• Mübariz Qurbanlı: “Ziyalılarımız islama qarşı yox, xurafata qarşı mübarizə aparıb”

    Mübariz Qurbanlı: “Ziyalılarımız islama qarşı yox, xurafata qarşı mübarizə aparıb”

    ““Yehova Şahidləri”nə icazə versək, burdakı xristian icmaları arasında qarşıdurmanın yayılmasına şərait yaratmış olarıq"

    Dini Komitənin sədri Mübariz Qurbanlı ilə müsahibəni uzun müddətdir planlasaq da, alınmırdı. Yəqin ki, iyulun 18-də Badamdarda keçirilən “İslam Həmrəyliyi və Media” tədbiri olmasaydı, bu müsahibə də baş tutmayacaqdı. Rubrika.az musavat.com-a istinadən bildirir ki, saytın baş redaktorunun o tədbirdə iştirak etməsi sayəsində “tilsim sındı” və DQİDK sədri qəzetimizə müsahibə verməyə razılaşdı.

    - Ancaq fakt odur ki, ilk vaxtlar bölgələrdə polis, bələdiyyə işçiləri gedib ehsan süfrələrini yığışdırırdılar...


    - Yox, hardasa, hansısa yerdə baş verən hadisəni ümumiləşdirmək olmaz. Bir hadisədən çıxış edib, onu hamıya aid edə bilmərik. Bu, sadəcə, bir tövsiyə idi, özü də yeni deyildi. Bundan əvvəl də Qafqaz Müsəlmanları İdarəsi əhalini yas mərasimlərində dəbdəbəli süfrələrin olmamasına çağırmışdı. Daha sonra axund və imamlara moizələrdə əhalini buna səsləməyi tapşırmışdı. Sadəcə, biz bunu yenidən gündəmə gətirdik. Çünki yas mərasimlərinin dəbdəbəli olmasının ictimai qınağa səbəb olduğunu görürdük. Əhali də bu adətə riayət edirdi. Buna görə də biz QMİ ilə birlikdə geniş izahat işi apardıq, mediada çıxışlar oldu. Biz din xadimləri vasitəsilə izah etməyə çalışdıq ki, ehsan yeməkdən ibarət deyil. Allah yolunda xeyir iş edə bilərsən.


    Yas mərasimlərində ehsan süfrələrinin açılması daha çox keçmişdən qalma adətlərdir. Aparılan izahat işləri müəyyən nəticə verib. Əksər rayonlarda yas mərasimləri “üç mərasimləri” ilə yekunlaşır. Əvvəlki kimi davamlı mərasimlər olmur. Əlbəttə, adət-ənənə elə bir məsələdir ki, uzun illər insanların beyninə hopmuş adətləri birdən-birə aradan qaldırmaq olmur. Xüsusən də dindən gələn adətləri birdən-birə ləğv eləmək mümkün deyil. Təbii ki, dini hökmləri heç kim dəyişə bilməz, onlar konkret hökmlərdir. Ancaq yas mərasimləri dini hökm deyil. Başqa müsəlman ölkələrində bizdəki adətlər yoxdur. Ona görə də tədricən bunları aradan qaldırmaq mümkündür.


    - Azərbaycanda xarici dini təsirlərdən danışdıq. Bu təsirləri azaltmaq üçün Azərbaycanın özündə bir İslam mərkəzi olmalıdır ki, müvqfiq dini hökmlər ordan verilsin, xarici asılılıq azalsın. Belə bir mərkəz yaradıla bilərmi? QMİ ona cavab verirmi?


    - İslam dünyasında vahid fətva mərkəzi yoxdur. Əvvəllər xəlifənin fətvası vahid ümmət üçün hökm sayılıb, ancaq indi bu yoxdur. Fərqli İslam mərkəzləri var. Azərbaycanda QMİ-nin Elmi Dini Şurası, Qazılar Şurası var. QMİ Qafqaz regionunda dini məsələlərlə bağlı fətva səlahiyyətinə malikdir. Onun verdiyi fətva bu bölgə üçün dini baxımdan səlahiyyətlidir. Ancaq biz İslamın qlobal problemləri ilə bağlı dünyadakı fərqli mərkəzlərdən fərqli səslər eşidirik. Biri digərini inkar edə də bilir.


    - Xurafat və radikalizmə qarşı DQİDK ölkə miqyaslı kampaniya başladıb. Bu kampaniyanın təsiri ilə bağlı hansısa rəqəmlər deyə bilərsinizmi? Məsələn, daha əvvəl radikalizmin təbliğ olunduğu neçə mərkəz artıq fəaliyyət göstərmir, Quran baxıcıları, falçılar, digər xurafat ənənələrinin azalmasını necə müəyyən edirsiniz?


