• 5 yaşlı Zeynəbin anasından ürək parçalayan sözlər: "Su deyə-deyə, suya həsrət öldü balam..

      5 yaşlı Zeynəbin anasından ürək parçalayan sözlər: "Su deyə-deyə, suya həsrət öldü balam..

    “Hər dəfə inildədikcə, yalvardım ki, bala, ölmə! Dedi, ölməyəcəm, ana. Amma öldü e, öldü. Son günlər çox əzab-əziyyət çəkdi balam. “Su, su” – deyə-deyə can verdi gözlərimin önündə. Dili-dodağı qurumuşdu, eləcə su, limon istəyirdi. Verirdik, içə bilmirdi ki... bir damcı su gedən kimi boğulurdu. Boğazı tikilmişdi elə bil. Suya həsrət öldü”.


    İnsanın ürəyinə xal salan bu sözlərin sahibi ürəyinə xal düşmüş bir qadındır. Sumqayıtda quduz itin dişləməsindən sonra dünən dünyasını dəyişən 5 yaşlı Mikayılzadə Zeynəbin anası Samirə Mikayılova. O, körpə çiçək təki yenicə açmış qızının qəfildən solub quruduğu son günlərini xatırlayır. Xatırladıqca, kövrəlir, ağlayır, dərhal göz yaşlarını silir, “Allaha ağır gedər, üsyan etmirəm” deyib toxtayır, bir dəqiqə keçmir ki, yanağından yaş süzülür. Qızının içə bilmədiyi sular sanki gözündən gəlir ananın.


    Rubrika.az Musavat.com-a istinadən xəbər verir ki Balaca Zeynəbi it ötən ay dişləyib. İyulun 31-də. Bacısı Zəhra ilə yaşadıqları binanın qarşısında meydançada oynayırlarmış. Bu zaman onlara arxadan küçə iti yaxınlaşıb. Zəhranın sözlərinə görə, it əvvəl ona yaxınlaşıb, saçlarını iyləyib, sonra qəfil dirəkdən sallaşan Zeynəbə cumub.


    Qonşuluqda yaşayan Asif bəy meydançanın ətrafında əyləşsə də, itin uşaqlara yaxınlaşdığını görməyib. Ancaq qışqırığa çönüb ki...


    - Gördüm, it uşağı yıxıb yerə, oturub belində, başını gəmirir, yer də bütün qandı. Qışqırdım, it qaçdı, uşağı qaldırdım yerdən, Təcili yardıma zəng etdik, dedilər, bizlik deyil, aparın Travmatologiyaya. Qonşunun maşınıyla apardıq.


    Qonşular deyir, bu gecə həyətdə bir it öldürüblər. Asif bəy, düşünür ki, bu, elə həmin it olacaq. Amma gedib baxmağa ürək eləmir.


    - Bu yaxınlarda başımdan əməliyyat olmuşam. Xəstə adamam. Gözümün önündən getmir. Böyük, tüklü, qoca it idi. Özümü çox pis hiss edirəm. Gecə də o it yuxuma girir...


    Hadisə baş verən vaxt Zeynəbin babası Əlövsət Mikayılov evdə olub. O günü belə xatırlayır.


    - Hava yaman bürkü idi. Uşaqlar həyətə düşmək istədi. Balaca nəvəm qucağımda idi. İstədim, deyəm, ay bala, düşməyin. Sanki dilim-ağzım qurudu, dinmədim. Düşdülər. Heç 10 dəqiqə keçmədi ki, həyətdən qışqırıb qopdu. Gəlin gəldi ki, Zeynəbi it yeyib. Uşaq qucağımda qaçdım həyətə ki, uşaq qan içindədi. Oğlum işdəydi, qonşularla apardıq xəstəxanaya.

    Zeynəb Sumqayıt Travmatologiya Xəstəxanasına yerləşdirilir. Orada quduzluğa qarşı ilk peyvənd vurulur. 4 gün xəstəxanada qaldıqdan sonra vəziyyətinin qənaətbəxş olduğu diaqnozu ilə evə buraxılır.


    Əmisi Rauf Mikayılovun sözlərinə görə, evə gələndə Zeynəb özünü çox yaxşı hiss edirmiş. Hətta yaraları da sağalıbmış. 9 gün sonra isə Zeynəbin vəziyyəti qəfil pisləşir.


