• Bakı strateji kəmərlərini “Dəmir günbəz” altına alır – Moskva və İrəvan şokda

    Bakı strateji kəmərlərini “Dəmir günbəz” altına alır – Moskva və İrəvan şokda

    General Zakir Həsənovun İsrail səfərində ilginc hədəf; Ermənistanın və Rusiyanın Azərbaycana qarşı əsas şantaj aləti əldən çıxır; “Dəmir günbəz” “İsgəndər”ə, işğalçı ölkə isə Qərb maraqlarına qarşı Kremlin məkrli oyununda – neft-qaz müharibəsində sensasion gəlişmə...

    Səfərdə əsas hədəf heç şübhəsiz ki, iki strateji tərəfdaş ölkə arasında xüsusən də hərbi-texniki sahədə əlaqələri daha mükəmməl səviyyəyə qaldırmaq, İsrail ordusunun döyüş təcrübəsini öyrənmək idi. Rubrika.az musavat.com-a istinadən bildirir ki, o sırada nazir Zakir Həsənovun İsrail səfəri çərçivəsində “Dəmir günbəz” müasir raketdən müdafiə sistemlərinin alınması məsələsi də diqqətdə olub.

    Bəllidir ki, bu sistemlər Ermənistanın tez-tez öyündüyü “İsgəndər” zenit-raket komplekslərinə qarşı kontur-sistem kimi qiymətləndirilir - hərçənd Rusiyanın özünün razılığı olmadan İrəvanın “İsgəndər”i tətbiq eləməsinə ixtiyarı yoxdur. Bununla belə, ələlxüsus “İsgəndər”lər peyda olandan sonra erməni tərəfi Azərbaycanı daha tez-tez şantaj eləməyə başlayıb. Hətta irimiqyaslı hərbi əməliyyatlar başlayarsa, bu sistemlər vasitəsilə bölgədən keçən strateji neft-qaz kəmərlərinin, Mingəçevir SES-in hədəf alınma biləcəyi barədə vaxtaşırı hədələr biçilib ünvanımıza.
    Təbii ki, Azərbaycan bu qəbildən təhdidləri ciddiyə alır və adekvat tədbirlər görür. Ermənistanın belə ağılsız addıma gedəcəyi halda Naxçıvandan cəmi 50 km məsafədə olan Metsamor AES-in partladıla biləcəyi barədə Azərbaycanın xəbərdarlıqları da bu qəbildəndir...

    *****

    Bu arada məlumat yayılıb ki, Azərbaycan “Dəmir günbəz” raketdən müdafiə sistemlərinin xüsusi modifikasiya olunmuş versiyasından məhz Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin mühafizəsini təşkil eləməyə hazırlaşır. Musavat.com-un məlumatına görə, Gürcüstanda nəşr olunan “Rezonansi” qəzeti belə yazıb (virtualaz.org). Qəzet bildirir ki, Azərbaycanın “Dəmir günbəz” raketdən müdafiə sistemləri ilə BTC-ni mühafizə etmək planları Ermənistanın Rusiyadan “İsgəndər” operativ-taktiki raketləri alması ilə birbaşa əlaqəlidir.

    “Azərbaycan hakimiyyəti hesab edir ki, əgər həmin raket işə salınsa, başlıca təhlükəni neft kəmərinə yaradacaq. Ona görə də bu gün Bakıda və Gəncə şəhərində dünyada raketdən ən effektiv müdafiə sistemlərindən biri olan ”Dəmir günbəz" yerləşdiriləcək" - qəzet Azərbaycanın İsraildən həmin sistemləri artıq əldə etdiyinə eyhamla yazır.

    *****

    Qeyd edək ki, Azərbaycanın İsraildən “Dəmir günbəz” raketdən müdafiə sistemləri almaq barədə danışıqlar apardığı haqda hələ ötən ilin sonlarında xəbər yayılıb. Daha sonra İsrail mənbələri tərəflərin bu sistemin təchizatına dair müqavilə bağladıqlarını açıqladılar.

    “Dəmir günbəz” raketdən müdafiə sistemlərinin ilkin versiyası 70 kilometrə qədər məsafədə əsasən taktiki raketləri zərərsizləşdirmək üçün nəzərdə tutulub. Lakin daha sonra bu sistemləri istehsal edən “Rafael Advansed Systems” şirkəti Pentaqonun sifarişi ilə “Dəmir günbəz”lərin modifikasiyasını təkmilləşdirib və nəticədə daha uzaq mənzilli istənilən tip hava hədəflərini vurmaq imkanlarına malik olub.

    Azərbaycan İsraildən “Dəmir günbəz”lərin məhz bu versiyasını sifariş edib. Yeri gəlmişkən, ABŞ-ın özü də bu sistemlərə maraq göstərir və artıq onun alınması yönündə İsraillə müzakirələrə başlayıb. Beynəlxalq hərbi ekspertlərə görə isə “Dəmir günbəz” sistemi həqiqətən “İsgəndər” raketlərinin hücumlarını dəf edə bilər və bu, raketlərə qarşı yaxşı müdafiədir", - deyə Gürcüstan nəşri vurğulayıb.