    - Biz buna kampaniya demirik, bizim vəzifəmizdir. Yuxarıda da qeyd etdiyim kimi, radikalizmə qarşı mübarizə 3 istiqamətlidir. Bunun bir istiqaməti də ideoloji maarifçilik işidir. Digər iki sahədə işi başqa qurumlarla birlikdə həyata keçiririk. Xurafata qarşı mübarizə bu günün işi deyil, İslam meydana gələndən var. Eləcə də bizim klassiklərimiz - Axundovdan başlamış Nərimanov, Cəlil Məmmədquluzadəyə qədər çoxlu sayda ziyalılarımız dinə qarşı deyil, xurafata qarşı mübarizə aparıb. Azərbaycanda heç bir zaman, heç bir ziyalı dinə qarşı mübarizə aparmayıb. Onların mübarizəsi xurafata qarşı idi. Mirzə Ələkbər Sabirin şeirlərini sovet vaxtı dinə qarşı yozurdular. Xurafata qarşı mübarizə həmişə var və olacaq. Xurafat dini bilginin və bütövlükdə bilginin, elmin zəif olduğu zaman yaranır. İnsan anlamaqda çətinlik çəkir və bu zaman xurafat baş qaldırır.


    - Maraqlıdır, xurafatın nə olduğu, hansı əməllərin, hansı görüşlərin xurafat hesab olunduğu və buna qarşı mübarizə aparılmasının tövsiyə olunduğu bir konsepsiya varmı? Nələrdir xurafat və ona qarşı necə mübarizə aparılmalıdır? Bir də ortada konkret bir nümunə varmı ki, bu işlər xurafat hesab edilib və onlara qarşı mübarizə aparılıb? Məsələn, gedib fala baxdırmayın kimi tövsiyələr siyahısı varmı?

    “Axundovdan tutmuş, Nərimanov, Cəlil Məmmədquluzadəyə qədər, bir çox ziyalılarımız dinə qarşı deyil, xurafata qarşı mübarizə aparıb”

    - Xurafat, birincisi, dini kobud şəkildə təhrif etməkdir. İkincisi, Qurani-Kərimdəki ayələri olduğu kimi deyil, müxtəlif əfsanələrlə insanlara çatdırmağa cəhd etməkdir. Üçüncüsü, İslamın tarixini təhrif etməkdir. İslamın yayılması zamanı baş vermiş döyüşləri, tarixi anları olduğu kimi deyil, təhrif etməkdir. Qurandan istifadə edib fal açmaq, dua yazmaq kimi əməllər xurafatdır. Quranda ayə var ki, “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!” (Maidə, 90-cı ayə).


    Yəni burda maarifçilik rol oynayır. Kamil din xadimi dua yazmaz. İndi savadlı din xadimləri yetişib. Savadı, təyinatı olmayan “ara mollaları” deyilən, başına bir papaq qoyub əlinə Quran alanlarla əsl din xadimlərini qarışdırmamaq lazımdır. Ona görə də xurafata qarşı iş həm ideoloji, həm mənəvi, həm də elmi müstəvidə davam etməlidir.


    - Azərbaycanda 100-dən artıq dindar müxtəlif ittihamlarla həbs olunub. Onların bir çoxunu beynəlxalq təşkilatlar “vicdan məhbusu” elan edib. Onların arasında eyni zamanda çoxlu sayda nüfuzlu ruhanilər var. Məsələn, Zülfüqar Mikayıloğlu, son olaraq həbs olunan Sərdar Babayev var. Digərləri də var, adlarını sadalaya bilmirəm, onların hər biri dini camiədə nüfuz sahibidir. Məsələn, konkret Sərdar Babayevə qarşı ittiham Masallıda dəvət əsasında camaat namazı qıldırması ilə bağlıdır. Üstəlik, dövlət başçısı S.Babayevin həbsindən sonra onun ittiham olunduğu maddəni dəyişdirmək təklifi ilə çıxış etdi. Bu şəxslərin həbsi ilə bağlı sizin mövqeyiniz necədir?


    - Birincisi, o insanların kim tərəfindən “vicdan məhbusu” elan olunması müəmmalıdır. Sizin dediyiniz beynəlxalq qurumlar, “beynəlxalq qurum” adı altında öz siyasətlərini həyata keçirməyə cəhd edənlərdir. Azərbaycanda dini etiqad azadlığı var və o həbs olunan şəxslər dini fəaliyyətlərinə görə həbs olunmayıb. Onlar hamısı hansısa qanunu pozduğuna görə həbs edilib. Sizin adını qeyd etdiyiniz adam qeyri-qanuni olaraq dini ayinlərə rəhbərlik edib. Azərbaycan qanunlarına görə, dini ayinləri həyata keçirən şəxs rəsmi təyinatla olmalıdır, Azərbaycanda dini təhsil almalıdır və Azərbaycan vətəndaşı olmalıdır. Dini ayini icra etmək başqadır, dini ayinə rəhbərlik etmək başqa. Mən sizin qəzetə gəlib göstəriş verə bilərəm? Təbii, mümkün deyil, eləcə də məsciddə rəsmi təyinatı olmayan şəxs namaz qıldıra bilməz. Heç Azərbaycanı deməyək, istənilən müsəlman ölkəsində təyin olunmamış şəxs gedib məsciddə xütbə oxuyub, namaza rəhbərlik edə bilərmi?


