• Sosial Müdafiə Nazirliyindəki cinayətlərin dosyesi prezidentə göndərildi

    Sosial Müdafiə Nazirliyindəki cinayətlərin dosyesi prezidentə göndərildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanlarında törədilən maliyyə cinayətləri ilə bağlı ilginc məlumatlar almışıq. Nazirlikdə və yerli qurumlarında baş verən mənimsəmələrdən xəbərdar olan mənbəmiz deyir ki, artıq ölkə başçısına bu haqda geniş məktub ünvanlanıb. Məktubda müəlliflər prezidentin diqqətini nazirlikdə baş verənlərə yönəltməyə çalışırlar. Rubrika.az Azeuronews.com-a istinadən həmin məktubun bir surətini də sizə bildirir:

    Müraciətdə deyilir:

    Möhtərəm cənab Prezident,

    Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində baş verənlər haqda əvvəllər də sizə müracət etmişik,amma heç bir tədbirin görülməsinin şahidi olmamışıq. Bunun hansı səbəbdən olmasına xüsusi diqqət yetirmirik, eyni zamanda qeyd edirik ki, cəzasızlıq nazirlik rəhbərliyinin daha da arxayınalaşaraq böyük cinayətlərə yol verməsinə səbəb olub.Ona görə də bu müraciətdə diqqətinizə daha konkret faktları çatdıracağıq. Öncə nazirliyin funksiyasına daxil olan ən böyük sahə olan pensiya təyinatı və ödənişindən bəhs edək.
    Bu sahədə hazırda da davam edən saxta əlillik, saxta pensiya təyinatı üçün verilən rüşvətləri bir kənara qoyaraq daha çox böyük miqyaslı cinayətlər barədə sizə məlumat vemək istəyirik. O cinayətlər ki, birbaşa nazirlik rəhbərliyinin razılığı ilə baş verməsi şübhə doğurmur.
    Belə ki, rayon, şəhər Sosial Müdafiə Fondlarının rəhbərləri işçilərlə əlbir olaraq pensiyaçıların bank hesablarına iri məbləğdə – yəni bir adama 2 min manatdan 70-80 min manatadək pul köçürülür. Bu məbləğlərin rahat şəkildə oğurlanması üçün belə sənədləşmə aparılır ki, guya pensiya təyin olunarkən düzgün hesablama aparılmayıb. Buna görə də pensiyaçının pensiya məbləği yenidən müəyyən olunub və aylıq məbləği doğru-dürüst hesablanıb. Pensiyaçının illərlə almadığı məbləği də hesablayıb onun hesabına oturdurlar. Bu işə qanuni don geyindirmək üçün bəzən saxta məhkəmə qətnamələrindən də istifadə olunur. Amma əsas məsələ ondadır ki, bu məbləğ köçürülməmiş pensiya kartı pensiyaçıdan alınır və ona şərt qoyulur ki, pensiyanın aylıq məbləğini artırırıq. Nə qədər birdəfəlik pul köçürürüksə, o bizə – yəni fondun işçilərinə çatacaq. Mənimsənilən məbləğ isə nazirliklə yerli şöbə arasında 60 faizin 40 faizə nisbəti ilə bölünür. Əgər vətəndaş bu şərtə razılaşmazsa həmin məbləğ S.Müslümovun yerlərə göndərdiyi qanunsuz bir təlimatı əsasında çox kiçik hissələrə bölünərək pensiyaçıya on illərlə müddətə ödənilir və ya ümumiyyətlə ödənilmir. Dediklərimizə sübut kimi bu yaxınlardan Fondun Bakı şəhərinin Xətai və Suraxanı rayon şöbələrinin işçiləri ilə bağlı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinəyətkarlığa Qarşı MübarizəBaş İdarəsinin keçirdiyi əməliyyatı göstərmək olar. Düzdür, bu əməliyyat ictimayyətdən gizlədildi və həbs olunanlar zaminə buraxıldı. (Aldığmız son məlumata görə, həmin şəxsləri məsuliyyətdən tam azad etmək üçün rayon şöbələrindən pul yığımına start verilib) Bununla belə əməliyyatın yuxarıda dediklərimizlə bağlı olduğunu ört-basdır etmək mümükün olmadı. MCQMBİ – nin əməliyyatı məhz iri məbləğdə pensiya vəsaitinin bir adamın adına köçürülərək bankomat vasitəsilə çıxarılması olub.
    Əlavə olaraq nəzərinizə çatdıririq ki, Fondun Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev Nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevin doğma qardaşıdır və nazirlikdə bütün “qara” işlərə Əjdər Cəbiyev rəhbərlik edir.
    Cənab Prezident sizə bildiririk ki, bu sxem üzrə adıçəkilən nazirlik tərəfindən milyon manatlarla dövlət vəsaiti talanıb və talanmaqdadır. Əgər yazdıqlarımıza şübhəniz varsa, xahiş edirik son 2 ildə bu nazirlik tərəfindən pensiyaçıların hesabına köçürülmüş iri məbləğli vəsaitlərin monitorinqinin aparılmasına, həmin pensiyaçıların o məbləği alıb-almamasısının aydınlaşdırılmasına göstəriş verin . Onda hər şey üzə çıxacaq.

