• Bakı və müttəfiqləri üçün kritik 10 gün – gözlər Ərbildə

    Bakı və müttəfiqləri üçün kritik 10 gün – gözlər Ərbildə

    Türkiyə və İsrailin antaqonist mövqelərdə olduğu kürd referendumu ətrafında vəziyyət təhlükəli məcrada inkişaf edir; “kürd dövləti” ideyası dostları düşmənlərə çevirə bilər – böyük risk

    Şimali İraq Kürd Muxtariyyətində (ŞİKM) keçiriləcək müstəqillik referendumuna 10 gün qaldı. 25 sentyabr tarixi yaxınlaşdıqca təkcə İraqda deyil, onun ətrafında, böyük bir bölgədə də gərginlik artmaqdadır. Səbəb isə kürdlərin ilk dəfə olaraq, müstəqillik referendumu keçirməyə hazırlaşması, lakin bu səsvermənin nə İraq dövləti, nə də digər ərəb ölkələri, habelə Türkiyə və İran tərəfindən bəri başdan legitim hesab edilməməsidir.

    Mövcud beynəlxalq normalara əsasən, bu cür ayrılma referendumları birtərəfli qaydada reallaşa bilməz və mütləq etnik azlığın yaşadığı dövlətin ümumi razılığı ilə həyata keçməlidir. Əks halda, o, legitim sayılmayacaq. Necə ki, 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsi BMT səviyyəsində tanınmadı və zorakı akt kimi tarixdə qaldı. Yəni bu gün beynəlxalq hüquq normaları nə qədər çeynənsə də, ölkələrin ərazi bütövlüyü, hər halda, öndə tutulur, ərazi bütövlüyünün zorla dəyişdirilməsi məqbul sayılmır.

    *****

    İraq parlamenti isə dünən öz toplantısında kürdlərin ölkə ərazisində keçirəcəkləri referendumunu qeyri-qanuni adlandırıb. Lakin ŞİKM lideri Məsud Bərzani bəyan edib ki, nəyin bahasına olursa-olsun, referendum baş tutacaq. O üzdən İraq parlamentinin məlum qərarından sonra 25 sentyabr referendumunun İraqda növbəti vətəndaş müharibəsinə səbəb olacağı haqda fikirlər çoxalıb. Parlamentin qərarının İraq kürdlərinin referendum istəyindən vaz keçməsinə səbəb ola biləcəyi, əks halda, bunun rəsmi Bağdadla kürdlər arasında bütün körpülərin yandırıldığı anlamına gələcəyi də iddia edilir.

    Bu arada İsrailin baş naziri Benyamin Netanyahudan vəziyyəti daha da körükləyən açıqlama gəlib. Netanyahu kürdlərin müstəqillik arzusunu dəstəkləyərək deyib ki, bu, onların haqqıdır. Ayrı sözlə, İsrail hökumətinin başçısı məsələdə ərəb dünyasının, Türkiyə və İranın mövqeyinə diametral zidd mövqe ortaya qoyub - hərçənd əvvəldən də rəsmi Təl-Əviv gizli-açıq şəkildə bölgədə kürd dövlətinin yaranmasının tərəfdarı kimi çıxış edib.

    Bir çox analitiklərə görə, İsrail kürd dövləti timsalında bölgədə özünə yeni bir müttəfiq, eyni zamanda Türkiyə, İran və ərəb dünyasına qarşı təzə təzyiq və təhdid vasitəsi qazanmağa ümid edir.

    *****

    Situasiyanı teleqraf.com-a şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, bəzi dövlətlər İraqın parçalanmasının lehinə hərəkət edirlər. Onun sözlərinə görə, hətta onlar kürdləri açıq müdafiə etməkdən belə çəkinmirlər: “Burada İsrailin yüksək rütbəli məmurlarının bəyanatları pozucu rol oynayır. Qeyd edim ki, İsrail müstəqil kürd dövlətinin yaradılması istiqamətində xeyli müddətdir fəaliyyət göstərir. Hətta ABŞ-ı da bu işə cəlb edə bilib. ABŞ da yarıaçıq, yarıqapalı formada kürdlərin dövlət yaratmasına dəstək verir. Sadəcə, indiki anda ABŞ referendumun keçirilməsini təxirə salmaq çağırışı edir. İraq başda olmaqla, bütün ərəb dövlətləri buna qarşıdır. Türkiyə və İran isə bu məsələdə konkret mövqe ortaya qoyub. Hətta Tehran və Ankara arasında bununla bağlı gizli razılaşma əldə olunub (Söhbət referendumdan sonra kürd muxtariyyəti ərazisinə ortaq hərbi qüvvələrin yeridlməsindən gedir - A.X.)”.

