• Əhaliyə 11 qəpiyə satılan işıq 5 sentdən ixrac olunub

    Əhaliyə 11 qəpiyə satılan işıq 5 sentdən ixrac olunub

    Özümüz qaz tapmırıq, xaricilərə 7 dəfə artıq, həm də ucuz qaz verilir

    Gömrük Komitəsi bu ilin yanvar ayı üçün ölkənin xarici ticarət vəziyyətini açıqlayıb. Son bir ayda ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 16.79 % artaraq 1 254 680.26 min dollar təşkil edib. İdxal əməliyyatları üzrə statistik dəyər 450 052.27 min dollar (keçən ilin müvafiq dövrünə nisbətən 3.64% artıb), ixrac əməliyyatları üzrə isə 804 627.99 min dollar (keçən ilin müvafiq dövrünə nisbətən 25.71% artıb) təşkil edib.

    Ölkəyə ət idxalı artıb

    Idxalda əsas məhsulların həcmi və dəyərini isə belə şərh etmək olar. İdxal olunan yeyinti məhsulları 76 506.89 min dollar tutub (ötən ilin müvafiq dövründə 62 484.38 min dollar). O cümlədən, 3 040.57 min dollar dəyərində 1 963.27 ton ət (keçən il 1 535.91 min dollarlıq 807.97 ton), 454.62 min dollar dəyərində 250 ton süd (keçən il 452.18 min dollarlıq 271.07 ton), 3 983.77 min dollar dəyərində 1 272.83 ton kərə yağı və süddən hazırlanmış digər yağlar, 11 463.11 min dollar dəyərində 28 801.17 ton meyvə-tərəvəz, 2 708.46 min dollar dəyərində 714.14 ton çay, 10 857.09 min dollar dəyərində 58 700.83 ton buğda, 2 351.37 min dollar dəyərində 2 151.59 ton bitki və heyvan mənşəli piylər və yağlar, 12 334.03 min dollar dəyərində 27 010.71 ton şəkər gətirilib.(Bizimyol.info)

    Xəstəliklər çoxaldıqca, dərman da çox almağa başlamışıq

    Son bir ayda statistik dəyəri 258.73 min dollar olan 1 041.39 ton sement, 13 403.62 min dollar dəyərində 1 219.34 ton əczaçılıq məhsulları (keçən ilin müvafiq dövründə 13 061.71 min dollarlıq 834.62 ton), 7 417.60 min dollarlıq tütün və tütün məmulatları, 16 148.33 min dollar dəyərində 8 697.99 ton plastmassa və onlardan hazırlanan məmulatlar, 12 520.54 min dollarlıq oduncaq və ondan hazırlanan məmulatlar, 45 136.17 min dollar dəyərində 46 904.17 ton qara metallar və onlardan hazırlanan məmulatlar, 107 138.36 min dollar dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, 17 826.89 min dollar dəyərdə nəqliyyat vasitələri və onların hissələri (ötən ilin müvafiq dövründə məbləğ 11 926.12 min dollar olub), 5 780.02 min dollarlıq da mebel və onun hissələri idxal olunub.

    Bir ayda cəmi 469 avtomobil gətirilib

    Son bir ayda ölkəyə cəmi 469 ədəd avtomobil gətirilib. Bunlardan 420-si minik avtomobili və motorlu nəqliyyat vasitəsi, 41-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 5-i xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi, 3-ü də sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsidir.

    Neftin ixracında artım, neft məhsullarında isə azalma var

    Ixracda da əsas malların tərkibi dəyişməyib. Belə ki, bu müddətdə ölkədən 11 926.12 min dollar dəyərində 1 652 458.12 ton xam neft göndərilib. Xatırladaq ki, keçən ilin uyğun dövründə ixrac olunan xam neftin həcmi 1 989 186.83 ton, dəyəri isə 547 342.60 min dollar təşkil etmişdi. 116,4 milyon dollarlıq bir artım var. Amma bunun fonunda ixrac olunan neft məhsullarının həcmində xeyli azalma müşahidə edilir. Bu il ölkədən 21 573.94 min dollar dəyərində 57 721.32 ton neft məhsulları çıxarılıbsa, ötən ilin eyni dövründə 31 109.25 min dollar dəyərində 159 646.61 ton məhsul göndərilib. Arada 10 milyona yaxın fərq var.

