• Aslanlı-Cavadov tandemi: - Başgicəlləndirici tərəqqidən tənəzzülə bircə addım...

    Aslanlı-Cavadov tandemi: - Başgicəlləndirici tərəqqidən tənəzzülə bircə addım...

    Ötən ayın əvvəlində Azad Cavadovun Əmanətlərin Sığortalanması Fondunun İcraçı Direktoru vəzifəsindən kənarlaşdırılmasının ölkənin bank sektorundakı qeyri-müəyyənliyin aradan qaldırılmasında və qəsdən bulandırılmış suların tədricən durulmasında dönüş nöqtəsi olacağına inam yarandı. Ancaq bu gözləntilər bu dəfə özünü doğruldacaqmı...?

    Oxucuların diqqətinə çatdıraq ki, Azad Cavadov iş karyerasına 1992-ci ildə Azərbaycan Milli Bankının Ödəniş Departamentində statistika üzrə Baş iqtisadçı vəzifəsindən başlayaraq Mərkəzi Bankın Valyuta tənzimlənməsi və Xarici Əməliyyatlar Departamentində şöbə müdiri, Mühasibatlıq Departamentində Direktor Müavini, Azərbaycan Beynəlxalq Bankının Mühasibatlıq Departamentinin Direktor Müavini, həmin Departamentin Direktoru, Xəzinədarlıq Departamentinin Direktoru, AtaBank ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının Sədri vəzifəsinədək yüksəlib. 2007-ci ilin iyun ayından Əmanətlərin Sığortalanması Fondunun İcraçı Direktoru olub.

    Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu ali idarəetmə orqanı olan Himayəçilik Şurası və icra orqanı olan icraçı direktor tərəfindən idarə olunur. Himayəçilik Şurası 7 nəfərdən ibarətdir və onun tərkibinə Mərkəzi Bankın 3 nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının 2 nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların 2 nümayəndəsi daxildir. Fondun icraçı direktoru Himayəçilik Şurası tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edilir. İcraçı direktorun səlahiyyət müddəti 5 ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.

    Amma avqustun 1-də dövlət başçısı imzaladığı sərəncamla Azad Cavadova fəaliyyətini növbəti 5 il davam etdirməsi üçün şans tanımayıb. Azad Cavadovun özü prezidentin bu sərəncamını şərh etməkdən boyun qaçırsa da jurnalistlərin sualına bircə cümləlik cavabında bildirib ki, “Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş dəyişikliyə görə, onun 10 illik səlahiyyət müddəti başa çatıb.” Amma təbii ki, onun növbəti dəfə bu posta təyin olunması da mümkün idi. Amma heç kimə sirr deyil ki, ölkənin bank-maliyyə ssektoruna cavabdehlik daşıyan rəhbər şəxslər bir-birinin ardınca kommersiya banklarının kitabını bağlayan Azad Cavadovun fəaliyyətindən “məmnun”luqlarını öz kanalları ilə dövlət başçısına çatdırmağa müvəffəq olublar və beləliklə də bir vaxtlar məşhur bankların bir-birinin ardınca "torbasının tikilməsi"ndən həzz alaraq “tədricən bütün bankları biz ləğv edəcəyik” deməkdən çəkinməyən Azad Cavadovun özünü "ləğv edərək" kreslosuz qoymağı bacardılar.

    Yeri gəlmişkən, iqtisadçı millət vəkili Vahid Əhmədov da Azad Cavadovun vəzifəsindən kənarlaşdırılmasında hansısa səbəblərin mövcud olduğunu bu sözlərlə ifadə etmişdi: “Ehtiyac olsaydı, Azad Cavdov yenə də seçilərdi. Görünür onun vəzifədən uzaqlaşdırılmasına hansısa səbəb olub”.

    Moderator.az “hansısa səbəb”in axtarışına çıxıb və bir vaxtlar “Domokl qılıncı”kimi bankların qorxunc yuxusuna çevrilmiş Azad Cavadovun niyə vəzifədən kənarlaşdırılmasını müəyyənləşdirməyə çalışıb. Bəlli olub ki, Azad Cavadov artıq karyerasında bərpaolunmaz tənəzzül dönəmi yaşayan Rüfət Aslanlının - Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının artıq nəzarəti itirməkdə olan rəhbərinin ən yaxın adamı olduğundan belə bir aqibətlə üzləşib.