    - Mənim bu mövzuya toxunmaqda qəsdim o idi ki, ruhanilərin həbsdən azad edilməsi, cəzalarının yüngülləşdirilməsi müəyyən mənada din-dövlət münasibətlərində yumşalmaya səbəb olardı.

    - Biz məhkəmənin işinə qarışmırıq. Məhkəmənin qərarından yalnız yuxarı instansiyaya şikayət verilə bilər. İkincisi, biz istintaqın işinə qarışmırıq, istintaq öz işini görür. Biz bu cür işlərin baş verməməsi üçün onlara QMİ ilə birlikdə imam və axundların toplantılarında dəfələrlə izah etmişik. Mətbuatda bu barədə açıqlamalarımız olub, qəzetimizdə yazmışıq. Yerlərdə olan şöbə müdirləri konfrans və görüşlərdə bu məsələləri çatdırıblar. Dediyiniz məsələdə konkret olaraq qanun pozulub. Axund və imam təyinatını bir qurum həyata keçirir, o da QMİ-dir. Bir sözlə, qanunun aliliyinə hər kəs əməl etməlidir.


    - “Şəhidlər” və Nərimanov rayon “Cümə” məscidinin taleyini soruşmaq istəyirdim.


    - “Şəhidlər” məscidi artıq fəaliyyət göstərir. Axund və imam təyin olunub. Şəhidlər Xiyabanına gələn yerli və xarici ziyarətçilər o məscidə gedib namaz qılıb ibadət edə bilirlər. Nərimanov rayon “Cümə məscidi”nə gəlincə, DQİDK, Nərimanov Rayon İH və QMİ ilə birgə şəkildə o məscidlə bağlı müzakirələr aparmışıq. Həmin məsciddə icma yaradılması qərarlaşdırılıb və artıq icma üçün gərəkli olan 50 nəfər vətəndaş müəyyən edilib. İcmanın sənədləri QMİ-yə və DQİDK-ya təqdim olunub, hazırda o sənədlərə baxılır. İnşallah, orda icma təsis edildikdən sonra o məscidə QMİ tərəfindən rəsmi din xadimi təyin olunacaq. Təyin olunduqdan sonra həmin məsciddə fəaliyyət davam etdiriləcək.

    “Əbu Bəkr” məscidi yaxın zamanlarda fəaliyyətə başlayacaq"

    - Bugünlərdə “Gallup İnternational” sorğu mərkəzi dünya ölkələrində dini vəziyyətlə bağlı sorğunun nəticələrini elan etdi. Bu nəticələrə görə, Azərbaycanda əhalinin 34 faizi “dindar” olaraq göstərilir. Ciddi müzakirələrə səbəb oldu bu məsələ. Komitə bu sorğunu necə qiymətləndirir, həqiqəti əks etdirirmi? Yəni Azərbaycanda əhalinin bu qədər hissəsi dindardırmı?


    - Biz bu siyahıda son “20-likdəyik”, yəni dindarlığın aşağı səviyyədə olduğu ölkələr sırasında 13-cüyük. “Gellap”ın sorğusu yəqin ki, elmi əsaslara söykənir və bunu təkzib etmək üçün əsasımız yoxdur. Bizim özümüzün də araşdırmalarımız olub. Həmin araşdırmalar və aparılan monitorinqlər nəticəsində əldə etdiyimiz rəqəmlərə əsasən Azərbaycan ərazisində məscidlərə getmə, dini ayinlərdə iştirak faizi o qədər də yüksək deyil. Bakıda 134 məscid var. Hər cümə günü monitorinqlər aparılır, amma rəqəm azdır. Bizim qənaətimizə görə, bu onu göstərir ki, Azərbaycan dünyəvi ölkədir və dinlə əlaqədar məsələlərdə tam azadlıq vardır. Bu şəraitdə insanların məscidə getməsi və ya dini ayini evində icra etməsi onun azad seçiminə bağlıdır. Ancaq bu göstərici ölkə əhalisinin dindən uzaq olması demək deyildir.


    Sorğuda sualın biri budur ki, “siz müsəlmansınız?”, növbəti sualda isə soruşulur ki, “siz müsəlmanın qarşısına qoyulan vacibləri yerinə yetirirsinizmi?” Ancaq “vacibləri yerinə yetirməyən müsəlman deyil” deyə bilmərik. O adam inancı, düşüncəsi, milli-mənəvi dəyərləri ilə müsəlmandır, ancaq ibadətləri yerinə yetirmir.


    - Sonuncu bir sualım. Yuxarıda ilk sualda dediniz ki, bir qurumun işinə özündən üst qurum qiymət verər. Sizin işinizə üst qurumun münasibəti necədir? Üst qurum sizdən razıdır?


    - Razı olmasaydılar yəqin ki, hələ burada davam etməzdim. Ümid edirəm ki, razıdırlar.

    Kənan RÖVŞƏNOĞLU


    Facebook-da paylaş