• Adları kriminal olaylarda hallanan xanım MÜĞƏNNİLƏR

    Adları kriminal olaylarda hallanan xanım MÜĞƏNNİLƏR

    Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın (Məmmədova Fədayə Baris qızı) saxlanılıb. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 304. 2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

    Rubrika.Az Modern.az-a istinadən adı cinayət əməllərində hallanan Azərbaycan şou-biznesinin digər xanım müğənniləri haqqında yazını təqdim edir.

    Həbsdə olan müğənnilərdən biri son illər ortaya çıxan və çoxlarının heç ifa tərzini eşitmədiyi Maral Tahirqızıdır. Əslində onu müğənni edən media oldu.
    2015-ci ildə barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılmışdı. Xətai Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilən müğənni bu il oktyabrın 14-də azadlığa buraxılıb.

    Mərhum xalq artisti İlhamə Quliyevanın adı əvvəlcə məşhur adam oğrusu – Daxili İşlər Nazirliyinin keçmiş zabiti Hacı Məmmədovla, daha sonra isə ləğv edilmiş MTN hadisələrində hallanıb. Onun Hacı Məmmədovla olduğu kimi, sabiq MTN rəhbərliyilə də şəxsi münasibətlər qurduğu deyilirdi. İ.Quliyeva son hadisələrlə bağlı açıqlama verməsə də, Hacı Məmmədovla dostluğunu özü də təkzib etmirdi, ancaq "qara işlər”indən xəbərsiz olduğunu vurğulayırdı.
    Amma bu məlum idi ki, Hacı Məmmədovun "Qarabulaq” istirahət mərkəzi İlhamə Quliyevanın sıx-sıx getdiyi yerlərdən biri idi. Mətbuat bir vaxtlar İlhamə Quliyevanın Hacı Məmmədovla birgə çəıkilmiş fotosunu da yaymışdı.

    Hacı Məmmədovun daha bir "qurbanı” xalq artisti Brilliant Dadaşova olmuşdu. Hacı Məmmədovun dəstəsinin zərərsizləşdirildiyi məşhur "Qara kəmər” əməliyyatından sənətçi ölkəni tərk etmək istəyərkən Bakı Hava Limanında saxlanılmışdı. O zaman hətta daxili işlər naziri Ramil Usubovun özü Brilliant xanımın olayı ilə bağlı mətbuata açıqlama vermişdi.

    Hacı Məmmədovla yanaşı adı çəkilən digər müğənni isə Manana Çaparidzedir. Manananın Hacı Məmmədovla "Qarabulaq” istirahət mərkəzində çəkdirdiyi fotolar başına bəla olmuşdu. O zaman M.Caparidzeyə H.Məmmədovun «Mercedes” markalı avtomobil hədiyyə etdiyi də iddia edilirdi.

    Məlum MTN hadisələrində əməkdar artist Mətanət İsgəndərlinin də adı hallanıb. Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev dəfələrlə ifaçını "MTN agenti” olmaqda günahlandırıb. E.Abdullayev qardaşı Mahir Abdullayevlə bağlı cinayət əməlində onun da əlinin olduğunu iddia edib. Bildirib ki, Mahir Abdullayev Mətanət İsgəndərli ilə israrlı dəvətlərdən sonra görüşüb, həmin görüşdə dava düşüb, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra isə MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb. Beləcə Mahir Abdullayev itkin düşüb.

    Ötən ilin oktyabr ayında müğənni Mətanət İskəndərlinin adı ikinci dəfə "MTN işi”ndə hallanmışdı. Müğənninin keçmiş MTN generalı Akif Çovdarovun məhkəməsində dindiriləcəyi də ehtimal olunurdu.

    Lakin müğənni bu məlumatları çox soyuq qarşılayaraq, jurnalistlərin suallarından yan qaça bilmişdi. Sonda gözlənildiyi kimi xalq artisti məhkəməyə çıxarılmadı.

    Həbs olunmaq təhlükəsi olan müğənnilərdən biri də Rəqsanədir. 2012-ci ildə Suraxanı rayon Polis İdarəsində onun barəsində dələduzluq və xeyli miqdarda dələduzluq etmək maddəsi ilə cinayət işi açılmışdı. Fakt üzrə 4 nəfər zərərçəkmiş vardı. Həmin şəxslər müğənninin keçmiş sevgilisi Faiq Azayev, keçmiş prodüseri Təranə Səmədova və digər 2 nəfərdir. Müğənninin F.Azayevə 200.000 manat, T. Səmədovaya 27.000 manat məbləğində borclu olduğu bildirilirdi. Rəqsanə İsmayılova 2014-cü ildə yenidənməhkəməyə verilib. Bəstəkar-müğənni Hikmət Aslanov Rəqsanədən Səbail rayon Məhkəməsinə şikayət edib.

    Hikmət Aslanov şikayətində qeyd edib ki, Rəqsanə onun müəllifi olduğu mahnını oğurlayıb. Bəstəkar-müğənni Rəqsanənin Cinayət Məcəlləsinin 165.1-ci (müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə) maddəsi ilə cəzalandırılmasını istəyib. Səbail rayon Məhkəməsində işə baxan hakim şikayəti təmin etməyib. Hakim Rəqsanə İsmayılovanın əməlində cinayət tərkibinin olmadığı qənaətinə gəlib.

    "Elit-star" ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərovanın adı da cinayət əməlində hallanıb. Məlumatlara görə, ifaçının keçmiş qonşusu polisə şikayət edərək bildirib ki, Cəmilə tanışı ilə birlikdə yaşadığı Nizami rayonu ərazisində qonşusunun avtomobilini mənimsəyib və bu yolla dələduzluq edib. Həmin şikayət əsasında müğənni istintaqa çağırılaraq dindirilib.

    Rubrika.Az


    Facebook-da paylaş