• Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

     Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

    Azərbaycan dini dözümlülük məsələsində dünyaya necə nümunə göstərdi?

    Elə gün olmur ki, dünya mətbuatı hansısa Avropa ölkəsində və ya yaxın Rusiyada qeyri-millətlərdən, qeyri-dinlərdən olan insanlara qarşı törədilən hücumdan və ya zorakılıqdan yazmasın. Dünya sözün böyük mənasında dini və milli dözümsüzlükdən əziyyət çəkir. Bu, özünü miqrantların Avropa ölkələrinə son köçündə də göstərdi.

    Miqrantlara qarşı bir çox hallarda sərhədləri zorlayan aqressiya, hücum, eləcə də zorakılıq əlamətləri dünya mətbuatının ən çox müzakirə etdiyi mövzulardan oldu. “Yeni Müsavat” da hadisələrin qaynar dönəmində Avropanın qaçqın düşərgələrinə etdiyi səfər zamanı sözügedən mənzərəni aydınlığı ilə oxucularına təsvir etdi.


    Tolerantlıq - bu problem ilk dəfə orta əsrlərdə yaranıb və günümüzə qədər davam edir...
    Elmi ədəbiyyatlarda “tolerantlıq” - (lat. tolerancia - hərfən dözümlülük) - dini və milli müxtəlifliyin etirafı və ona hörmətlə yanaşılması kimi şərh edilib. Qərbdə tolerantlıq problemi ilk dəfə orta əsərlərdə yaranıb. İlk dövrlərdə bu, əxlaqi fəzilət, qeyri-xristian və yaxud bidətçi ehkam, ayin, inancların etirafı kimi nəzərdən keçirilib. Dini tolerantlığın geniş şəkildə şərh edilməsinə məşhur xristian ilahiyyat alimi Foma Akvinalının “Teologiyaların külliyatı” əsərində rast gəlmək olar.

    Mədəniyyətin mühüm elementi olan ümumi tolerantlıq, bu gün müxtəlif inanc, mədəni ənənə, siyasi məslək daşı- yıcısı olan insanların ictimai vəhdətləşməsinin zəruri şərti kimi etiraf olunur. Tolerantlıq vətəndaş cəmiyyətinin əsas əxlaqi prinsipidir. Eyni zamanda, təcrübə göstərir ki, mütləq dözümlülük də öz növbəsində özbaşınalıq və zorakılığa yol açır: heç bir halda tolerantlıq şərə fürsət verməyə çevrilməməlidir. Qeyd etmək lazımdır ki, həm islama qədərki dövrdə, həm də islam dininin Azərbaycanda yayılmasından sonra müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı etimada əsaslanan milli-mədəni və dini münasibətlər sistemi formalaşmış, insanlar əmin-amanlıq şəraitində yaşamış, burada yüksək tolerantlıq mühiti hökm sürmüşdür. Bu ərazidə tarixən müxtəlif dinlər və etnoslar arasında tolerantlıq mədəniyyətinin indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin mühüm rolu olmuşdu.

    Mövcud qanunlarımıza görə, respublikamızda hər bir kəs dinə münasibətini müəyyənləşdirməkdə, istədiyi dinə etiqad etməkdə sərbəstdir. Eyni zamanda, 49 dini etiqadların, dini ibadətlərin zor işlətməklə və ya insanlar arasında nifaq salmaqla təbliğ edilməsi qanunla qadağandır. Qanunda dini təhlükəsizliyin təmin edilməsi baxımından əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın qadağan edilməsi təsbit olunub. Qanunda həmçinin, göstərilir ki, ölkə vətəndaşlarının dinə münasibətlərindən asılı olmayaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələ- rində bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər.

    Tarixi faktlar - ölkəmizdəki kilsələr, sinaqoqlar və qeyri-dinlərə verilən böyük azadlıq...
    Bu gün dünya əhalisinin sayı artıq 7 milyard nəfəri ötüb və onun 50 faizə qədəri səmavi və dünyəvi dinlərdə - İslam, xristianlıq, iudaizm və buddizmdə birləşib. Bunlardan ilk üçü səmavi, buddizm isə geniş coğrafiyada yayılmış qeyri-səmavi dinlərdən hesab olunur. Bu dinlərin hər biri Allahın vahidliyini, təkallahlığı qəbul edir və tolerantlığa, sülhə çağırır, israfçılığın əleyhinə çıxış edir. Səmavi dinlərin hər bir kitabına, Davudun “Zəbur”undan başlamış Musanın “Tövrat”ı, İsanın “İncil”i və Məhəmməd Peyğəmbər (s.ə.a.s) vasitəsilə Allah tərəfindən bizə nazil olunmuş “Qurani-Kərim”ə baxsaq, onlarda sülh, əmin-amanlıq, bərabərlik, qardaşlıq ideyalarını görə bilərik. Bu dini kitabların ən təkmili təbii ki, “Qurani-Kərim”dir.

    Bəs Azərbaycan dini tolerantlığa hansı töhfələr verir? Faktlara diqqət edək: dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixi olan Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir.
    Azərbaycan əhalisinin 96 faizini müsəlman, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Misal üçün, bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonunda Qırmızı qəsəbədir.

    Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan hökumətinin qayğısı ilə əhatə olunur. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu ilə birgə “Yəhudilər Azərbaycanda” kitabını hazırlayıb.

    Ölkəmizin ərazisində yaşayan dağ yəhudiləri yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlayıblar. Xristianlıq isə Azərbaycan ərazisinə hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz edib. Sinayda aşkar edilmiş “Alban yazısında və alban dilində” leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunub. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlayıb.

