• Ermənistanı danışıqlar masasına gətirə bilməyən ölkələr işğalçı ilə eyni mövqedən çıxış edirlər?

    Ermənistanı danışıqlar masasına gətirə bilməyən ölkələr işğalçı ilə eyni mövqedən çıxış edirlər?

    Natiq Miri: “Azərbaycana sülh danışıqlarından başqa alternativin tanınmaması BMT-dəki nizamnamədə qeyd olunan haqqımızı əlimizdən alır”

    “Erməni politoloq bu açıqlaması ilə həyasızcasına BMT nizamnaməsinə tüpürür və ikili standartlar nümayiş etdirən dünya güclərinin simasını açıqlamaqla yanaşı, dünya ictimaiyyətini, o cümlədən beynəlxalq hüquq dəyərlərini aşağılayır”.

    Rubrika.az pia.az-a istinadən bildirir ki,bu sözləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri erməni politoloqun, beynəlxalq aləm və böyük dövlətlər Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin alternativsizliyini deyərkən, əslində Ermənistanın mövqeyini müdafiə edirlər, fikrinə münasibət bildirərkən söyləyib.

    Xatırladaq ki, erməni politoloq Ruben Mehrabyan belə bir fikir irəli sürüb ki, beynəlxalq aləm və böyük dövlətlər Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin alternativsizliyini deyərkən, əslində Ermənistanın mövqeyini müdafiə edirlər. Çünki bununla beynəlxalq aləm Azərbaycana demək istəyir ki, müharibə başlatdığı zaman böyük dövlətlərin çox ağır etirazı və sərt mövqeyi ilə üzləşəcək. Erməni politoloq vurğulayıb ki, əsas məsələ münaqişə zonasında hərbi qarşıdurmanı minimuma endirməkdir və bu baxımdan dünya ictimaiyyətinin mövqeyi ilə Ermənistanın mövqeyi üst-üstə düşür.

    Doğurdanmı sülh yolunun alternativsizliyi üzərində duran və Ermənistanı danışıqlar masasına gətirə bilməyən ölkələr dolayısı ilə Ermənistanla eyni mövqedən çıxış edir və əslində Ermənistanın işğalçı mövqeyini müdafiə edirlər?

    Bu sualla PİA.AZ-ın əməkdaşı politoloq Natiq Miriyə müraciət edib.

    Politoloq Natiq Miri erməni politoloqun fikirlərində doğruluq payının olduğunu təsdiq edib. Politoloq dünya güclərinin Azərbaycanın BMT-dəki nizamnamədə ona verilən hüququ tanımadığını bildirir. Bu vəziyyətin artıq dözülməz olduğunu bildirən politoloq yeganə yolu Azərbaycanın mövcud strategiyasını dəyişdirməkdə görür. Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri hesab edir ki, əgər Azərbaycan strategiyasını dəyişsə və özünə yeni yol seçsə, bütün güclər onun arxasınca sürünmək məcburiyyətində qalacaq:

    “Əslində erməni politoloqun dediyində çox böyük həqiqət var. Çünki Azərbaycana sülh danışıqlarından başqa alternativin tanınmaması Azərbaycanın BMT-dəki nizamnamədə qeyd olunan haqqını əlindən alır. Bilavasitə həmin nizamnamə maddəsində açıqca göstərilir ki, Azərbaycan özünün işğal olunmuş ərazilərini azad etmək hüququna malikdir. Əgər Azərbaycan 24 il müddətində sülh danışıqları vasitəsilə öz torpaqlarının azad olunmasına nail olmayıbsa, Azərbaycan digər yollarla, o cümlədən hərbi yolla öz torpaqlarını azad etmək hüququnu özündə saxlayır. Bu BMT-nin nizamnaməsinə uyğundur və Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək hüququ var.

    Mövcud şəraitdə dünya gücləri həqiqətən də, bu hüququ Azərbaycanın əlindən alır və erməni politoloqlar bu qədər həyasızcasına bu tipliaçıqlamalar verirlərsə, bu dolayısı ilə o deməkdir ki, Azərbaycana hərbi yolla öz torpaqlarını azad etmək haqqı tanımır. Bu açıqca həm qeyri-demokratik bir mövqedir, həm də BMT-nin nizamnaməsinə "tüpürmək" deməkdir. Erməni politoloq bu açıqlaması ilə həyasızcasına BMT nizamnaməsinə tüpürür və ikili standartlar nümayiş etdirən dünya güclərinin simasını açıqlamaqla yanaşı, dünya ictimaiyyərini, o cümlədən beynəlxalq hüquq dəyərlərini aşağılayır. Bu tipli açıqlama verən erməni politoloq həm də onu nümayiş etdirir ki, dünya gücləri ədalətsizliyin müdafiəçisi kimi çıxış edirlər. Bir daha vurğulayıram ki, bu çox həddsiz bir həyasızlıqdır.

    Natiq Miri: “Azərbaycan lokal və sürətli hərbi əməliyyatlarla bir neçə strateji obyektləri, yaşayış məntəqlərini azad etməlidir. Belə bir şey olarsa, bundan sonra bu cür bəyanatlar səslənməyəcək”.

    Azərbaycan müstəqil bir dövlətdir və BMT Azərbaycanı özünəbərabər hüquqlu üzv qəbul edərkən işğal olunmuş əraziləri ilə birlikdə tanıyıb. Düzü, bugün Azərbaycanın suverən hüquqları pozulursa, bu həm BMT-nin zəifliyi, həm də mandat verdiyi ATƏT-in Minsk qrupunun zəifliyi və ikili standartlarla işləməsinin nəticəsidir. Düşünürəm ki, Azərbaycan bütün dünya güclərinin istəklərinə rəğmən bu haqqı özündə saxladığını açıqca bəyan etməlidir.

    Eyni zamanda Azərbaycan əgər BMT-nın Dağlıq Qarabağ ilə bağlı qəbul etdiyi qətnamənin icrasını yaxın zamanlarda görməyəcəksə, ayrıca ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri yenə ikili standartla Ermənistana havadarlıq etməklə bu işi aparacaqlarsa, onda Azərbaycan öz torpaqlarını azad etmək haqqından istifadə edəcək. Bundan sonra Azərbaycan lokal və sürətli hərbi əməliyyatlarla bir neçə strateji obyektləri, yaşayış məntəqlərini azad etməlidir. Belə bir şey olarsa, bundan sonra bu cür bəyanatlar səslənməyəcək. Hətta Ermənsitanın havadarları olan dünya gücləri, ATƏT-in Minsk qrupu həmsədr dövlətləri də Azərbaycanın yaratdığı hadisənin arxasınca sürünmək məcburiyyətində qalacaq. Düşünürəm ki, artıq Azərbaycan öz sözünü deməli və dünyanın bizim üçün cızdığı dairədən kənara çıxmalıyıq. Əgər biz bunu etməsək Dağlıq Qarabağ münaqişəsi uzunmüddət “acı bağırsaq” kimi uzanmaqda davam edəcək”.

    Rubrika.Az


    Facebook-da paylaş