• Paytaxt mağazalarında göz oxşayan yalançı endirim adıyla müştərilər necə aldadılır?!

    Paytaxt mağazalarında göz oxşayan yalançı endirim adıyla müştərilər necə aldadılır?!

    Hər mövsümdə paytaxtın bütün geyim mağazalarında yüksək endirimlər göz oxşayır. Amma bu endirimlər təkcə geyim mağazalarına şamil edilmir. Endirimlərin şəbəkəsi genişdir. Həm ətirlərə, həm kosmetik vasitələrə, həm də məişət əşyalarına böyük endirimlər olur. İri şriftlərlə yazılmış endirim kampaniyaları hər bir alıcının diqqətini cəlb edir. Hətta, 50-70 faizədək endirimlər təklif olunur.

    Müştərilərin çoxu isə bu cür endirimlərin heç də real olmadığı qənaətindədir.

    Endirimlərlə bağlı mütəxəssislər nə düşünür?

    Saxta endirim adı altında müştərilərin aldadılması qanunla necə tənzimlənir?

    RUBRİKA.AZ Modern.az-a istiandən xəbər verir ki, istehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi İctimai Birliyinin sədri, iqtisadi elmlər namizədi Azər Sərdarov bildirib ki, saxta endirimlər istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə ziddir:

    “Saxta endirimlər eyni zamanda qiymətlərin süni artırılması kateqoriyasına aiddir, çünki bu halda süni şəkildə istehlakçıları aldadırlar. Ona görə də bütün mağazalar endirim və ya reklam elan edən zaman endirimin hansı mallara şamil olunduğunu dəqiq göstərməlidirlər. Eyni zamanda, qiymətlərin monitorinqi aparılmalıdır. Məhsulların real qiymətləri müəyyənləşdirilməlidir. İndi mağazalar ən yüksək endirmi elan edirlər, əslində isə bu qanuna ziddir. Çünki qanunvericilik imkan vermir ki, onlar ən yüksək endirimi reklam kimi istifadə etsin. Bu, süni şəkildə istehlakçıları cəlb etmək və onları aldatmaq deməkdir”.

    A.Sərdarov bildirib ki, problemin həlli üçün istehlakçı hüquqlarının qorunması üçün qanunun qəbul edilməlidir:

    “Bu qanun çərçivəsində saxta endirimlərlə bağlı mübarizə aparılmalıdır. İqtisadiyyat Nazirliyi qiymətlərin monitorinqini aparmalıdır, endirimin nə dərəcədə real olduğunu müəyyənləşdirməlidir”.

    Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza açıqlamasında deyib ki, endirim elanlarında qanuna zidd olan bir çox hallar mövcuddur:

    “İstehlakçı endirim reklamını yayan mağazaya daxil olduqdan sonra, tələb etdiyi malı almaq istəyəndə satıcılar ona deyir ki, endirimlər buna aid deyil. Bundan əlavə, bu cür kampaniya aparılan mağazalarda alınan mal əgər istehlakçının tələbini ödəmirsə, onu geri qaytarmırlar. Üstəlik, səbəb kimi həmin malın endirimli qiymətlə satılmasını göstərirlər”.

    Eyyub Hüseynov deyir ki, Azərbaycanda endirimlərin 50 faizi yalandan ibarətdir.

    “Düzdü, dövlət orqanları bu problemlərlə mübarizə aparır, amma bu sahədə olan problemlər hələ davam etməkdədir. Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən, bütün mağazalarda malların üzərində maddi məsul şəxsin imzası ilə rəsmi qiymət sənədi olmalıdır və endirim edən zaman istehlakçıya onun əvvəlki qiymətinin rəsmi sənədləri göstərilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanuna görə istehlakçının satılan malın əvvəlki qaimələrini, rəsmi sənədlərini tələb etmək hüququ var. Lakin Azərbaycanda belə deyil. Satılan malların 70 faizinin ümumiyyətlə heç bir rəsmi sənədi yoxdur. Bizim mağazalarda sadəcə etiketlərin üzərində müəyyən bir qiymət yazılır, endirim olduqda isə qələmlə üstündən xətt çəkilərək yeni qiymətləri göstərilir. Qanunvericiliyə əsasən, rəsmi sənədlər əsasında istehlakçı görməlidir ki, endirim nə qədər və necə olub”.

    Eyyub Hüseynovun sözlərinə görə, hər mövsüm gələndə alıcılar aldadılmaqla yanaşı, həm də soyulur.

    “Şişirdilmiş qiymətlər və yalançı endirimlərlə bağlı böyük problemimiz var. Bu da onu göstərir ki, ölkəmizdə mükəmməl və perspektivli istehlakçı siyasəti formalaşmayıb. Saxta kampaniyaların təbliği insanların cibini bir növ soymağa hesablanıb”.

    RUBRİKA.AZ


    Facebook-da paylaş