• Qarabağda növbəti savaş xəbərdarlığı - SON DƏQİQƏ

    Qarabağda növbəti savaş xəbərdarlığı - SON DƏQİQƏ

    Ordumuz düşmənə sarsıdıcı zərbə vurdu; Ermənistan zirehli texnikanı ön xəttə çıxarmağa cəhd göstərdi, düşmən texnikası və canlı qüvvəsi məhv edildi; ekspert: “Artıq ağır artilleriya və digər silahlardan istifadə edilməyə başlanıbsa, bu proses aprel hadisələrinə bənzər bir sonluqla nəticələnə bilər”

    ABŞ-ın Karnegi Fondunun Cənubi Qafqaz üzrə eksperti Tomas de Vall yazda Qarabağ münaqişəsi zonasında irimiqyaslı döyüş əməliyyatlarının başlaya biləcəyini deyib. Ekspert bu barədə Ermənistanın “Jamanax” qəzetinə müsahibəsində danışıb. Tomas de Vall bildirir ki, təmas xəttində son eskalasiya tezliklə irimiqyaslı hərbi əməliyyatların başlamasına gətirib çıxara bilər.
    Ekspertin sözlərinə görə, əgər eskalasiya daha da artsa, Rusiya ən mühüm oyunçu olacaq. “Hazırda BMT-də, ATƏT-də kulisarxası diplomatiya gedir, tərəfləri yeni müharibə təhlükəsi barədə xəbərdar edirlər. Bununla belə, əgər tərəflər və ya tərəflərdən biri müharibə arzu edirsə o zaman bunu dayandırmaq üçün əldən heç nə gəlmir”-Tomas de Vall bildirib.(virtualaz.org)Ermənistan prezidenti Serj Sərkisyanın martın 14-də Rusiyaya səfərinin planlaşdırılmasının həm də savaşöncəsi müzakirələrlə əlaqədar olduğu haqda da təxminlər var. Cəbhədə baş verən gərginliklərin arxasında Kremlin barmağının olduğu barədə rəylər də geniş yayılıb.

    Xatırladaq ki, təmas xəttində son eskalasiya zamanı Azərbaycan ordusu Xocavənd istiqamətində 6 hərbçisini itirib. Düşmən tərəf öz itkilərini açıqlamır. Təmas xəttində yüngül artilleriya və müxtəlif çaplı minomyotların tətbiq olunması intensiv xarakter alıb. Martın 1-də isə düşmənin manevr edən zirehli texnikasının vaxtında aşkar edilərək məhv edildiyi xəbəri yayılıb. Musavat.com xəbər verir ki, bunu "Trend"ə Xocavənd istiqamətində qoşunlarımız tərəfindən Ermənistan silahlı qüvvələrinə qarşı SPIKE tipli tank əleyhinə idarə olunan raketin tətbiq edilməsi barədə erməni mətbuatının yaydığı məlumata cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.
    Qeyd olunub ki, qoşunlarımız sərəncamında olan istənilən ən müasir silahlardan bütün cəbhə boyu istifadə etmək hüququna malikdir və düşmənin fəaliyyətinin qarşısını almaq imkanındadır: “Fevralın 28-də Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərini möhkəmləndirmək məqsədilə zirehli texnikanı ön xəttə çıxarmağa cəhd göstərib. Düşmənin manevr edən zirehli texnikası müvafiq bölmələrimiz tərəfindən vaxtında aşkar edilərək dərhal məhv edilib. Son günlər düşmənin verdiyi onlarla itkilər arasında xaricdən gətirilən erməni əsilli muzdlular çoxluq təşkil etdiyindən qarşı tərəf bu rəqəmləri məqsədyönlü şəkildə gizlədir”.


    Fakt budur ki, artıq tərəflər snayper silahları və ya avtomatlarla, həmçinin qumbaraatanlarla deyil, ağır artilleriya ilə zərbələr endirir. Azərbaycanın ağır artilleriyadan istifadəsi isə düşməni təşvişə salıb. Bütün bunlar isə Ermənistanın 24-25 fevral təxribatına layiqli cavabdır.