    - Qusma, qızdırma başladı. Ac qarnına belə uşaq öyüyürdü. Dərhal vaxt itirmədən apardıq travmatologiyaya. Uşağı müalicə edən həkimi tapa bilmədik. Zəng edib təkid etdim ki, gəlsin uşağı müayinə etsin. Oradakı həkimlər uşağa baxdılar, amma məsuliyyət götürmək istəmədilər. Uşaqda quduzlaşma başlamışdı. Bu cür infeksiya ilə uşağı onlar evə buraxmalı deyildilər. Biz xəstəxanaya daxil olan kimi ilkin yardım göstərib göndərməli idilər Bakıdakı Qara Qarayev adına Uşaq Xəstəxanasına. Lakin onlar bunu etmədilər. 4 gün uşağı saxladılar orda, öz bildikləri kimi müalicə etdilər və səhhətini də qənaət bəxş bilib, evə buraxdılar. 9 gün sonra biz uşağı o vəziyyətdə aparanda başa düşdüm ki, bu uşaq Sumqayıtlıq deyil, Bakıya aparmaq lazımdır. Şəxsən özüm təkid etdim ki, burada siz bacarmırsınızsa, bizə göndəriş yazın, aparaq Bakıya. Halbuki, uşağı it dişləyən ilk gündən Qarayev adına Uşaq Xəstəxanasına göndərməli idilər. Çünki sırf infeksion xəstəliklərə Qara Qarayev adına Uşaq Xəstəxanası baxır. Nəysə, axır, apardıq uşağı Bakıya. Həkimlərin ilk sözü bu oldu ki, 1 gündən sonra biləcəyik bu uşaqda quduzluq var, ya yoxdu. Sağ olsunlar, Zeynəb üçün əllərindən gələni etdilər. Sumqayıtdakı həkimlərin bizi yola salmağından dərk etmişdim ki, bunun bir qayıdışı yoxdu. Onlar bizi başlarından etdilər. Dəfələrlə o həkimə zəng etdim ki, bəs bu uşağın evdə 6 aylıq balaca qardaşı, 7 yaşında bacısı var. Zeynəbi müayinə edib buraxmısan evə, gəl indi zamin dur ki, quduzluq uşağın bacısına, qardaşına, ev əhlinə keçməyib?! Avqustun 11-də bizim xeyir işimiz oldu. Evə buraxılandan sonra Zeynəb özünü çox yaxşı hiss edirdi. İt dişləyən yerlər də sağalmışdı. Onu da toya aparmışdıq. Zeynəb toydakı bütün uşaqlarla ünsiyyətdə olub. Gülürdü, danışırdı. Amma sən demə, bu virus onun qanında öz işini görürmüş. Biz sadə insanlarıq, həkim deyilik, bilməyə bilərik, bilsəydik ki, uşaqda belə bir virus var, onu lazımi yerlərə aparardıq, Mahal həkimim ümidinə buraxmazdıq. Dəfələrlə zəng etməyimə baxmayaraq üzə çıxmadı. Dedim, gəl, o biri uşaqları da, ev əhlini də müayinə et, görək onlar da bu infeksiyaya yoluxmayıblar ki?! Mənə dedi, sən bilmirsən, sən kimlə danışırsan?! Bu da bizə həkimin cavabı! Hansı səhiyyədə, hansı ölkədə belə həkim var?!


    R. Mikayılov iddia edir ki, tək iyul ərzində Sumqayıtda 133 insanı it dişləyib.

    - Zeynəb Sumqayıt Travmatologiya Xəstəxanasına yerləşdirilən gün xəstəxanaya it dişləməsindən 12 nəfər gətiriblər. Bura Sumqayıtdı, şəhərdir, dağ başı deyil ki. Bir gündə bu qədər insanı it dişləyir? Bu qədər itin şəhərdə nə işi var?


    Həmsöhbətimiz deyir ki, bu haqda sakinlər tərəfindən dəfələrlə şikayət olunsa da, sahibsiz itlərlə bağlı heç bir tədbir görülməyib. İtlər əsasən zibillik ətrafında daha çox olurmuş. Elə Zeynəbgilin evinin pəncərəsindən də binanın arxasındakı zibillik görünür. Başqa Zeynəblərin ölməməsi üçün Zeynəbin əmisinin aidiyyəti qurumlardan bir xahişi var.


