• Qubad İbadoğlu: “Bir tərəfdə yoxsullaşma gedir, digər tərəfdə isə israfçılıq”

    Qubad İbadoğlu: “Bir tərəfdə yoxsullaşma gedir, digər tərəfdə isə israfçılıq”

    Qubad İbadoğlu ilə ilin iqtisadi yekunları və növbəti ilin proqnozları: “Xidmət sektorunda tariflərin qaldırılması 2020-ci ilə kimi davam edəcək və bu, mərhələli şəkildə həyata keçiriləcək”

    Bugünlərdə əhalini düşündürən ən önəmli məsələlər manatın durumu, bazarlardakı bahalaşma və digər iqtisadi məsələlərdir. Bu baxımdan ilin sonuncu müsahibi olaraq redaksiyamızın qonağı iqtisadçı ekspert, Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu oldu.

    - Qubad bəy, hazırda əhalini ən çox narahat edən məsələ Yeni il öncəsi bahalaşmadır. Xarici ölkələrdə bayram öncəsi endirim kampaniyaları olsa da, bizdə əksinə, qiymətlər bahalaşır. Bunun səbəbi nədir?

    - Azərbaycanda da bayramqabağı bəzi şirkətlər endirim kampaniyaları keçirirlər, lakin bu kampaniyalar bir çox hallarda real görünmür. Yüksək faizlərlə endirim elan olunur, sonra məlum olur ki, endirilmiş mallar orta bazar dəyəri ilə müqayisədə yenə də bahadır. Ayrı-ayrı ölkələrdə ərzaq məhsullarının təchizatı əsasən bir neçə şirkətin oliqopoliyasındadır. Mən bir müddət ABŞ-da yaşadım və orda gördüm ki, iri supermarketlər və onların şəbəkələrinin eyni mərkəzdən idarə olunan kampaniyaları hər yerdə eyni şərtlərlə alıcılara təklif olunur. Belə şirkətlərin əsas məqsədi odur ki, bayram ərəfəsində alıcıların əhval-ruhiyyəsi yaxşı olsun, alıcılar məmnun qalsın. Eyni zamanda, onlar istəyirlər ki, ildən-ilə gəlirlərini deyil, satışın dövriyyəsini artırmaqla bazar paylarını genişləndirsinlər. Azərbaycan biznesində belə idarəetmə təfəkkürü tam formalaşmayıb. Ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının satışı üzrə ixtisaslaşmış bir neçə supermarket olsa da, onlar hazırda ağır şərtlərlə işləyirlər. Xatırlayırsınızsa, həmin supermarketlərin İqtisadiyyat Nazirliyinə müraciəti olmuşdu ki, belə davam edərsə, onların gəlirləri xərclərini qarşılamayacaq, çünki son dövrlər xərclər artır, gəlirlər də azalır. Heç şübhəsiz ki, həmin şirkətlərin belə şəraitdə mənfəət qazanmaq imkanları məhdudlaşır. Ona görə də Yeni il qabağı xüsusilə də ərzaq satışı ilə məşğul olan şirkətlərdən böyük kampaniyalar gözləmirəm. Amma qeyri-ərzaq məhsullarının satışını həyata keçirən bəzi marketlərdə bu cür kampaniyalar aparırlar. Əslində bu kampaniyalara başqa ölkələrdə həm də ona görə cəlbedici görünür ki, orda alıcılar yığdıqları pulu bayram ərəfəsində xərcləməyə üstünlük verirlər. Bizdə isə əhalinin böyük əksəriyyətinin ilin sonuna yığımı qalmayıb.

    - Bu sahədə gələn il üçün ölkəni nə gözləyir? Hansı sahələrdə bahalaşma daha çox müşahidə olunacaq?

