• Qarabağdakı gərginliyin arxasındakı yeganə əl Rusiyadır...

    Qarabağdakı gərginliyin arxasındakı yeganə əl Rusiyadır...

    Təmas xətti boyunca diversiyalar, Ermənistan XİN rəhbərinin Qarabağa qanunsuz səfəri, separatçıların aktivləşməsinin pərdəarxası; Zahid Oruc: “Lokal toqquşmalar Putini narahat etmir”

    Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya planlaşdırılan növbəti rəsmi səfəri ərəfəsində Qarabağ cəbhəsində gərginliyin yenidən pik həddə çatması sözsüz ki, təsadüf deyil. Hesab olunur ki, əgər rəsmi Moskva təmas xəttində birmənalı olaraq sakitliyin hökm sürməsinin tərəfdarı olsaydı, o halda forpost funksiyasını yerinə yetirən İrəvan özünün “ağa”sının cızdığı çevrədən kənara çıxmağa cürət etməzdi.

    Ancaq 24-25 fevraldakı xain hücumun ardınca Ermənistanın davamlı şəkildə Azərbaycanın mövqelərinə həmlələr təşkil etməsi, hətta ordumuzun sərrast cavab zərbələri nəticəsində itkilər verməsinə baxmayaraq, yenə də təxribat-diversiya hərəkətlərindən əl çəkməməsi İrəvanın və separatçıların komanda almalarından xəbər verir. Azərbaycan Müdafiə Nazirliyinin son məlumatına görə, martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib. Qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır. Bütün cəbhəboyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.(musavat.com)
    Martın 1-də isə işğalçı ordu, nəhayət, Xocavənd istiqamətində itki verdiyini rəsmən etiraf edib. Həmin gün 37 yaşlı erməni muzdlusu məhv edilib. Göründüyü kimi, düşmən ölkə daxildəki gərginliyin arta biləcəyindən ehtiyatlanaraq, itkiləri maksimum gizlətməyə çalışır. Ancaq buna baxmayaraq, müasir silahlarla təchiz olunmuş Azərbaycan ordusunun bölmələrinə həmlələrindən də əl çəkmir. Bu isə prosesi tətikləyən qüvvənin olmasına şübhə yerin qoymur.


    Hətta ATƏT-in Minsk Qrupunun tərəfləri atəşkəsə əməl etməyə, gərginlik yarada biləcək əməllərdən çəkinməyə çağırmasından sonra Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbərliyinin qanunsuz olaraq işğal altındakı Azərbaycan ərazisinə gələrək separatçılarla görüşməsi də xüsusi planın tərkib hissəsi sayıla bilər. Qarabağ danışıqlarından imtina edən erməni diplomatı özü də yaxşı bilir ki, Xankəndinə qeyri-qanuni gəlişi savaşı tətikləyən hərəkətdir və Azərbaycan bu hərəkəti cavabsız qoymayacaq. Ancaq buna baxmayaraq, Nalbəndyanın başçılıq etdiyi erməni diplomatlarının 1 martda Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyanla bir araya gəlməsi hansısa məkrli plandan xəbər verir. E.Nalbəndyan “iki erməni respublikası” arasında əlaqələrdən danışandan sonra onun Azərbaycandan olan həmkarı ilə görüşə hansı üzlə gələcəyi sual doğurur. Düzdür, nazir Elmar Məmmədyarov elə bugünlərdə danışıqlarla bağlı pessimist mövqeyini ortaya qoyub. Ancaq şübhə yoxdur ki, Nalbəndyan Kremlin razılığını almasaydı, belə həssas məqamda Xankəndinə gəlmək cəsarətində bulanmazdı. Üstəlik, erməni nazir jurnalistlərə bildirib ki, ilin sonuna qədər bir ölkə “Dağlıq Qarabağın müstəqilliyini” tanıya bilər. Demək, erməni tərəf geri durmaq niyyətində deyil.


    Artıq heç kəsdə şübhə yoxdur ki, son gərginliyin arxasında təkcə İrəvanın deyil, həm də Moskvanın iradəsi dayanır, Ermənistan və Xankəndi separatçıları olsa-olsa burada icraçı rolunda çıxış edirlər. Hətta nüfuzlu “Stratfor” Araşdırmalar Mərkəzi də baş verənlərdə Rusiyanın iştirakından bəhs edib.


