• İldə 4-5 dəfə istirahətə gedən deputatlar kimlərdir?

    İldə 4-5 dəfə istirahətə gedən deputatlar kimlərdir?

    Fazil Mustafa: “Müraciət edənlər imkansız insanlar deyil”; Zahid Oruc: “Hədəf biz deyilik”

    Rubrika.Az musavat.com-a istiandla bildirir ki, Azərbaycan Həmkarlar İttifaqının sədri, deputat Səttar Mehbalıyev bəzi deputatların və məmurların ondan həddən artıq istirahət mərkəzlərinə göndəriş vərəqəsi tələb etməsindən şikayətlənib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında S. Mehbalıyev bildirib ki, bəzi deputatlar ondan hətta ildə 4-5 dəfə vərəqə istəyir.

    O qeyd edib ki, bunlar arasında digər dövlət qurumlarında olan bəzi məmurlar da var: “Mən onlara izah edə bilmirəm ki, hər adama ildə bir dəfə düşür. Bundan da səmərəli istifadə etmək lazımdır. Amma təəssüf ki, hər il dalbadal məndən bunu tələb edirlər”.

    Deputat Fərəc Quliyev bu cür halların qanunsuz olduğunu söylədi: “Əvvəla, özümdən başlayım ki, mən son 10 ildə iki dəfə o imkandan istifadə etmişəm, təbii ki, ildə iki dəfə olmamaq şərti ilə. İldə bir dəfə belə bir hüququmun olduğunu da yaxşı bilirəm. Daha çox istirahətimi Azərbaycanda keçirməyə üstünlük vermişəm. Səttar müəllim haqlıdır. Belə bir imtiyaz varsa, bu imtiyazdan da sui-istifadə olunursa, bir az da qarşı tərəf yüklənirsə, bu doğru sayılmaz. Elə məsələlər var ki, istər deputat, istərsə də, məmurlar olsun, yazılmamış qaydalara əməl etməlidirlər.

    Image result for Deputat Fərəc Quliyev

    10 milyon əhali içərisindən cəmi 125 nəfər deputat seçilir, yəni bizlər say-seçmə şəxslərik. Bu baxımdan etik qaydalara hər zaman əməl olunmalıdır. Səttar müəllimi gərək üzdən-gözdən salmasınlar. Bu baxımdan ona tam haqq qazandırıram. Bizim parlamentdə əksər deputatlar işgüzardırlar. Hətta tətil zamanı belə işlədiklərini görürük. Bütün işlərdə olduğu kimi, Milli Məclisin işində də ildə bir dəfə uzunmüddətli istirahət olur. Bütün dünyada belədir. Müxtəlif sahələrin müxtəlif cür istirahət zamanları var. Tibbi baxımdan qalan vaxtda istirahət götürmək yorğunluğu atmaq deyil, tənbəllikdir. İşdən yayınma halı kimi də bunu qəbul etmək olar. Yeni iş mövsümünə hazırlaşmaq üçün orqanizmin bərpa olunmasına ehtiyac var. Amma istənilən halda ildə 4-5 dəfə istirahət etməyin heç bir əsası yoxdur”.

    Deputat Fazil Mustafa kifayət qədər sərt danışdı: “Səttar müəllim tamamilə haqlıdır. Bu bir mədəniyyət məsələsidir. Çünki insanlar fürsətci olmamalıdır. Hansısa bir şəkildə hüquq və imtiyazlar varsa, ondan qanuna uyğun şəkildə istifadə etmək hamının borcudur. Şəxsən mən iki ildən bir belə müraciət edirəm. Hətta bəzən il olur ki, müraciət etmirəm. Bilirəm ki, qaydalar ildə bir dəfə müraciəti tələb edir. Səttar müəllimin dediklərinə qatılıram. Hətta sizə səmimiyyətlə deyirəm ki, müraciət edənlər imkansız insanlar deyil. Hamısının on qat imkanı çata bilir ki, məsrəfləri ödəsin. Sadəcə hansı fürsətlər varsa, daha çox onu dəyərləndirməyə üstünlük verirlər. 4-5 dəfə müraciət etmək həm də başqasının haqqına girməkdir. Bu açıqlamanın verilməsi yaxşıdır ki, hər kəs öz dərsini götürsün ki, ildə bir dəfə gedirsənsə, qalanlarını özün etməlisən”.

    İqtidaryönlü deputat Zahid Oruc 9 il ərzində üç dəfə bu hüquqdan istifadə etdiyini bildirdi: “Səttar Mehbalıyev doğrudan da dəyərli həmkarlarımızdan biridir. Yay mövsümündə onun yaşantılarını, keçirdiyi hissləri bir qədər müşahidə etmək imkanımız olur. İnsanların istirahət dövrü başlayanda o daha çox istismar olunur. Mənəvi cəhətdən, psixoloji baxımdan bu onun üçün daha çox yükə çevrilir. Özüm barədə deyə bilərəm ki, parlament üzvü olduğum ilk doqquz ildə maaşlarımızın kiçik bir hissəsini Həmkarlar İttifaqına ödəməyimiz fonunda bu hüquqdan istifadə etməmişdim. Bəzən başqa şəxslər bundan yararlanırdı. Həmin şəxslər də parlamentdə çalışırdılar. Biz də buna etiraz etmirdik. Zatən burada bir hüquq pozuntusu da yox idi. Yalnız yaşımızın müəyyən bir çağına çatdıqdan sonra bu müddət ərzində cəmi üç dəfə 2009, 2011 və 2012-ci illərdə bu hüquqdan istifadə etmişəm. Doğrudur, ildə bir dəfə hər hansı bir şəxs üçün bu xahişi etmişik. Amma qeyd olunan 4-5 dəfə müraciət etməmişəm, bunu adətə çevirməmişəm, başqasının hüquqlarını mənimsəməmişəm. Bu hüquqdan az istifadə edənlərin sırasında bəlkə də ilk beşlikdəyəm. Bu onunla bağlı da ola bilər ki, gənclik köməyimizə çatsın. Əminəm ki, Səttar müəllim bu hüquqdan az istifadə edənlər sırasında bizim adımızı da göstərərdi. Hesab edirəm ki, hədəf biz deyilik. Hər kəsin hüququnu orada əks etdirmək çox yaxşı olardı. Bundan sonra bəlkə insanlar belə müraciətləri qaydalar çərçivəsində edərdi. Onu da deyim ki, göndərişlər konkret şəxs adına yazılmır. Bu da başqa bir problemi ortaya çıxarır ki, vətəndaşlar Həmkarlar İttifaqının fonduna çalışdıqları müəssisələrdən vəsaitlər ödəyirlər. Bunlar konkretləşsə, göndərişlərin başqa şəxslərə verilib-verilməməsini məsələsini daha normal aydınlaşdırmaq mümkün olardı. Səttar müəllim bu fikirləri ilə bütün deputatları hədəf almayıb. Yəqin ki, bu bir neçə adamdır”.

    Rubrika.Az


    Facebook-da paylaş