• Gələn ilin ilk sürprizini manat edə bilər: dollar 2 manatı ötəcək

     Gələn ilin ilk sürprizini manat edə bilər: dollar 2 manatı ötəcək

    Ekspertlərin fikrincə, artıq Milli Bankın rəsmi rəsmi məzənnə siyasətinin əhəmiyyəti qalmayıb

    Rubrika.az musavat.com-a istinadən bildirir ki, Milli valyuta olan manatın durumu ürəkaçan deyil. Artıq rəsmi məzənnə demək olar ki, əhəmiyyətini itirib. Dollar ancaq “qara bazar” vasitəsilə alınıb-satılır. Banklarda dollar satılmaması bir çox ciddi çətinliklər yaratmaqdadır. Ekspertlər isə durumun getdikcə pisləşəcəyi qənaətindədirlər.

    Ekspertlər manatın bu ili necə başa vuracağı və gələn il aqibətinin necə olacağı barədə ehtimallarını musavat.com-la bölüşüblər.

    Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı bildirib ki, əslində manat dollara nisbətdə “qara bazar”da 1,95 həddindədir: “Dollar 1,95 manat məzənnəsi ilə dəyişdirilir. Yəni bu, artıq faktiki manatın real bazar dəyəridir. İstənilən ölkədə ”qara bazar" əmələ gəlir. Bu, dövlətin süni məhdudiyyətlər qoyduğu ölkələrə aiddir. “Qara bazar” dünyanın inkişaf etmiş ölkələrində də olur. Amerikada da var. Yəni valyuta bazarları yoxdur, amma dövlət hansı əmtəəyə məhdudiyyət qoyursa, orada avtomatik “qara bazar” yaranır. “Qara bazar”da olan qiymət də məhsulun əsl dəyəridir.

    Artıq milli valyutamız kəskin üçüncü devalvasiyaya məruz qalıb. Sadəcə, Mərkəzi Bank bunu etiraf etmir. Dolların hazırda qiyməti 1,76 manatdır. Amma bu qiymətə alqı-satqı yoxdur. Mərkəzi Bankın rəsmi məzənnəsi artıq əhəmiyyətini itirib. Bu vəziyyət çox davam edə bilməz. Əks halda, bütün iqtisadiyyat iflic olacaq. Düşünürəm ki, gələn ilin əvvəlində dollar təxminən 2 manat məzənnəsi ilə başlayacaq. Mərkəzi Bank baş verənləri etiraf edəcək. Gələn ilin ilk ayları ərzində dollar iki manatı keçəcək".

    Ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında bildirib ki, artıq rəsmi məzənnənin hansı səviyyədə olması vətəndaşları az maraqlandırır: “Çünki bu, formallığa çevrilib. İqtisadi dəyəri olmayan bir məsələyə çevrilib. Çünki rəsmi məzənnə ilə nə dollar almaq olur, nə də ümumiyyətlə valyutaya sərbəst çıxış imkanları var. Bu da valyutanın məzənnəsindən daha az əhəmiyyətli məsələ deyil. Dollara çıxış imkanı məhdudlaşdıqca, bu, daha böyük fəsadlara gətirib çıxarır. Getdikcə bu fəsadları daha ciddi şəkildə hiss etməyə başlayacağıq. Çünki bu imkanların məhdudlaşması idxal əməliyyatlarını çətinləşdirir. İdxal əməliyyatlarını daha da bahalaşdırır, malların, məhsulların qiymətinin daha da artmasına səbəb olur. Bir müddət sonra hətta bəzi məhsullar üzrə qıtlığın da yaranması müşahidə olunacaq. Rəsmi məzənnə isə ilin sonuna çox güman ki, 1,77-1,78 səviyyəsində olacaq. Sonuncu hərracda dollar 1,77 manata yaxınlaşdı. Növbəti hərracda rəsmi məzənnə 1,78-ə qədər olacaq.

