• Brend mağazalar saxta ətirləri baha sataraq, müştəriləri aldadır

    Brend mağazalar saxta ətirləri baha sataraq, müştəriləri aldadır

    Ətir sevməyən insan varmı? Yəqin ki, çətin tapılar. Ətirləri ən çox sevən, istifadə edən xanımlardır. Ən bahalı ətirlər də xanımlar üçündür. Bakıda hər keyfiyyətdə, qiymətdə ətir tapmaq mümkündür.

    Hazırda ətir bazarında müştəri bolluğu baxımdan hegamonluq edənlər "İdeal”, "Sabina”, "Parfume De France”, "La Parfumerie” kimi mağazalar şəbəkələridir. Düzdür, burada təklif olunan qiymətlər ölkədəki orta əmək haqqına, əksəriyyətin yaşayış səviyyəsinə, əhalinin gəlirləri ilə üst-üstə düşmür. Amma hədiyyə ətir almaq istəyəndə çoxları bu ünvanlara üz tutur.
    Bahalı ətir alıcıları əsasən bir söz deyirlər, "Saxta deyil, keyfiyyətlidir. Bu qiymətə dəyər". Amma nəzərə almırlar ki, bütün brend mağazalarda satılan ətirlər orijinal olmur. Bunları bir-birindən fərqləndirmək də asan deyil. Bakının metro stansiyalarının giriş-çıxışından tutmuş "Vosmoy bazarı”ına, Sədərək Ticarət mərkəzinə və brend ətriyyat mağazalarına qədər hər yerdə saxta ətirlərə rast gəlmək olar. Qiymət isə həmin ətirlərin satıldığı yerlərdən asılı olaraq dəyişir.
    Nədənsə son zamanlarda brend mağazalardan alınan ətirlərin keyfiyyətinin düşməsi, qiymətinin isə bahalaşması ilə bağlı çoxlu şikayətlər alırıq. Onsuz da qiymətləri zirvələrdə olan ətirlər son zamanlarda daha da bahalaşıb. Bahalaşmaya səbəb kimi də devalvasiyanı göstərirlər. Necə olursa, öncələri 100 manata satılan ətirlər indi 250 manata olub. Bu da heç bir məntiqə sığmır.
    Ucuz ətirlərin satıldığı yerlərin sayı isə artıb. Təbii ki, bu ətirlər də orijinal deyil, amma bahalı ətirlərdən daha uzunmüddətli qoxuya sahibdirlər. Əldə etdiyimiz məlumata görə, brend mağazalar orijinal ətirlərin arasına saxtalarını da qatıb, eyni qiymətə satırlar.
    Ətir şirkətləri istehsal etdikləri ətirləri bir neçə yerə bölürlər. Spirt tərkibi az olanlar və qat-qat ucuz, amma eyni qablaşmada spirt tərkibi çox olanlar... Bunlara test üçün nəzərdə tutulan ətirləri də əlavə etmək lazımdır. Bu ətirlər qat-qat daha keyfiyyətli olur. Normalda bunlar satış üçün nəzərdə tutulmasa da, ətir dükanları bunları da satırlar.
    Alıcılar bir neçə yüz manat verib, aldıqları ətirlərin sonradan saxta olduğunu anlayanda mağazalarla dalaşmalı olurlar. Nəzrin Səfərova deyir ki, uzun müddət brend ətir mağazalarından birinin alıcısı olub: "Amma sonradan həqiqəti öyrəndim və artıq Bakıda ətir almıram. Çünki hər ay 350 manat verib, özümə ətir alırdım və ya hədiyyə almaq istəyənlərə həmin ətri göstərirdim. Tez-tez ətir dəyişə bilmərəm. Metro çıxışlarında satılan qram ətirlər də məndə səpki yaradır. Bütün bədənim səpir. Sonra elə oldu ki, işlə bağlı Çexiyaya getmişdim. Oradan eyni ətri, demək olar ki, eyni qiymətə aldım. İstifadə edəndən sonra orijinal ətrin nə olduğunu anladım. Daha Bakıdan ətir almıram. O qədər pul verirsən, sənə Çinin zirzəmilərində hazırlanan ətirləri satırlar".
    Saxta ətirlər də bir neçə hissəyə bölünür. Necə ki, Çinin yaxşı və pis məhsulu var, bunlarda da vəziyyət eynidir. Brend mağazaların verdikləri sifariş əsasında orijinal ətirlərin qutularının, şüşə qablarının eynisi hazırlanır. Onlara saxta ətirlər doldurulur və mağazalara göndərilir. Onlar da orijinalların arasına bu ətirləri qatıb, eyni qiymətə satırlar.
    Yeraltı ticarət mərkəzində ətir satan Cahangir deyir ki, onların satdıqları ətir orijinaldan çox da geri qalmır: "Biz satdığımız ətirləri Dubaydan gətiririk və bütün satdığımız ətirlərə də cavabdehik. Buradan sifariş veririk, istədiyimiz adda qablaşmalar hazırlanır və göndərilir. Biz də qramla satırıq. "Blue”, "Today”, "Marry Me”, "Versace”, "Chanel”,”Trussardi”, "Lacoste” ətirlərinin həm qadın, həm də kişi üçün olanları var. Ən çox satılanlar da bunlardır. Ətirlər tam orijinalların bir alt versiyasıdır və iyi də uzun müddət qalır. Çindən ətir gətirənlər də var. Onlar alergiya da verə bilər. Biz onlardan satmırıq".
    Ümumiyyətlə ətir bazarına nəzarət yoxdur. Ətirlərin keyfiyyəti, keyfiyyətinə görə qiyməti, tərkibi, alergiya təhlükəsi kimi özəllikləri yoxlanılmır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov musavat.com-a məsələ bağlı danışıb. E.Hüseynov deyib ki, ən brend dükanda belə ən saxta ətrə rast gəlmək mümkündür: "Bizə ən çox "İdeal" mağazalarından şikayətlər gəlir. Harada gəldi ətir satılır. Təəssüflər olsun ki, ölkədə ətir bazarına ciddi nəzarət edilmir. Hazırda Azad İstehlakçılar Birliyi bununla bağlı komanda toplayır ki, bazarda monitorinq aparılsın, alıcılar maarifləndirilsin. Ətirlər də ərzaq məhsulları kimidir. Ətir qutularının üzərində xüsusi kod olmalıdır. Həmin kodla onun istehsal müddətinin bitib-bitmədiyini öyrənmək olur. Əks halda həmin ətirləri almaq olmaz. Bakının bəzi yerlərində, daha dəqiq desək Səbail rayonu ərazisində satışı qadağan edilən, test üçün nəzərdə tutulmuş ətirlər satılır. Azərbaycan açıq tirlər satılan az saylı ölkələrdən biridir. Saxta ətirlərin sayı ölkədə dəhşətli şəkildə artır. Bunun böyük fəsadları ola bilər".

    Rubrika.Az


    Facebook-da paylaş