• Biləcəridə Putinin dostuyla qorxudulan sakinlər, stansiya rəisinin evini sökdürüb çöldə qoyduğu 15 ailə, 24 uşaq...

    Biləcəridə Putinin dostuyla qorxudulan sakinlər, stansiya rəisinin evini sökdürüb çöldə qoyduğu 15 ailə, 24 uşaq...

    Rubrika.az Olke.az-a istinaden xeber verir ki, Səhərin mərkəzinə cəmi 10 dəqiqə, metronun "20 Yanvar" stansiyasından isə 6-7 dəqiqəlik yol. Biləcəri qəsəbəsi, dəmiryol stansiyasının yaxınlığı. Bu bir reklam mətni deyil, haqqında bəhs edəcəyimiz sakinlərin ünvanıdır.


    Əksəriyyəti burada 10-15 ildir yaşayır. Aprel ayından isə fotolarda gördüyünüz alaçıqlarda həyata meydan oxuyurlar. Ancaq yəqin ki, qışda meydanı zığ-palçıq tutacaq, oxumağa da bir şey olmayacaq. Çünki o vaxta qədər bir neçə gün öncə dünyasını dəyişmiş qonşularının - Əliyeva Ritanın da qırxı çıxacaq. Yasin də oxunacaq, mərsiyyə də deyiləcək və beləcə hər şey yaddan çıxarılacaq.

    Nahid Əliyev adlı sakin deyir ki, on iki ildir burada yaşayır, özü ikinci qrup əlildir. Şikayətçi baş verənləri belə xatırlayır:

    "Aprelin 28-də səhər 10-a 20 dəqiqə işləmiş burada yanğın oldu. Evdən çıxıb köməyə qaçmışam. Ərazidə 10-dan artıq ailə yaşayır. Əvvəl daha çox idi. Yanğından sonra dəmiryolunun əlliyə yaxın işçisi bura gəldilər, başladılar sökməyə. Söküntü yanğından 15 gün sonra buldozerlə aparılıb. Bizə də bildirildi ki, narahat olmayın, yerləşdiriləcəksiniz. Bütün aidiyyatı qurumlara müraciət etmişik. Nazirlər Kabineti, Milli Məclis, Binəqədi Rayon İcra Hakimiyyətinə rəsmi müraciətlər olunub. Bildiriblər ki, qanunsuz tikilidir, gözləyin nəsə olacaq. Əgər qanunsuz idisə vaxtında niyə icazə verirdilər? Bəs iyirmi ildir camaat yaşayırdı. Görmürdünüz ki, qanunsuzdur? Bizə verilən cavablardan sonra düşünürük ki, burada yanğın da qəsdən törədilib".


    Nahid kişiylə söhbətimizi Misirova Fitat kəsir. Dediyinə görə, buranın ilk sakini odur:

    "On beş ildir burada yaşayıram. İndiyə kimi bizə deyilməyib ki, niyə burada yaşayırsınız? Oğlum, iki qızım və özüm burada ayrı-ayrı evlərdə yaşamışıq. Evlərin dördü daşdan idi. Tikinti aparılanda da aidiyyatı qurumlardan gəliblər, hörmətlərini eləmişik, çıxıb gediblər. Özüm pay vermişəm".


    Uzaqdan üç körpəni görürəm. İşıqları, suları, qazları olmasa da, rus demişkən, "zato" dondurmaları var. Birinin adı Səma, digərininki Pəridir. Üçüncü isə adını demək istəmir. Guya desə nə dəyişəcək ki? Adı, soyadı, əli, ayağı, qolu, qulağı olan problemlər ortadaykən həllini tapmırsa, bu balaca niyə özünü əziyyətə salıb adını desin ki? Afərin balaca, çox qürurlusan. Hə, bircə Pəri deyir ki, məktəbə gedə bilməyəcəyik, dərslərimizi oxumağa da yerimiz olmayacaq.


    Bu arada hamilə qadın diqqətimi çəkir. Məmmədova Aygün Fitat xanımın gəlinidir. Həmsöhbət olduğum fidanların anası. Doğrusu, qadının durumunu və buradakı vəziyyəti görüncə, necə utandımsa, heç bir sual vermədim. Yaxşı ki, diktofon var imiş. Utana-utana da olsa, Aygün xanım özü bir neçə kəlmə danışıb:

    "Qışda necə yaşayacağımızı bilmirik. Evlərimizi traktorla söküblər. Hara gedəcəyimizi bilmirik".