    Bu cür ili tamamlayacaq. Rəsmi məzənnənin artıq iqtisadi əhəmiyyəti itib. Çünki heç olmasa, əvvəllər sərbəst şəkildə valyutaya çıxış imkanları olanda banklar üzərinə 4 faiz qoymaqla, rəsmi məzənnədən bir qədər baha dollar satırdılar. İndi isə artıq dollara ümumiyyətlə çıxış imkanları məhdudlaşıb. Gələn il də bu prosesin daha da sürətlənməsi ehtimalı var. Çünki bazar oyunçularının sayı məhduddur, gələn il bir Neft Fondu valyuta bazarında valyuta satmalı olacaq. Çünki Mərkəzi Bank bu ilin martından valyuta satışlarını dayandırıb. Valyuta ehtiyatları kritik həddə idi, 4 milyard dollara enib ki, Mərkəzi Bank onu saxlamağı düşünür. Mərkəzi Bankın ehtiyatlarının sıfırlanması Azərbaycanın borc danışıqlarında əlini zəiflədir. Mərkəzi Bankın ehtiyatları kredit-borc danışıqlarında bir zəmanət rolunu oynayır.



    Ona görə də Mərkəzi Bank uzun müddət valyuta bazarında iştirakçı kimi olmayacaq. Ancaq Neft Fondu valyuta satmağa başlayacaq. Gələn il də Neft Fondunun 4 milyard dollardan bir az çox miqdarda satış imkanı var. Bazara cəmi 4 milyard vəsait çıxara bilər. Qalan ehtiyacın hansı mənbələr hesabına ödəniləcəyi qaranlıq qalır. Çünki ilkin hesablamalara görə, Azərbaycanın aylıq valyuta tələbatı 900 milyon- 1 milyard arası dəyişir. İl ərzində ortalama 11-12 milyard dollar lazımdır. Gələn il bizim bu qədər valyutaya ehtiyacımız olacaq. Amma ancaq Neft Fondu tərəfindən satıla biləcək 4 milyard dolların bazara çıxması ehtimalı var. Gələn il manat üçün çox ağır bir il olacaq. Ümid onadır ki, əgər neft qiymətlərində çox kəskin artım olarsa, o zaman valyuta bazarında müəyyən sabitlik yarana bilər. Mərkəzi Bankın da artıq valyuta bazarına əlavə valyuta çıxarmaq imkanları ola bilər. Bu ehtimal da çox aşağıdır. Çünki ən yaxşı halda, neftin qiymətləri gələn il də indiki səviyyələrdə- 45-55 dollar civarında qalacaq. Hətta bundan aşağı düşmə ehtimalı artma ehtimalından daha çoxdur. Bunları nəzərə alsaq, gələn il artıq manat- dollar münasibətlərində növbəti rekordları görə bilərik. Məzənnənin daha sürətlə aşağı düşməsi, manatın daha sürətlə ucuzlaşmasının şahidi ola bilərik. Gələn ilin əvvəlində bu prosesin ilkin işartıları olacaq”.

    Ekspertin sözlərinə görə, başqa bir ssenari də mümkündür: “Ola bilər, ilin əvvəlində Neft Fondu hərraclara öz ehtiyatlarını nəzərə alaraq gələn aylarda satmalı olduğu valyutanı daha tez hərraca çıxarsın. Yanvarın əvvəlində ajiotajı aşağı salmaq üçün bu addım atıla bilər. Amma bu, sonradan davamlı olmadıqca, bir neçə həftə sonra daha böyük ajiotajın yaranmasına səbəb ola bilər. Valyuta bazarında daha ciddi proseslərə səbəb ola bilər. Çünki növbəti aylarda Neft Fondu məcburən daha az valyuta satmalı olacaq ki, bu da ajiotajı sürətlə artıracaq. Ona görə də manatın hansı səviyyədə dayanacağını söyləmək çox çətindir. Amma ilkin olaraq onu demək mümkündür ki, gələn il manatın dəyərdən düşməsinin sürəti artacaq. Daha sürətlə manatın ucuzlaşmasının şahidi olacağıq”.

    Rubrika.az


    Facebook-da paylaş