    Politoloq bu xüsusda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxınlarda reallaşacaq İrana səfərinə diqqət yönəldib: “Səfərin bir məqsədi də müstəqilliyə can atan ŞİKM məsələsi ilə bağlı müzakirə aparmaqdır. Bölgə dövlətlərinin hamısı İraqın şimalında müstəqil dövlətlə bağlı referendumun əleyhinədir. Sözsüz ki, Türkiyənin əlində ciddi əsaslar var. İş ondadır ki, Kürd Muxtariyyəti 1995-ci ildə mövcud olduğu ərazidən üç dəfə böyük ərazi işğal edərək özünə birləşdirib. Bu ərazilərin çox hissəsi, o cümlədən Kərkük, Mosul, Süleymaniyyə türkmənlərə məxsusdur. Elə muxtariyyətin paytaxtı Ərbilin özü də türkmən şəhəridir. Türkiyə də ərazinin süni formada genişləndirilməsinin əleyhinədir. Üstəlik, İraqın ərazi bütövlüyünün pozulmasına qarşıdır. İran da bu iddialarla çıxış edir. Kürdlər İran sərhədindən tutmuş Aralıq dənizinə qədər böyük ərazilərə iddia edir. Bu da əksər bölgə dövlətlərinin maraqlarına uyğun deyil”.

    Sabiq dövlət müşavirinin əminliyinə görə, əslində indiki mərhələdə kürdlər böyük xətaya yol verirlər: “Ona görə ki, bu səhv bölgənin alovlanmasına gətirib çıxaracaq. Mən hətta yaxın zamanlarda kürdləri neytrallaşdırmaq üçün təcili əməliyyatların başlayacağını da istisna etmirəm. Söhbət bir neçə dövlətin ərazi bütövlüyünə qəsd edə biləcək bir siyasi layihənin gerçəkləşdirilməsindən gedir. Bu mənada Yaxın Şərqdə yeni gərginlik ocağı yarana bilər. Bununla belə, hesab edirəm ki, kürdlər referendum keçirsə də, onun müstəqilliyini heç kim tanımayacaq. Referenduma qədər də bəzi hərəkətlər ola bilər ki, sonda kürdlər bu addımdan çəkinə bilər. Eyni zamanda bu referendumu keçirən siyasi xadimlər yəqin ki, sentyabrın 25-dən sonra siyasi mövqelərdə olmayacaqlar. Kürdlərin bu addımları risklidir”.

    Qabil Hüseynli əlavə edib ki, İraq parlamentinin məlum qərarı kürdlərin referendum keçirməklə bağlı qərarlarının hüququ bazasını ləğv edir: “İraq bu məsələyə nisbətən soyuq yanaşır, muxtariyyətə əlavə hüquqlar vermək yolu ilə bu problemi həll edəcəyini güman edirdi. İndi rəsmi Bağdad görür ki, bu, mümkün deyil. İraq parlamentinin qərarı BMT-nin nizamnaməsinə uyğundur. BMT İraqın ərazi bütövlüyünü tanıyıb. Parlamentin məlum qərarı dünya birliyi tərəfindən tanınan və qəbul edilən yeganə sənəd olacaq. Əslində İraq parlamentin bu qərarı ilə muxtariyyət Məclisinin qərarını qüvvədən salmış olub”.

    Ekspertin qənaətincə, əgər tərəflər öz mövqelərində sona qədər israr edəcəksə, bu zaman bölgə qan çanağına dönə bilər: “Qan axıdılması ehtimalları var. Bərzaninin siyasi hakimiyyətdən kənarlaşdırılması ehtimalı da yüksəkdir. Bu məsələdə ərəblər, iranlılar və türklər kompramisə yol verməyəcək”.

    ******

    Ən təhlükəlisi də elə proseslərin ən pis - qanlı ssenari üzrə inkişaf eləməsidir. O halda Azərbaycanın maraqları da müəyyən sınaqlarla üzləşəcək. Ən azından ona görə ki, həm qardaş Türkiyə, həm də İsrail bizə strateji tərəfdaş ölkələrdir. Ankara və Təl-Əviv arasında yeni gərginlik ocağının yaranması, dostların münasibətlərinin pozulması isə Azərbaycanın maraqlarına, ümumiyyətlə, uyğun ola bilməz və hətta Bakını seçimlə üz-üzə qoya bilər. Bu isə ən çox işğalçı Ermənistanın maraqlarına cavab verir.

    Ümid edək ki, “kürd kartı” yekun etibarilə Azərbaycan da daxil, köhnə-yeni müttəfiqlərin səfini poza bilməyəcək və vəziyyətdən optimal çıxış yolu tapılacaq. Referendum sonucda baş tutmaya da bilər.

    Rubrika.Az


    Facebook-da paylaş