• Təhsil Nazirliyinin süni vakansiya OYUNU

    Təhsil Nazirliyinin süni vakansiya OYUNU

    Bakıda aparılan diaqnostik qiymətləndirmədən keçən builki gənc müəllimələr saxtakarlıqla üzləşib

    Belə ki, onlar təhsildə yeni tendensiya hesab olunan bu proseduru şəffaflıqla keçsələr də, sonrakı mərhələlərdə çətinliklə üzləşirlər.
    Rubrika.az milliyol.az-a istinaden bildirir ki, Qeyd olunan tələblərdən bəziləri pozulur. Bunlardan biri də, müəllimlər üçün ayrılan dərs saatlarıdır. Bu problemlə qarşılaşanlardan biri Günay Məmmədovadır. Saytımıza açıqlamasında G. Məmmədova bildirdi ki, Təhsil Nazirliyinin saytında vakansiya ilə bağlı məlumatlar bölməsində 24 saat ayrılacağı qeyd olunsa da, məktəbdə 18 saat yazıldığı deyilib: "Ötən ayın sonu müəllimlərin işə qəbulu üzrə keçirilmiş imtahanda iştirak edərək, 55,2225 bal topladım. 2-ci turda seçim etdim və sıralamada ilk yazdığım 280 №li tam orta məktəb üzrə ən yüksək mənim balım olduğuna görə elə həmin təhsil ocağına da düşdüm. Növbəti və son mərhələ isə müsahibə mərhələsi idi. Nəhayət, müsahibə mərhələsi də bitdikdən sonra qalırdı cavabların elan olunmasını gözləmək... Həyəcanlı şəkildə keçən bir neçə gündən sonra nəhayət ki, cavablar şəxsi səhifəmizə gəldi. Müsahibədən uğurla keçdiyimi görüb çox sevinmişdim. Sevincimin həddi-hüdudu yox idi. Lakin sevincim çox uzun çəkmədi. Yeni tədris ilinin ilk günündən artıq məyus olmuşdum. Çünki yaşadığım ərazidən xeyli uzaq olmasına baxmayaraq, Hövsan qəsəbəsində yerləşən 280 №li tam orta məktəbi seçməyimin əsas səbəbi məhz 24 saat vakant dərs yükünün verilməsi idi. Lakin direktor R.M.Qasımovla ilk görüşümdə 18 saat vakant dərs verdiyini dedi. Mən isə 18 saat yox, 24 saat vakant dərs üzrə gəldiyimi bildirdim. O isə qətiyyətlə 24 saat yox, 18 saat vakant dərs verdiyini təkrarladı. Bu məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxladım və mənə bildirildi ki, direktor düz deyir, 18 saat vakant dərs verib. "Bəs Təhsil Nazirliyinin saytında vakansiya ilə bağlı məlumatlar bölməsində niyə 24 saat qeyd edilib?" deyə sual verdikdə isə "24 saat yəqin səhv gedib, olur belə şeylər" cavabını aldım. İndi sizə sual verirəm, siz deyin, əgər səhv gedibsə, bu səhvin məsuliyyətini kim daşımalıdır? Bunun cəzasını məhz 24 saat vakant dərs yükünə görə o məktəbi seçdiyim üçün mənmi çəkməliyəm? Bu cür demokratik bir ölkədə öz zəhmətilə bir neçə mərhələdən keçərək, işə qəbul olan bir müəllimin hüquqlarının tapdalanması nə dərəcədə doğrudur? 18 saat idisə, niyə Təhsil Nazirliyi həmin vakansiyanı 24 saat kimi qeyd etmişdi? Belə çıxır ki, Təhsil Nazirliyi süni şəkildə artırılmış vakansiyalar elan edir? Əgər bu məktəb əslində 18 saat vakant dərs yükü vermişdisə, 20-22 saat vakant dərs verən başqa məktəblər var idi, 55+ balımla elə o məktəbləri yazardım. Və ya 18 saat idisə, 18 saatlıq vakant yer verən yaşadığım əraziyə daha yaxın məktəblər var idi, onları seçərdim". Müsahibimiz məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət etdiyini də bildirib. Lakin adekvat cavab ala bilməyib: "Bu məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin qaynar xəttinə (146) müraciət etmişəm. Lakin heç bir nəticəsi olmayıb. 15 sentyabr tarixində mənə dərs saatımın 24 saat deyil, 18 saat olacağı bildirilən gün 146 ilə əlaqə saxlayıb, bu məsələnin araşdırılmasını tələb etdim. Onlar isə müraciətimin qeydə alındığını və araşdırılacağını bildirdi. 1 gün sonra isə yəni sentyabr ayının 16-da 146-ya müraciət edərək, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırovla görüş üçün vaxt təyin edilməsini istədim. Operator yalnız noyabrın 6-na vaxt təyin oluna biləcəyini bildirdi və məni görüşlə bağlı həmin tarixə qeyd etdi. Düz 1 həftə sonra, yəni 22 sentyabr tarixində araşdırmanın gedişatı ilə bağlı məlumat almaq üçün 146 ilə əlaqə saxladığımda məlum oldu ki, yalnız görüşlə bağlı müraciətim qeydə alınıbmış. Halbuki görüş üçün sentyabrın 16-sı əlaqə saxlamışdım, lakin araşdırılma ilə bağlı isə sentyabrin 15-i müraciət etmişdim, yəni 1 gün öncə. Əgər qaynar xətt olaraq müraciət edənin şikayət, təklif və ya müraciətləri qeydə alınmırsa, o zaman qaynar xəttin varlığının mahiyyəti nədən ibarətdir?" Mövzu ilə əlaqədar Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovla əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab vermədi.

    Rubrika.Az


    Facebook-da paylaş