• "Qafqaz"ın tələbələri başqa universitetlərə köçürüləcək

    "Qafqaz"ın tələbələri başqa universitetlərə köçürüləcək

    “Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edib.

    Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.

    “İşçi qrupuna Universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.

    Tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirlməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaqdır. Universitetin hazırkı tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə olunacaqdır.(azvision.az)
    Tədris prosesinin bütövlüyünün qorunması məqsədi ilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaqdır.

    Tələbələrdən Universitetdə fəaliyyət göstərən İşçi qrupla əlaqə saxlanılması xahiş olunur”.

    * * *11:16

    "Qafqaz" Universitetinin ləğv olunması ilə bağlı "Vergilər" qəzetində dərc olunan məlumata universitetin rektoru Havar Məmmədov aydınlıq gətirib.

    Rektor açıqlamasında bildirib ki, təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksi tərəfindən Universitetin fəaliyyəti 9 yanvar tarixindən dayandırılıb.

    “Hazırda Universitetdə əvəzetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməyəcək. Hər halda dövlət universiteti olacaq. Təhsil Nazirliyi tabeliyində olan universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul ediləcək”.

    Rektor universitetin yerində qalacağını, tədris prosesinin davam edəcəyini qeyd edib. “Burada müəllimlər işləyir, tələbələr oxuyur. Təhsil proses olduğu kimi davam edir”.

    Qeyd edək ki, "Vergilər" qəzetinin xüsusi buraxılışında yerləşdirilən elana əsasən "Qafqaz" Universiteti təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunur. Kreditorlar iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirə bilərlər.

    * * *10:12

    Qafqaz Universiteti ləğv olunduğunu elan edib. Bu barədə «Vergilər» qəzetinin xüsusi buraxılışında xəbər verilib. Xəbərdə qeyd edilir ki, ali məktəb təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunub. Kreditorlara iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirmələri tövsiyə edilir.

    Bu günlərdə məlum oldu ki, 2016-cı ilədək Qafqaz Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyədə tanınmayacaq. Bu barədə Türkiyənin Yüksək Təhsil Şurası qərar çıxarıb.

    Hələ ötən il iyulun 20-də təsisçilərinin qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Az sonra isə universitetin rektoru dəyişdirilmişdi.

    Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi. Ancaq bu sonradan təsdiqlənməmişdi.

    Qafqaz Universiteti 1993-cü ildə fəaliyyətə başlayıb.

    rubrika.az


    Facebook-da paylaş