• Milli Məclisdə banklarla bağlı GƏRGİN müzakirələr

    Milli Məclisdə banklarla bağlı GƏRGİN müzakirələr

    Parlamentdə bank soyğunçuluqlarına ciddi etiraz edildi; Siyavuş Novruzov: “Banklarda niyə belə vəziyyət yaranıb, bu suala cavab verilməlidir”

    Aprelin 7-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Cari məsələlərin müzakirəsi zamanı deputatlar Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı Ali Məhkəməyə etdiyi müraciətə kəskin etiraz bildirdilər.

    Deputat Siyavuş Novruzov bildirdi ki, bu, Azərbaycanı narahat edən əsas məsələdir: “Azərbaycanda 300-dən artıq rus məktəbi, ayrı-ayrı universitetlərin filialları fəaliyyət göstərir. Azərbaycan Ermənistanı çıxmaq şərtilə, həmişə qonşuları ilə normal münasibətləri saxlamağın həmişə tərəfdarı olub, cənab prezident də daim bu siyasəti yürüdüb. Hansısa qüvvələrin bu məsələləri qızışdırması iki ölkə vətəndaşları arasında narazılığa səbəb olub. Dostluq qrupu və digər insanlar müraciət etməlidir ki, bu məsələ həllini tapsın. Araya girən şəxslər başa düşsünlər ki, Azərbaycan Rusiya ilə münasibətlərə həmişə önəm verib, Kiçik bir məsələ ilə iki ölkənin əhalisi arasında narazılıq yaratmaq lazım deyil”.

    Deputat Zahid Oruc da həmkarının mövqeyini müdafiə etdi: “ÜAK-n qeydiyyat ilə bağlı məsələnin iki dövlət arasındakı starteji münasibətlərə uyğun deyil. Ümid edirəm ki, bu məsələ Rusiya elitasına çatacaq və məsələ həll olunacaq”.

    Deputat Elmira Axundova da ÜAK-ın çox ciddi və güclü təşkilat olduğunu, bölgələrdə 74 təşkilatının fəaliyyət göstərdiyini, üstəlik, yüzlərlə xeyriyyəçilik işlərini həyata keçirdiyini bildirdi: “Guya sənədlərdə texniki problem olub. Amma əminəm ki, səbəb başqadır. Rusiyada yüzlərlə erməni təşkilatları var. Bu yaxınlarda Rusiyada ”Bolşaya Armeniya", “Novo Naxiçevanskie” təşkilatları peyda olub. Bütün bu qanunsuz əməllərə nədənsə Rusiyanın müvafiq orqanları göz yumur. Əminəm ki, burada da erməni izi var və heç də səbəb texniki məsələ deyil".

    Deputat, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin də qeyd etdi ki, bu addım Rusiyadakı və Azərbaycanda sabitliyin pozulmasına, iki ölkənin münasibətlərini korlamağa xidmət edir. Deputat dedi ki, Rusiya XİN, Rusiya səfirliyi və digər qurumlarla əlaqələr saxladığını bununla bağlı narahatlığını ifadə edib. Mən əminəm ki, Rusiyanın Ədliyyə Nazirliyinin müraciəti məhkəmədə qəbul olunmayacaq və ÜAK fəaliyyətini davam etdirəcək.

    Deputat Əhliman Əmiraslanov: “Bu təşkilatı qeydiyyatdan keçirməmək Rusiyada böyük nüfuza malik olan insanlara və quruma qarşı təxribatdır. Bu əmələ yol verənlər Azərbaycana qarşı düşmən mövqeyində olan adamlardır, dostluq münasibətlərinə yönəlmiş zərbədir”.

