• Məleykə Abbaszadənin “test islahatları” nəyə hesablanıb ?

    Məleykə Abbaszadənin “test islahatları” nəyə hesablanıb ?

    A) Mövcud qəbul sisteminin məhvinə
    B) Bu sahədə rüşvətxorluğun çiçəklənməsinə
    C) Təhsil sistemində yaranan böhranı ört basdır etməyə
    D) Pullu sistemə keçidi rəsmiləşdirməyə


    Müstəqillik dönəmində Azərbaycan xalqının ən böyük tarixi uğurlarından biri olan qəbul imtahanlarının test üsulu ilə aparılması bu sahədə rüşvətxorluğa demək olar ki, son qoymuşdu. Yüz minlərlə abituriyent məhz test üsulunun üstünlüklərindən yararlanaraq ali məktəblərə qəbul olunub. İstənilən sadə ölkə vətəndaşı heç bir təmənna olmadan öz biliyi hesabına ali məktəbə qəbul olunacağına ümid bəsləyirdi.

    Lakin, bu yaxınlarda Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin verdiyi açıqlamalar qızğın müzakirələrtə meydan açdı :

    “Gələnilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəklində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.

    Test üsulunun ləğv olunacağı ilə bağlı səsləndirililən bu fikirlər istər abituriyentlər, istərsə də valideynlər tərəfindən ciddi narahatlıq doğurub. Bu üsuldan imtina edilməsindən sonra ali məktəblərə qəbulda rüşvət üsulunun vüsət alacağı haqda ictimaiyyətdə narahatlıqlar var.

    Rubrika.az saytının əməkdaşları bu barədə ali məktəb tələbələri, abituriyentlər və valideynlər arasında sorğu keçirərək test üsulunun ləğvi məsələsinə münasibət öyrənib.

    BDU-da təhsil aldığını bildirən Vüqar adlı həmsöhbətimiz test üsulunun ləğv olunmasının hansısa müsbət dəyişikliklərə gətirib çıxaracağına inanmadığını bildirdi:

    “26 ildir ki, test üsulu ölkəmizdə tətbiq olunur. Qəbul prosesində məhz bu yolla rüşvətxorluğun kökü kəsilmişdi. Yeni modelin tətbiq olunmasının hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətindir. Həm də təhsil sisteminin belə radikal dəyişikliyə nə qədər hazır olduğunu da nəzərə almaq lazımdır. Əsas məsələ isə qəbul prosesində şəffaflığın nə dərəcədə qoruna biləcəyidir”

    Övladının 9 sinifdə təhsil aldığını bildirən Fazil Muradov isə baş verənləri həyacanla qarşıladığını söylədi:

    “ Biz uzun illərdir ki, test üsulunun mütərəqqi bir metod olduğunu görürük. Sosial vəziyyətindən asılı olmayaraq istənilən vətəndaş ali təhsil ala bilirdi. Yeni metodun tətbiqindən sonra bu sahədə rüşvətxorluğun yenidən baş qaldırmayacağına heç kim təminat verə bilməz”.

    Ümumiyyətlə fikrini soruşduğumuz respondentlərin əksəriyyəti yeni modelin tətbiqindən narahatlıq duyduqlarını dilə gətirdilər. Xatırladaq ki, məhz iki ildən sonra yeni üsulla imtahan verəcək abituriyentlər bu il 9 –cu sinig üzrə köhnə qaydada buraxılış imtahanları verdilər. İmtahanda iştirak edənlərin 60 faizindən çoxu qeyri-kafi qiymət alaraq antirekordu müəyyənləşdirdi. Təsadüfi deyil ki, birinci mərhələdə açıq tipli suallardan daha çox istifadə olunduğu üçün olduqca acınacaqlı vəziyyət yaranmışdı. Təsadüfi deyil ki, iyun ayında keçirilən imtahanlarda sualları xeyli sadələşdirməyə məcbur oldular.

    Nəzərə alsaq ki, 9-cu sinifdə buraxılış imtahanı verənlər 2 fəndən cəmi 30 suala cavab verirdilər, lakin ali məktəblərə qəbul imtahanlarında fənnlərin də, sualların da sayı çox olacaq. Onda yeni üsulla qəbulda hansı nəticələrin olacağını indidən proqnozlaşdırmaq olar.

    Əksər ekspertlər məhz yeni modelin tətbiqindən sonra bu sahədə neqativ halların artacağını bildirirlər. Onların fikrincə test üsulunun ləğvi mövcud sistemi kökündən dəyişəcək. Yeni dəyişikliklər təhsil sistemi əvvəlki vəziyyətə qayıdacaq. Test üsulunu ləğv etmək düşüncəsində olan insanlar, Azərbaycan xalqının gələcəyinin, təhsilinin düşmənləridir. Təhsilimizi inkişaf etdirmək və islahatlar aparmaq istəyənlər təhsildəki problemlərin kökünü test üsulunun ləğvində görürlərsə, bu, yanlış düşüncədir. Təhsilimizdə kifayət qədər problemlər var. Düşünürəm ki, təhsil adamları təhsildəki problemləri həll etmək istəyirlərsə, bu məsələnin üstünə getməlidirlər. Testin üstünə getmək əslində, Azərbaycan təhsilində olan yeganə müsbət bir məqamın üstündən xətt çəkmək deməkdir.

    Rubrika.az


    Facebook-da paylaş