• Dərsliklərimizi xaricilər hazırlasa, nə dəyişəcək? - “Yapışırlar dövlətin ətəyindən…”

    Dərsliklərimizi xaricilər hazırlasa, nə dəyişəcək? - “Yapışırlar dövlətin ətəyindən…”

    "Biz xaricdən mütəxəssis dəvət etməklə milli dəyərlərə uyğun dərslik yazılması məsələsində problem yaşaya bilərik”.

    Bunu təhsil eksperti Kamran Əsədov Təhsil naziri Mikayıl Cabbarovun ilk dəfə olaraq xarici dil tədrisində istifadə olunan dərsliklərin beynəlxalq mütəxəssislərin iştirakı ilə hazırlanması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

    O qeyd edib ki, ümumi təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan təhsil sahəsində prioritet istiqamətlərdən biridir: "Amma qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikasında dərslik siyasətini Təhsil Nazirliyi yox, Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Dərslik siyasətinin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Ancaq biz xaricdən mütəxəsis dəvət etməklə milli dəyərlərə uyğun dərslik yazılması məsələsində problem yaşaya bilərik. Düzdür, bizim xarici dil üzrə dərsliklərimiz dünya standartlarına uyğun yazılmayıb. Buna görə də Təhsil Nazirliyi məhz dünya standartlarına uyğun dərslik modelinin yaradılmasına çalışır. Çünki son illər bir sıra dərsliklər ətrafında baş verən müzakirələr, orta məktəblərdə istifadə olunan dərsliklərin kriteriyaları ciddi müzakirə mövzusudur. Əlbəətdə ki, Xarici dil dərsliyindən başlanan təcrübədən prinsip etibarilə o qədər də narahat olmaq lazım deyil. Bütün halarda bu istifadəçilərə xarici dil bilgisini öyrətməyə yönəldilib. Onsuz da hazırlıq kurslarında, xarici dil kurslarında məhz yerli dərsliklər deyil, xarici ölkələrdə, ABŞ, İngiltərədə çap olunmuş dərsliklərdən istifadə olunur.
    Hesab edirəm ki, istər dizayn, istər məzmun baxımından bu kimi təcrübələr orta məktəb dərsliklərimizin zənginləşməsinə və şagirdlərdə bu kitabları oxumağa maraq yaradacaq. Məncə nazirin təklifində heç də o nəzərdə tutulmayıb ki, bütün dərslik xarici mütəxəssislər tərəfindən yazılacaq”.



    Ekspert hesab edir ki, xarici mütəxəssislərlə yanaşı bu dərslikləri işləyən komandada yerli mütəxəssislər də olacaq: "Məhz bu zaman ölkəmiz üçün yararsız, təhlükəli informasiyaların dərsliklər vasitəsi ilə ölkəyə ayaq açmasının qarşısı alınacaq. Mütləq şəkildə inanıram ki, xarici müəllif və mütəxəsislərin iştirakı ilə yazılacaq dərsliklərin hazırlanmasında, qiymətləndirilməsində, təsdiqində və nəşrində Azərbaycan Respublikasının dövlət mənafeyi gözlənilməklə, alimlərin, mütəxəssislərin, müəlliflərin, müəllimlərin və valideynlərin rəyi nəzərə alınacaq”.

    Kamran Əsədov qeyd edib ki, nazir bu təklifi səsləndirən zaman bir sıra təhsil adamları haqlı olaraq narahat oldular: "Çünki öz müəlliflərimiz tərəfindən yazılmış dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, Vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət etməsinə yönələn ideyalar əsas meyar kimi götürülür. Amma xarici mütəxəssislərin bu ideyaları nə dərəcədə doğruldacağı şübhə doğurur.

    Ölkəmiz 26 ildir ki, müstəqillik əldə edib. Bundən əvvəl 70 il sovet dövründə sosializm sistemində ondan da əvvəl feodalizm dövründə yaşamışıq. Yəni əmək bazarı dövrün tələblərinə görə hazırlanır. Sənayeləşmənin sürətli inkişafı, "bilik iqtisadiyyatı”na keçid, innovativ yanaşmanın tətbiqlərin genişləndirilməsi açıq iqtisadiyyata malik ixtiyari dövlətin iqtisadi siyasətinin elementləridir. Elmi-texnoloji inkişaf, sənayeləşmə əsrinin əsas və dəyişməz resurslarından biri olaraq, yüksək ixtisaslı kadr potensialı durmaqdadır. Amma bizim ali təhsil müəssisələrimiz, kolleclərimiz, peşə məktəblərimiz yenə də 70 il əvvəlki ixtisaslar üzrə kadr hazırlığını davam etdirirlər.

    Hazırda elə ixtisaslar var ki, dünyada onlar ölüb, amma bizim ali təhsil müəssisələri əmək bazarında o ixtisasa ehtiyac olmasa da, onu hazırlamaqda davam edirlər. Dünya hər gün yox, hər saat irəliləyir, dəyişir. Əmək bazarı tamam fərqli keyfiyyətlərə malik kadrlar istəyir”.

    Ekspert vurğulayıb ki, bizim universitetlər 70 il əvvəl də kütləvi şəkildə Neft mühəndisi, hüquqşünas, tarixçi, jurnalist, müəllim hazırlayırdısa, indi də bu davam edir: "Hətta tədris proqramında da dəyişiklik yoxdur. Hesab edirəm ki, daha çox müasir texnalogiyaların öyrənilməsi ilə bağlı iqtisadiyyat, təkmilləşmiş kənd təsərrüfatı, informasiya texnologiyalarına və bu kimi dövrün tələblərinə uyğun kadr hazırlığına üstünlük verilməlidir. Bizdə hazırlanan kadrlar əmək bazarında rəqabətə davamlı deyil. Universitetlər zəhmət olmasa başlarını qaldırıb bir Amerikaya, Avropaya baxsınlar ki, onların uğur formulu nədir? Necə olur ki, onların hazırladıqları kadrlar ölkələrinin inkişafına, müasir texologiyaların tətbiqinə töhvə verə bilirlər, amma bizdə əlində diplom olan hamı yapışır dövlətin ətəyindən ki, mənə başımı girələməyə bir iş ver.

    Hesab edirəm ki, artıq neft erası bitir, artıq alternativ enerji mənbələri və texnologiyalar üzrə kadr hazırlığına xüsusi diqqət ayırmaq lazımdır. Təsəvvür edin ki, hər il Elmlər Akademiyası, universitetlər müəyyən iqtisadi, kənd təsərrüfatı və s. vacib problem mövzuları üzrə sahəvi elmi tədqiqat işləri aparırlar, müdafiələr həyata keçrirlər. Amma aidiyyəti qurumlar bu mövzulardan yararlanmır. Ölkədə hər il 50 dən çox iqtisadiyyatın vacib mövzuları üzrə doktorluq işləri müdafiə olunur. Amma realıqdan tətbiq olunmur. Əmək bazarıının xırda tutumlu kadr ehtiyacını yerinə yetirməli olan peşə məktəbləri demək olar ki, fəaliyyət göstərmir. Bütün bunlara görə məncə iki nazirlik arasında əməkdaşlıq bu "ölü” sahəni dirildəcək”.

    Rubrika.az


    Facebook-da paylaş