    Rusiyanın Ukraynadakı separatçıları açıq şəkildə dəstəklədiyi artıq bütün dünyaya məlumdur. Qarabağ məsələsinə isə Moskvanın dolayı şəkildə müdaxiləsi də illərdir ki, müzakirə mövzusudur. Ukrayna ilə konfliktin kökü bəllidir, Kreml Kiyevin Avropaya inteqrasiyasını ona bağışlamadı. Bəs Azərbaycanla bağlı şimal qonşumuzu narazı salan nədir? Fakt budur ki, Bakı Qoşulmayanlar Hərəkatının üzvüdür, balanslı siyasət yürüdür, Avropa Birliyi və NATO-ya üzvlüyü qarşısına məqsəd qoymayıb. Elə isə problem nədədir? Rusiya Bakının İsraillə silah bazarında əməkdaşlığındanmı qıcıqlanır, yoxsa Qarabağ məsələsində müstəqil siyasətini ona bağışlamaq istəmir? Hər halda, bu iki faktorun Kremli rahatsız etdiyinə şübhə yoxdur. Hətta məlumata görə, S.Lavrovun “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” bəyanatından sonra Azərbaycan prezidentinin Cocuq Mərcanlının bərpasına qərar verməsi Rusiyanın xoşuna gəlməyib və ona görə də gərginliyi tətikləməklə bu prosesi durdurmağa çalışır.
    Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a dedi ki, Ukrayna keçmiş sovet dövlətləri içərisində son illərin ən çox qlobal maraq toqquşması bölgəsinə çevridliyindən oradakı hərbi-siyasi şərait Qarabağla müqayisə oluna bilməz: “Lakin son günlər ərzində Cənubi Qafqaz regionu ilə bağlı yeni risk və çağırışların meydana çıxdığını görməmək mümkün deyil. Ermənistanda Rusiya hərbi birləşmələrinin genişmiqyaslı təlimləri bölgəyə xaricdən gələ biləcək təhlükələrə qarşı hazırlıq tədbirləridir. Söhbət Türkiyə və Birləşmiş Ştatların yeni Yaxın Şərq siyasətindən gedir. Ona görə də Moskva qətiyyən arxa cəbhədə, Şimali Qafqazın yaxın sərhədlərində hərbi gərginliyin artmasında maraqlı deyil. Doğrudur, Qarabağ danışıqlarının iflasa uğradılması Kremlin mühüm məqsədlərindən biridir, lakin sanksiyalar səbəbi ilə Qərblə dialoq platforması daralmış bir ölkə vasitəçilik missiyasını tam dağıtmağın da ziyanlarını görür. Azərbaycan dövləti isə hərbi qərarlarını regional və beynəlxalq proseslərin inkişaf tsiklindən asılı olaraq qəbul edir”.


