• Ermənistan üçün gerisayım başlayır - Kritik bir ay

    Ermənistan üçün gerisayım başlayır - Kritik bir ay

    Rusiyadan işğal ortağına sürpriz gözlənti; Kreml İrəvanı indi də Türkiyə və Avropa Birliyi ilə sınağa çəkməyə hazırlaşır; baş nazir Dmitri Medvedyev AB-nin “Şərq tərəfdaşlığı”nın sammiti ərəfəsində Ermənistana Putinin hansı mesajını gətirəcək - işğalçı ölkənin rəhbərliyi təlaşda...

    Rubrika.az musavat.com-a istinadla bildirirki, Rusiyanın baş naziri Dmitri Medvedyev İrəvana səfərə hazırlaşır. Səfərin dəqiq tarixi hələlik bəlli olmasa da, onun bu ay ərzində reallaşacağı gözlənilir. Bu da kifayət qədər məntiqli görünür. Çünki cəmi bir ay sonra - noyabrda Avropa Birliyinin (AB) paytaxtı Belçikada təşkilatın “Şərq tərəfdaşlığı” üzvlərinin sammiti keçiriləcək.

    Xatırladaq ki, AB-nin “Şərq tərəfdaşlığı” proqramına 6 ölkə - Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova, Belarus və Moldova daxildir. Bu proqramın əsas hədəfi Rusiya ilə bu həmsərhəd postsovet ölkələrini (Ermənistan Rusiya ilə ortaq sərhədə malik deyil) tədricən Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaqdır.

    Artıq Gürcüstan, Moldova və Ukrayna ilə AB arasında assosiativ saziş imzalanıb, bu üç ölkə ilə AB arasında viza rejimi də aradan götürülüb. Yerdə qalan 3 ölkə, o sırada Azərbaycan Rusiya faktorundan daha çox ehtiyat edərək, təşkilatla individual, ikitərəfli çərçivə sazişi imzalamağı üstün tuturlar.

    Ən qəliz vəziyyətdə isə təbii ki, işğalçı Ermənistandır. Çünki digər “Şərq tərəfdaşlığı” ölkələrindən fərqli olaraq, İrəvan xarici siyasətdə və yeni strateji tərəfdaşlar tapmaq məsələsində bütünlüklə Rusiyadan asılıdır, faktiki onun vassalı, satelliti (siyasi peyki) statusundadır.

    Ən maraqlısı da Ermənistan rəhbərliyinin də Brüssel sammiti çərçivəsində AB ilə çərçivə anlaşması imzalamağa hazırlaşmasıdır. Ötən saylarımızda yazdığımız kimi, bu haqda artıq İrəvan rəsmiləri, o cümlədən prezident Serj Sərkisyan bəyanat verib. Sərkisyan bundan ötrü Brüsselə şəxsən gedib sənədi imzalayacağını da vəd edib (Həmin sammitdə Azərbaycan prezidentinin də iştirakı gözlənilir).

    Ancaq Ermənistanda qarşıdakı olaydan, yaxud mühüm gözləntidən dolayı bir təlaş da yaşanır. Çünki Moskvanın 2013-cü ilin sentyabrındakı kimi öz vassalına AB ilə çərçivə sazişi imzalamağa icazə verib-verməyəcəyi hələ də qaranlıqdır. O vaxt son anda Putin Sərkisyanı Kremlə çağıraraq, onu Qarabağla hədələmiş, nəticə etibarilə Sərkisyan dərhal geri çəkilmişdi: Ermənistan Avropa Birliyinə deyil, Avrasiya Birliyi və Gömrük İttifaqına qoşulmaq qərarına gəlmişdi.

    Yəni, düşmən ölkədə daha bir analoji presedentin təkrarlana biləcəyindən ehtiyatlanma qalır. Hərçənd, erməni yetkililəri nikbin görünürlər. Bütün hallarda Ermənistan üçün gerisayım artıq başlayıb.