    Dostluq qrupunun rəhbəri, deputat Əli Hüseynli Ədliyyə Nazirliyinin qeydiyyatın ləğvi ilə bağlı narahatlığını ifadə etdi: “Eyni zamanda biz bunu təxribat kimi dəyərləndiririk. Araşdırsaq, Rusiya icmasının da sənədlərində müəyyən nöqsanlar mövcuddur. Amma heç zaman bu qurumun lığvi ilə bağlı məsələ qaldırılmayıb. Bu, ən son anda əl atılası addımdır. Rusiyadakı dairələr bilməlidir ki, bu, hüquqi məsələ olsa da, bizi çox narahat edən siyasi addımdır”. Ə.Hüseynli məsələ ilə bağl Rusiyadakı müvafiq qurumlara müraciət edəcəyini dedi.

    Deputat Çingiz Qənizadə də məsələdən narahat olduğunu dedi: “Bu təşkilatın yaradılmasında mərhum prezident Heydər Əliyevin iradəsi rol oynayıb və V.Putin də öz razılığını verib. Amma biz bu prosedurları izlədikcə görürük ki, ortada müəyyən maraqlar var. İstisna deyil ki, burada erməni barmağı var. Ancaq bəs niyə Rusiyanın rəsmi qurumları bu çirkin oyuna düşüblər? Azərbaycanda 350-dən çox məktəbdə rus dili tədris olunur, bütün ali məktəblərdə rus dili fakültələri var və 16 min nəfər rus dilində təhsil alır”. Ç.Qənizadə məhkəmənin bu qanunsuzluğu rədd edəcəyinə ümid etdiyini vurğuladı: “Əks halda təbii ki, biz dövlət olaraq öz sözümüzü deyəcəyik”.

    QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev də Konqresin Rusiya-Azərbaycan dostluğunun simvoluna çevrildiyini söylədi. “Son 16 il ərzində hər iki dövlətin rəhbərliyi bu quruma etimad edib. Bu gün biz Rusiya Prezidenti Yanında İctimai Palataya məktub ünvanlamışıq. Düşünürəm ki, onlar öz nüfuzundan istifadə edib Ali Məhkəmənin doğru qərar qəbul etməsinə öz töhfəsini verəcəklər”.

    ***

    Daha sonra Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov Milli Məclis üzvləri qarşısında illik hesabatını təqdim etdi. Nazir müavini bildirdi ki, 2016-cı ildə Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2015-ci illə müqayisədə 29,4 faiz çox və ya 141 insan alveri faktı aşkarlanıb, 15 cinayətkar qrup zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib, onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilib, 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib: “Ərazi polis orqanları, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilmiş reydlər zamanı küçə həyatına məruz qalan, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 600-ə yaxın azyaşlı müəyyən edilib. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənib. Bununla belə, övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 240 valideyn barəsində inzibati tənbeh tədbirləri tətbiq olunub”.

    Məruzə ətrafında çıxış edən deputat Siyavuş Novruzov diqqəti insan alveri probleminə yönəlməyə çalışdı: “Ona görə də hamımız çalışmalıyıq ki, mübarizəmizin effekti daha da artsın”.

    Deputat Tahir Kərimli hesabatı yüksək qiymətləndirməklə yanaşı, milli koordinatorun gördüyü işləri qiymətləndirməyi vacib saydı. “Mən vaxtilə o qədər həyacanlıydım ki, əxlaq polisinin yaradılmasını təklif etmişdim. Amma son illər çox ciddi nəticələr əldə olunub”. T.Kərimli dedi ki, ötən illə müqayisədə dilənçiliyə cəlbetmə faktları 450-dən 600-ə qalxıb və bu, çox narahatedicidir.

    Deputat Qənirə Paşayeva insan alverinə qarşı mübarizənin daha da sərtləşdirilməsinə zərurət olduğunu vurğuladı.
    Birinci vitse-spiker Ziyafət Əsgərov insan alveri ilə mübarizədə bütün cəmiyyətin səfərbər olunmasını və birgə mübarizəni effektli saydı.

    Səsvermə ilə hesabat qəbul edildi.

