışığa getdim. Bu işi sülh yolu ilə həll etməyə çalışdım. Danışıqlar müddətində işləmədiyim halda 3 ay 20 min, cəmi 60 min manat krediti cibimdən ödədim. Ailəm pis vəziyyətə düşdü, bütün əmlakım əlimdən çıxdı. Özüm həbs edildim. Bəs, indi başıma gələnləri necə danışmayım? Bu işi kimlərin etdiyini necə deməyim?"

    Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin edilib.

    Qeyd edək ki, klinika C.Paşazadənin adına olan 1255 kv.metrlik qeyri-yaşayış sahəsində açılıb. Şəriklik əsasında M.Həşimov “Medi-Sina” MMC-nin təsisçisi olaraq, fəaliyyətə başlayıb. Onun sözlərinə görə, Paşazadələrin sifarişi ilə Hacı Mazan onu klinikadan çıxarıb və barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

    Rubrika.az


    Facebook-da paylaş