• Putin seçkilərdə əzici üstünlüklə qalibiyyət istəyir

    Putin seçkilərdə əzici üstünlüklə qalibiyyət istəyir

    Lakin Rusiyalı avtokratın iqtisadi planlarına regionlardan ciddi etirazlar gəlir

    Rusiya prezidenti Vladimir Putin bü gün yalnız ölkəsinin deyil, dünyanın ən populyar siyasətçisi sayılır.

    Bu səbəbdən siyasi ekspertlər onun 2018-ci ildə asanlıqla qalib gələrək öz hökmranlığını daha 6 il sürdürəcəyinə şübhə etmirlər.

    Buna baxmayaraq, ölkə iqtisadiyyatının zəifliyi, bunun fonunda xarici siyasətə ayrılan milyardlarla pullar, hərbi məsrəflərin günü-gündən artması, habelə tüğyan edən korrupsiya Putini bir sıra radikal tədbirlərə əl atmağa məcbur edə bilər ki, bu da onun əminliklə seçkini udacağına kölgə salır.

    “Qeyri-populyar islahatlara başlamazdan əvvəl Putin 2018-ci ildə keçiriləcək seçkilərdə öz legitimliyini möhtəşəm qalibiyyətlə təsdiq etdirmək istəyir. Bu ona 2024-cü ilə kimi rahatlıqla Kremldə qalmasına şərait yaradacaq”, - ABŞ-ın “The Times” qəzetinin yazarı Tom Parfit qeyd edir.(musavat.com0

    Parfitin fikrincə, Putin ağır iqtisadi şərtlərə rəğmən bu il növbədənkənar seçkilər keçirmək istəməyib. Çünki Rusiya prezidenti bunun elektoratda zəiflik əlaməti kimi qəbul ediləcəyini bilir.

    “Bununla Putin istefaya gedəcəyi və hakimiyyəti onun topladığı sərvəti qoruya və etibar edə biləcək adama tapşıracağı barədə gəzən şayiələri bitirmiş olub”.

    Bir sıra analitiklərin rəyinə görə, prezident seçkilərində əhalinin fəal iştirakı Putinə növbəti mərhələdən sonra qeyri-populyar islahatlara başlamağa imkan verəcək. Çünki Rusiya prezidenti bu tədbirlərin doğuracağı nəticələrin məsuliyyəti tamamilə öz üzərinə götürmək istəmir.

    “Bundan ötrü milyarder Mixail Proxorov kimi marionet namizədlərin xidmətlərinə də ehtiyac duyulmayacaq. Rusiyalı strateqlər seçkiyə marağın indidən azalmasını istəmirlər”, - məqalədə qeyd olunur.

    Lakin onlar Putinə təhlükə törədə biləcək əsl müxalif namizədlərin də yetişməsində maraqlı deyillər.

    Bunu 40 yaşlı xarizmatik siyasətçi Aleksey Navalnının qondarma bəhanələrlə seçkilərə buraxılmamasından aşkar görmək mümkündür.

    The Washington Post qəzetini fikrincə isə Putin üçün çətin dövrlər elə indidən başlanıb.

    “Əgər diqqət yetirilsə Kremlin xaricdən daha çox daxili problemlərlə boğuşduğunu görmək olar”, - qəzetin yazarı Kristofer Karmas qeyd edir.

    Analitikin rəyinə görə, Moskvanın regional hökumətlərlə münasibətləri görünən qədər möhkəm deyil. Bu da Vladimir Putin hakimiyyətinin söykəndiyi mərkəzi avtoritetə ciddi təhdid törədir.

    “Uzunmüddətli struktur tənəzzülü fonunda Rusiya iqtisadiyyatı 4-cü ildir ki, çətin dövrünü yaşayır. Neftin dünya qiymətlərinin aşağı düşməsi və sanksiyalar 2013-cü ildən bu yana durğunluq dövrünü yaşayan ölkə iqtisadiyyatına ağır zərbə endirib”, - məqalədə qeyd olunur.

    2016-cı ilin oktyabrında isə Rusiya Federasiyası İqtisadi inkişaf nazirliyi ölkə vətəndaşlarının həyat səviyyəsinin 2035-ci ilə qədər düzələ bilməyəcəyini etiraf edib.

    Beynəlxalq Valyuta Fondunun ümidverici proqnizlarına rəğmən ( 2016-cı ildəki 0,6%-lik böyümə nəzərdə tutulur) federal büdcədəki gərgin vəziyyət əyalətləri paytaxta qarşı qaldırıb.

    Rusiyanın regional hökumətləri federal piroqdan öz payları uğrunda mübarizəyə başlayıblar.

    “Məsələn, keçən ilin avqustunda Samara vilayətinin qubernatoru Nikolay Makruşkin bölgənin federal büdcədən gələn hər rubl uğrunda mübarizə aparacağı barədə vətəndaşları xəbərdar edib”, - müəllif bildirir.

    Bu da əbəs yerə deyil.

    “Keçən ilin sentyabr ayında mərkəzi hökumət 20%-lik gəlir vergisinin federal büdcəyə daxil olan payının 2%-dən 3%-ə qədər yüksəldilməsi barədə qərar qəbul edib. Hökumətin düşüncəsinə əsasən bu Moskvaya kasıb regionlara daha çox pul göndərməsinə imkan yaradacaq.

    Lakin Rusiyanın 83 federal subyektindən (Krım və Sevastopol Rusiya subyektləri kimi tanınmır-red.) yalnız 14-ü aldıqları subsidiyadan çox Moskvaya pul göndərir. Belə çıxır ki, yeni qaydalar varlı regionların daha çox zərər çəkməsinə gətirib çıxaracaq”, - məqalədə yazılıb.

    “Dekabrda Tatarıstan prezidenti Rüstəm Minnixanov hər kəsin gözü önündə bu planı məsxərəyə qoyaraq onu “səfehlik” və “olduqca təhlükəli gediş” adlandırmışdı. Minnixanov bu narazılığını Moskvada keçirilən Qaydar forumunda da sürdürmüş və onu Rusiyanın bütün qubernatorları dəstəkləmişdi.

    “Tanrı bizi büdcə gəlirlərini artırma planlarından qorusun. Çünki bunun nəticəsində subsidiyalar üzrə federal proqramlardan çıxarıla bilərsən”, - Kaluqa vilayətinin qubernatoru Anatoli Artamonov səsini çıxarıb.

    Kalininqrad və Ulyanovsk qubernatorları isə regionlara daha çox hakimiyyət verilməsindən danışmağa başlayıblar”,- müəllif qeyd edib.

    Rubrika.Az


    Facebook-da paylaş