• Həmsədrlər üçün “referendum” testi - çıxa bildilərmi?

    Həmsədrlər üçün “referendum” testi - çıxa bildilərmi?

    İşğal altındakı Dağlıq Qarabağda qanunsuz səsvermə problemin üçüncü on ildir niyə çözülmədiyinə yeni işıq saldı; nüvə müttəfiqimiz Pakistandan işğalçıya sərt cavab gəldi...

    İşğal altındakı Dağlıq Qarabağda saxta referendumla Ermənistan bir daha konstruktiv danışıqlardan nə dərəcədə uzaq olduğunu nümayiş etdirdi, faktiki şəkildə problemin həlli üçün Azərbaycana yalnız bir yol saxlamış oldu - hərb variantı. Separatçı bölgədə srağagünkü səsvermə tamaşasını vasitəçi dövlətlər ən əvvəl bu kontekstdə - müharibə riskinin daha da artması kontekstində dəyərləndirməlidir.

    Əfsus ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri yenə növbətçi bir bəyanat yaymaqla öz işlərini bitmiş hesab elədilər. “Referendum”un nəticələrini legitim saymasalar da, belə qondarma “plebissit”lərin bir daha təkrarlanması üçün gərəkən minimumu etmədilər. Bu mənada Dağlıq Qarabağdakı qanunsuz referendum ATƏT-in Minsk Qrupu həmsədrlər üçün həm də bir testi idi. Vasitəçilər ondan çıxa bilmədilər. Məsələn, ən azından birmənalı şəkildə bəyan edə bilərdilər ki, azərbaycanlı əhalinin köçkün vəziyyətdə olduğu bir vaxtda Dağlıq Qarabağda hər hansı “seçki”nin, “referendum”un keçirilməsi absurd və boş yerə vaxt itirməkdir.(musavat.com)

    Gerçəkdən də etnik təmizlənməyə məruz qalmış, işğal altında olan bir bölgədə hansı legitim səsvermədən söhbət gedə bilər ki? Məsələ də bundadır ki, ya sən işğal rejimini tanıyırsan, ya da saxta seçkiləri seçki hesab edirsən. Orta yol - ikili standartdır.

    ***

    Bu ay həm də Dağlıq Qarabağda aqressiv separatçı hərəkatın baş qaldırmasının 29 ili tamam olur. Məhz ikili standart yanaşmasının, işğalçını Krımı zorla ilhaq etmiş Rusiya kimi öz adı ilə çağırmamağın nəticəsidir ki, Ermənistanın Azərbaycana əsassız ərazi iddiasından doğan Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Məgər beynəlxalq hüquqa həqarət olan belə yanlış yanaşma və onun indiki nəticəsi öz-özlüyündə heç nə demir?


    Ən önəmlisi odur ki, ikili standart yanaşması münaqişə zonasında müharibə ehtimalını heç vaxt olmadığı qədər artırıb. Vasitəçi güclər belə bir müharibədə maraqlı deyilsə, - onların bəyanatlarından belə qənaət hasil olur ki, hər halda, maraqlı deyillər, - o zaman bir an öncə Qarabağa dair sülh danışıqlarını dalana dirəyən siyasətdən əl dötürməlidirlər. Bu siyasət bölgədə daimi sabitlik və ədalətli sülhə gətirsəydi, çoxdan gətirərdi.


    “Amerika” açmağa nə ehtiyac, problemin optimal həlli üçün baş sındırmağa lüzum yox: belə bir həlli özündə ehtiva edən beynəlxalq hüquq, BMT Nizamnaməsi, BMT-nin, AŞ PA-nın, Avropa Parlamentinin Qarabağa dair qətnamələri çoxdan ortadadır.
    Təəssüf ki, vasitəçilər bu sənəd və qətnamələri deyil, müstəsna olaraq regionda öz maraqlarının diktə etdiyi siyasəti əsas götürürlər. Azərbaycan prezidenti İlham Əliyevin az öncə bəyan elədiyi kimi, onlardan biri onu silahla, o biri maliyyə ilə təmin edir, üçüncüsü isə işğalçının təbliğatı ilə məşğul olur.