    Hələ XIX əsrin ikinci yarısında incilçi-lüteran kilsəsinin ardıcılları Bakıya neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəliblər.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, əgər müstəqilliyinin ilk dövrlərində Azərbaycan dünyada gedən dinlər və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı idisə, indi demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib: “Azərbaycan beynəlxalq miqyasda dinlərarası dialoq mərkəzinə çevrilməkdədir. Bunun təsdiqi olaraq, son illərdə Dünya Dini Liderləri Sammitinin, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının Bakıda keçirilməsini qeyd etmək olar. Bundan başqa, Bakı 2009-cu ildə İslam Mədəniyyəti paytaxtı elan edilmişdi. İSESKO tərəfindən 2018-ci il üçün ”Naxçıvan İslam mədəniyyətinin paytaxtı" elan edilib. Gəncə və Şəki də “İslam mədəniyyətinin paytaxtları” layihəsində iştirak edəcək. Bütün bunlar dünyanın ölkəmizə tolerantlığın yüksək səviyyədə inkişaf etdiyi məkan kimi etimad göstərməsinin nəticəsidir".

    Bu günə qədər ölkədəki dini tolerantlıqla bağlı müsbət fikir söyləyən qeyri-din rəhbərlərinin açıqlamalarını da yada salaq.

    Roma papası İoann Pavel deyib: “Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir”.

    Rum Patriarxı I Varfolomeyin ölkəmizə səfəri zamanı buradakı tolerantlığa verdiyi qiymət də çox maraqlıdır: «Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir. Azərbaycanı çox sevdim. Bu ölkənin rifahı və xoşbəxtliyi üçün hər zaman dua edəcəyəm».

    Daha bir tarixi fakt. Bakıda Jan Mironosets pravoslav baş kafedral kilsəsini 1907-ci ildə Zeynalabdin Tağıyev inşa etdirib. Onun dəstəyi ilə Dağıstanda kumık dilində “Tanqn Çolpan” adlı jurnal nəşr olunurdu. Tağıyev maliyyə yardımı göstərdiyi onlarla qəzet və jurnallarda özünün tənqidinə rast gəlsə də mətbuata yardımını dayandırmırdı.

    Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə «Dini etiqad azadlığı haqqında» qanunda təsbit olunmuşdur. Həmçinin, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb.
    Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir.

    Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. XIX əsrin sonlarına yaxın Bakıda «Qızıllı kilsə» kimi tanınan «Aleksandr-Nevski» kilsəsinin inşası üçün toplanılmış ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq tarixinin ən parlaq səhifəsidir.
    Dini ekspert Kənan Rövşənoğlu da təsdiqləyir ki, Azərbaycanda dini tolerantlıq qədimdən mövcuddur. Onun sözlərinə görə, bunun təsdiqi olaraq tarix boyunca bizdə dini məzmunlu düşmənçilik, savaşın olmaqmasıdır: “Adətən belə şeylər xarici təsirlərlə olub, məsələn 17-ci əsrin əvəllərindən Dağıstandan hücum edən tayfalar bura din şüarı ilə gəlmişdilər. Amma yerli camaatda dərin dini nifrət olmayıb. Bunun da bir sıra səbəbləri var. Avropadan fərqli olaraq Azərbaycanda dini tolerantlıqda dövlətlər arasında anlaşma deyil, bilavasitə xalqın özünün yanaşması rol oynayıb. Bu isə görünür Azərbaycanda tarixən etnik və dini müxtəlifliyin dərin olması ilə bağlıdır. Qədim inanclar, atəşpərəstlik, daha sonra xristianlıq, sonra islam hamısı Azərbaycana gəlib və özünə yer tapıb. Yəhudilik, fərqli xristian təriqətləri... bu qədər zənginlik içərisində azərbaycanlıların bir-birinə nifrət etməsi, dominant bir dini inancın digərlərini basqı altında saxlaması ənənəsi olmayıb. Yəni bir növ dövlət mərkəzli deyil, xalq mərkəzli olub”.

    Bir müddət öncə “Dini etiqad azadlığı haqqında” qanuna 13-14 əlavə və dəyişiklik edilib. Bu dəyişikliklər insanların dini inanclarını, onların dini ayinlərinin icrasını, məscid, sinaqoq və kilsədə fəaliyyətini məhdudlaşdırmağa yönəlməyib. Onların ana xəttində məhz dindən radikal, dağıdıcı, ekstremist məqsədlər üçün istifadəni məhdudlaşdırmaq dayanır. Bəzi ölkələrdə öz dini, milli ənənələrini, xüsusilə, dindən gələn, hətta klassik dini qaydaları qorumaq üçün qanunlar qəbul edilib. Avropanın bəzi ölkələrində belə nümunələr var. Yəni ölkələr öz tarixi keçmişini, milli adət-ənənələrini nəzərə alaraq bu ənənələrdən kənara çıxan, hansısa xırda qrupların təşviqat və təbliğatını məhdudlaşdırıblar. Xüsusilə, belə təcrübə xristian ölkələrində daha çoxdur. Xristianlıqda iki böyük cərəyan - katolik və pravoslavlar, bundan əlavə, protestantlar, lüteranlar, babtistlər, adventistlər var. Buddizmin də içində çoxlu cərəyanlar var. İslam və xristianlıqdan fərqli olaraq, buddizm öz daxilində yaranan cərəyanlara qarşı dini mərkəzləşdirmək üçün mübarizə aparmır. Lakin İslam və xristianlıq dini öz içərisində parçalanmanın qarşısını almaq üçün özünüqoruma instinktinə uyğun fəaliyyət göstərir. Sevinc TELMANQIZI


    Facebook-da paylaş