• Oqtay Əsədov: "Bordyuja gedəcək, yerinə Koçaryan gələcək"

    Oqtay Əsədov: "Bordyuja gedəcək, yerinə Koçaryan gələcək"

    Bu gün Milli Məclisin 2016-cı ildə payız sessiyasında son iclası keçirilib. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, iclasın gündəliyinə 25 məsələ daxildir.

    Rubrika.az APA-ya istinadən bildirir ki, ilk olaraq iclasda "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. O, vergi borclarının silinməsi, maliyyə sanksiyalarının aradan qaldırılması haqqında danışıb: “Əgər vergi ödəyiciləri yanvar-fevral ayları ərzində borcun 50 faizini ödəyərlərsə, qalan 50 faizinin silinməsi təklif olunur. 2017-ci ilin yanvar mart ayları ərzində maliyyə sanksiyalarının 70 faizi ödənildiyi təqdirdə isə qalan 30 faizinin silinməsi təklif olunur”.

    Ziyad Səmədzadə xatırladıb ki, qanun layihəsi 44 704 vergi ödəyicisini əhatə edəcək.

    Spiker Oqtay Əsədov bildirib ki, bu qanun layihəsinə görə deputatlar və öz adından ölkə prezidentinə təşəkkür edir.

    Sonda qanun layihəsi qəbul edilib. Layihədə ümumilikdə 640 milyon manat borcun silinməsi nəzərdə tutulub.

    Cari məsələlərin müzakirəsi zamanı Qüdrət Həsənquliyev ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verən insidentə münasibət bildirib: “Bu, Ermənistanın növbəti təxribatıdır və Ermənistan Rusiyanı da bu prosesə qoşmaq istəyir. Ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətdi. Bu adam artıq baş katiblikdən getməlidir”.

    Milli Məclis sədri Oqtay Əsədov isə qeyd edib ki, Bordyujanın açıqlaması çox savadsız idi: “İndi o gedəcək, məsələn, yerinə Koçaryan gələcək. Bordyuja savadsız danışıb. Buna Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib etiraz etdi. Ona görə məsələni çox da şişirtmək lazım deyil”.

    Spiker onu da əlavə edib ki, Bordyujanın açıqlaması Rusiyanın mövqeyi deyil.

    Deputat Siyavuş Novruzov "Təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı orta məktəblərdə rus dilli bölmələrin 8-ci sinfində Azərbaycan və Dağlıq Qarabağın tarixinin ayrı-ayrı kitablarla tədris olunmasına diqqət çəkib. O bildirib ki, bununla bağlı tarix müəllimləri tərəfindən dəfələrlə ona müraciətlər olub. Siyavuş Novruzov tarixçi deputat Yaqub Mahmudova müraciət edərək, məsələyə aydınlıq gətirilməsini xahiş edib: "Məgər Dağlıq Qarabağ Azərbaycan tarixi deyil? Belə çıxır ki, İrəvanın, Naxçıvanın tarixi də ayrı keçirilməlidir? Bu, hansı formada və nəyə uyğun şəkildə tədris olunur? Xüsusilə də bunun rus dilində olması məni narahat edir. Çünki bundan istənilən an istifadə edib deyə bilərlər ki, Azərbaycanın özündə belə Dağlıq Qarabağın tarixi ayrı dərs kimi tədris olunur. O baxımdan xahiş edirəm ki, bununla bağlı araşdırma aparılsın”.

    Siyavuş Novruzovun qaldırdığı məsələyə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov cavab verib. O bildirib ki, bir tarix var, o da Azərbaycan tarixidir: “Bu təxribatın qarşısı alınmalıdır. Azərbaycanın bir tarixi var. Kimlərsə təxribat yaradaraq Azərbaycan tarixinə qara yaxmaq istəyirlər”.

    Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, kitabları yazanlar üzə çıxarılmalıdır: “Araşdırın görək bunu kim yazıb”.

    Qanun layihələrinin müzakirəsindən sonra Milli Məclis 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə bağlı dünya azərbaycanlılarına müraciət edib. Müraciəti Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.

    Spiker Oqtay Əsədov Milli Məclisin 2016-cı ilin payız sessiyası ilə bağlı statistika təqdim edib. Oqtay Əsədov deyib ki, Milli Məclis 10 iclasda 195 qanun və qərar qəbul edilib: “Milli Məclis cənab prezident İlham Əliyevin təsdiq etdiyi iqtisadiyyatın əsasları və strateji yol xəritələrinin hazırlanması, həyata keçirilməsi ilə bağlı olaraq öz köməyini ifadə edib. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak ediblər. Bu il həmçinin biz 2 beynəlxalq təşkilatda öz iştirakımızı bərpa etdik. Sessiya ərzində 24 ölkəyə 50-dən çox nümayəndə heyəti səfər etdi. Deputatlar bir çox ölkələrin parlament, prezident seçkilərində iştirak etdilər. Bu sessiyada 40-dan çox ölkənin 50-yə yaxın nümayəndə heyəti Azərbaycana təşrif buyurdu. Biz Milli Məclisdə 2 mühüm tədbir keçirdik”.

    Spiker qeyd edib ki, Azərbaycan 2016-cı ili uğurla başa vurub: “Xalqın maraqları və tələbləri üzərində qurulan siyasətə görə cənab prezidentə hamımızın adından minnətdarlıq bildirirəm. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə cənab prezidenti və ailə üzvlərini səmimi qəlbdən təbrik edirik. Dəyərli fəaliyyətində ona yeni-yeni uğurlar arzu edirik”.

    Bununla da Milli Məclisin 2016-cı il üçün son iclası bitib və payız sessiyası qapalı elan edilib.

    Rubrika.az


    Facebook-da paylaş