    Düşmənin təxribatlarından bəhs edən politoloq Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, baş verənlər təsadüfi deyil: “Qoşunların təmas xəttində və sərhəd rayonlarda vəziyyətin gərginləşməyinə səbəb Ermənistanda aprel ayının 2-nə təyin edilən seçkilərdə iştirak edən müxtəlif partiyaların seçki platformasında əsas siyasi kartın birinın və başlıcasının Dağlı Qarabağ münaqişəsindən istifadə etməsidir. Çünki Sərkisyan və onun səhra komandirləri olan komandası Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gəliblər və hakimiyyəti də bu səbəbdən saxlayırlar. Hətta hakim partiyanın rəhbəri də Ermənistanın müdafiə naziridir. Bu məqsədlə də məhz seçkilərə hazırlıq ərəfəsində təxribatlara əl atırlar. Düşmənin bu addımları gözlənilən idi”. Politoloq digər bir məsələyə də diqqət çəkdi: “Burada məqsəd həm də işğal olunan ərazilərdə keçirilən ”referendum"la bağlı, “Artsax” adlı qondarma qurumun yaradılması və müşahidəçi qismində qanunsuz olaraq Azərbaycanın işğal olunan ərazilərinə səfər edən Avropa Parlamentinin üzvləri və xarici dövlətlərdən gəlmiş cəbhədə daim atışma, qeyri-stabil vəziyyətin olmasını və bunun da günahkarının məhz Azərbaycan olmasını göstərməkdir. Üçüncü məsələ ondan ibarətdir ki, erməniləri və onların havadarlarını qane etməyən “Cənub Qaz Dəhlizi”ilə bağlı Azərbaycanda beynəlxalq görüşlərin və məşvərət yığıncaqlarını keçirilməsidir. Məlumdur ki, ABŞ, Böyük Britaniya və Avropa ölkələrinin demək olar ki, hamısı burada təmsil olunur və Azərbaycan layihənin həyata keçirilməsində təhlükəsizliyə zəmanət verən dövlət kimi çıxış edir. Bu isə regional nüfuz deməkdir, məhz bu səbəbdən də regionun qeyri-stabil olmasını və böyük layihələrə ev sahibliyi etməyə qadir olmamasını bütün vasitələrlə göstərmək istəyirlər. Bununla da BMT, ATƏT, istərsə də digər beynəlxalq qurumların qərarlarına məhəl qoyulmur, öz siyasi məqsədlərinə çatmaq üçün ermənilər hər gün təxribatlara əl atır".


    A.Nağıyev hesab edir ki, regional aktyorlar genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxacağına imkan verməyəcəklər: “Lakin artıq ağır artilleriya və digər silahlardan istifadə edilməyə başlanıbsa, bu proses aprel hadisələrinə bənzər bir sonluqla nəticələnə bilər. Mühüm bir məsələ kimi onu da qeyd etmək lazımdır ki, qondarma rejimin ”referendum" oyunundan sonra “Artsax”ın sərhədlərini bərpa etmək məqsədilə müxtəlif kommunikasiyalar tikmək, sərhədləri qurmaq istəyən separatçılara bunu etməyə heç cürə imkan vermək olmaz. Müharibə etmək onların əsas məqsədi deyil, əsas məqsəd ərazinin ələ keçirilməsi, işğal edilməsidir. Separatçıları maraqlandıran məsələlərin ən vacibi budur".


    Hərbi ekspert Üzeyir Cəfərov da son günlər cəbhə zonasında baş verənlərin arxasında məkrli planların olduğuna şübhə etmir: “Bütün hadisələr sanki əvvəlcədən yazılmış ssenari əsasında inkişaf edir. Düşmən heç cürə ipə-sapa yatmır. Davamlı şəkildə mövqelərimizi atəşə tutur, hərbçi və ya mülki insanlarımıza fərq qoymadan günü-gündən daha da azğınlaşıb. Fevralın son günlərində isə onlar cəbhənin bir neçə istiqamətində cəhdlər etdilər ki, vəziyyəti kəskinləşdirsinlər və öz çirkin məqsədlərinə nail oldular. Baş verənlər həm Ermənistana, həm də bivec beynəlxalq qurumlara çox sərf edir. Onlar üçün belə hadisələr hesabatlar tərtib edib, özlərini guya ki, hansısa vacib persona kimi təqdim etməkdən ötəri çox göydəndüşmə bir fürsətdir. Məqsədləri də tam aydın və sadədir: status-kvo nəyin bahasına olursa-olsun dəyişməsin, əksinə, imkan düşdükcə ötən ilin aprel ayında itirdikləri əraziləri tam da olmasa, müəyyən hissəsini öz nəzarətlərinə qaytarsınlar”. Ü.Cəfərov əlavə etdi ki, bu vəziyyət 2 apreldə Ermənistanda keçirilməsi gözlənilən parlament seçkiləri öncəsi cinayətkar Serj Sərkisyan və komandası üçün çox vacibdir: “Onlara fərq etmir, bu çirkin məqsədlərinə nail olmaq üçün neçə erməni anası ağlar qalacaq. Ona görə də, şəxsi düşüncəmə görə, bu yaramazlar yaxın vaxtlarda daha da azğın siyasət yürüdəcək və vəziyyəti maksimum gərginləşdirəcəklər. Belə bir vəziyyətdə isə bizə son dərəcə diqqətli və təmkinli olmaq qalır. Əks halda, yenə itkilərin olması qaçılmaz olacaq. Heç bir beynəlxalq hüquq və norma tanımayan Ermənistanın bundan sonrakı addımlarını da biz gərək ciddi izləyək və qabaqlayıcı tədbirlər və addımlar ataq”.

    Rubrika.az


    Facebook-da paylaş