• Şeyxə böhtan atanların məkrli niyyətləri

    Şeyxə böhtan atanların məkrli niyyətləri

    İman nuruna bürünən vətən sevgisi

    Allahşükür Paşazadənin insanlığa örnək olan həyat yolu


    Hər bir millətin bəşəri miqyasda tanınmasında, məşhurlaşmasında və mütərəqqi yolla inkişafında onun sayılıb-seçilən ziyalılarının, ictimai – siyasi xadimlərinin xidmətləri danılmazdır. Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən belə irfan sahibləri yaşadıqları zamanın fövqünə ucalaraq, ilk növbədə, cəmiyyətdə sağlam mənəvi idealların möhkəmlənməsinə çalışmış, cəmiyyətin inkişafına töhfə vermiş, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə diqqət mərkəzində olmuşlar. Əsl ziyalıya xas dəyərləri xarakterində cəmləyən belə nurlu şəxsiyyətlərin intellekti, düşüncə tərzi müəyyən mənada zülmətdən işığa boylanan nur kimi qəbul edilmişdir. Xalq üçün çalışmaq, insanlara səmimi xidmət etmək istəyi böyük şəxsiyyətlərin iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Bütün zaman və məkanlarda xalqın döyünən qəlbi, cəmiyyətin düşünən beyni olan ziyalılar həm də milli yaddaşın, milli ruhun daşıyıcısı kimi elm zirvəsinə ucalmışlar. Nəcib həyat amalı, xeyirxah məqsədləri ilə çoxlarından seçilən bu şəxsiyyətlərin yaradıcılıq ruhu həm də onların özünütəsdiq əzmindən qaynaqlanır. Bir sözlə, əsl ziyalı ilk növbədə bütöv şəxsiyyətdir. O, illərin arxasından geriyə boylananda fəxarət hissi ilə ömrünün hədər getmədiyini, özünün cəmiyyət üçün dəyərli, lazımlı olduğunu görür, bununla da mənəvi rahatlıq tapır.Xalqımız daima belə ləyaqətli ziyalıları ilə qürur duyur.

    Uca Allahın Azərbaycan xalqına bəxş etdiyi dəyərli şəxsiyyətlərdən biri, geniş miqyasda tanınan, çağdaş dünyamızın ən nüfuzlu dövlət və din xadimləri tərəfindən ehtiramla qəbul olunan Allahşükür Paşazadəni məhz belə böyük şəxsiyyətlərdən biridir. İslam tarixinin mahir bilicilərindən olan şeyxülislam görkəmli din xadimi olmaqla yanaşı, həm də tanınmış ictimai xadim kimi fəaliyyət göstərir.

    Ulu öndər Heydər Əliyevin bu şəxsiyyət barədə aşağıdakı fikirləri onu bariz şəkildə

    səciyyələndirir: "Müqəddəs dinimiz olan İslamın gözəl ənənələrinin ölkəmizdə, eləcə də bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi illər ərzində bu dini qurum islam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının artırılması işində böyük rol oynayan mühüm mərkəzlərdən birinə çevrilmişdir. Paşazadənin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində tutduğu əsl vətəndaş mövqeyi onun ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığını nümayış etdirdi".

    Allahşükür Paşazadənin Azərbaycan xalqının ən ağır günlərində - qanlı Yanvar hadisələri zamanı göstərdiyi fədakarlıq ilə sübut etdi ki, o həqiqətən də Azərbaycanın mərd və ləyaqətli övladıdır. Həmin vaxt bariz şəkildə aydın oldu ki, ali dini rəhbərimiz xalq naminə canından belə keçməyə hazırdır. İstər müharibənin ən ağır dövrlərində, istərsə də dövlətçiliyimizin daxildən sarsıldılmasına yönələn zərbələrin dəf olunması məqamlarında şeyxülislam heç nədən qorxmadan, çəkinmədən ön cəbhələrdə, ön sıralarda olmuşdur.