    - Mənim gözləntilərim ondan ibarətdir ki, gələn ilin əvvəlində qeyr-ərzaq məhsullarının, geyim, məişət avadanlıqlarının satışında durğunluq yaşanacaq, satışlar aşağı düşəcək. Nəzərə alsaq ki, Azərbaycana geyim əsasən Türkiyə və Çindən gəlir, Türkiyə lirəsinin zəifləməsi də məhsulların Azərbaycan manatı ilə daha ucuz başa gəlməsinə səbəb olur. Düzdür, bu məqamda manat da zəifləyir. Ancaq ən azından bahalaşma olmur. Bəzi sabit xərclər də var ki, onları əhali ödəməyə məcburdur. Bunlar əhalinin ərzaq tələbatı və kommunal xərclərdir. Bu xərclər davamlı olaraq artacaq. Çünki xüsusilə də ərzaq məhsulları bazarı idxal məhsulları hesabına formalaşır. Buna görə də ərzaq məhsullarının bahalaşması gələn il də davam edəcək. Digər tərəfdən, Tarif Şurası da hər zaman ilin əvvəlində sürprizlər edir. 2017-ci ildə də belə sürprizlər olacaq, bəzi məhsul və xidmətlər bahalaşa bilər. Bu yaxınlarda kommunal xidmətlərlə bağlı “Yol xəritəsi” qəbul olundu. Bəlli oldu ki, kommunal sektorda qiymətlərin liberallaşdırılmasına üstünlük veriləcək. Qiymətlərin liberallaşdırılması əslində özəlləşdirməyə hazırlıq mərhələsi deməkdir. Kommunal xidmətlərin qiymətlərini o səviyyəyə qaldıracaqlar ki, investorlar üçün cəlbedici olsun. Düşünürəm ki, bu yaxınlarda elektrik enerjisinin bahalaşmasında Asiya İnkişaf Bankının həmin sektora ayırdığı kredit müqaviləsinin və şərtlərin rolu oldu. Çünki investor riskləri azaltmaq üçün həmişə daxil olduğu sektorda qiymət faktoruna üstünlük verir. Çalışır ki, start qiyməti elə olsun ki, onun hesabına xərclərini qarşılaya bilsin. O baxımdan kommunal, nəqliyyat xidmətlərinin qiyməti artacaq. İstilik və enerji daşıyıcılarının qiymətlərində artım, o cümlədən ictimai nəqliyyatda gediş haqqının bahalaşması gələn il üçün gözləniləndir. Əslində onlardan bəziləri bu il baş verməli idi. Sadəcə olaraq ölkədə mövcud iqtisadi böhran, sosial durum belə qərarların qəbul edilməsi ilə bağlı hökumətdə tərəddüdlər yaratdı. Xidmət sektorunda tariflərin qaldırılması 2020-ci ilə kimi davam edəcək və bu mərhələli şəkildə həyata keçiriləcək.

    “Dollarla ifadə etsək, orta aylıq əməkhaqqına görə biz 10 il əvvəlki səviyyəyə düşmüşük”


    - Qubad bəy, sizcə, bahalaşma və bununla paralel əhalinin gəlirlərinin azalması sosial gərginliyə səbəb ola bilərmi? Bu gərginlik hökumət üçün nə vəd edir?

    - İnsanların bir qisminin sosial vəziyyəti pisləşib, onlar güzəranlarından narazıdırlar. Çünki yaşam şərtləri ağırlaşıb, xərclər artıb, insanların gəlirləri azalıb, məsrəfləri qarşılamaq imkanları məhdudlaşıb. Ancaq cəmiyyət elə təbəqələr də var ki, onların sosial vəziyyətində dəyişiklik yoxdur, yenə də əvvəlki israfçılıqlarına davam edirlər, istirahətlərini təşkil etmək üçün yüksək məbləğdə pul xərcləyirlər. Bir tərəfdə yoxsullaşma gedir, digər tərəfdə isə insanlar israfçılığa davam edirlər. Bu artıq cəmiyyətdə qanunauyğunluğa çevrilib. Xüsusən də idarəetmə sistemində avtoritarlaşma olan ölkələrdə, əhalinin, vergi ödəyicilərinin iştirakçılığı nəzərə alınmayan idarəçilik sistemlərində bu daha çox müşahidə olunur. Belə ölkələrdə iqtisadiyyat böyüyəndə ondan kiçik bir zümrə faydalanır, iqtisadiyyat kiçiləndə isə böyük bir zümrə ondan təsirlənir və itirir. Azərbaycanda da eyni proses gedir. İqtisadiyyatın böyüməsindən faydalanan zümrə indi iqtisadiyyatın kiçilməsi zamanı daha da rahat yaşayır. Onların yığımları da dollarladır və onu manata çevirməklə məhsul və xidmətlərə daha ucuz çıxış imkanı əldə edirlər. Daha böyük bir zümrə üçün isə sosial vəziyyət ağırlaşıb, güzəran pisləşib. Bu proses insanların elektrik enerjisindən, istilikdən və digər xidmətlərdən də məhrum olması ilə nəticələnəndə onlar daha da aqressivləşirlər. İnsanlar çətin də olsa ərzaq və kommunal tələbatlarını ödəyirlər. Lakin ailənin xərclərinin strukturunda ciddi dəyişikliklər baş verir ki, bu da məni narahat edir. İnsanlar övladlarının təhsilinə, səhiyyə xidmətlərinə vəsait xərcləyirdilər, bu da onların gələcəyinə qoyulan sərmayə idi. İndi həmin vəsaiti gündəlik tələbatlarına xərcləyirlər. İnsanlar artıq 10-15 il öncəki yaşayış tərzinə qayıdırlar. O zaman da vəsait daha çox ərzağa xərclənirdi. Ancaq insanın sosial tələbatının ödənilməsi də zəruridir. İndiki dövrdə daha çox sosial inkişafı təmin edən sahələrə- təhsilə, elmə, səhiyyəyə vəsait qoymalıyıq. Söhbət vətəndaşların övladlarına xərclədiyi vəsaitlərindən gedir. Onsuz da Azərbaycan hökuməti elmi tərəqqinin, səhiyyənin, təhsilin qayğısını çəkmir. Bunun ən ağır yükü vətəndaşların üzərinə düşüb.

