• Məkrli “vətənpərvərlik”dən yaranan “qərəzli tarixşünaslıq” - “Ümumi tarix” dərsliyində yer alan “xəritə qalmaqalı”

    Məkrli “vətənpərvərlik”dən yaranan “qərəzli tarixşünaslıq” - “Ümumi tarix” dərsliyində yer alan “xəritə qalmaqalı”

    Tarixdən ancaq pafoslu çıxışlar səviyyəsində anlayışı olanlar baş verənləri Təhsil Nazirliyinin “tarixi səhvi” kimi dəyərləndirərək reytinq qazanmağa cəhd edirlər

    Mikayıl Cabbarovun ümummilli liderin ideyalarına sədaqəti və müasir dünya təcrübəsindən yararlanmaq qabiliyyəti bu günkü təhsilimizin uğurlarını şərtləndirən əsas amillərdir


    Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçmişdir.
    Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə – XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanmışdır. Ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəblər tikilmiş, bir çox məktəblər üçün yeni korpuslar inşa olunmuşdur. Bu proses ən ucqar bölgələrimizi də əhatə etmişdir.
    Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva müntəzəm olaraq təhsil sahəsində inkişafı dəstəkləyən yeni-yeni layihələrlə çıxış edir. Fond 2005-ci ildən təhsil sahəsində daha bir təşəbbüslə çıxış edərək “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirməyə başlayıb. Layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etməkdən, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaqdan, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdan, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdən ibarətdir.
    Rubrika.Az bildirir ki, ümummili liderin millətin gələcəyi hesab etdiyi təhsil sahəsinə göstərilən dövlət qayğısı ildən-ilə artan temp üzrə davam edir. Dövlət tərəfindən bu istiqamətdə lazımi addımlar atılır. Azərbaycan təhsilini müasir dünya standartlarına uyğunlaşdırmaq üçün təbii ki, müasir dünyagörüşlü kadrların bu sahəyə rəhbərlik etməsi zəruridir. Təsadüfi deyil ki, 2013-cü ildə cənab prezident Azərbaycan təhsilində yeni mərhələnin başlanğıcı hesab olunan təyinat edərək Mikayıl Cabbarovu Təhsil naziri təyin etdi. Bu təyinatdan sonra tam məsuliyyətlə demək olar ki, ölkə təhsili keyfiyyətcə yeni dövrə qədəm qoydu. Davamlı islahatların həyata keçirilməsi, beynəlxalq təcrübənin uğurla tətbiqi təhsilin bütün pillələrində dinamik inkişafa səbəb oldu. Təbii ki, aparılan islahatların başlıca məqsədlərindən biri ölkəmizin təhslini, dünya, o cümlədən Avropa təhsil sisteminə uyğunlaşdırmaq, inteqrasiya etməkdir. Aparılan davamlı islahatlar nəticəsində vahid təhsil məkanı formalaşdırılır, təhsil xidmətlərinin mobilliyi təmin olunur, yeni təhsil standartları və təhsilin təşkilini reqlamentləşdirən normativ sənədlər işlənib hazırlanır. Təhsil naziri kimi Mikayıl Cabbarovun ümummilli liderin ideyalarına sədaqəti və müasir dünya təcrübəsindən yararlanmaq qabiliyyəti bu günkü təhsilimizin uğurlarını şərtləndirən əsas amillərdir. Eyni zamanda qarşıya qoyulan hədəflərə çatmaq üçün çevik işləyən vahid bir komanda formalaşdırılıb. Ceyhun Bayramov, Mətin Eynullayev, Elnur Əliyev, Rəşad Tağıyev kimi uğurlu kadrların bu istiqamətdə atdığı addımlar təqdirəlayiqdir.
    Ancaq, cəmiyyətdə uğurlara sevinənlər, təqdir edənlər olduğu kimi onları gözü götürməyənlər, hər şeyi tünd rəngdə görənlər də hər zaman olub. Bir kiçik qüsurdan yararlanan, “stəkanda fırtına qoparan” belə “millət fədai”ləri üçün hər kiçik xəta göydəndüşmə fürsətdir. Üzeyir bəyin personajı Rza bəy kimi “qəzetlər padşahı” olan belə əhli-qələmlər ələ düşən fürsəti fövtə verməyərək içlərində olan kini, nifrəti, qəzəbi püskürürlər.
    Son günlər ümumtəhsil müəssisələrinin 10-cu sinfi üçün hazırlanan “Ümumi tarix” dərsliyində yer alan “xəritə qalmaqalı” ətrafında müzakirələr səngimək bilmir. Baş verən bu səhvə heç də haqq qazandırmaq niyyətimiz yoxdur və məsuliyyət daşıyanlar mütləq cəzalandırılmalıdır. Ancaq görülən bütün müsbət işlərin üstündən bir andaca xətt çəkmək, bunu az qala milli xəyanət səviyyəsinə qaldırmaq da lazım deyil. Təhsil Nazirliyinin bu il ilk dəfə kurikulum üzrə 10-cu sinif dərsliklərini qısa müddət ərzində yüksək keyfiyyətlə yenidən hazırlanması, ictimai müzakirəyə təqdim etməsi çox təqdirəlayiq addım idi. Demək olar ki, bütün təhsil müəssisələrində çalışan ixtisas müəllimlərinin yeni dərsliklərə münasibət bildirməsi təmin olunmuşdu. Bu Azərbaycan təhsilində bir ilk idi və uğurla nəticələndi. Yeni hazırlanan dərsliklərdə müasirliklə bərabər milliliyin qorunub saxlanılması da xüsusi qeyd edilməlidir. Amma, tarixdən ancaq pafoslu çıxışlar səviyyəsində anlayışı olanlar baş verənləri Təhsil Nazirliyinin “tarixi səhvi” kimi dəyərləndirərək reytinq qazanmağa cəhd edirlər. Nəzərə almaq lazımdır ki, dünyanın siyasi xəritəsi 2 min il əvvəl çəkilmiş xəritələrə əsasən çəkilmir. Müasir dünya artıq yeni meyarlar əsasında idarə olunur.
    Bir daha qeyd etmək istəyirik ki, baş verən qüsura heç kim, heç Təhsil Nazirliyi belə haqq qazandırmır.Amma, belə xırda qüsurları böyütməklə əslində düşmən təbliğatına meydan açırıq. Yalançı erməni tarixşünaslığı isə belə fürsəti göydəndüşmə hesab edir.
    Unutmayaq ki, təkcə dərslik sahəsində son zamanlar Təhsil nazirliyi çox böyük işlər görüb. Tam müasir standartlara cavab verən dərsliklər yazılır və bu proses bu gün də davam etdirilir. Bütün bu mütərəqqi addımlara dəstək olmaq əvəzinə görülən işlərə ləkə vurmaq ancaq qərəzli münasibətin təzahürü hesab oluna bilər.
    Sonda Hötenin bir deyimini xatırlamaq istərdik : “İnsan yanılanda bunu hamı görür, yalan danışanda isə çox az adam görə bilir”.

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş