• Müəllimlərlə Maliyyə Nazirliyinin rüşvət qalmaqalı başlayır - Müraciət

    Müəllimlərlə Maliyyə Nazirliyinin rüşvət qalmaqalı başlayır - Müraciət

    Təhsil işçiləri yoxlama zamanı maliyyəçilərin məktəblərdən böyük məbləğdə rüşvət aldığını və bunu sübut edəcək gizli çəkilmiş video-görüntünün olduğunu bildirir, Maliyyə Nazirliyi isə Baş Prokurorluğa müraciət etməyi məsləhət görür

    Maliyyə Nazirliyinin Dövət Maliyyə Nəzarəti Xidməti cəbhəyanı rayonların təhsil şöbələrinin tabeliyindəki məktəblərdə büdcə vəsaitlərinin xərclənmə vəziyyətini araşdırıb.

    Rubrika.az Reyting.az-a istinadən bildirir ki, bir müddət əvvəl Laçın və Füzuli rayonlarında yoxlama başa çatdırılıb, digər bir neçə rayonda isə araşdırmalar davam etdiriləcək.

    Amma maliyyə yoxlaması rayonların bir çox məktəblərində narazılıqla qarşılanıb. Narazılar iddia edirlər ki, Maliyyə Nazirliyinin əməkdaşları yoxlama zamanı bəzən qərəzli mövqe tutub, ciddi olmayan məsələlərə görə bəzi direktorları məktəbləri haqqında Respublika Prokurorluğuna müraciət edəcəkləri ilə hədələsələr də, böyük məbləğdə yeyinti faktlarını “müəyyən anlaşma qarşılığında” ört-basdır ediblər.

    Hətta Laçın rayonundan olan bir qrup müəllim bununla bağlı ölkə KİV-lərinə müraciət də ünvanlayıb. Bir nüsxəsi də göndərilən müraciətdə iddia olunur ki, Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev (Müəllimlər onu Qubalı Ədalət kimi təqdim edir-red.) müfəttişliyin kurasiyasındakı rayonlarda (Laçın, Xocavənd, Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Zərdab) maliyyə araşdırması adı ilə təhsil müəssisələrinin rəhbərlərini təhdid etdirir. Ehtimal olunur ki, təhdidlərə səbəb Ə.Nəbiyevin şəxsi marağıdır.

    Laçınlı müəllimlərin iddiasına görə, maliyyəçilər şəxsi maraqlarını reallaşdıra bilmədikdə, məktəblər haqqında topladıqları materialları ciddi əsas olmadan belə Respublika Prokurorluğuna göndərirlər: “Çünki həmin məktəblərin kollektivi maliyyəçilərin qanunsuz tələb və təkliflərinə boyun əymir, kiminsə rüşvət tələbini yerinə yetirmirlər”.

    Müəllimlər yazır ki, Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən prokurorluğa təqdim olunmuş materiallar, kiçik istisnalar olmaqla, “Burada araşdırılası ciddi məsələ yoxdur”,- cavabı ilə hüquq-mühafizə orqanı tərəfindən lazımi dəstək qazanmayıb. Bu səbəbdən də, təhsil işçiləri Maliyyə naziri Samir Şərifova KİV-lər vasitəsilə sual ünvanlayıblar:

    “Prokurorluğun dediyi kimi, əgər “araşdırılası ciddi məsələ yoxdursa”,- materiallar hansı marağa görə prokurorluğa göndərilir?

    Niyə nazirlik bu özbaşınaıqlara göz yumur?

    Xidmət rəisi Cavanşır Yusifovun bu yoxlamalarda hansı maraqları gizlənib?”.

    Qeyd edək ki, yoxlamalar və onun yaratdığı narazılıq artıq bir sıra media orqanları tərəfindən, konkret şikayətçilərin adı ilə də gündəmə gətirilib. Həmin şikayətlərdə isə maliyyəçilərin bəzi məktəblərdəki nöqsanları şəxsi maraqlarına görə ört-basdır etmələri iddia olunur.

    Laçın rayon sakini, hazırda Ağcabədi rayon Taxta Körpü ərazisindəki Şeylanlı obasında müvəqqəti məskunlaşmış Baxşeyiş Salyan oğlu Xudayarov Azərbaycan prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Maliyyə naziri Samir Şərifova, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə media vasitəsi ilə müraciət edib.

    B.Xudayarov müraciətində qeyd edir ki, Maiyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyinin Laçın Rayon Təhsil Şöbəsində 7 ay (mart ayının 1-dən) apardığı yoxlama zamanı ciddi maliyyə pozuntularına yol verildiyi aşkarlanıb. Müəyyən olunmuş aşağıdakı nöqsanlar isə hansısa səbəbdən qabardılmayıb.

    Ölkə KİV-ləri yazır ki, həmin faktlar ancaq müfəttişliyin rəisi Ədalət Nəbiyevin şəxsi “korrupsiya dəftər”ində qeyd olunur:

    “Laçın təhsilinin tabeliyində olan məktəblərin 90 faizində dərnəklərin və fakültətiv məşğələlərin jurnalları ümumiyyətlə yoxdur, bu dərs saatları tədris olunmayıb. Formal olaraq məktəb direktorları müəllimlərin adına maaş yazaraq, əməkhaqqı cədvəllərində bu saatların tədrisi üçün ayrılan vəsaiti mənimsəyiblər”.