    Digər sahələrdə də maliyyə cinayətləri kifayət qədərdir.

    Ünvanlı sosial yardımların təyin edilməsi sahəsində də çox geniş korrupsiya halları mövcudur. S.Müslümov tərəfindən guya vətəndaş məmur təmasını aradan qaldırmaq üçün tətbiq olunmuş VETMAS sistemi faktiki olaraq rüşvət almağı daha da rahatlaşdırıb. Bu cinayətin sxemini də nəzərinizə çatdırırıq:
    Vətəndaş sənədlərini fondun rayon şöbəsinin işçisinə təqdim edir. İşçi sənədləri sistemə işləyir. Əgər sistem vətəndaşa yardım təyinatı qərarı verirsə eyni zamanda işçiyə vətəndaşın verdiyi məlumatları yerində yoxlamağı tapşırır. Vətəndaş sözə baxandırsa yəni, işçinin tələb etdiyi yardımın 5-6 ayını rüşvət olaraq verməyə razıdırsa, həmin işçi yoxlamada aşkar edilən məlumatı vətəndaşın verdiyi məlumatla uyğunlaşdırır, əks təqdirdə vətəndaş yardımdan məhrum edilir.
    Möhtərəm Prezident, tərəfinizdən aztəminatlı ailələrin məşğulluğunu təmin etmək üçün hər ailəyə 5 min manat olmaqla 1200 ailəyə 6 milyon vəsait ayrıldı. Həmin vəsait belə nazirlik hər ailəyə 5 min manat olaraq çatdırmadı.
    Aztəminatlı ailələrin başçılarına 5 min manata imza etdirilib, faktiki 2 min 800 manat miqdarında heyvan və digər əmlak verilməklə qalan hissə talan edildi. Həmin aktivlərin sənədləşməsində də ciddi pozuntulara yol verilib. Belə ki, S.Müslümova yaxın olan müəssisələr saxta tenderdə qalib elan olunublar. Nəticədə alqı-satqı edilmiş aktivlərin qiymətləri şişirdilərək sənədləşdirilib. Özünəməşğulluq tədbirlərinə cəlb edilmiş vətəndaşlar dəvət olunaraq sorğu aparılsa, bütün maliyyə fırıldaqları aşkara çıxacaq.
    Cənab Prezident, bu nazirliyin törətdiyi daha bir misli görünməmiş cinayət vətəndaşlara əlillik təyin edilməsi sahəsindədir.Yenə də konkret fakt təqdim edirik. Son 2 ildə yüzlərlə vətəndaşa ilkin müayinə zamanı ömürlük əlillik statusu verilib. Bu şəxslərin demək olar ki, əksəriyyəti tam sağlamdır və bu statusu bir həftə müddətinə, heç bir xəstəxanada yatmadan, heç bir müalicə kursu keçmədən tam saxta yolla alıblar.
    Dövlətin üzərinə çoxillik maliyyə yükü qoyan bu cinayət əməlinin də üzə çıxarılması yolu çox sadədir. İnanırıq ki, müraciətimiz nəticəsiz qalmayacaq.
    Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mövqe öyrənmək cəhdimiz uğursuz oldu. Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq…


    Facebook-da paylaş