• Qafqaz uğrunda mübarizə Türkiyə ilə Rusiyanı üz-üzə qoyacaq?

    Qafqaz uğrunda mübarizə Türkiyə ilə Rusiyanı üz-üzə qoyacaq?

    Qabil Hüseynli: “Türkiyə hakimiyyəti aktivləşməkdə qərarlıdırsa, riskləri göz önünə alıb dəf etmək niyyətindədirsə bu, Azərbaycanın xeyirinə olar”

    Türkiyədəki 16 aprel referendumunda prezident üsul-idarəçilik sisteminə keçid baş verəcəyi halda Ankaranın özünün regiondakı həyati maraqlarını qorumaq üçün əlavə rıçaqlar və daha güclü söz sahibliyi əldə edə biləcəyi proqnozlaşdırılır. Bildirilir ki, Türkiyənin dövlət olaraq yeni mərhələyə qədəm qoyması Azərbaycana və onun problemlərinə də təsirsiz ötüşməyəcək. Bizim ən böyük problemimiz isə əlbəttə ki, işğalçı Ermənistanladır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə etdiyi çıxışlarında ölkəsinin Qafqazlarda fəallaşacağını bəyan eləməsi bu xüsusda Azərbaycanın maraqlarına uyğun qiymətləndirilir.

    Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 16 aprel referendumu ilə bağlı təbliğat kampaniyası çərçivəsində Ərzurumda etdiyi çıxışında Azərbaycanın əsas problemi kimi Qarabağ probleminə də dəxli olan mühüm bəyanat verib. Türkiyə lideri deyib: “Ankara bundan sonra da Türkiyənin birliyini, stabilliyini və ərazi bütövlüyünü pozmaq istəyənlərə qətiyyətlə müqavimət göstərəcək. Qara və Aralıq dənizlərində mövqelərimizi vermək Türkiyənin öz ərazilərini itirməsinə səbəb olacaq. Bu, tamamilə aydındır. Türkiyənin təhlükəsizliyi Balkanlar və Qafqazdan başlayır. Türkiyə bu reallıqları nəzərə almalıdır”.
    Ekspertlərin fikrincə, belə bir açıqlama əslində Ankaranın müstəqil xarici siyasət kursunu gücləndirəcəyinin bir anonsudur və mahiyyət etibarilə Rusiyaya, Qərbə və İrana ünvanlanıb. Çünki adıçəkilən regionlarda əsasən Rusiya, ABŞ və İran fəaldır. Yaxud bu, ən azından, sadalanan bölgələrdə Türkiyə ilə hesablaşmağın zəruri olduğunun anonsudur.

    Qafqaza, daha dəqiqi, Cənubi Qafqaza gəlincə, bəllidir ki, Moskva buranı özünün “həyati maraqlar” sferası hesab edir. Bəs, Türkiyənin Qafqazlarda fəallaşması son zamanlar istiləşən Rusiya ilə münasibətlərinə problem yarada bilərmi? Rusiya Türkiyənin Qafqaza nüfuz etməsinə imkan verəcəkmi?

    Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Türkiyə prezidenti referendum öncəsi təşviqat mitinqlərində həddən artıq maraqlı fikirlər söyləyir, bəyanatlar verir. Məsələn, bir neçə gün öncə mitinq iştirakçılarına müraciət edərək deyib ki, referendumdan sonra sizi sürprizlər gözləyir. Bu sürprizləri hələ açmaq istəmədiyini deyən Ərdoğan sürprizlərin bəziləri haqqında məlumat verib. O, bildirib ki, Türkiyə İraqda və Suriyada çox fəal olacaq: “Yəni Ərdoğan hər mitinqdə Türkiyə dövlətinin geosiyasi planları haqqında maraqlı açıqlamalar verir. Vaxtilə söylənmiş Osmanlı dövlətini yenidən bərpa etməklə bağlı səslənən fikirlərə uyğun fikirlər səsləndirmək də Türkiyə prezidentinin çıxışlarında tez-tez rast gəlinən haldır. Ərdoğan hələ ki, bəyanatlar verir, fikirlər bildirir. Həmin bəyanatlar, o cümlədən, Qafqazla bağlı bəyanatı da hələ ki, konkret praktiki işlərə yönəlməyib. Ola bilsin ki, referendumdan sonra real addımlar atılmağa başlanacaq. Mümkündür ki, Ərdoğan mərkəzi hakimiyyətin güclənməsinin nələrə gətirib çıxaracağını o cür açıqlamalarla əsaslandırmağa çalışır”.

    Politoloqun sözlərinə görə, Türkiyənin hələ ki, Qafqazlarda fəaliyyəti Gürcüstanla-Azərbaycan-Türkiyə üçlüyünün yaranmasından uzağa getməyib. Bu üçlü əlaqə hələ Rusiya təsirini zəiflədə biləcək səviyyədə güclənməyib: “Ərdoğan hakimiyyəti Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verir, amma Azərbaycanın müasir silahlarla silahlandırılmasında İsrail kimi fəal iştirak eləmir. Ola bilsin bəlkə də Ərdoğan bunu demək istəyir ki, yaxın zamanlarda həm Dağlıq Qarabağ məsələsində, həm də Qafqazlar uğrunda mübarizədə Türkiyə daha fəal olacaq

    Bu zaman Rusiya ilə qarşı-qarşıya gələ biləcəyi və münasibətlərin korlana biləcəyi ehtimalını ola bilsin Ərdoğan göz önünə alıb. Çünki hər kəsə aydındır ki, Rusiya Qafqazlara özündən başqa kənar bir dövlətin nüfuz etməsinə həmişə sərt reaksiya verir. Ərdoğan da bunu bilməmiş deyil. Ona görə də hər halda o, münasibətləri elə quracaq və işi elə aparacaq ki, Rusiyanın maraqlarına zidd addımlar olmayacaq. Lakin Qafqaza nüfuzetmə məsələsinə Moskvanın xeyir-dua verəcəyi, göz yumacağı inandırıcı deyil. Rusiya daim çalışır ki, Türkiyə Dağlıq Qarabağ məsələsindən, Qafqazlardan mümkün qədər uzaqda dayansın. İndi Türkiyə hakimiyyəti bu iki məsələdə aktivləşməkdə qərarlıdırsa, riskləri göz önünə alıb dəf etmək niyyətindədirsə bu, Azərbaycanın xeyirinə olar".

    Rubrika.Az


    Facebook-da paylaş