    B.Xudayarov iddia edir ki, rayonun ümumtəhsil məktəblərində işləyən texniki işçilərin mütləq əksəriyyətinin əməkhaqqı kartları özlərində olmadığı və hansı işdə işlədiklərini bilmədikləri ortaya çıxıb:

    “Hətta çoxunun faktiki yaşayış yeri adı işci kim getdiyi məktəbin yerləşdiyi ərazidə deyil.

    Üstəlik, sağlam olduğu halda bir dərs lində bir müəllimi 5-6 dəfə saxta bülletenə çıxarıblar. Yoxlama zamanı müəyyən olunub ki, həmin müəllim bülletendə olduğu tarixdə dərs jurnalını özü yazıb, əvəzetmə olmayıb”.

    Şikayətçi yazır ki, təhsil şöbəsində 100-dən çox sağlam şagird məktəbə gələ-gələ saxta sənədlər düzəldərək evdə təhsilə cəlb etmək adı altında fərdi dərs saatları ayırmaqla büdcə vəsaitini mənimsəyiblər:

    “Ümumtəhsil məktəblərində sinif komplektlərinin normadan artıq saxlanılması üçün 10-11-ci sinif şagirdləri məktəbə gəlməyə-gəlməyə davamiyyət yazılıb. Yoxlama zamanı məlum olub ki, bu şagirdlərin heç birinin yoxlama yazı işi yoxdur, yəni məktəbə gəlməyiblər.

    Bakı şəhərində yaşayan və adına təhsil şöbəsinin Ağcabədi rayon Taxta Körpü ərazisində yerləşən məktəblərində 24-36 saat dərs yazılan bir neçə müəllimin olduğu və dərs jurnallarını özlərinin yazmadığı aşkarlanıb. Bu müəllimlər özəl müəssisələrdə çalışır. Sadəcə, pedoqoji stajı olsun deyə adlarına dövlət vəsaitinin yazılıb mənimsənilməsinə razı olublar”.

    B.Xudayarovun iddiasına görə, məktəblərin zəruri və əsaslı təmir-bərpa işlərinə, dəftərxana ləvazimatlarının, istilik sistemlərinin, digər avadanlıqların alınmasına və digər xərclər üçün ayrılmış vəsaitin təyinatı üzrə xərclənmədiyi də ortaya çıxıb:

    “Yoxlamalar zamanı yüzdən çox belə qanun pozuntusuna yol verildiyi aşkara çıxsa da, Ədalət Nəbiyev yüksək məbləğdə rüşvət qarşlığında bu faktları ört-basdır edib”.

    Müraciətdə bildirilir ki, məktəblərin əksəriyyətində yol verilmiş maliyyə pozuntularına düzəliş etmək mümkün olmadığından Ə.Nəbiyev Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənova tapşırıq verərək həmin məktəblərin arxivlərini müxtəlif yolarla yox etdirir...

    Təhsil işçilərinin yazdıqlarından belə ehtimal olunur ki, Ə.Nəbiyevin rəhbərlik etdiyi komanda bəzi məktəb direktorlarından müəyyən faktların ört-basdır edilməsi müqabilində 4500-5000 manat rüşvət alıb. Təhsil işçiləri bunu təsdiqləyən gizli çəkilmiş vide-görüntünü də redaksiyamıza təqdim edəcəklərini bildiriblər.

    Səslənən ittihamları nəzərə alaraq “Reytinq” qəzeti redaksiyası Maliyyə Nazirliyinin müvafiq qurumundan Mətbuat Xidməti vasitəsi ilə cavab alıb.

    Nazirlik ittihamlara cavabında bildirib ki, həqiqətən də Laçın Rayon Təhsil Şöbəsində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyi tərəfindən yoxlama aparılıb. Aparılan yoxlamanın nəticəsi ilə aşkar edilmiş nöqsanların ciddiliyi nəzərə alınaraq, yoxlamanın nəticəsi üzrə sənədlər Respublika Prokurorluğuna göndərilib.

    Nazirlikdən bildiriblər ki, Laçın Rayon Təhsil Şöbəsində aşkar edilmiş nöqsanlara və bu nöqsanlara yol vermiş vəzifəli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi səlahiyyətləri Respublika Prokurorluğundadır: “Bu səbəbdən də, Laçın Rayon Təhsil Şöbəsində aparılan yoxlama üzrə bütün suallarla əlaqədar prokurorluğa müraciət etməyinizi tövsiyə edirik”.

    O ki qaldı Füzuli rayon məktəblərində aparılan yoxlamaya, Maliyyə Nazirliyindən bildiriblər ki, bu rayonda yoxlama artıq yekunlaşıb:

    “İlkin məlumatlara əsasən, Füzuli Rayon Təhsil Şöbəsinin məktəblərində cinayət məsuliyyəti yaradan nöqsanlar mövcud deyildir”.

    Yoxlamanı aparan nazirliyin məsul şəxslərinin rüşvət və digər şəxsi maraqları barədə ittihamlara gəlincə, Maliyyə Nazirliyinin cavabı belə olub:

    “Yoxlamaları aparan yoxlayıcıların qanunsuz hərəkətləri barədə hansısa müəllimdə dəqiq məlumatlar varsa, bu barədə prokurorluğa müraciət etsin”.

    Mailyyə Nazirliyindən Tərtər, Ağcabədi və Ağdam rayonlarının ümumtəhsil məktəblərində hələ ki, yoxlamaların aparılmadığı da bildirilib.

    Rubrika.Az


    Facebook-da paylaş