    Özümüzə qaz verilmir, xaricə qaz satışı 7 dəfə artıb

    İxrac olunan qazın həcmində artım müşahidə edilir. Belə ki, bu ilin yanvarında 26 988.55 min dollar müqabilində 209 079.77 min kub metr təbii qaz ixrac edilibsə, keçən il bu vaxt ixracın həcmi 31 152.68 min kub metr, statistik dəyəri isə 1 753.90 min dollar olub. Hər gün “sabah bu ərazilərdə qaz olmayacaq”, elanını oxumaqdan gözümüz yorulub, bir çox yaşayış sahələrinə qaz verilmir, amma xaricə qaz satışı 7 dəfəyə yaxın artıb. Xaricə satılan qazın kub metri 13 sentə yaxındır. Bizdə əhali qrupu limitdən artıq işlətdiyi qaza görə 20 qəpik ödəməlidir. Verilən rəqəmlərə güvənsək, keçən ilin eyni dövründə xaricə satılan təbii qazın kub metri 6 sentə yaxın olub. Bizə isə o vaxt 10 qəpikdən satılırdı.

    Əcnəbilərə elektrik enerjisi satışı da 3 dəfə çoxalıb

    Xaricə satılan elektrik enerjisinin həcmində də artım var. Göndərilən elektrik enerjisinin həcmi 27 530.83 min kVt/saat, dəyəri isə 1 383.08 min dollar olub. 1 kVt/saat cəmi 5 sentdən düşür. Qeyd edək ki, əhaliyə elektrik enerjisi dekabr ayından etibarən 11 qəpikdən, qeyri-əhali qrupuna 9 qəpikdən satılır. Keçən ilin müvafiq dövründə ixrac olunan 9 196.00 min kVt/saat elektrik enerjisinin statistik dəyəri 392.83 min dollar idi. Verilən elektrik enerjisinin də həcmi 3 dəfə artıb. Hər kVt/saat 4 sentdən hesablanıb. Yerli əhali qrupu üzrə qiymət bahalaşması 4 qəpik olub, xarici ölkələrə isə cəmi 1 sent.

    Pambıq istehsalının çoxaldığı iddia edilir, lakin iplik ixracı aşağı düşüb

    Yanvar ayında ixrac olunan meyvə tərəvəzin həcmində də artım müşahidə edilib. Belə ki, 24 046.12 min dollar dəyrində 22 732.05 ton meyvə-tərəvəz müxtəlif ölkələrə satılıb. Keçən ilin yanvarında həcm 13 990.75 ton, dəyər isə 15 897.52 min dollar təşkil etmişdi. Son bir ayda xaricə 521.44 min dollar dəyərində 80.25 ton çay (əvvəlki ilin müvafiq dövründə 666.65 min dollar dəyərində 123.67 ton), 1 645.42 min dollarlıq 1 443.72 ton bitki və heyvan mənşəli piylər və yağlar, 1 443.60 min dollarlıq 2 275.94 ton şəkər (əvvəlki ilin eyni dövründə 2 254.93 min dollar dəyərində 3 566.97 ton), 739.38 min dollarlıq spirtli və spirtsiz içkilər, 2 622.83 min dollarlıq 7 236.79 ton kimya sənayesi məhsulları, 12 188.93 min dollarlıq 20 285.47 ton plastmassa və onlardan hazırlanan məmulatlar, 1 010.06 min dollarlıq 429.94 ton pambıq iplik (ötən ilin müvafiq dövründə 1 227.43 min dollar dəyərində 688.86 ton), 5 016.18 min dollarlıq 8 350.59 ton qara metallar və onlardan hazırlanan məmulatlar (keçən ilin eyni dövründə 6 036.25 min dollar dəyərində 21 353.99 ton), 9 490.21 min dollarlıq 5 536.38 ton alüminium və ondan hazırlanan məmulatlar satılıb. Ötən il prezident pambıq istehsalını gücləndirməyi tapşırsa da statistik rəqəmlərdən də görünür ki, xaricə iplik satışı xeyli aşağı düşüb. Halbuki, rəsmilər ölkədə pambıq istehsalının artdığını iddia edirlər.

    Ticarətimizdə Çin yenə ilk üçlükdədir

    Ticarət dövriyyəsində ölkələrin ilk beşliyində İtaliya, Türkiyə, Rusiya, Tayvan (Çinin vilayəti), Hindistan durur. Idxal sıralamasında Rusiya, Türkiyə, Çin, Almaniya, ABŞ öndə gəlir.

    rubrika.az


    Facebook-da paylaş