    “Satınalmalarla bağlı cəzaların qanunda nəzərdə tutulması çox ciddi addımdır”. Deputat Elmira Axundova bunu Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı bildirdi. Deputat dövlət əmlakına qəsd edən şəxslərə qarşı “ya cəza, ya cərimə” cəzasının tətbiqini doğru saymadı, burada alternativin olmasına etiraz etdi: “Cəza sərt və konkret olmalıdır”.

    Deputat Qüdrət Həsənquliyev isə bildirdi ki, məsuliyyət daşıyan şəxsləri istintaq orqanı müəyyənləşdirəcək, burada konkret şəxs və ya şəxslərin, cinayət qrupun olmasını dəqiqləşdirəcək. Deputat büdcə vəsaitlərinə ciddi nəzarət edilməsini zəruri saydı: “Burada qeyd olunur ki, 50 min manata qədər ziyan vurulduqda bu, cinayət məsuliyyəti yaradır. Yəni faktiki olaraq satınalmalar zamanı tender keçirmədən dövlət əmlakının mənimsənilməsi, yaxud qiymətinin fərqli yazılması halları baş verdikdə. Biri avtobusda kiminsə cibinə girir, digəri də dövlət əmlakına qəsd edir. Biri getdi su sayğacını oğurladı, onun misini satdı, yaxud büdcə vəsaitini oğurladı, bunun heç bir fərqi yoxdur. Bizdə oğurluğa görə cəza vətəndaşın oğurladığı əmlakın 30 manatdan artıq dəyəri olduğu halda, bunun cəzası 2 ilə qədər həbs cəzasını nəzərdə tutur. Amma burada 50 min manata qədər vəsait oğurlayan inzibati məsuliyyət yaradır. Belə çıxır ki, biz vəzifəli şəxslər üçün başqa cəza nəzərdə tuturuq, adi vətəndaşlar üçün başqa. Yaxud Cinayət Məcəlləsində 7 min manata görə 6-12 illik cəza nəzərdə tuturuq. Amma burada dövlətə 250 min manat ziyan vurana 2-4 illik cəza nəzərdə tutulur”.

    Komitə sədri Əli Hüseynli qeyd etdi ki, burada daha çox dəymiş ziyanın ödənilməsində maraqlı olmalıyıq, nəinki cəzanın daha çox sərtləşdirilməsində.

    Bundan sonra qanuna dəyişiklik qəbul edildi.

    “Banklarda faiz dərəcələrinin həddən artıq soyğunçu xarakter daşıması və dollar kreditləri ilə bağlı nəhayət, qərar verilməlidir”.

    Bunu isə deputat Əli Məsimli söylədi. Deputat ardınca konkret təklif verdi: “Qoy banklar 28 maya qədər 1000 dollara qədər olan kreditləri bağlasın”.

    Deputat Qüdrət Həsənquliyev dedi ki, son dəyişikliklər vətəndaşların banklara etimadının artmasına yönəlib. Ancaq ardınca o, bank sirlərininin qorunması ilə bağlı dəyişikliyə etirazaını bildirdi: “Biz çalışırıq ki, sahibkarlar, vətəndaşlar öz pullarını banklarda saxlasın. Mülkü Məcəllənin 967-ci maddəsi bank sirləri ilə bağlıdır. Əvvəllər belə idi ki, bank sirləri müştərilər və onların nümayəndələrinə verilirdi. İndi biz qanuna dəyişiklik edirik ki, bu sirlər kənar auditorlar və Maliyyə bazarlarına Nəzarət Palatasına verilir. Mənim bankda pulum varsa, bunun maliyyə bazarlarına nəzarət orqanına nə aidiyyəti var? Niyə bu qurum vətəndaşların bank sirlərini bilməlidir?

