• Bərdədə vəzifə sahibləri yerli sakini “gözümçıxdıya salıblar”

    Bərdədə vəzifə sahibləri yerli sakini “gözümçıxdıya salıblar”

    Samir İmamverdiyev: “Bu məqsədlə həmin gün Qaradağlı kənd bələdiyyəsinin sədri İbrahim Qarayevə 500 manat, səhəri gün isə 13000 manat pul verdim”

    Rubrika.az gundemxeber.az-a istinadən bildirir ki,son vaxtlar bölgələrdə baş verən və çoxsaylı sakinləri olmazın dərdə salan problemlərin tüğyan etməsi, hər kəsin əsl həqiqətlər haqda az-çox xəbərdar olmasına da səbəb olur. Bu sırada Bərdə rayonunun adı daha öncüllər sırasında çəkilir ki, bunun da müəyyən səbəbləri var. Belə ki, adı çəkilən rayonda baş alıb gedən sosial problemlərin varlığı, hədsiz dərəcədə tüğyan edən qanunsuzluqların əndazəni aşması, çoxsaylı sakinlərin üz-üzə qaldıqları süründürməçilik amillərinin hər kəsi zinhar etməsi və s. onu söyləməyə əsas verir ki, bu gün Bərdədə əksər vəzifə sahibləri yerli sakinlərə açıq-aydın qənim kəsiliblər. Çünki, məmur özbaşınalığından təngə gələn, sosial ədalətsizliyin girdabında boğulan, hər cür haqsızlıqlarla qarşı-qarşıya gələn sakinlərin çoxu, son anda üz-üzə qaldıqları problemlərinin ictimailəşdirilməsinə də qərar verirlər. Bu da onu söyləməyə əsas verir ki, Bərdədə vəzifə sahibi olanlarla sakinlər arasında bənzəri olmayan narazılıq hissi əmələ gəlib. Məsələn, redaksiyamızın elektron poçtuna şikayət ərizəsi ünvanlayan Bərdə rayon sakini İmamverdiyev Samir Əhəd oğlu yazır ki, “mən Bərdə şəhəri, Atatürk küçəsi ev-93 ünvanda qeydiyyatayam və bu ünvanda da yaşayıram. 2014-cü ilin iyun ayında torpaq sahəsi almaq məqsədilə, rayonun Qaradağlı kənd bələdiyyəsinin sədri İbrahim Qarayevə müraciət etdim. Etdiyim müraciətdən sonra bələdiyyəninn sədri ilə görüşdüm və o, müraciətimi əsas tutaraq mənə 8 sot torpaq sahəsi verdi. Bu məqsədlə həmin gün ona 500 manat, səhəri gün isə 13000 manat pul verdim. Yəni, adı çəkilən bələdiyyənin sədrinə üstüstə 13500 manat pul çatdırdım. Onu da vurğulayım ki, bələdiyyə sədri mənə 8 sot torpaq sahəsi verərkən sənədləşmə işlərini 2014-cü ildən əvvəlki tarixə yazdı. Həmin ilin iyul ayında aldığım torpaq sahəsinə çıxarış almaq istədikdə, mənə sənədin köhnə tarixə yazılmasını əsas gətirərək çıxarış vermədilər.
    Belə olan Bərdə RİH-də oldum və bələdiyyə sədri ilə aramızda əldə etdiyimiz razılaşmanı olduğu kimi onlara danışdım. O halda İH-dən mənə “aldığın 8 sot torpaq sahəsində yaşayış evi tikə bilməzsən, çünki həmin ərazi tikinti üçün deyil, yalnız əkin sahəsi üçün nəzərdə tutulub” deyə cavab verdilər. Elə problemim də həmin andan başladı. Problemimin həlli ilə bağlı rayonun torpaq şöbəsinə getməli oldum. Adı çəkilən qurumda da, torpaq sahəsinin sənədlərinə baxdılar və şöbə əməkdaşları da “ərazinin eskiz lahiyəsinə görə həmin yerdə tikinti işləri aparıla bilməz. Əgər hər hansı tikinti işi apararsansa, dərhal söküləcək” dedilər.
    Çox getgəldən sonra üz-üzə qaldığım problemlə bağlı Bərdə rayon Prokurorluğuna müraciət etməli oldum. Bu məsələ prokurorluqda müəyyən mənada araşdırılsa da, bəzi “əmmalar”da tapmağa başladılar. Belə ki, suallar içindən suallar çıxdı. Yaşananlarla bağlı ifadəmi aldılar və rayon məhkəməsi məni zərərçəkmiş kimi də tanıdı. Az sonra problemimi həll etmək üçün məndən rüşvət istədilər. Elə ki, istənilən rüşvəti onlara vermədim, o halda mənə “sənin aldığın torpağa aid sənədlər ekspertizaya göndərilib” dedilər və son anda da, məni günahkar çıxartdılar. Belə ki, problemimin həlli ilə bağlı bu günə kimi bir çox instansiyalara, o cümlədən ölkə rəhbəri cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və digər dövlət dövlət qurumlarına dəfələrlə müraciətlər etsəm də, hələ də heç bir nəticə yoxdur. Bu gün isə, aldığım torpaq sahəsində kimsə tikinti işləri aparır. Artıq özümə intihar etmək istəyirəm. Çünki, vəziyyətim çox pisdir və baş verən olaylar səbəbindən nevroz da olmuşam.
    Pulum da əldən gedib, torpağım da əldən çıxıb. Belə bir haqsızlıq, belə bir qanunsuzluq olarmı? Haqqımı tələb edirəm, məni həbs etməklə hədələyirlər. Bu gün kimə, hara şikayət edim ki, problemimi necə həll edim onu bilmirəm. İcra başçısı Vidadi isayevə yazdığım ərizələrimə heç bir halda cavab verilmir, qəbuluna düşə bilmirəm, məni oyuna salan bələdiyyə sədri Qarayev İbrahim Qəzənfər oğluni isə, bir kimsə “qaşın üstə qara var” deyən tapımır. Bax, budur dərdim, başıma açılan oyunlar. Mən media vasitəsilə ölkə rəhbərimiz cənab İlham Əliyevə və digər vəzifə sahiblərinə müraciət edib artıq dərəcədə xahiş edirəm ki, düşdüyüm “oyun”dan xilas olmağım üçün, aidiyyəti qurumlara müvafiq tapşırığınızı verin. Cənab Prezident hər zaman tapşırır ki, “vəzifə sahibləri sadə sakinləri incitməsinlər, problemlərinin həllinə dəstək olsunlar”. Bu belə olduğu halda, görəsən məni “oyuna salan” vəzifə sahiblərinin atdıqları addımlara nə kimi qiyməti vermək olar?
    Araşdırmamız davam edəcək.

    Rubrika.az


    Facebook-da paylaş