    Fitat xanım isə o qədər əsəbi və yanğılıdır ki, hətta az qala mənim əvəzimə sualları da özü vermək istəyir:

    "Qonşunun uşağını çağırmışam ki, gəl "evimizin" ora-burasına karton vur. Bu evlərin hamısı daşdan idi. Gəlib sökdülər. Evimiz yanmışdı, gəlib buldozerlə söküb getdilər. Heç olmasa imkan verəydilər, özümüz bərpa edəydik də. Çox adama imkan vermədilər ki, əşyalarını evindən çıxartsın. Heç erməni azərbaycanlıya belə eləmir".


    Fitat xanımla söhbətimizə Xəyalə İsmayılova adlı sakinin dedikləriylə fasilə veririk. Amma bir azdan yenə danışacaq:

    "14 ildir burada yaşayıram. Əgər buna yaşamaq demək mümkündürsə. Körpələrimiz gördüyünüz bu şəraitdə yatırlar. Heç bilmirik qışda necə olacaq. Rəhbər şəxslərdən kömək istəyirik. Yaşayacağımız başqa yer yoxdur. Əgər bizi buradan bayıra atmaq istəyirlərsə, niyə tikəndə icazə verirdilər?"


    Nüşabə Məmmədovanın 78 yaşı var. O da 2003-cü ildə sözügedən ünvanın sakinidir. Deyir ki, qız dörd uşaqla çıxılmaz durumdadır, kürəkəni isə öz təbirincə desək, bələdiyyədə zibil maşını sürür:

    "Uşaqlarımızı yaxınlıqdakı qonşuların evində aparıb çimizdiririk. Çünki işığımızı da kəsiblər.

    Bir qonşumuzun evini başına uçurdular. Hələ qırxı çıxmayıb. Gəlininin cehizlərini, uşağın arabasını da götürməyə imkan vermədilər. Qadının da əsəbdən beyninə qan sızdı. Biləcəri dəmiryolu stansiyasının rəisi Elçin Məmmədov deyir ki, Putinin tələbə yoldaşı İlham Rəhimovun xalası oğluyam, heç kim mənə bata bilməz. Hara gediriksə, deyir, Elçinin yanına gedin. Elçin müəllim işığın da pulunu bizdən aldırırdı. Sayğac tələb etdik, qoymadılar. Ayda on manat İman adlı şəxsə işıqpulu verirdik".


    Fitat xanım isə mövzunu elə Putinlə davam etdirir:

    "Heç olmasa bizi bir yerə yönləndirin, gedib orada yaşayaq da. Hamı deyir ki, gedin Elçinin yanına. Elçin də bizi qəbul etmir. Prezident Administrasiyasına getdik, çox mülayim və xoş qarşıladılar. Amma Elçinin qəbulunda bizə bayıra tulladılar. Bizi Putinlə, İlham Rəhimovla qorxudur. 78 yaşlı bacımı polis dəyənəyiylə qorxudur. Əgər yer yoxdursa, bizi ölkədən göndərsinlər. Burada 24 uşaq var. Sənədlərimiz yanıb. Bəlkə sabah bu uşaqlar vətənə layiqli övlad olacaqlar. Bizə deyirlər ki, biriniz İmişlidənsiniz, biriniz Tərtərdən. Nə fərqi var ki? Azərbaycanlıyıq axı. Bizə icazə versinlər özümüzə güzəran düzəldək, qazımızı, suyumuzu, işığımızı versinlər, pulunu ödəyək. Ölən qadının da baisi Elçin müəllimdir. Əlli yaşlı adam durduğu yerdə niyə ölsün ki? Ritanın gəlininin mebellerini traktorun qabağına verdilər, o da başladı əsəbdən, qorxudan əsməyə. Bir neçə gündən sonra da öldü. Nəvəsinin uşaq arabasını da çıxartmağa imkan verməmişdilər".
    Rubrika.az


    Facebook-da paylaş