• Manat boğulmasın deyə,iqtisadiyyatı ayağının altına alır...

    Manat boğulmasın deyə,iqtisadiyyatı ayağının altına alır...

    “Məzənnə dövriyyədə olan manat kütləsinin həcmindən asılıdır” - ekspert

    Mərkəzi Bank sonuncu açıqlamasında manatın tam üzən məzənnə rejimində olması ilə bağlı bir daha israr etsə də, əslində durumun necə olması hər kəsə bəllidir. Belə ki, əhali AMB-nin istənilən qərarının arxasında devalvasiya izi axtarır və manatın ucuzlaşması ehtimalı real sektorda çalışanları da bir an rahat buraxmır.

    Mərkəzi Bankın sonuncu açıqlamasında isə bildirilib ki, manatın tam üzən məzənnə rejiminə keçidi artıq təmin olunub. Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev bildirib ki, Mərkəzi Bankın makroiqtisadi göstəricilərə təsiri pul siyasəti ilə həyata keçirilir. Yəni ki, artıq məzənnəyə təsir bazara birbaşa müdaxilə etmək hesabına deyil, dolayı təsirdir. Mərkəzi Bankın rəsmi açıqlamasına baxmayaraq, bəzi iqtisadçı ekspertlər belə hesab edirlər ki, manat üzən məzənnə rejimində fəaliyyət göstərmir.

    İqtisadçı ekspert Əkrəm Həsənov isə hesab edir ki, hökumətin pul kütləsinə nəzarəti artırması elə manatın məzənnəsinə təsir imkanlarını əlində saxlamaq deməkdir: “Son nəticədə məzənnə dövriyyədə olan manat kütləsinin həcmindən asılıdır. Son iki il ərzində dövriyyədəki manat kütləsi təxminən iki dəfə azalıb. Bunu Mərkəzi Bank edib. Banklara kreditləşdirməni azaltmaq və banklara artıq manat vəsaitini yüksək faizlə əmanət kimi qəbul etdirməklə. Nəticədə ölkə iqtisadiyyatı pulsuz qalıb. Halbuki pulun elə əsas təyinatı iqtisadi dövriyyəni təmin etməkdən ibarətdir. Bir növ canlı orqanizmdə qanın həcmi kəskin azalıb. Amma sırf məzənnə kontekstində bu siyasət hətta tam üzən məzənnə rejimi şəraitində səmərəlidir”.

    İqtisadçı vurğuladı ki, belə olan halda məzənnəni qorumaq elə də çətin deyil: “Manatın miqdarı kəskin azdırsa, dolları hansı vəsaitlə almaq mümkündür ki?! Bu baxımdan, ölkədə həqiqətən də üzən məzənnə rejimi olsa belə, manat kütləsini azaltmaq hesabına devalvasiyanın qarşısını almaq olar. Başqa məsələ ki, nəticədə iqtisadiyyat tənəzzülə uğrayır, ödəniş sistemi iflic olur. Buna görə də bizdə indi çox anormal vəziyyət yaranıb: manat və onun məzənnəsi ali məqsədə çevrilib, iqtisadiyyatın pulla təmin edilməsi isə ikinci dərəcəli hədəf olub. Halbuki manat son nəticədə şərti dəyərdir, kağız parçasıdır və özü-özlüyündə manatın məzənnəsi müstəqil məqsəd olmamalıdır. Amma əlbəttə, dövriyyədə iqtisadiyyatın dövriyyəsini təmin edəcək qədər manat olsa və bu zaman üzən məzənnə rejiminə keçilsə, devalvasiya olacaq”.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Mərkəzi Bank hazırkı manatın məzənnəsinə təsir göstərir və bu düzgün siyasətdir: “AMB manatı müəyyən qədər qoruyub saxlamağa çalışır. Buna müəyyən qədər şərait də yarandı. Çünki Mərkəzi Bank pul kütləsinə nəzarət mexanizmini həyata keçirdi. Artıq pul xərclənməsinə ehtiyac görmədi. İkincisi, neftin qiymətində ciddi azalmalar yoxdur, 55-60 dollar civarındadır. İdxal-ixrac əməliyyatlarında müsbət saldo var. Bütün bunlar manatın məzənnəsini qoruyub saxlamağa kömək edir”.

    Deputatın sözlərinə görə, burada başqa məqamlar da var: “Bu ilin sonunda görək ÜDM-də artım nə qədər olacaq. Mərkəzi Bankın pul kütləsinə nəzarət etməsi real sektorun inkişafına da təsir göstərib. Biz real sektorun inkişafı üçün də dövriyyəyə pul buraxmalıyıq. Bu ilin sonuna kimi manatı qoruyub saxlamaq mümkündür. Ancaq gələn ildən müəyyən problemlər yarana bilər. Həm ilin sonunda dövlət borclarının qaytarılması dövrüdür və bunun üçün dollara tələb artır. Həm də FED dolların məzənnəsinə, uçot dərəcəsinə yenidən baxacaq. Neftin qiymətinin hansı istiqamətdə dəyişməsi də burada rol oynaya bilər”.

    V.Əhmədov da qeyd etdi ki, faktiki olaraq, Mərkəzi Bankın manatın məzənnəsinə müdaxilə imkanları var: “Tam olmasa da, üzən məzənnə siyasətinə müəyyən qədər riayət olunur. Bu ilin sonuna kimi hazırkı məzənnə səviyyəsində manatın məzənnəsinin qorunub saxlanacağı gözlənilir”.

    Rubrika.Az


    Facebook-da paylaş