    - İstəmirəm ki, heç bir evdə, ailədə bu hadisə baş versin. Sahibsiz küçə itlərinə nəzarət edən bir qurum varsa, quduzlaşmış itlərlə bağlı bir tədbir görsünlər. Bizim canımız yandı, başqa canlar yanmasın. Öz xəstəsinə sahib çıxmayan, bir dəfə olsun zəng edib halını soruşmayan Mahal kimi həkimlər səhiyyəmizdən uzaqlaşdırılsın. Getdim Travmatologiyaya, uşağın sənədini istədim ki, görüm, hansı müalicə edilib, hansı iynələr vurulub. Mənə dedilər, Səhiyyə Nazirliyinə göndərmişik. Ora da getdim, dedilər, bununla bağlı iclas olacaq, sənədləri sizə verə bilmərik. Uşağın ölümünə bir nəfər cavabdehlik daşımalıdır, Mahal həkim haqda cinayət işi açılmalıdır.

    5 yaşlı Zeynəbin ölümüylə bağlı ailəsi Sumqayıt Şəhər Prokurorluğuna müraciət etməyi düşünür.

    “Səhər polisə getmişdik. Dedilər, biz gəlmişdik, siz evdə yox idiniz. Biz sona qədər gedəcəyik, Zeynəbin ölümündə səhlənkarlıq varsa, o adam cəzasını çəkəcək, - deyə Zeynəbin atası Elçin Mikayılov bildirir.

    Hadisə vaxtı Zeynəblə bir yerdə olan 7 yaşlı Zəhra isə gedib-gəlib bacısını soruşur. Hadisədən o da çox qorxub. Amma sevimli bacısının öldüyünü bilmir. Ona bacısının xəstəxanada olduğunu deyiblər. Dəfn günü başqa yerdə olsa da, bu gündən evdədir. Evə gələn saysız-hesabsız insanları soruşur, Zeynəbin böyüdülmüş rəsminə baxıb bacısının haçan sağalacağını soruşur. Suallar qarşısında aciz qalan atası isə hər dəfə qızına bir yalan danışmalı olur: “Zeynəb yaxşıdır”, “Zeynəb sağalır”,...

    Kənardan sakitcə söhbətimizi dinləyir, Zeynəbdən danışdığımı anlayıb mənə yaxınlaşır. Barmağını uzadıb Zeynəbin stolun üstündəki rəsmini göstərir:

    - Bacımı tanıyırsan? Bax, odu. Zeynəb. Xəstələnib. İt dişləyib.

    Qucağıma alıb, saçlarını sığallayıram. Hadisəni unutdurmaq üçün söhbəti dəyişirəm. Sentyabrda məktəbə gedəcək. Dərslərindən sual verirəm.

    - Yaza bilirsən?

    Qeydiyyat apardığım bloknotu açır, təmiz səhifə tapıb yazmağa başlayır: “A N A”, “A T A”, ...

    Bütün bu olanları isə stolun o başından Zeynəb izləyir. Yaşasaydı, o da gələn il məktəbə gedəcəkdi. Birinci sinfə. Bəlkə də yazdığı ilk söz “A N A” olacaqdı.

    Mikayılovlar ailəsi isə vahimə içindədir. Quduzluq infeksiyası ilə Sumqayıt Travmatologiya Xəstəxanasından “vəziyyəti qənaətbəxş” diaqnozu ilə evə buraxılan Zeynəb evdə olduğu 9 gün ərzində ailə üzvləri və digər şəxslərlə yaxın təmasda olub. Onlar virusun ailə üzvləri arasında da yayılmasından narahatdırlar.

    - Bir evin içində bir boşqabda yemək yemişik, çay içmişik. Haradan bilim ki, virus o biri qızıma, oğluma keçməyib, toyda o qədər uşaqlarla oynayıb, ya oradakı uşaqlardan kimsə yoluxmayıb? Belə də məsuliyyətsizlik olar?! Bir qardaşımı itirmişəm. Qardaş itkisinə dözmək olur, övlad dərdinə dözmək olmur. Daha bir övladımı itirmək istəmirəm. Heç kimin balası ölməsin. Allah bala dərdini heç kimə göstərməsin! Bu gün uşaqları aparacağam növbəti peyvəndləri vurulsun. Amma kim mənə qarantiya verə bilər ki, onlar da yoluxmayıb? Ürəyimiz ağzımızda gözləyirik...

    ...biz isə qulağımızda onun “suya həsrət öldü balam” naləsi ilə evdən ayrılırıq. Körpə Zeynəbi suya həsrət qoyan quduz itlər həmin küçələrdə, ruhsuz həkimlər isə həmin xəstəxanalardadır.
    Rubrka.az


    Facebook-da paylaş