    Q.Həsənquliyev əlavə etdi ki, bank sirlərinə daxil olan şəxslərin siyahısını genişləndirməklə vətəndaşların banklarda maliyyə saxlamasını təmin edə bilməyəcəyik: ”Əksinə, vətəndaşlar maliyyəsini İsveçrə və digər banklara daşıyacaqlar. Harada ki, bank sirləri daha etibarlı qorunur. Ya da heç kim gətirib pulunu Azərbaycan banklarında saxlamayacaq. Bir tərəfdən hökumət, cənab prezident müraciət edib ki, pullarınızı Azərbaycan banklarında saxlayın. Məncə, indi bu cür addımlar ümumi işə xidmət etmir. Biz məhkəmə qərarı olmadan bankın lisenziyasının bağlanması səlahiyyətini də palataya veririk. Mən bu haqda geniş danışacağam. Biz bank sektorunda nizam-intizam yaratmaq istəyirik, yoxsa nəyə nail olmaq istəyirik?".

    Deputat Siyavuş Novruzov Azərbaycanda bankın bu vəziyyətə düşməsinin səbəbi iqtisadi böhran deyil: “Bu Azərbaycanda bank sahəsinə nəzarət edən şəxslərin, məsuliyyət daşıyan adamların maliyyə oğurluğu ilə əlaqədardır. Həmçinin vətəndaşın kredit problemləri ilə bağlı vəziyyətin səbəbkarı banklardır. Niyə belə vəziyyət yaranıb, bu suala cavab verilməlidir. Yoxsa burada körpü bankı yaratdım, ordan başqa bir banka keçdi... Biz hardan bilək ki, körpü bankı yaradılandan sonra həmin problemlər yenidən ortaya çıxmayacaq. Vaxtilə də Mərkəzi Bankda nəzarət var idi. Amma hərəyə 1 milyard verdilər, götürüb getdilər və ciddi problemlər yarandı. Məsuliyyət daşıyan adamlar bu məsələlərə nəzarət etməldir. Bu məsələləri iqtisadiyyatımızın durumu ilə bağlamaq olmaz. Banklar kökündən sağlamlaşmalıdır. Bir nəfər izah etmir ki, Azərbaycanda vətəndaşa verilən istehlak kreditinin faizi niyə bu qədər yüksək faizədir? Vətəndaş da kredit götürüb iş qursun, büdcəyə vergi ödəsin. Sağlamlaşdırsınlar, amma yaxşı sağlamlaşdırsınlar”.

    Deputat Vahid Əhmədov isə dedi ki, Azərbaycan iqtisadiyyatına ən ağır zərbəni banklar vurub: “Bütün bunları nəzər alan cənab prezident vəziyyəti yaxşılaşdırmaq üçün Maliyyə Bazarlarına Nəzarət Palatasını yaradıb. Niyə Azərbaycan bank faizləri bu qədər yüksəkdir, onu Siyavuş müəllim çox yaxşı dedi. Çünki həmin bankçılar hamısı milyonerdirlər, amma vətəndaşlar əziyyət çəkirlər”. V.Əhmədov qeyd etdi ki, bank sistemində problemlər olduğu kimi qalır.
    Deputat Aydın Mirzəzadə də bank faizlərinin tədricən aşağı salınmasını zəruri saydı.

    Etirazlara baxmayaraq, qanun səsə qoyularaq qəbul edildi.

    Deputat Fuad Muradov ciddi məsələyə diqqət çəkdi. O bildirdi ki, bu gün banklar QHT-lərə limitlə vəsait ayırmağa qərar verib. Bu limitin həcmi isə 5 min manatdır. “Əslində bu, bizim QHT-lərə zərbədir. Çünki QHT-lər bütün dünyada dövlət sifarişini həyata keçirmirlər” - F.Muradov bildirdi.


    Spiker Oqtay Əsədov isə deputata cavabında “əgər biz belə bir qanun qəbul etmişiksə, onda sən də iştirak etmisən, səs vermisən”- deyə reaksiya verdi.
    Dəyişikliklər olduğu kimi saxlanıldı və qəbul edildi.

    “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi barədə komitə sədri Arif Rəhimzadə məlumat verdi. Müzakirələrdən sonra qanun qəbul edildi.

    Rubrika.Az


    Facebook-da paylaş