    1990-cı ilin 20 Yanvar faciəsində Şeyxülislam A.Paşazadə dünya ictimaiyyətinin gözü qarşısında özünü əsl dini rəhbər kimi təsdiq etdi. Onun cəllad Qorbaçova ünvanladığı məktubda deyilirdi: "Siz özlərini işğalçı kimi aparan bu cəza qoşununu Bakıya yeritməklə Sovet hökumətini rüsvay etdiniz və bu əməlinizlə təsdiq etdiniz ki, müstəqillik və xalqların müqəddəratı kimi anlayışlar idarəçiliyinizə tamamilə yaddır. Siz bu faciənin törədilməsinə rəvac verməklə özünüzü bir siyasi xadim və bacarıqsız bir dövlət başçısı kimi ifşa etdiniz. Bir əli ilə xarici dövlətlərlə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı amansız cəza tədbirlərinin həyata keçirilməsinə göstəriş verən adamı "Sülh uğrunda mübariz" adlandırmaq ən azı ləyaqətsizlikdir".

    Azərbaycanda hakimiyyətsizlikdən istifadə edən sovet-erməni rəhbərliyi 20 Yanvar qırğınını törətməklə istədiyinə nail ola bilmədi. Sovet rəhbərliyi onun ədalətsiz siyasətinə etiraz edən insanları susdura bilmədi. Allahşükür Paşazadə sovet imperiyasının rəhbəri M. Qorbaçova göndərdiyi məktubda xalqın qəzəbini ifadə edərək yazırdı: "Mən bütün Azərbaycan xalqının iradəsini ifadə edərək qoşunların Bakıdan dərhal çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz. Bu müdaxilə 10 gün və ya Əfqanıstandakı kimi 10 il davam edə bilər, lakin haqq-ədalət əvvəl - axır qələbə çalacaqdır. Dərin inam və iman hissi ilə üzümü Allah-Təalaya tutur və onun ulu dərgahından şəhid olan balalarımıza rəhmət diləyirəm. Qoy Allah-Təala mənim xalqımın başına bu fəlakəti gətirənləri, bu işə rəvac verənləri zəlil etsin! Ya Rəbb, Vətənimin bu ağır günündə özün bizlərə kömək ol! Amin!"

    Şəhidlərin dəfn mərasimində Allahşükür Paşazadə çox böyük cəsarətlə sinəsini qabağa verib, xalqın önündə gedirdi.Bu yol Şəhidlər Xiyabanına gedən adi bir yol deyildi, bu, xalqın mənfur rus imperiyasına nifrət və etiraz yolu, milli qurtuluş yolu, ədalət, istiqlal və azadlıq yolu idi. Bu yolda qazanılan uğurun əldə olunmasında Şeyxülislam Allahşükür Paşazadənin əvəzsiz xidmətləri vardır. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması uğrunda mübarizədə təkcə iştirakçı yox, həm də bu yolun ən mübariz qəhrəmanlarından biri oldu.

    Dini-ictimai xadim kimi, beynəlxalq aləmdə malik olduğu böyük nüfuzdan istifadə edərək Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan həqiqətlərini, Qarabağ probleminin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə ən yüksək xitabət kürsülərindən çatdırmış, Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi üçün böyük işlər görmüşdür.

    Şeyxülislam Allahşükür Paşazadə sülhpərvər missiya daşıyıcısı olaraq hər zaman dünyanın ən mötəbər kürsülərindən uca Allahın buyurduqlarını, sülh, ədalət, insanlar arasında xoş münasibətlərin carçısı olmuşdur. Onun xalqımızın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlandığı dövrdən etibarən ərazi münaqişəsinin dinlərarası münaqişə müstəvisinə keçməsinə imkan verməmək üçün göstərdiyi səylər, bölgənin dini liderləri ilə keçirdiyi görüşlərin əhəmiyyəti, həqiqətən, misilsizdir.

    Azərbaycan cümhuriyyətində din dövlətdən ayrı olsa da, Allahşükür Paşazadə görkəmli din xadimi olmaqla yanaşı, həm də bacarıqlı ictimai xadim, respublikamızın elmi-ictimai həyatında fəal iştirak edən bir insandır. Bəzən xaricdə dövlət səviyyəsində çətin həll olunan, yaxud müşkülə düşən məsələlər şeyximizin o işə qatılması sayəsində asanlıqla öz həllini tapır.