    - Qubad bəy, bu il inflyasiya nə qədər oldu? Sizin hesablamalarınız necədir? Bu baxımdan maaş və pensiyalar nə qədər artırıla bilər?

    - Dövlət indi ikirəqəmli inflyasiya elan edib və bu 12 faizdən yuxarıdır. Ancaq bizdə inflyasiyanın hesablanmasının metodologiyası qüsurludur. Çünki orada 585 adda mal və xidmətlər var ki, onların bir çoxu azərbaycanlıların menyusunda yoxdur. Əgər biz 100 adda mal və xidmətlər üzrə inflyasiyanı hesablasaq, məlum olacaq ki, hökumətin elan etdiyi rəsmi inflyasiyadan 2-3 dəfə çoxdur. Bu il kommunal xidmətlərin tariflərində artım olduğu üçün xidmət inflyasiyası da yüksək oldu. Ölkədə rəsmi inflyasiya gerçək vəziyyəti əks etdirmir. Oktyabr ayında biz həm əmək qabiliyyətli, həm əlil şəxslərin, həm də uşaqların yaşayış minimumunun dəyərini hesabladıq. Bəlli oldu ki, əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun dəyəri rəsmi göstəricilərlə müqayisədə təxminən 40 faizə yaxın, uşaqlar üçün 60 faizə yaxın, pensiyaçılar üçün isə 35 faiz fərqlənir. Bu da onu təsdiq edir ki, rəsmi inflyasiya ilə bizim hesabladığımız inflyasiya arasında da ciddi fərq var. Qiymətlərin artması həm də əhalinin alıcılıq qabiliyyətini aşağı salır. Devalvasiyanın indiyə qədər davam etməsi həm gəlirlərin, həm də ölkənin makroiqtisadi göstəricilərinin dollarla ifadədə azaldığını göstərir. Azərbaycanda orta aylıq əməkhaqqının dollarla ifadəsi 270 dollar edir. Sonuncu dəfə bu 2007-2008-ci illərdə olub. Yəni orta aylıq əməkhaqqına görə biz 10 il əvvəlki səviyyəyə düşmüşük.

    - Azərbaycanda yaranmış iqtisadi durumda dünyada baş verən proseslərin rolunu danmaq olmaz. Bəs, ölkədəki siyasi sistemin, iqtisadi idarəetmənin günahı nədədir?

    - Hər bir hökumətin qarşısında duran ən önəmli məqamlardan biri də vaxtında qərar qəbul etməkdir. Elə qərarlar var ki, onu bu il qəbul etsəydik, daha effektli olardı, gələn il qəbul edəndə onun təsiri azalır. Məsələn, biz devalvasiyaya bir neçə il öncə getməli idik. Həmçinin “Strateji Yol xəritəsi”ni ən azı 5 il bundan öncə hazırlamalı idik. Ölkənin planları, strateji baxışları olmayıb. Ölkədə iqtisadiyyat planlı şəkildə idarə olunmayıb. Neft gəlirləri ölkəyə daxil olub və onun bölüşdürülməsi, korrupsiya şəraitində səmərəsiz xərclənməsi həyata keçirilib. Bu idarəetmənin naqisliyindən irəli gəlib. Azərbaycan iqtisadiyyatını idarə edənlər yenə eyni adamlardır. Sadəcə, indi neftin qiyməti ucuzlaşıb və bu sənədlər, konsepsiyalar ortaya çıxıb.