    Z.Oruc əlavə etdi ki, əslində ötən ilin aprelindən Sankt-Peterburq görüşünü çıxmaq şərti ilə münaqişənin çözülməsi üçün yüksək səviyyəli danışıqlar keçirilmir: “Rəsmi Bakı yaranmış vəziyyəti kökündən dəyişmək üçün cəbhə xəttində əlverişli hücum şəraitini formalaşdırmaq üçün haqlı olaraq müxtəlif taktiki tədbirlər həyata keçirir. Doğrudur, ötən ilin sərt zərbəsi fonunda Ermənistan tərəfi ön cəbhəyə xeyli resurs, müşahidə qurğuları, kəşfiyyat və diversiya arsenalı cəlb edib. Lakin arxa cəbhə boşdur və orada acınacaqlı vəziyyət hökm sürür. Çünki hər gün baş verən şiddətli atışmalar resurs tükətimi, ətraf ərazilərdə yaşayan əhalinin sosial-mənəvi qaçışı və Qarabağın qurmaq istədiyi xarici əlaqələrə böyük zərbədir. Ona görə də Rusiya kəşfiyyatı baş idarəyə verdiyi məlumatlarda regionun yeni müharibədən sonrakı ağır mənzərəsinin Putinin strateji planlarına nə qədər zərbə vuracaqları raportlarını çatdırırlar. Söhbət yarana biləcək destabillikdə bölgəyə 90-cı illərdəki kimi yanşayacaq terror şəbəkələrində, və şimala doğru irəliləyəcək etnik-milli separatizm təhlükəsindən gedir. Ona görə də Rusiya Azərbaycana satdığı silahların əksəriyyətinin texniki modifikasiyasına görə Qarabağın və ətraf rayonların relyefinə hesablandığını, yalnız həmin coğrafiyalar üçün yararlı olduğunu yaxşı bilsə də qanlı savaşa icazə vermir. Lokal toqquşmalar Putini narahat etmir. Çünki Ermənistanda cəmiyyət tam anti-Rusiya əhvalına bürünsə belə, apreldə parlamenti Kremldə formalaşdıracaqlar və deməli, Qarabağ cəbhəsində köklü dəyişikliklər rus siyasi elitasının planlarına daxil deyil”.
    Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a deyib ki, təmas xəttində gərginliyin artacağı anonsunu Ermənistan mətbuat orqanları daha əvvəldən vermişdi: “Tez-tez ordu rəhbərləri bir yerə toplaşaraq Azərbaycanın hücum edəcəyi təqdirdə hansı tədbirlər görülməsini müzakirə edirdilər. Hətta Azərbaycanın Naxçıvan istiqamətindən Ermənistana zərbə endirəcəyini deyənlər də var idi. Bu da onu göstərir ki, Ermənistan rəhbərliyi seçkiqabağı gərginliyi azaltmaq üçün bu üsula əl atmağı daha uyğun görüb. Ermənistanda Serj Sərkisyana qarşı çox güclü bloklar yaradılıb. Erməni siyasi elitası tamamilə qərarlı şəkildə seçkilərdə bu cinayətkar hakimiyyəti uzaqlaşdırmaq istəyir. Açıq görünür ki, bu, bir təxribatdır. İkinci tərəfdən də son zamanlar Dağlıq Qarabağ məsələsində hüquqi baxımdan Azərbaycanın üstünlüyü erməniləri narahat etməyə başladığından dünyanın diqqətini buna cəlb etmək istəyirlər".



    Q.Çaxmaqlı şübhə etmir ki, təmas xətti boyunca yaşanan gərginliyin arxasında üçüncü qüvvənin barmağı var: “Ermənistan Minsk Qrupu çərçivəsində danışıqlar prosesini pozmağa yönəlik addımlar atır. Ancaq bu, təkcə onun iradəsinə bağlı məsələ deyil. Düşünürəm ki, ermənilərin belə hərəkət etməsində Rusiyanın barmağı var. Ruslar gərginliyi bir qədər də artıraraq Ermənistanda hakimiyyət dəyişikliyini yenə də öz xeyirlərinə etmək fikrindədirlər. Azərbaycan isə haqlılığını sübut etmək və keçənilki aprel döyüşlərinin davamını istəyən xalqa yeni azad olunmuş kəndlər bəxş etməklə mesajını verir və verməlidir də. Bu mesaj odur ki, danışıqlar prosesində məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilmə prinsipindən kənara çıxılmasın. Ancaq hesab etmirəm ki, bu çatışmalar genişmiqyaslı müharibəyə gətirib çıxara bilər. Zənnimcə, tərəflərdən heç biri buna hazır deyil”.


    Yazı çapa hazırlanarkən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti düşmənin təxribatı barədə növbəti məlumatı yaydı. Bildirilir ki, martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

    “Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir”, - deyə, nazirliyin məlumatında vurğulanıb. Beləliklə, işğalçı tərəf bütün qüvvəsini toplayaraq Azərbaycan ordusunun əlindəki mövqeləri ələ keçirməyə çalışır. Bu arada Qarabağ separatçılarının başçısı Bako Saakyanın Azərbaycanı “İsgəndər” raketləri ilə hədələməsi, bu sistemin bölgədə “balansı qoruduğunu” iddia etməsi də diqqət çəkir. “İsgəndər”lər isə Rusiyanın işğalçıya hədiyyəsidir və Kremlin münaqişəyə baxışını təkcə bu faktor nümayiş etdirir.


    Rubrika.az


    Facebook-da paylaş