• “Atam nazir müavini oldu, arxam güclüdür” - nazir müavininin oğlu Bakıda gizli video çəkirmiş...

    “Atam nazir müavini oldu, arxam güclüdür” - nazir müavininin oğlu Bakıda gizli video çəkirmiş...

    Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Emil Hüseynov növbəti dəfə hakim qarşısına çıxarılıb. Məhkəmədə Arif Əsgərovun yoxa çıxan oğlunun əməlləri üzə çıxıb.

    RUBRİKA.AZ Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilib.

    Məhkəmədə zərərçəkmiş şəxslər ifadə verib. İfadələrdən aydın olub ki, bu işlərdə Arif Əsgərovun oğlunun da əli olub.

    Məhkəmədə ilk olaraq zərərçəkmiş şəxs qismində Şahin Allahverdiyev ifadə verib. Şahin Allahverdiyev təqsirləndirilən şəxs Emil Hüseynovla qohum olduğunu və əvvəllər də iş üçün bir-birindən pul aldıqlarını bildirib: "Dəfələrlə olub ki, pul alıb-vermişik. Heç vaxt da problem olmayıb. Sonuncu dəfə iş görmək məqsədi ilə 82 min manat verdim. Görülən işdən qazancım olacaqdı. Xaricdən dəmiryolunda istifadə üçün material alınırdı. Burada satışdan əldə edilən qazancdan mənə də pay veriləcəkdi".

    Məhkəmədə suallara cavab verən zərərçəkmiş Emil Hüseynova inanmasının səbəbini belə izah edib: "Həm qohumdur, həm də işləyirdilər. İşləri də yaxşı idi. Yaşayışlarından məlum idi. Bir də ki, Emilgil Arif Əsgərovun oğlu Elnarla işləyirdi. Elnarın atasını da bütün respublika tanıyır. Onunla işlədikləri üçün bu qədər pulu verdim. Elnarla işləməsəydilər, pulu verməzdim. Mən nə iş görüldüyünü də bilirdim. Bir dəfə də Türkiyəyə getmişdik. Mala birlikdə baxdıq. Amma malın Bakıya gəlib-gəlməməsindən xəbərim olmadı".

    Şahin Allahverdiyev 82 min manatı qohumuna 4 il əvvəl verdiyini, amma cəmi 2 min manatını geri ala bildiyini söyləyib: “Cəmi 2 min manat qaytarıb. Sonuncu dəfə təxminən 2 ay əvvəl evlərində olanda danışdıq. Anası və atası da orada idi. Dedilər ki, “nə qədər keçə bilərsən?” 22 minini istəmədiyimi dedim. 60 mini bir aya qaytaracaqlarına söz verdilər. Amma qatarmadılar. Mən indi də şikayətçiyəm. Pulum 4 ildir, Emildədir. Əvvəl Emilin qardaşı Rahibi tutdular. Mən də həmin vaxt pulumu istəmədim ki, vəziyyətləri yaxşı deyil. Sonra şikayətçi olanların hamısının pulunu verməyə başladılar. Mən istəyəndə pulumu qaytarmadıqları üçün şikayətçi oldum. İndi də şikayətçiyəm və pulumu tələb eidirəm”.

    Məhkəmədə digər zərərçəkmiş şəxs qismində Emil Məmmədov da ifadə verib. O, bu iş üzrə ən çox zərər görmüş şəxslərdəndir. Ümumilikdə 4 milyon 500 min manat zərər gördüyünü deyən E.Məmmədov pullarının sadəcə bir hissəsini geri ala bildiyini söyləyib.

    E.Məmmədov Arif Əsgərovun oğlu Elnar Əsgərovu dostu vasitəsi ilə tanıdığını, sonradan isə Emil Hüseynovla münasibətinin yarandığını deyib: “İdmançı dostum Elnarın şəxsi mühafizəçisi idi. Bu vasitə ilə Elnarı tanımışam. Sonra da Emillə münasibət yaranıb. İş məsələsindən danışanda Emil xaricdən mal gətirdiklərini bildirdi. Bu işin Elnarın olduğunu söylədi. Elnarla xala oğlu olduqlarını dedi. Sonra biz Elnarla da görüşüb, iş barəsində danışdıq. Mənim verdiyim pulla xaricdən mal gətiriləcək, qazancdan mənə də faiz veriləcəkdi. İlk görüşdə Elnar iş üçün 700 min dollar lazım olduğunu dedi. Amma bu qədər pulun çox olduğunu dedim. Sonda 100 mində dayandıq. Bu pulu verdim. İlk ay qazancdan mənə 12 min manat verildi. İkinci ayda isə 8 min manat... Verdiyim pul qalırdı, sadəcə qazancdan faiz verilirdi. Həmin pulun yenidən dövriyyəyə buraxıldığını deyirdilər. Mən işi Elnarla üzbəüz danışdım. O, mənə dedi ki, bu iş özünündür və cavabdeh də özü olacaq.

    İlk dəfə 2001-ci ildə 100 min verdim. Sonra isə bir neçə dəfə pul vermişəm. 2013-cü ilə qədər 4 milyon 500 mini verdim. Bir gün xəbər aldım ki, Emilin qardaşı Rahibi tutublar. Mən də Emilə zəng elədim. Dedi ki, narahat olma, rəhbərlik məşğul olur. Sonra Elnarla əlaqə saxladım. Görüşüb danışacağımızı dedi”.