    Neft ucuzlaşmasaydı, bəlkə də o “yol xəritələri”nə hələ də malik olmayacaqdıq. Neftin qiyməti aşağı düşməsəydi, Beynəlxalq Bankda, MTN-də, Rabitə Nazirliyində baş verənlər məhkəmə müstəvisinə çıxmayacaqdı, ABB dövlət maliyyəsini dağıtmaqda davam edəcəkdi. Bu mənada bu il neftin ucuzlaşması ölkənin həm iqtisadi, həm də siyasi həyatında çox ciddi hadisə oldu və müsbət təsirləri də oldu.

    Neftin ucuzlaşması hökuməti islahatlar aparmağa vadar etdi, yeni təşəbbüslər ortaya çıxdı və məlum oldu ki, biz ən çox zamanda uduzmuşuq. Bu prosesdə ən böyük günah da idarəedənlərin üzərinə düşür. MDB məkanında cəmi iki ölkənin iqtisadiyyatı böhranla üzləşdi. Bunlardan biri Rusiyadır ki, Qərbin sanksiyaları altındadır, həmçinin əsas xammal ixracatı olan neft ucuzlaşıb. Azərbaycana isə beynəlxalq aləmdən hər hansı təzyiq, sanksiya yoxdur. Lakin bizdəki iqtisadi eniş Rusiya ilə müqayisədə 8-10 dəfə yüksəkdir.

    Qubad bəy, son olaraq, manatın durumu ilə bağlı proqnozlarını bilmək istərdik.
    - Yeni ilin əvvəlində dollar iki manat olacağı ehtimalı doğrudurmu?

    - Ehtimal böyükdür, çox güman ki, elə də olacaq. Lakin manatın hansı müddətdə bu mərhələyə çatacağı bəlli deyil. Ola bilər ki, manat gələn ilin ortalarında bu səviyyəyə düşə bilər. İlin əvvəlində qısa müddətdə də biz bunun şahidi ola bilərik. Hökumət növbəti il tam üzən məzənnəyə keçəcəyini bəyan edib, lakin ilin hansı dövründə bunun olacağını proqnozlaşdırmaq çətindir. Növbəti ilin birinci yarısı Azərbaycan iqtisadiyyatında çətinliklərin davam edəcəyi dövr olacaq. Bu çətinliklərin dəf olunması bir xarici amildən, dünya bazarında neftin qiymətinin bahalaşmasından, bir də daxili amildən, dövlət büdcəsinin mədaxil hissəsinin vergi daxilolmalarından formalaşmasından asılı olacaq. Bütün bunlarla yanaşı hökumətə kreditlər ayrılsa, yəqin ki, gələn ilin ortalarında prosesi sabitləşdirmək və tam üzən məzənnəyə keçmək iqtidarında olacaq. Tam üzən məzənnəyə keçid üçün iki yanaşma var. Biri odur ki, hazırki kursla manatın real bazar qiyməti arasındakı fərqi aradan qaldırmaq üçün üçüncü kəskin devalvasiya olsun və bu tam üzən məzənnəyə hazırlıq olsun. Digər bir yanaşma odur ki, hazırki yumşaq devalvasiya davam edəcək və bu şəkildə real məzənnə ilə fərq azalacaq. Tam üzən məzənnəyə keçəndə bazarın formalaşdırdığı kurs kəskin fərqlənə bilər. Biz bu yolu ağrısız keçmək üçün ilk növbədə maliyyə-bank sektorundakı problemləri aradan qaldırmalıyıq. Növbəti ilin 3 prioriteti olmalıdır. Biri maliyyə-bank sektorunun sabitləşməsi, ikincisi vergi-fiksal siyasətin gücləndirilməsi, üçüncüsü məhkəmə-hüquq sistemində islahatların aparılması. məhkəmə-hüquq sistemində islahatlar aparılmasa, nə vətəndaşları, nə də sahibkarları qorumaq mümkün olacaq. Növbəti il üçün pozitiv effekt verəcək məsələlərdən biri də iri müəssisələrin özəlləşdirilməsi ola bilər. Bu da hazırlıq mərhələsi tələb edir. Növbəti il özəlləşdirmə üçün start deyil, hazırlıq mərhələsi ola bilər.

    rubrika.az


    Facebook-da paylaş