    İşğalçı ölkənin Azərbaycana ünvanlı son təhdidləri də əsasən Rusiyadan alınmış “İsgəndər” komplekslərinin “Azərbaycanın istənilən nöqtəsini, o cümlədən strateji neft-qaz xətlərini vurmaq” hədəsi ilə bağlı idi. İndi belə görünür ki, Ermənistanın əlindən Azərbaycan qarşı əsas şantaj vasitəsi çıxmış olacaq. Hərçənd regiondan keçən və Avropa enerji bazarlarına çıxan həmin kəmərlər təkcə Azərbaycana məxsus deyil, eyni zamanda Qərbin ortaq mülkiyyətidir. Demək, Ermənistanla belə təxribatçı və son dərəcə təhlükəli hərəkətlərlə ilk növbədə özünə pislik edəcək, özünü Qərbə qarşı qoymuş olacaq.

    *****

    Məsələ barədə danışan təhlükəsizlik məsələləri üzrə ekspert Vaxtanq Mayisaya isə qəzetə açıqlamasında BTC-yə təhdidlərin Rusiyadan qaynaqlandığını bildirib. Onun sözlərinə görə, Kreml istəsə, neft kəmərini bombalaya bilər: “Rusiya bunu dəfələrlə edib, 2008-ci ildə Bakı-Tiflis-Ceyhan kəmərinin yaxınlığına bomba atıb, kəmərin işi bir müddət dayanıb. Ona görə də bununla mütləq barışmaq lazımdır”.

    Ekspertin dediyinə görə, Azərbaycanın müdafiə sistemlərini səfərbər etməsi Rusiyanın “İsgəndər” raketlərinin daha uzaqmənzilli versiyasını sınaqdan keçirməsinə səbəb olub. “Rusiya bu yaxınlarda ”İsgəndər" raketlərinin 700 km radiuslu versiyasını sınaqdan keçirib" - Maisaya deyib. Ekspert əlavə edib ki, üstəlik, ruslar Cənubi Osetiyada digər ixrac neft kəməri Bakı-Supsanın 2 kilometrlik hissəsinə nəzarəti ələ keçiriblər. Və istənilən vaxt kəmərin operator-şirkətinə, habelə Gürcüstana və Azərbaycana ultimatum verə bilər.

    *****

    “Beləliklə, Azərbaycan hökuməti müasir raketdən müdafiə sistemləri olan ”Dəmir günbəz"ləri alıb. Hansı ki, onlar güclü ballistik raketlərdən effektiv istifadə etməklə Bakı-Tiflis-Ceyhan kəmərini qoruya biləcək", - deyə gürcü analitik bildirir. Onun sözlərinə görə, Azərbaycan kəməri öz ərazisində müdafiə edir, indi Gürcüstan hissəsinin müdafiəsi haqda da düşünmək lazımdır: “Ruslar Qori-Tiflis avtomobil yolunun cəmi 400 metrliyində mövqe tutublar. BTC-nin Gürcüstan hissəsi həmin yol boyu keçir. Ona görə də ruslar üçün kəmərin Gürcüstan hissəsini sabotajla sıradan çıxarmaq çətin deyil”.

    Qəzet daha sonra qeyd edir ki, Azərbaycan Mingəçevir SES, BTC və neft terminalları kimi bir sıra strateji obyektləri müdafiə etmək istəyir. “Azərbaycan müdafiə sahəsində Gürcüstanla müqayisədə çox irəliləyib. Bizim nəinki raketlərə qarşı, heç də hava hücumlarına qarşı müdafiə sistemlərimiz yoxdur, öz hava məkanımızı müdafiə edə bilmirik” - Vaxtanq Maisaya gileylənib.

    Briqada generalı, hərbi-siyasi məsələlər üzrə analitik Amirlan Salukvadze isə deyir ki, Azərbaycan prezidenti İlham Əliyev əvvəlki müharibələrin təcrübəsindən çıxış edir. “Məlum olduğu kimi, 2008-ci ilin avqust müharibəsi zamanı boru kəmərinə raket zərbəsi endirmək cəhdi olmuşdu. Əlbəttə, əgər Azərbaycanla Ermənistan arasında irimiqyaslı hərbi əməliyyatlar başlasa, energetika obyektlərinə, o cümlədən boru kəmərlərinə raket zərbələri endirmək cəhdləri olacaq. Hələlik mən belə müharibə riskini görmürəm” - general deyib.
    Salukvadze onu da qeyd edib ki, əgər Ermənistan energetika infrastrukturlarını hədəf almağa cəhd eləsə, daha irimiqyaslı hərbi əməliyyatlara və ya cavab raket zərbələrinə gətirib çıxaracaq.

    *****

    Məslə də elə ondadır ki, İrəvan belə təhlükəli avantüraya Rusiyanın izni olmadan getməz. Rusiya isə Avropa enerji bazarında dominantlığını saxlamağa çalışır, çünki bu, ona Qərbə, Avropaya qarşı mühüm təzyiq və şantaj rıçaqı kimi lazımdır. Azərbaycan isə qaz bazarında Rusiyaya sövq-təbii rəqibdir və Qərbin Rusiya qazından asıllığını azalda bilər. Bu üzdən Moskvanın “ilanı” “Seyidəhməd”, yəni Ermənistanın əli ilə tutmaq istəyi tam məntiqlidir...

    Rubrika.Az


    Facebook-da paylaş