• Ukrayna və Gürcüstanı Avropa üçün vazkeçilməz edən səbəb

    Ukrayna və Gürcüstanı Avropa üçün vazkeçilməz edən səbəb

    Son illər ərzində Gürcüstan və Ukrayna Qərb üçün sanki vazkeçilməz ölkələrə çevrilib. Xüsusən də ABŞ əsas güc mərkəzi kimi öz rəqibi Rusiyanı zəiflətmək üçün hər iki ölkənin önəmini yaxşı anlayır və onların güclənməsindən ötrü əlindən gələni edir.

    Rubrika.az Aztoday.az-a istinadən bildirir ki, son olaraq, ABŞ senatorları Con Makkeyn, Lindsi Qrem və Emi Klobuşarun Gürcüstan və Ukraynaya səfərləri və orada Rusiyaya verilən mesajlar bu dövlətlərin rəsmi Vaşinqton üçün vacibliyini bir daha göstərir. Hətta iş o yerə çatıb ki, Amerika Ukrayna və Gürcüstandan ötrü dünyada iqtisadi böhran belə yaradır, Rusiyanı çökdürmək üçün neftin qiymətini görünməmiş dərəcədə düşməsinə kömək edir. Avropa Parlamenti və Avropa Birliyinin hər iki ölkənin vətəndaşlarının Avropaya vizasız səfərlərinin gerçəkləşməsi üçün tarixi razılığa gəlməsi bu ölkələrin Qərb üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir.

    Ekspertlərin Ukrayna və Gürcüstanı Avropa üçün vazkeçilməz edən səbəblərlə bağlı fikirləri müxtəlifdir. Bəziləri Rusiya faktorunu göstərsə də, hər iki ölkənin Qara dənizə açılan dövlətlər olduğunun burada mühüm rol oynadığını düşünənlər də az deyil.

    Politoloq Elxan Şahinoğlu hesab edir ki, Ukrayna və Gürcüstan Rusiyaya müqavimət göstərdiyinə görə Avropa üçün əhəmiyyətdirlər: “Düşünmürəm ki, Amerika hər iki dövləti Rusiyadan qoruya bildi, indi də bu belədir. Rusiya 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanı ələ keçirdi, hərbi qoşunlarını burada yerləşdirdi. ABŞ buna etiraz etsə də, prosesin qarşısını ala bilmədi. Hətta Rusiya əleyhinə sanksiyalar da elan olunmadı. İndi isə Ukrayna əraziləri işğal olunub. Düzdür, indi Kremlə qarşı sanksiyalar həyata keçirilir. Amma yenə də ABŞ Rusiyaya qarşı ciddi müqavimət təşkil edə bilmədi. Üstəgəl, baxmayaraq ki, Con Makkeyn Ukrayna və Gürcüstana səfər edir, Rusiyaya meydan oxuyur. Amma onun partiyasından prezident seçilən Donald Tramp deyir ki, Putinlə dostlaşacam. Ola bilər ki, ABŞ-ın Kremlə qarşı münasibəti normallaşsın. Doğrudur, Makkeyn və bəzi senatorlar var ki, Putini düşmən sayırlar, Gürcüstan və Ukraynaya dəstək verilməsini vacib sayırlar. Amma Amerika tək Makkeyndən ibarət deyil. Əgər yeni ABŞ Administrasiyası Rusiya ilə birgə beynəlxalq terrorizmə qarşı mübarizə yolunu seçsə, o zaman Ukrayna və Gürcüstan arxa plana keçə bilər. ABŞ çox istəyir ki, Qara dənizdə Rusiyanın hegemonluğuna imkan verməsin. Amma Qara dəniz bölgəsindəki proseslər ABŞ-ın istəklərinin əleyhinə gedir. Öncəliklə Rusiyanın nəzarətindəki Krım şimal qonşumuz üçün vacib liman yarmadasıdır. Üstəgəl, Türkiyə ilə Rusiya yaxından əməkdaşlıq edir. Qardaş ölkə Amerikanın hərbi bazasının Qara dənizdə olmasının qəti əleyhinədir və Rusiya ilə əməkdaşlığa ciddi önəm verir. Bu amillər Amerikanın burada möhkəmlənməsinə imkan vermir”.

    Politoloq Gürcüstan və Ukrayna vətəndaşlarının Avropaya səfərləri üçün aradan qaldırılan viza məsələsinə də toxundu: “Əslində Avropa bunu çoxdan etməli idi. Ukraynada inqilab baş verəndə əsas şüarlardan biri Avropa ilə bütövləşmək idi. Hətta buna görə Ukrayna ərazisinin bir hissəsini də itirdi. Avropa ilə yaxınlaşmanın qarşılığında Krım və Donbası əldən vermək böyük itki idi. Vizanın aradan qaldırılması hələ azdır. İnteqrasiya sürətləndirilməlidir. Əgər viza aradan qaldırılırsa, demək Avropa İttifaqı Gürcüstan və Ukraynanı özünün ciddi strateji tərəfdaşı sayır və istəmir ki, bu ölkələrdə Rusiya hegemonluq etsin. Amma yenə də son sözün sahibi Amerikadır. Çünki Avropa İttifaqında elə ölkələr var ki, Krımın işğalına görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasının tərəfdarıdır. Tramp hakimiyyəti Putinlə yaxınlaşsa, o zaman Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları yumşala bilər. Hazırda dünyanın əsas diqqəti Suriyadadır, terrora qarşı mübarizədədir. Amerikanın yeni prezidenti də əsas diqqəti bu məsələlərin həllinə yönəldəcək. Lakin demək istəmirəm ki, ABŞ Gürcüstan və Ukraynanı Rusiyaya qurban verəcək. Amma hər halda əvvəlki kimi dəstək də olmayacaq. Bu iki ölkə əslində problemlərini özü həll etməlidir. Düzdür, Rusiyanın təzyiqləri güclüdür və hər iki ölkənin qorunmasına böyük ehtiyac var. Beynəlxalq terror çox təhlükəli həddə çatır və Amerikanı da ağuşuna ala bilər. Bu baxımdan Tramp terrorizmə qarşı birgə mübarizə üçün Putinlə yaxınlaşmağa çalışacaq. Bu zaman Kremlin də əsas istəyi o olacaq ki, Rusiyaya yaxın məsələlərə ABŞ qarışmasın. Əgər belə bir sövdələşmə olacaqsa, o zaman Gürcüstan və Ukrayna öz güclərinə arxayın olmalıdırlar”.

    E.Şahinoğlu Ukrayna və Gürcüstanın NATO-ya gedən yollarından da söz açdı: “Bu məsələdə də ikitirəlik var. Əslində çoxdan həll olunmalı məsələdir. Cənubi Osetiya və Abxaziyanın işğalından öncə Gürcüstan NATO-ya üzv olmalı idi. Çünki bu hadisələrdən öncə NATO-nun Buxarest toplantısında ABŞ-ın o zamankı prezidenti Corc Buş buna dəstək verib. Əgər o zaman Ukrayna və Gürcüstan NATO-a üzv olsaydılar, Rusiya onların ərazilərini işğal edə bilməzdi. İndiki durumda bu məsələnin yaxın zamanlarda həll olunacağını düşünmürəm”.

    Rubrika.az


    Facebook-da paylaş