• Ziya Məmmədovla Arif Əsgərova neçə il iş düşə bilər

    Ziya Məmmədovla Arif Əsgərova neçə il iş düşə bilər

    “Bombardier”in 340 milyonluq rüşvət “bombası” sabiq nazirlə müavinini həbsə aparır

    İsveç Baş Prokurorluğunun Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqatın miqyası hər ötən gün böyüyür. İstintaqa yeni şirkətlərin cəlb olunması haqqında məlumatlar gəlməkdədir. Belə görünür ki, İsveç Baş Prokurorluğunun Azərbaycan dəmir yolunun təchizatı tenderinə dair korrupsiya işi ilə bağlı apardığı təhqiqat Azərbaycanda da “böyük başları” dərdə salacaq.

    Rubrika.Az musavat.com-a istinadən bildirir ki, İsveç prokurorları Kanadanın “Bombardier” şirkəti əməkdaşının digər əməkdaşlarla əlbir olmaqla, 340 milyon dollarlıq müqavilə bağlamaq üçün “Azərbaycan məmurunu ələ almaq barədə” rəsmi ittiham irəli sürməyə hazırlaşır. Bu barədə dünyaca məşhur “Reuters” agentliyi məlumat yayıb. Hələlik həmin məmurun adı açıqlanmır. Bundan əvvəl isə mətbuatda İsveç Baş Prokurorluğunun apardığı təhqiqatda adı hallanan məmurlar kimi Ziya Məmmədov və Arif Əsgərovun adları ehtimalla çəkilirdi.

    İstintaq zamanı 340 milyonluq tenderdə bu iki eks-vəzifəlinin adı rüşvət almış şəxs kimi çəkilsə, onları hansı cəza gözləyir?

    Vəkil Elçin Sadıqov deyir ki, İsveç prokurorluğunda araşdırma sona çatandan sonra Azərbaycan prokurorluğu da bu iş üzrə araşdırma apara bilər: “İstintaqın sonunda İsveç prokurorluğu da adı rüşvət almış məmur kimi keçən şəxsi beynəlxalq axtarışa verəcək. Bundan başqa, Azərbaycan prokuroluğuna cinayət işinin qovluğunu təqdim edib həmin məmurun istintaqa cəlb olunmasını, onun cəzalandırılmasını da tələb edə bilərlər”.

    E.Sadıqov deyir ki, əgər İsveç prokurorluğunun apardığı araşdırma üzrə azərbaycanlı məmur Azərbaycanda istintaqa cəlb olunarsa, onu rüşvət alma cinayətinə görə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir: “İsveç prokurorluğu həmin məmurun öz ölkəsində məhkəmə qarşısına çıxarılmasını tələb edə bilməz. Tələb etsə belə həmin məmur və ya məmurlar İsveç tərəfinə təhvil verilə bilməzlər. Ona görə də cinayət işinin qovluğunu Azərbaycan prokurorluğuna təqdim etməlidirlər. Buna cinayət işinin istintaq aparılmalı və nəticəsinə görə iş məhkəməyə göndərilməlidir. Məhkəmədə həmin məmuru və ya məmurları 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası və əmlaklarının müsadirəsi gözləyir”.

    Yada salaq ki, “Bombardier” şirkətinin adı qarışan beynəlxalq rüşvət qalmaqalı 1 ildən artıqdır ki, dünya mediasının gündəmindədir. Sabiq şefi kimi işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun adı İsveçin “Bombardier” şirkətinin adı keçən 56 milyonluq yeyintidə hallanırdı. 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış A.Əsgərovun adı daim böyük qalmaqallarda hallanırdı. Hətta 2013-cü ildə bu qalmaqallar üzündən onun həbs ediləcəyi də gözlənilirdi. Həmin il QSC-də külli miqdarda, daha dəqiq desək, 48 milyonluq yeyinti faktı aşkarlandı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları QSC-nin marketinq şöbəsinin rəisi Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovu həbs etdi. R.Hüseynov 48 milyon manat dövlət əmlakını mənimsəməkdə ittiham olunurdu. Az sonra məlum oldu ki, R.Hüseynovu qabağa verib həbs etdirən də A.Əsgərovun özü olub. O bu yolla oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovu məsuliyyətdən kənarda saxlamağı bacardı. Bu məsələ haqda “Yeni Müsavat” yazandan sonra A.Əsgərov üzə çıxdı və dedi ki, onu bu iş üzrə istintaqa çağırmayıblar. Bu qalmaqallı olayın toz-tozanağı yatmamış, İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs edib. “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar ötürülməsinə dair sövdələşmədə iştirak ediblər.

    Söhbət “Bombardier”lə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedir. Müqaviləyə əsasən, şirkət uzunluğu 503 km olan dəmir yolunda “İnterfilo 200" siqnal sistemlərini quraşdırmalıdır. İşlərə layihələndirmə, istehsal, çatdırılma, montaj, yoxlama və xətt üzrə ”İnterflo 200" siqnal sisteminin istismara verilməsi daxildir. Sistemin tətbiqi dörd mərhələdə həyata keçirilməlidir, prosesin özü isə tam olaraq 2017-ci ildə başa çatmalıdır. Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Artıq “Bombardier” şirkətinin əməkdaşının barəsində 2 həftəlik həbs-qətimkan tədbiri seçilib. Həbs olunan Yevgeni Pavlovdur.

    Onun vəkilləri bildiriblər ki, o və “Bombardier” şirkətinin bir neçə top-meneceri Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar. Böyük yeyinti faktlarını üzə çıxaran isə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür.

    Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilir. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas" şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb.

    RUBRİKA.AZ


    Facebook-da paylaş