    Xatırladaq ki, 2007-ci ilin iyun ayından Əmanətlərin Sığortalanması Fondunun İcraçı Direktoru vəzifəsində çalışan Azad Cavadov personası son illərədək demək olar ki, heç nəzərə çarpamayıb. Əmanətlərin Sığortalanması Fondu adlı qurumun mövcudluğundan da demək olar ki, ictimaiyyət və mətbaut az məlumatlı olub.

    Amma elə ki, Rüfət Aslanlı Mərkəzi Bank sədrinin bir sıra səlahiyyətlərini ələ keçirərək karyerasının zirvəsində az qala ölkənin bütün bank-maliyyə sferasında olan iriçaplı məmurlara meydan oxumağa başladı, o zaman Azad Cavadovun da ulduzu parlamağa başladı. Tezliklə dostu Aslanlı tərəfindən Cavadova daha bir gözqamaşdırıcı vəzifə - bağlanmaqda olan bankların ləğvedicisi statusu da həvalə edildi. Beləliklə, ölkənin 43 kommersiya bankının hulqumu Aslanlı-Cavadov tandeminin əlinə keçdi. Amma ildırımsürətli karyera yüksəlişi Rüfət Aslanınlının gözlərini elə qamaşdırdı ki, qısa zamanda onun ağılasığmaz səlahiyyətlər əldə etmək niyyəti barədə dövlət başçısına müfəssəl dosye təqdim edildi və onun yersiz hikkəsinin çox ciddi fəsadlar verməyə başladığı barədə prezidentə məruzə olundu. Beləliklə də dövlət başçısı iyunun 23-də növbəti fərman imzalayaraq Rüfət Aslanlını demək olar ki, əsas səlahiyyətlərindən məhrum etdi. Nəticədə MBNP əsas sükanı qurumun İcraçı Direktoru İbrahim Alışova həvalə edildi. Buna qədər Rüfət Aslanlı Milli Məclisin iclsında deputatlar tərəfindəbn topa tutulmuşdu və artıq görünən o idi ki, Rüfət Aslanlının sürətli yükəslişi kimi tənəzzülü də qaçılmaz olacaq.

    Rubrika.Az moderator.az-a istinadla bildirir ki,yeri gəlmişkən, bu günlərdə Rüfət Aslanlının dəbdəbəli həyat tərzi və əyləncə həvəsi barədə mətbuatda maraqlı yazılar işıq üzü gördü. Bu arada MBNP rəhbərinin Türkiyənin məşhur restoranlarından birində təşkil etdiyi ziyafət barədə da ilginc məlumat daxil olmuşdu. Məlumatda bildirilirdi ki, "...İstanbulun ən dəbdəbəli istirahət məkanlarından hesab olunan "Sunset" restoranında VİP məkanlardan biri ünlü sənətçi Sibel Can tərəfindən kirayələnibmiş. Ancaq R. Aslanlı restoran inzibatçısına cəlbedici təklif edərək həmin məkanda dostları ilə ürəyi istədiyi kimi əylənməyə müvəffəq olub. Həmin cəlbedici təklif də bahalı "Petrus" şərablarının sifariş edilməsi olub və restoran rəhbərliyi belə səxavətli müştərinin cəlbedici təklifinə "yox" deyə bilməyiblər..."

    Təbii ki, həmin ziyafətdə içilən bahalı şərabların qoxusu qısa zamanda Türkiyəyə yayılaraq bu ölkədə yaşayan soydaşlarımızın da “burnuna” çatmışdı...

    Məsələnin ən maraqlı tərəfi ondan ibarətdir ki, iddiaya görə, Rüfət Aslanlı restorana xidmət haqqını nağd şəkildə deyil, kartla ödəyib. Belə ki, mənbəmizin israrlı iddiasına görə R. Aslanlı restoranın 25 min dollarlıq hesabını “Muğanbank”ın ödəmə kartı ilə bağlayıb. Oxucuların diqqətinə çatdıraq ki, bu iddianı sübut edəcək hər hansı ödəmə qəbzi və ya hesab blankı əldə etmək cəhdlərimiz hələlik uğursuz olub. Amma təbii ki, müvafiq dövlət qurumları bu iddianın nə dərəcədə doğru olub-olmadığını asanlıqla müəyyənləşdirə bilər və ümid edirik ki, bu istiqamətdə də araşdırma aparılıb həqiqətin üzə çıxmasına təşəbbüs göstəriləcək. Təbii ki, bundan təkcə Moderator.az oxucuları deyil, bütövlükdə cəmiyyət məmnun qalardı...

    Rubrika.Az


    Facebook-da paylaş