• Avropanı dəhşətə salan terrorla bağlı ziddiyyətlər artır - "İŞİD", yoxsa narkomafiya? - FOTO..

    Avropanı dəhşətə salan terrorla bağlı ziddiyyətlər artır - "İŞİD", yoxsa narkomafiya? - FOTO..

    "Adətən terror aktını törədən şəxs, qrup və ya təşkilat öncədən fikirləşir ki, bunu dünyaya səs sala biləcək yerdə həyata keçirsin ki, hadisə böyük səs-küyə səbəb olsun və daha çox diqqət cəlb eləsin. Sonda da öz tələblərini irəli sürüb istəyinə nail olsun. Lakin İspaniyada terror aktlarını törətdiyi bildirilən "İslam dövləti"ndən (İŞİD) heç bir tələb eşidilməyib. Adətən terror aktlarının kökündə hansısa bir hadisə, səbəb durur. Sual olunur, bu terror aktı nə üçün törədilib? Hələ ki, bunu bilmirik".



    Bu barədə Rubrika.az -a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov İspaniyada baş verən son terror hadisələrini şərh edərkən bildirib.




    Avropadakı "İŞİD" terrorunun bəzi gizlinləri
    Onun sözlərinə görə, bu teraktların "İŞİD" tərəfindən törədildiyi barədə yayılan məlumatlar hələ ki, təsdiqini tapmayıb və kifayət qədər şübhə doğurur: "İspaniyadakı son terror aktlarının "İŞİD" tərəfindən həyata keçirildiyi barədə məlumatı ilk dəfə "Reurters" informasiya agentliyi yayıb. Lakin bu barədə nə ərəb KİV-lərində, nə "İŞİD"ə yaxın mənbələrdə heç bir məlumat yoxdur. Ona görə də bu məlumat böyük şübhə doğurur. Axı "Reurters" "İŞİD"in informasiya agentliyi deyil. Məqsəd də bilinmir. Bu gün "İŞİD"in vəziyyəti çox pisdir. Özünə paytaxt etdiyi Raqqa ətrafında döyüşlər gedir. Mosul da artıq əlindən çıxıb. İndi məhz İspaniyanın hədəf seçilməsində, Barselonada avtomobillə insanların üstündən keçib öldürməkdə məqsəd nədir? Nəyə görə bu aktlar törədilib? Axı "İŞİD" hansı qüdrətə malikdir ki, İspaniyanın, eyni zamanda, iki şəhərində terror aktları törədə bilir? Onu da qeyd edək ki, yaralananlar arasında xaricilər olsa, ölənlərin hamısı İspaniya vətəndaşlarıdır. Ona görə də, hələ ki, açıqlanan məlumatlar məntiqli zəncir qurmağa imkan vermir. Şübhəli, zidiyyətli məqamlar çoxdur".



    Eskpert qeyd edib ki, bu aktların digər qruplar, xüsusən narkomafiya tərəfindən törədildiyi də istina deyil: "İspaniyanın Kataloniya bölgəsindəki iki şəhərdə Nitsa, Berlin və Londonda olduğu kimi yenə də avtomobili mülki insanların üzərinə sürərək terror aktı törədilməsi göstərir ki, o, əvvəlcədən planlı düşünülərək həyata keçirilib. Hələlik ispan rəsmilərinin verdiyi ilkin bəyanatlara görə, bu iki hadisə bir-biri ilə bağlı olub və bir qrup tərəfindən törədilib. Bəzi ispan mənbələri isə xəbər verirlər ki, bu terror aktını törədən qrup narkomafiya ilə bağlıdır. Eyni zamanda, terrorun digər kriminal qruplar tərəfindən törədildiyi barədə də fikirlər yer alır. Çünki ispandilli Latın Amerikası ölkələrində narkomafiya çox güclü mövqelərə malikdir. Bu məlumatların üzərindən səthi keçməməliyik. İndi əsas ehtimal odur ki, terror aktı ya "İŞİD", ya da qanunsuz narkotik alveri ilə məşğul olan böyük cinayətkar qrup tərəfindən törədilib".



    Hər halda E.Ələsgərov ümid edir ki, məsələyə tam aydınlığı məhz həbs edilənlərin istintaqa verdiyi ifadələr gətirəcək: "Nəzərə almaq lazımdır ki, bu hadisələrlə bağlı tutulanlar var və güman ki, onların kimliyi yaxın zamanda açıqlanacaq. Hərçənd, nə Fransada, nə Almaniyada, nə də İngiltərədə həbslərdən sonra istintaqın nəticələri barədə açıqlamalar verilmirdi. Son zamanlar törədilən terror aktlarının bir xüsusiyyəti var ki, ard-arda bəyanatlar verilir və "İŞİD" ittiham olunur. Lakin nəticədə həbs edilənlərin istintaq zamanı verdiyi məlumatlar açıqlanmır. Yəni ictimaiyyət bu barədə əlavə heç nə bilmir. Hər halda ümid etmək olar ki, indiki məqamda həbs edilənlərin olması bu dəfə terroru kimlərin törətdiyinə dair ipucu verəcək".



    Qeyd edək ki, İspaniyanın Kataloniya bölgəsində, Barselonada və Kambrilsdə mikroavtobusları adi insanların üzrəinə sürməklə ardıcıl törədilən terror aktları nəticəsində 13 nəfər ölüb, 119 nəfər yaralı var. Xəsarət alanlardan ən azı 18 nəfəri xarici ölkə vətəndaşlarıdır. Görülən əks tədbirlər nəticəsində 5 terrorçu zərərsizləşdirilib. İspaniya polisi Kataloniyadakı teraktların 8 nəfərlik qrup tərəfindən törədildiyini ehtimal edir. İlkin məlumata əsasən, terror aktına görə məsuliyyəti "İŞİD" terror qruplaşması öz üzərinə götürüb.

    Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, Twitter və Youtube resurslarından da əldə etmək mümkündür.
    Rubrika.az


    Facebook-da paylaş