• Ofisindən külli miqdarda pul oğurlanan şirkət Ziya Məmmədovun imiş

    Ofisindən külli miqdarda pul oğurlanan şirkət Ziya Məmmədovun imiş

    Bakıda şirkətdən külli miqdarda pul oğurlanıb. Hadisə Binəqədi rayonu ərazisində baş verib

    Belə ki, "M Trans" şirkətinin Binəqədi rayonu ərazisində yerləşən ofisindən içərisində 10 000 manat və 2 000 dollar olan seyf oğurlanıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

    Sözügedən şirkət keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsusdur. Anar Məmmədovun firması uzun müddət avtovağzala nəzarət edib.

    Məlumata görə, avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirən "M Trans” MMC-yə bir neçə gündür ki, xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov rəhbərlik edir.

    Onun hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və ölkənin əksər rayonlarındakı avtovağzallara da nəzarət etdiyi deyilir.

    Mənbə bildirib ki, sözügedən MMC-yə bundan əvvəl nəqliyyat naziri Ziya Məmmədovun qohumları – qardaşı və bacısı oğlanları rəhbərlik edib.

    Ancaq Məmmədovların çöküşü bu şirkətin də iflasına gətirib çıxarıb. Artıq avtovağzala başqa şirkət nəzarət edir.

    "M-Trans” Məhdud Məsuliyyətli Cəmiyyəti 14.10.2003-cü il tarixdə 0103-P31-38580№-li şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

    "M-Trans” MMC fəaliyyətinin əsas istiqamətini Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən "Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün” verilmiş lisenziyalar əsasında şəhərlərarası və beynəlxalq sərnişin daşınmaları təşkil edir.

    Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi tərəfindən avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirmək üçün "M-Trans” MMC-yə müvafiq lisenziyalar verilib.

    2005-ci ildən isə "M-Trans” MMC avtovağzal xidməti də göstərir. Şirkət Bakıdan Respublikanın bütün bölgələrinə, həmçinin Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstanın müxtəlif şəhərlərinə müntəzəm avtobus reysləri təşkil edir.

    Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə yanaşı, Ucar, Ağsu, Quba və sairə rayonlarındakı avtovağzallar da "M Trans” MMC-nin nəzarətindədir.

    Rubrika.Az-ın Ulus.Az-a istinadən əldə etdiyi özəl məlumata görə, oğurluq edən şəxslərin şirkətdə işləyənlər olduğundan şübhələnirlər. Hazırda istintaq gedir və firmadan pulların harda olduğunu şirkət əməkdaşları səhih bilirlər.

    Ziya Məmmədovun mühasibi olmuş Tofiq Qurbanovun bir vaxtlar dediklərindən sitatın tam eridir: “Əvvəl “M-TRANS”a nazirin oğlu Anarın yaxın dostu Mübariz Abbasovu direktor təyin edirlər. Anar uşaq, Mübariz də qurd...

    Baxırlar ki, bu qədər avtobus var, gecə-gündüz daşımalar var, ondan-bundan yığılan pullar var, ancaq kassa boşdur. Ziya Məmmədov da ona göstərilən cüzi pulla yaxın düşmür.

    Departamentin rəisi Çingiz Baxışovla Mübariz Abbasovu yanına çağırıb gəliri-çıxdaşı hesablamağa başlayır. Mübarizlə Çingiz elə nazirin yanındaca tutuşurlar. Bir-birlərinə söyüşün biri bir qəpikdən...

    Məsələ bununla bitir ki, Mübarizi işdən qovurlar. Xımır-xımır yediyi milyonları ondan sonralar da ala bilmədilər. Ziya Məmmədov “M-TRANS”a isə bu dəfə öz qardaşı oğlunu direktor təyin edir”

    Onu da deyək ki, avtovağzlda “Azerbaijan Ground Services” MMC-nin işi sürücüləri soymaqdır.

    Əvvəllər bu işi keçmiş nazirin oğlu Anar Məmmədova məxsus “M-Trans” MMC həyata keçirirdi. İndi MMC dəyişib, amma nəzarət yenə ondadır.

    Xatırladaq ki, tikintisi 80 milyon dollara başa gəlmiş Bakı Beynəlxalq Avtovağzalı Kompleksi Britaniya Virgin adalarında qeydiyyatda olan «Trans European Leasing Group» tərəfindən 2004-cü ildə təsis edilən “Baku XXI Əsr” MMC şirkətinə məxsusluğu bir neçə il əvvəl üzə çıxmışdı.

    Məlum olmuşdu ki, həmin şirkətin təsisçisi və sahibi o vaxt deputat mandatı daşıyan Elton Məmmədovdur. Elton Məmmədov özü bu məlumatı təsdiq etmişdi.

    Rubrika.Az


    Facebook-da paylaş