• S.Cəlaloğlu: "Azərbaycanda dərman istehsalı adı altında nə yaratmaq istəyirlər"

    S.Cəlaloğlu: "Azərbaycanda dərman istehsalı adı altında nə yaratmaq istəyirlər"

    Yaxın vaxtlarda Azərbaycanda dərman zavodu fəaliyyət göstərəcək. Beləliklə də Azərbaycan özünün dərman istehsalına başlayacaq. Hökumətin proqnozuna görə, dərman preparatlarının istehsal həcmində kəskin artım əldə ediləcək. Qeyd edək ki, 2019-2021-ci illərdə dərman preparatlarının kəskin artımı Azərbaycanda üç əczaçılıq müəssisəsinin istifadəyə veriləcəyi ilə izah edilir. Hökumətin proqnozuna görə 2017-ci ildə əczaçılıq məhsullarının istehsalı 475,6 min manat səviyyəsində gözlənilir. 2016-cı illə müqayisədə istehsal həcmi 197,5 min manat artacaq. 2018-ci ildə əczaçılıq məhsullarının istehsalı 95,2 min manat - 570,8 min manatadək çoxalacaq.

    Rubrika.az cebhe.info-ya istinadən bildirir ki, 2019-cu ildə hökumət əczaçılıq məhsullarının istehsalında kəskin artım proqnozlaşdırır. 2019-cu ildə 48,7 mln. manat səviyyəsində istehsal gözlənilir, bu da 2017-ci ilin göztəricisindən 101 dəfə çoxdur. 2020-2021-ci illərdə Azərbaycanda müvafiq olaraq 80,8 mln. manat və 80,9 mln. manat həcmində dərman istehsalı planlaşdırılır. Qeyd edək ki, 2016-cı ilin noyabr ayında Pirallahı Sənaye Parkında "Hayat pharm"Azərbaycan-Rusiya birgə müəssisəsinin təməlqoyma mərasimi keçirilib. Zavodun illik istehsal gücü 22,5 mln. qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. İlkin mərhələdə zavodda 89 çeşiddə dərman istehsal olunacaq. Layihənin iştirakçıları Azərbaycan İnvestisiya Şirkəti, “Vita-A” MMC və Rusiya Federasiyasının “R-Pharm” şirkətidir. Zavodun investisiya dəyəri 74 mln. dollar təşkil edir. Bundan əlavə 2017-ci ilin yanvar ayında Pirallahı Sənaye Parkında yeni "Caspian Pharmed" əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib. Layihədə İranın “TPİCO” şirkəti 49%, “Azərsun Holdinq” 26%, "Azərbaycan İnvestisiya Şirkəti" ASC 25% iştirak payına malikdir. Birinci mərhələdə həb və kapsul, ikinci mərhələdə ampul və flakon, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı planlaşdırılır. Birinci mərhələdə zavodda ildə 200 mln.-dan çox həb və kapsul, ikinci mərhələdə 54 təsiredici maddə, üçüncü mərhələdə 84 adda dərman preparatı istehsal olunacaq.

    Bundan əlavə, cari ilin noyabr ayında Azərbaycan İnvestisiya Şirkəti ASC və Ukraynanın “İndar” şirkəti arasında zavod istehsalına dair qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Zavod Pirallahı Sənaye Parkı ərazisində inşa ediləcək. Zavodun tikintisinə sərmayələr 17 mln. dollar həcmində qiymətləndirilir.

    “Nə qədər ki, keyfiyyətə nəzarət yoxdur...”

    ADP sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə bildirib ki, dərman istehsalında çox böyük beynəlxalq rəqabət var:

    “Nə qədər ki Azərbaycanda keyfiyyətə nəzarət yoxdur, vətəndaşların sağlamlığından sui-istifadə hesabına pul qazanılır. Yeni müəssisədə də beynəlxalq standartlara uyğun dərman istehsal etmək, yüksək keyfiyyətə malik olmaq mümkünsüz haldır. Sovet dövründə Azərbaycan ən çox Moskvada istehsal olunan dərmanları alırdı. Bu mənada deyim ki, Azərbaycanda dərman istehsalı xalq üçün yaxşı bir şey vəd eləmir. Dərman kimi mühüm bir məshulun istehsalından əvvəl Azərbaycanda gərək ağır, yüngül və digər sənaye sahələri inkişaf etsin. Əgər daxili bazar üçün nəzərdə tutulubsa, bunun dövlət büdcəsinə böyük gəlir gətirməsi də mümkün deyil. Əhalinin dərmana olan ehtiyacı nə qədərdir ki, 3-4 zavod tikəsən və tələbatı ödəyəsən? İdarə edənlərin 90 faizi yalnız xaricdən alınan dərmanlara üstünlük verəcək. Deməli, bu müəssisələrin istehsalı o qədər də böyük bir gəlir gətirməyəcək”.

    S.Cəlaloğlunun dediyinə görə, ən yaxşı halda xaricdə vaxtı keçmiş dərmanları gətirib yeni adla Azərbaycanda satmağa başlayacaqlar:

    “Bu işlə məşğul olanların dərman siyasəti bundan ibarətdir. Məsələn, xaricdən dərman sifariş verirlər, dərmanların tərkibində bəzi maddələri çıxarıb, ucuz qiymətə gətirirlər. Bu cür dünyagörüşə, əxlaqa malik insanların dərman istehsalı ilə məşğul olmaları təxminən eyni vəziyyət yaradacaq. Bu gün dünyada ən böyük dərman istehsalçısı Hindistandır. Biz ilk növbədə dərman istehsalı üçün bu suala cavab verməliyik: Xammalı haradan alacağıq? Kütləvi istehsal üçün dərman xammalı varmı? Əgər burada sintetik dərmanların istehsalından söhbət gedirsə, bu, həddən artıq təhlükəli bir prosesdir. Vaxtilə bir alim deyirdi ki, insan gərək o qədər sağlam ola ki, həm xəstəliyə dözə bilə, həm də bizim dərmanlara...Dərman özü zəhər deməkdir. Dərmanın dozası bir qədər artıq oldusa, zəhər olur, dozası aşağı olursa, dərman olmur. Yəni, vaxtında biz bu prosesə düzgün nəzarət etməsək, zəhər zavodları kimi işləyəcəyik. Dövlətin nəzarəti bu məsələdə o qədər zəifdir ki, ictimai rəy burada nəzərə alınmır. Bu bir növ Azərbaycan əhalisini zəhərləyəcək. Bu gün Azərbaycan bazarlarında göyərtini də Gürcüstandan gətiririksə, dərman istehsalı sizcə mümkündürmü? Azərbaycanda dərman istehsalı adı altında nə yaratmaq istəyirlər, onunla bağlı konkret fikir deyə bilmərəm. Amma onu bilirəm ki, bu məsələdə yaxşı niyyətlər dayanmır”.

    Rubrika.az


    Facebook-da paylaş