    *****

    Bəzi analitiklərə görə, Medvedyevin Ermənistan səfəri bu xüsusda daha çox kəşfiyyat xarakteri daşıyacaq və baş nazirin ziyarəti Putinin əsas mesajını Sərkisyana çatdırmaq niyyəti güdəcək. Bu barədə Ermənistanın aparıcı nəşrlərindın olan “Qraparak”ın son sayındakı qeydlər diqqət çəkir. Qəzet yazıb: “Avrasiya Birliyinin Moskvadakı son iclasında Dmitri Medvedyev Avrasiya İttifaqı-İran münasibətləri ilə bağlı çox maraqlı fikirlər səsləndirdi. O, İranın ittifaqdan hər şey alacağını, amma əvəzində heç nə verməyəcəyini bildirdi. Ekspertlərin əksəriyyətinin fikrincə, əsas problem Türkiyə-Azərbaycan tandemidir. Rusiya onların Avrasiya Birliyinə qoşulmasında daha çox maraqlıdır. Məsələ ondadır ki, Türkiyə bir müddət öncə Rusiyaya Ermənistanın Avrasiya Birliyindən çıxacağı halda bura girəcəyini bəyan etmişdi. Çoxlarının fikrincə isə, Medvedyevin İrəvana səfərinin əsas məqsədi Türkiyəyə Ermənistanla olan ”strateji" tərəfdaşlığının önəmini göstərmək yox, Ermənistan-Avropa Birliyi assosiasiya sazişinin imzalanmasının qarşısını almaq üçün fürsətin olub-olmadığını anlamaq cəhdidir"

    *****

    Belədirsə, demək, Moskva hər halda Ermənistanın Avropa Birliyi ilə yeni sənəd imzalamasından, yumşaq desək, məmnun deyil. Bəlkə də belə bir çərçivə sənədini AB ilə Bakı arasında imzalansa, Kremldə bir elə qıcıq yaranmaz. Amma Ermənistan - başqa. Çünki işğalçı ölkə bütün mənalarda Rusiya hesabına mövcud olan, Rusiya hesabına Azərbaycan ərazilərini işğal altında saxlayan, kasad iqtisadiyyatı bütünlüklə Rusiyaya bağlı olan, hətta işğalçı ordusu silahları belə ondan güzəştlə, ən ucuz qiymətə, kreditlə alan ölkədir.

    Qısası, Ermənistan hər şeyə görə Rusiyaya borcludur. O üzdən İrəvanın Kremlə kiçicik xəyanətini belə - həm də Rusiyanın bu dəqiqə kritik münasibətlərdə olduğu ABŞ və Avropa ilə xəyanəti Moskva əsla həzm edə bilməz və bədəli çox ağır olar.

    “Allah eləsin, mən yanılım, ancaq indiki hakimiyyətin heç bir müstəqilliyi yoxdur. Avropa sistemi ilə yaxınlaşma erməni hakimiyyətinin davranışımdan hiss edilmir. Mən artıq yazmışdım ki, onlar sənədi imzalaya bilməzlər. Çünki onlara icazə verməzlər”.

    Musavat.com-un məlumatına görə, bu sözləri “Milli müqəddəratı təyinetmə” birliyinin lideri Paruyr Ayrikyan 1in.am saytına açıqlamasında deyib. Onun qənaətincə, bu dəfə də Moskva İrəvana “dobro” verməyə bilər.

    “Mən söz vermişəm ki, əgər bu məsələdə yanılsam, özüm-özümü cəzalandıracağam və ən azı, 6 ay müsahibə verməyəcəyəm. Mən onların (hakimiyyətin - A.X.) mahiyyətini bilirəm və buna əminəm. 2013-cü ildə də demişdim ki, belə bir şeyi təsəvvürə gətirmirəm və faktiki surətdə yanılmadım”, - deyə müxalif erməni siyasətçisi xəbərdarlıq edib.

    Hərçənd, onun fikrincə, belə bir sənədin imzalanması Ermənistan üçün proqressiv addım olardı: “Onu da qeyd edim ki, 2013-cü ildə avropalılar özlərini yanlış apardılar. Onlar özlərini belə ehtiyatlı aparmamalı idilər. Siz nə edirsiniz, Serj o vaxt öz rəhbəri Putinlə görüşdü, nəsə elan elədi. Amma dedilər, danışıqları davam etdirin, Serj isə imzalamağa getmir. Nədən siz Serjin bəyanatını danışıqların bitməsi hesab edirsiniz? Hər halda o, ölkənin prezidentidir - hansını ki, qorxutmaq olar. Bir çox ciddi adamlar da mənə deyirdilər ki, onları qorxudublar. Mən ondan narahatam ki, son məqamda Rusiya yenə (AB ilə sənədi - A.X.) imzalamağa imkan verməyə bilər”.

    Ayrikyakın söylədiklərindən də göründüyü kimi, nəinki Sərkisyan rejimi, bütövlükdə işğalçı Ermənistan üçün kritik bir ay, daha dəqiqi gerisayım başlayıb. Kremlin İrəvana sürprizi növbəti sürprizi istisna deyil.

    Rubrika.Az


    Facebook-da paylaş