• ABŞ milli HHM-ini təkmilləşdirir, Rusiya və Çin narahat olur

    ABŞ milli HHM-ini təkmilləşdirir, Rusiya və Çin narahat olur

    Moskva və Pekin yeni silah yarışına cəlb olunmaqdan qorxurlar

    Keçən həftənin 2-ci günü ABŞ hərbçiləri qitələrarası ballistik raketin havada tutularaq məhv edilməsi prosesini olduqca uğurla həyata keçiriblər.

    Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın hava hücumundan müdafiə sistemi (HHM) Marşal adalarında yerləşən Reyqan adına poliqondan atılan raketi müvəffəqiyyətlə zərərsizləşdirməyi bacarıb.

    Lakin Vaşinqtonun yeni hərbi nailiyyəti onun bu sahədəki əsas rəqibləri sayılan Rusiya və Çinin xoşuna gəlməyib, daha doğrusu, onları əməlli-başlı qorxuya salıb.

    “Rusiya və Çin ABŞ-ı özünün qitələrarası ballistik raketlərdən qorumaq cəhdlərinə görə tənqid edir”, - ABŞ-ın analitik The National Interest jurnalının yazarı Rayan Pikrell yazır. (Bu nəşr Amerikada mötəbər fikir mərkəzlərindən biri hesab olunur. Jurnalın məsləhət şurasının sədri keçmiş dövlət katibi Henri Kissincerdir-red.)

    Çinin dövlətə məxsus People's Daily qəzeti ABŞ-ın bu addımla “Pandora qutusu”nu (qədim yunan əsatirlərində dünyaya bədbəxtilk və fəlakət gətirən qutu nəzərdə tutulur. Məcazi mənada hər hansı təhlükəyə yol aça biləcək addım, hərəkət və fəaliyyəti bildirir-red) açaraq nüvə silahlanmasında qüvvələr balansını pozduğunu irəli sürüb.

    “ABŞ bu hərəkəti ilə yeni silahlanma yarışına start vermiş oldu”, - Çin qəzetinin məqaləsində göstərilir.

    “Pekin ABŞ HHM-lərinin Çin qüvvələri və cavab zərbə vasitələri üçün yaradacağı nəticələrdən olduqca narahatdır”, - Pekində fəaliyyət göstərən Karnegi-Sinhua qlobal siyasət mərkəzinin elmi əməkdaşı Çjao Tun The National İnterest-ə danışıb.

    “Bu, Çin üçün ən böyük problem sayılır. Məsələni həll etməkdən ötrü Çin quruda və dənizdə yerləşən yeni raketlərin, habelə bölünən başlığa malik raketlərin işlənib hazırlanmasına başlamalı olacaq”, - ekspert qeyd edib.

    “Əslində isə silahlanma yarışı onsuz da gedir”, - Rayan Pikrell davam edir: “Çin özü hazırda yeni və müasir, modernləşdirilmiş raket sistemlərini yaradır. ÇXR HHM sistemlərinin öhdəsindən gələ biləcək, səsdən sürətli idarə olunan aparatların, habelə yüksək manevr qabiliyyətinə malik raket başlıqlarının hazırlanması işlərini uzun müddətdən bəri gerçəkləşdirməkdədir. Çİn ordusunun raket qoşunları öz arsenlaını zənginləşdirir, bu ilin yanvarında isə Çin hərbçiləri 10 döyüş başlığına malik DF-5C tipli uzaq məsafəli raketlərin sınaqlarını uğurla həyata keçirib. ÇXR əsasən hücum raketlərinin buraxılmasına güc verdiyi üçün ABŞ-ın raket əleyhinə qalxan sistemini təkmilləşdiməsi onların xoşuna gəlmir”.

    Çinin Xarici İşlər Nazirliyi də People's Daily qəzetində öz icmalını yerləşdirib. Burada Pekin ABŞ-ın Cənubi Koreyada yerləşdirdiyi THAAD tipli atmosfer xaricində ballistik raketlərin zərərsizləşdirilməsi sistemindən şikayət edir.

    “ABŞ-ın qlobal HHM sistemləri nəticə etibarı ilə Çin və Rusiyanın nüvə silah sistemlərinin əleyhinə yönəlib”, - People's Daily qəzetinin əlavəsi sayılan Global Times jurnalında deyilir.

    Elə Rusiyanın özü də ABŞ-ın yeni hərbi nailiyyətinə olduqca ağrılı şəkildə, həm də ən yüksək səviyyədə, yəni birinci şəxsin ağzından reaksiya verib.

    “Vladimir Putin keçən həftə Sankt-Peterburq iqtisadi forumunda ABŞ-ın HHM sistemini təkmilləşdirməsi nəticəsində Rusiyaya başqa seçim imkanı buraxmadığını və ölkəsinin öz müdafiəsini möhkəmləndirəcəyini deməsi bunu göstərir”, - Rayan Pikrellin yazısında qeyd olunur.

    “ABŞ HHM sisteminin elementləri bütün dünyada strateji balansın pozulmasına yönəlib”, - Putin bildirib:

    “Baş verənlər olduqca ciddi və qorxuludur. Alyaskada və Cənubi Koreyada ən yeni hava hücumundan müdafiə vasitələri quraşdırılır. Biz bunu sadəcə seyr etməklə kifayətlənə bilərikmi? Əlbəttə, yox. Biz bu təhlükələrə cavab vermək barədə düşünürük. Çünki bu bizim üçün əsl təhdiddir”, - Putin həyəcanını ifadə edib.

    “Vladimir Putin ABŞ-ın öz raket əleyhinə arsenalını təkmilləşdirməkdən ötrü Cənubi Koreyanı bəhanə gətirdiyini də iddia edib”, məqalədə qeyd olunur.

    Müəllif Rusiya və Çinin ABŞ-ın raket sistemləri ətrafında hay-küy salmaqlarına rəğmən ən yeni səsdən sürətli raket daşıyıcı sistemlərini, habelə yeni hücum silahlarını hazırlamaqda olduğunu vurğulayıb.

    Bir çox eksperlətrin fikrincə, Moskva və Pekinin narahat dolu davranışının altında başqa bir səbəb də yatır.

    Hər iki dövlət, xüsusilə Rusiya ABŞ-la yeni silah yarşına girməyin nə dərəcədə təhlükəli olduğunu gözəl başa düşürlər.

    Hər halda SSRİ dövrünün acı təcrübəsi Moskvanın yadından çıxmayıb.
    Ruslar eyni fəlakəti yaşamaq istəmirlər.

    Rubrika.Az


    Facebook-da paylaş