    Zərərçəkmiş deyib ki, həmin ərəfədə Elnar Əsgərov onunla görüşüb və pulun bir hissəsini qaytarıb: “Mənim başqa işlərim də var idi. Elnara dedim ki, 720 min dolları verməliyəm. O, aldıqları puldan mənə 720 min dollar qaytardı. Emil də ümumilikdə 380 min verib. Qalan məbləğ isə hələ də qaytarılmayıb”.

    E.Məmmədov deyib ki, Emil Hüseynov həbs ediləndən sonra Arif Əsgərovun oğlunun ona qarşı münasibəti dəyişib: “İstintaq dövründə Elnar işi Emilin, Emil də Elnarın üstünə atdı. Həmin ərəfələrdə Arif Əsgərov nəqliyyat naziri Ziya Məmmədovun müavini oldu. Mən Elnara mesaj yazıb, atasına görə təbrik etdim. Elnar da görüşməyi təklif etdi. Mən Elnarla görüşə gedəndə o, mənimlə başqa cür danışdı. Dedi ki, atası artıq nazir müavinidir və arxası güclüdür. Mənə verəcək pulunun olmadığını dedi. Mən də son vaxtlar eşitmişdim ki, Elnar kiminlə danışırsa, səsini yazır, videoya çəkir. Ona dedim ki, sən istəyirsən ki, mən sənə nəsə edim və sən də məndən əvvəl şikayətçi olasan? Oradan çıxıb Emilə zəng elədim. Telefonu anası açıb dedi ki, pulumuz yoxdur”.

    Zərərçəkmiş deyib ki, bu işdə Arif Əsgərovun oğlu Elnar da əsas günahkar olduğu halda kənarda qalıb: “Mən işi Elnarla görmüşəm. Pullar da ona çatıb. Cinayət işi açılanda Elnarı istintaqa çağırdılar. Onda qorx-qorxa gəldi. Amma birinci dəfədən sonra nə oldusa, sonradan əli cibində gəlməyə başladı. Maraqlıdır ki, “atan” adam qalıb kənarda və şahid kimi ifadə verir. Amma Emil təqsirləndirilən şəxs olub. Elnar istintaqa gələndə mənə dedi ki, gəl sənə Emilin pulları nə etdiyini deyim. Məndən alınan pullarla Emilin özünə torpaq sahələri aldığını söylədi”.

    Təqsirləndirilən Emil Hüseynov bu iddia ilə bağlı məhkəmənin sualını cavablandırıb. O, deyib ki, həmin ərəfədə heç bir torpaq sahəsi almayıb: “Rayonda torpaq sahələrimiz var. Onlar da pay torpaqlarıdır və atam tərəfindən alınıb. Həmin ərazidə fermer təsərrüfatı ilə məşğul olurlar. Mən həmin ərəfədə sadəcə olaraq ata evimi bir az təmir elətdirmişəm”.

    Zərərçəkmiş E.Məmmədov suallara cavabında Arif Əsgərovun oğlunun gördüyü işdən necə qazanc əldə etdiyini də açıqlayıb. O, deyib ki, xaricdən alınan və dəyəri 20 qəpik olan mal Elnar Əsgərov tərəfindən dövlətə 3 manat 50 qəpiyə satılırmış...

    E.Kərimov Elnar Əsgərovun telefonda bu mövzular haqda danışmadığını da söyləyib: “Adətən Emilin telefonu ilə danışırdım. Emil Elnarın yanına gedəndə zəng edirdi. Mən də Elnarla danışırdım. Lazım olan pulu göndərirdim. Elnar özü deyirdi ki, bu barədə telefonda danışmayaq. Mesaj yazanda belə, çox qısa cavab verirdi. Üzbəüz görüşüb danışırdıq”.

    Məhkəmədə o da məlum olub ki, E.Məmmədov bu işdə zərərçəkmiş olduğu kimi, Arif Əsəgərovun digər baldızı oğlu Rahib Hüseynovun işində də zərərçəkmiş kimi tanınıb.

    O, Rahib Hüseynova borc olaraq 250 min verdiyini söyləyib: “Bu pulu iş üçün yox, Rafiqin özünə borc verdim. 3 günə qaytaracağını dedi. 120 minini qaytarsa da qalanı qaldı. Gördüm ki, vaxt uzanır. Mən də tələb etdim ki, qarşılığında nəsə sənəd versin. Rafiqin yoldaşının adına olan Novxanıdakı bağın sənədlərini mənə verdilər. Ailələrindən kim istədisə, sənədi geri vermədim. Sonra Elnar mənə zəng edib sənədi istədi. Dedi ki, qalan pulu ayın sonunda qaytaracaq. Sənədi verdim, amma 92 mini qaytardı. İndi də Rahibin mənə 38 min borcu qalıb. Digər işdə zərərçəkmiş kimi tanınmışam”.

    Növbəti məhkəmə prosesi avqustun 25-nə təyin edilib.

    Bildirək ki, E.Hüseynov hazırda ev dustaqlığındadır. Onun barəsində olan həbs-qətimkan tədbiri bir müddət əvvəl dəyişdirilib və o, azadlığa çıxıb.

    O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

    Bildirək ki, cinayət işi materiallarına əsasən, E.Hüseynov bu pulları Gürcüstandan mal gətirmək adı ilə alıb. E.Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.

    Arif Əsgərovun digər baldızı oğlu Rahib Hüseynov da dələduzluqda təqsirli bilinərək həbs edilmişdi, daha sonra azadlığa buraxılmışdı. Rahib Hüseynovun adı 48 milyon manatlıq mənimsəmə işində hallanır.

    Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib.

    Bu dələduzluq işlərində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanır. Arif Əsgərovun oğlunun isə ölkəni tərk etdiyi bildirilir.

    RUBRİKA.AZ


    Facebook-da paylaş