    Amma konkret olaraq, Qərb - ABŞ və Avropa Birliyi başqa bir işğalçı dövlətə - Rusiyaya qarşı Krıma görə 3 ildir ən ağır sanksiyalar tətbiq edir. Fəqət Ermənistana gələndə nədənsə, açıq-aşkar təcavüz faktı unudulur, bir ovuc erməni üçün öz müqəddəratını təyinetmə təklifi irəli sürülür. Lakin nə Azərbaycan dövləti, nə də təbii ki, Azərbaycan xalqı tarixi və qanuni torpaqlarımızda ikinci uydurma erməni dövlətinin qurulmasına heç vaxt razı olmayacaq. Azərbaycanda Dağlıq Qarabağ probleminin ərazi bütövlüyü hesabına həllini ağlından keçirən heç bir qüvvə yoxdur, olmayacaq. Bunu gözləyənlər doğrudan da boşuna gözləyir.


    *****
    Yaranmış durumda Azərbaycanın hərbi və iqtisadi cəhətdən durmadan güclənməkdən savayı yolu qalmır. Güclənməli, güclənməli, bir daha güclənməliyik. Eyni zamanda dost-müttəfiqlərimizin sayını artırmalıyıq. Xüsusən də Qarabağ məsələsində ədalətli mövqe sərgiləyən ölkələr və beynəlxalq qurumlarla əməkdaşlığımızı ən yüksək səviyyəyə qaldırmalı, işğalçı Ermənistanın izolyasiyasını gücləndirəcək yeni rıçaqlar axtarıb tapmalıyıq.

    Sözsüz ki, daxildə vətəndaş barışını təmin etməyi də yaddan çıxarmamalıyıq. Çünki Dağlıq Qarabağ ixtilafını ilk növbədə güclü və monolit Azərbaycan cəmiyyəti həll edəcək. Paralel surətdə təbliğat müharibəsində imkanlarıızı genişləndirməliyik. Ələlxüsus, erməni lobbisinin güclü olduğu dövlətlərdə Qarabağ həqiqətlərinin yerli toplumlarda oturuşması üçün mümkün hər şeyi etməyi bacarmalıyıq.

    Onu da yaddan çıxarmaq olmaz ki, ermənilər öz mənfur niyyətlərinə çatmaq üçün bütün vasitələri məqbul hesab edirlər. Söhbət həm də Azərbaycanın dost-müttəfiq dövlətlərlə arasını vurmaq cəhdlərindən gedir. Bunu işğal altındakı bölgəmizdə srağagünkü referendum oyunu zamanı bir daha gördük. Erməni mənbələri belə bir absurd xəbər yaydılar ki, guya saxta referendumu müşahidə edənlər arasında Pakistan nümayəndələri də olub. Halbuki əsas hərbi-strateji müttəfiqlərimizdən olan Pakistan yeganə dövlətdir ki, heç Ermənistanı dövlət kimi indiyədək tanımayıb - o iki ola separatçı qurumu.

    Gözləndildiyi kimi, artıq rəsmi İslamabad buna dərhal reaksiya verib. “Pakistan hökuməti Dağlıq Qarabağda keçirilən qondarma referenduma heç bir müşahidəçi göndərməyib”. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. XİN sözçüsü Ermənistan mətbuatında yayılan məlumatların yalan olduğunu bəyan edib (APA). “Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyirik. Pakistanın mövqeyi ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının qaytarılması çərçivəsində həllini tapmalıdır. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmalı, qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdır”, - deyə bəyanatda qeyd olunur.

    Pakistanın xarici siyasət idarəsi həmçinin xatırladıb ki, İslamabad Ermənistanın Azərbaycana qarşı işğalçılığı üzrə İslam Əməkdaşlıq Təşkilatının yaratdığı Təmas Qrupunun üzvüdür. Yəni nüvə müttəfiqimiz Pakistandan işğal altındakı ərazilərimizə kiminsə qanunsuz getməsi, üstəlik, saxta referendumu izləməsi əsla mümkün ola bilməzdi. Amma nə edəsən ki, erməni öz həyasız təbliğatından əl çəkmir.

    Rubrika.az


    Facebook-da paylaş