    Allahşükür Paşazadə Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi təmsil olunduğu bütün qurum və təşkilatlarda xalqımızın marağını ən yüksək şəkildə qoruyur və onların haqq işini müdafiə edir. Mötəbər beynəlxalq konfransların ən yüksək xitabət kürsülərindən dinlərarası dialoq və əməkdaşlıq, xalqlar və dövlətlər arasında münaqişə yaradan problemlərin sülh yolu ilə nizamlanması ideyasını təlqin edir. Tolerantlıq ideyasını ardıcıl təblig edərək postsovet məkanında xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi naminə daima xoş məram nümayiş etdirib, əməli fəaliyyət göstərir.

    Son illər ərzində QMİ-nin təşkilatçılığı ilə Azərbaycan bir çox beynəlxalq nüfuzlu dövlət, elm və din xadimlərinin iştirak etdiyi mötəbər forumlara ev sahibliyi etmiş, ölkəmizə qədimdən bəri xas olan məzhəblərarası sülh və dinlərarası tolerantlıq mühitini dünya ictimaiyyətinə nümayiş etdirmişdir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda Multikulturalizm ili, 2017-ci ilin isə İslam həmrəyliyi ili elan olunması ilə Qafqaz Müsəlmanları İdarəsi bu çərçivədəki fəaliyyətini daha da artırmışdır.

    Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, habelə digər yerli və xarici təşkilatlarla birgə təkçə ölkəmizdə deyil, həmçinin xarici ölkələrdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər keçirmişdir. Belə ki, ötən il İspaniyada, cari ilin mart - aprel aylarında Bakıda, Finlandiyada, avqust ayında isə İranda beynəlxalq konfranslar keçirilmişdir.

    QMİ İslam həmrəyliyi ili çərçivəsində ilin sonunadək Türkiyədə, Rusiyada, Özbəkistanda, İspaniyada və Mərakeşdə də birgə tədbirlərin keçirilməsini planlaşdırıb. İdarəyə 40 ilə yaxındır ki, başçılıq edən Şeyxülislam Allahşükür Paşazadə nüfuzlu beynəlxalq təşkilatlarda rəhbər vəzifələrə, o cümlədən, Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri, Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Ümumdünya İslam Konqresinin, Ümumdünya Sülh Şurasının, habelə Avrasiya İslam Şurasının rəyasət heyətinin üzvü vəzifələrinə seçilmişdir.

    Son günlər bir sıra medya orqanları, şəxsi maraqlarını hər şeydən uca tutan şəxslər Şeyxə qarşı qərəzli qarayaxma kompaniyası aparırlar. Bütün həyatı boyu xalqına, vətəninə şərəflə xidmət edən, müqqəddəs dinimizin ölkəmizdə daha geniş təbliğ olunmasında misilsiz xidmətlər göstərən bir ŞƏXSİYYƏTƏ qarşı belə ucuz, qərəzli vasitələrdən istifadə etmək ikrah hissi doğurur. Kimlərinsə maraqları naminə bu böyük insana böhtan atmaq, onun uca və müqəddəs əməllərinə kölgə salmağa çalışmaq ən azından imansızlıqdır.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şeyxülislam A.Paşazadənin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Şeyx həzrətlərinin Azərbaycanda dini tolerantlığın inkişafında çox böyük əməyi, çox böyük xidmətləri var. Bunu biz bilirik, başqa dinlərin başçıları və nümayəndələri də bilir. Bütün dünyada şeyx həzrətlərinə çox böyük hörmət, çox böyük inam var. Başqa dinlərin başçılarının, Qafqaz xalqlarının dini nümayəndələrinin Azərbaycana səfərləri zamanı və beynəlxalq tədbirlərdə mən şəxsən bunun şahidi olmuşam. Əlbəttə ki, bu, bütövlükdə Azərbaycana olan hörmətin böyük nümunəsidir".

    Nicat Mahmudov


    Facebook-da paylaş