• Sabiq hakim türk iş adamının şirkətini saxtakarlıqla necə mənimsədi?

    Sabiq hakim türk iş adamının şirkətini saxtakarlıqla necə mənimsədi?

    Təxminən üç ay əvvəl bağlanılan, Bakıda tanınmış epillyasiya mərkəzi sayılan "Epiderm”in facebook səhifəsində yazılan məlumatlar qalmaqala səbəb olub

    Rubrika.az musavat.com-a istinadən bildirir ki, Türkiyə Cumhuriyyətinin vətəndaşı professor Teoman Cem Kadıoğlunun hüquqşünası Rasim Orucov tərəfindən yazıldığı bildirilən məlumatda bir çox iddialar yer alıb. İddiaya görə, Türkiyədən Azərbaycana yatırım edən iş adamı Teoman Cem Kadıoğlunun "Epiderm” MMC-də olan əmlakına sahib çıxılaraq, onların Azərbaycandakı şəriklərinə verildiyi qeyd edilib. Bütün bu məlumatlarda Türkiyə vətəndaşı şərikləri tərəfindən aldadıldığını, məhkəmə qərarının əsassız olduğunu və məhkəmənin onların xeyrinə qərarlar çıxardığını bildirib: “Bir vaxtlar hakim vəzifəsində işləmiş Elmar Kərimov öz şəxsi əlaqələrindən istifadə edib, Türkiyədən Azərbaycana sərmayə qoyan iş adamının 3 aydır “Epiderm” MMC-də olan əmlakına sahib çıxıb faydalanır. İlk olaraq, öz həyat yoldaşı Bikə Əliyevaya dava açıb, məhkəmə qərarı ilə "Epiderm" salonunun əmlakını siyahıya aldırıb, sonra isə yoldaşının adından bu əmlakların üzərində məhkəmə qərarı ilə həbs qoydurub. İndi də "Epiderm" şirkətini həyat yoldaşına borclu çıxarıb, bunun qarşılığında əmlakları ələ keçirilib. Azərbaycanda bir sabiq hakimin indi vəkil kimi bu qədər məhkəmələrə təsir etməsi görəsən nə zaman araşdırılacaq?

    Azərbaycan 99% səhmi olan bir xarici sərmayəçinin başına 1% səhmi olan şəxsin gətirdiyi bu bəlalardan sonra görən kimsə risk edib Azərbaycana sərmayə yatırmaq istəyəcəkmi? Azərbaycan xalqı bu cür vətəndaşlarını tanısın”!

    Yazılan iddilarla bağlı məsələni araşdırmaq üçün “Epiderm” MMC-nin rəhbəri Teoman Cem Kadıoğlu ilə əlaqə saxladıq. O, musavat.com -a bildirdi ki, qarşı tərəfin qaldırdığı iddialar tamamilə yalandır: “Mənim İstanbulda dörd klinikam, 2 labaratoriyam var. Özüm də İstanbul Universitetində müəllim işləyirəm. Burdakı və oradakı bütün klinikalarımızın hər birində işçilərin bütün maaşları vaxtında ödənilib. Azərbaycandakı böhran səbəbi ilə şirkəti bəlkə satarıq deyə bir audit yaratdıq. Bundan sonra bütün saxtakarlıqlar ortaya töküldü. Biz gördük ki, onlar bizi 4 ildə borclandırıblar. Bikəxanım şirkətin qazandığı pulları, şirkətə borc kimi göstərib. Bizim heç vaxt maaş ödəmək kimi bir problemimiz olmayıb. Biz güclü bir şirkətik. Biz Türkiyədə hər kəs bilir. Mən tanınmış bir insanam. Bakıdakı məsələ qürur, şərəf məsələsi olduğu üçün bu işlə əlləşirəm. Mənim ordan gələcək heç bir şeyə ehtiyacım yoxdur. Lakin bu cür bir pislik edilməsi, saxtakarlıq edilməsini həzm edə bilmirəm. Orda borcumuz yoxdur. Vəkilimlə görüşün. O, bütün sənədləri təqdim edəcək. Hesabları yenidən hazırlayıblar, içini dəyişdiriblər, düzüb-qoşublar. Mühasibatlıqda böyük saxtarkarlıqlar olub. Məhkəmədən bir gün içərisində qərar çıxartdırıblar. Orda sistemdən istifadə edərək, mənə tələ qurublar”.

    T.C.Kadıoğlu lazer aparatlarını ölkədən çıxartmaq istədiyinə dair olan iddiaları da yalanladı: “Elmar Kərimov keçmişdə hakim olduğu üçün, oradakı hakim dostlarından istifadə etdi. Üç aydır mənim aparatlarımdan ucuz istifadə edib pul qazanırlar. Çünki heç bir pul xərcləməyiblər. Mən oraya 300-400 min dollar sərmayə qoymuşam. Mən heç qoyduğum pulu oradan qazanmamışam ki, hələ bir ordan külli miqdarda pul götürüb, Türkiyəyə qayıdım. Bunların hər biri yalandı. Mənim ordan qazandığım ordakı borclarımı belə ödəməyib. Hətta mən çox vaxt İstanbuldan oraya pul göndərib, işlərimi həll etdim. Mən o aparatları nəğd pulla orada aldım. Azərbaycandakı insanlara iş verdim. Kimlərinsə borcunun ödənmədiyi iddiası yalandır. Biz audit qurduq, onların saxtarkarlıqlarını ortaya çıxardıq. Onlar da dərhal aparatlarımızı mənimsədilər. "Epiderm" adımızı dəyişib “Epidermis” adında instagram səhifəsi açıblar. Çünki instagram səhifəsinin şifrəsi Bikəxanımda idi. “Epidermis” şirkəti qurdular. Bizim alətlərimizi orada istfadə edib üç aydır işlədirlər. Bu müddətdə bütün maliyyə yazılarını dəyişdirib, bizi borclu göstərib, aparatlarımızı mənimsəmək istəyirlər”.

    Şirkətin sahibi yarım milyon dollar sərmayə qoyduğunu qeyd edib: “Oranın bütün dekorasiyası Türkiyədən göndərilib. Özəl lampalardan divan-kreslolara qədər biz göndərdik. Mənim həyat yoldaşımın rəsimə marağı var. Bütün divarlardakı tabloları özümüz apardıq. Divar kağızları, hətta yerdəki daşlara qədər Türkiyədən göndərilib. Elmarın orda bir quruşu da yoxdur. O qədər pulu da yoxdur. Hər şeyi mən təxminən yarım milyon dollar pul qoyub, özüm etmişəm”.

    Türkiyəli iş adamı işlərin pis getdiyi üçün Bakıdakı mərkəzlərini satmaq istədiyini bildirdi: “Elmar öz həyat yoldaşını məhkəməyə verdi. Azərbaycanda ailə hüququnda belə bir şey var imiş. Öz aralarında məhkəmə olub, aparatlara bu yolla əl qoydular. Məqsədim "Epiderm"-i orada transfer etmək idi. Bir müddətdir işlər pis getdiyi üçün makası ilə, adı ilə birlikdə kiməsə satmaq istəyirəm. Hətta Elmar bəyə dedim ki, uyğun bir qiymət olsa, sənə də verə bilərəm. Mənim aparatları ölkədən çıxarmaq fikrim olmayıb. Hər şey daxil olmaqla oranı satacaqdım. Bunun üçün də audit quruldu və saxtakarlıq üzə çıxdı. Sənədləri incələyəndə görəcəksiz ki, hər şey ilə oynayıblar. Ayda iki min manat maaş verdiyimiz direktor, orda hər ay 15-20 min manat şirkətə borc verirmiş kimi göstərilib. Hər şey saxtadır. Oradakı mühasib də həbsə girməlidir. Hər biri aralarında anlaşıblar, rəqəmləri dəyişdiriblər. Auditdə bunların hər biri üzə çıxdı: sənədlərin saxta olduğu, hər şeyin dəyişdirilib yazıldığı... Bu, oradakı klinikanı pulsuz mənimsəmək üçün hazırlanan saxtakarlıq hadisəsidir.

    Türkiyədə “Epiderm” markasının pantenti məndədir, lakin Bakıda iki hərf dəyişdirib, istifadə edə bilirlər. Bunun necə baş verdiyini anlamıram”.

    Qeyd edək ki, azxəbər.com saytında bu qalmaqalla bağlı xəbər dərc olunub. Xəbərdə “Facebook” səhifəsində yazılan iddialara cavab verilib. İddialarda adı çəkilən Bikəxanım Əliyevanın vəkilinin yaydığı açıqlamada yazılıb: “«Epiderm» MMC 2012-ci ildən fəaliyyət göstərir. Bütün bu müddət ərzində «Epiderm» MMC-nin təsisçisi Teoman Cem Kadıoğlu və onun arvadı Hüsniye Kadıoğlu mütəmadi olaraq, Azərbaycan Respublikasına gələrək, dövlət orqanlarına rəsmi şəkildə bəyanat vermədən buradan qanunsuz şəkildə külli miqdarda pullar aparmışlar. 2017-ci ilin may ayında şirkəti bağlamaq qərarına gələn Teoman Cem Kadıoğlu bu günə qədər işçilərin əmək haqqısını və şirkətin xərclərini ödəməmişdir. Həmin vaxtdan etibarən Teoman Cem Kadıoğlu şirkətə məxsus olan 2 ədəd lazer aparatını buradan qanunsuz şəkildə Türkiyə Cumhuriyyətinə aparmaq istəyir. Halbuki, Teoman Cem Kadıoğlunun şirkətin direktoru və həmtəsisçisi Bikəxanım Əliyevaya 136.000 manat məbləğində borcu vardır. Məhz bu borcu, o cümlədən işçilərin əmək haqqlarını və digər xərcləri ödəməmək üçün Teoman Cem Kadıoğlu tez bir zamanda 2 ədəd lazer aparatını şirkətdən çıxarmağa və özününküləşdirməyə cəhdlər edir. Bu cəhdlərinin qarşısını isə Azərbaycan Respublikasının məhkəmələri 2 dəfə qərar qəbul etməklə almışlar. Belə ki, məhkəmə qərarları ilə həmin aparatların üzərinə həbs qoyulmuş və şirkətdən çıxarılmaları qadağan edilmişdir. Hüquqi müstəvidə heç bir nəaliyyət əldə edə bilməyən və uğursuzluqla üzləşəcəyini anlayan Teoman Cem Kadıoğlu və onun arvadı Hüsniye Kadıoğlu bu cür çirkin yollara əl atmağa başlamışlar”.

    Rubrika.Az


    Facebook-da paylaş