• Pambıqla “qırmızı qızıl”ı kəsənlər...

    Pambıqla “qırmızı qızıl”ı kəsənlər...

    Bəzi rayon icra hakimiyyətləri heyvandarlığı kor-təbii şəkildə məhv edir

    Azərbaycanda ət və məhsulları, eləcə də süd məhsulları ilə bağlı yerli istehsal daxili tələbatı ödəmədiyindən ölkəmiz hər il bu məhsulların idxalına milyonlarla dollar valyuta xərcləməli olur. Halbuki Azərbaycanın həm iqlim şəraiti, həm də aqrar sektordakı təcrübəsi heyvandarlığın inkişafı üçün ən azı daxili tələbatı tam ödəməyə imkan verir. Lakin bazarlarda da gördüyümüz kimi, ətin və süd məhsullarının qiymətində azalma baş vermir, əksinə Yeni il öncəsi növbəti bahalaşma dalğası gözlənilir.

    Son illər dünya bazarında da qırmızı ət istehsalında problemlər yaşanır və qıtlıq müşahidə olunur. Artıq bu bahalaşma səbəbindən dünya bazarında ət “qırmızı qızıl” kimi qeyd olunur.

    Azərbaycanda isə son illər kənd təsərrüfatında aparılan islahatlar, bəzi strateji bitki növlərinin, o cümlədən pambığın, şəkər çuğundurunun, tütünün əkininə üstünlük verilməsi heyvandarlıqda istifadə olunan örüş sahələrinin də kor-təbii şəkildə zəbt olunmasına gətirib çıxarıb. Bəzi icra hakimiyyətlərinin və digər strukturların plansız iş görməsi yem qıtlığının yaranması, yemin bahalaşması heyvandarlığın rentabelliliyini azaltmış oldu ki, ət və süd məhsullarının bazarda kəskin azalmasına gətirib çıxartdı.

    Ət və süd məhsulları ilə bağlı daxili tələbatı ödəmək istiqamətində hansı işlər görülməlidir?

    Bu sualları cavablandıran İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Dünya Sakit “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ət və süd məhsulları istehsalı heyvandarlığın inkişaf səviyyəsindən asılıdır: “Hansı ölkədə heyvandarlıq yüksək inkişaf edirsə, bu 2 məhsulun istehsalı da yüksək olur. Azərbaycana gəlincə, rəsmi statistika ölkədə heyvandarlığın yüksək inkişafını deyir. Bu statistikaya görə, ötən il Azərbaycanda 2,7 milyon başadək iribuynuzlu mal-qara olub ki, bunun da 1,3 milyon başa yaxınını inək və camışlar təşkil edib. Bundan əlavə, statistikamız ötən il 8 milyon başa yaxın qoyun qeydə alıb. Bu heyvan sayı ilə ölkədə 302,2 min ton ət, 2 milyon tondan yuxarı süd istehsal olunub. Lakin bu qədər istehsalın qarşısında Azərbaycanın daxili tələbatı təmin olunmayıb, hər iki məhsulun kənardan idxalında ciddi artım qeydə alınıb. Məsələn, ötən ilin 10 ayında ölkəyə 28 728,35 ton ət idxal olunubsa, bu ilin eyni dövründə idxal 34004, 30 tona çatıb - 18 faizdən yuxarı artım var. Bu dövrdə süd idxalında artım daha yüksək olub - ötən ilin yanvar-oktyabrında 4 232,26 ton təşkil edən idxal bu il 62,3 faiz artaraq 6 240,18 tona çatıb. Dəyər ifadəsində isə artım daha yüksək olub: ət idxalında 63,4 faiz, süd idxalında isə 85 faiz. Bundan əlavə, diri heyvan idxalında da ciddi artım var. Yəni bu o deməkdir ki, biz ət və süd məhsulları ilə daxili tələbatımızı təmin etmək üçün getdikcə daha çox həcmdə valyuta sərf etməli oluruq”.

    Dünya Sakitin sözlərinə görə, bu məhsullardan əlavə, ölkəyə daha bir heyvandarlıq məhsulu olan kərə yağının idxalında da böyük artım var: “Bu artımlar əsasən 2016-cı ilin 2-ci rübündən etibarən qeydə alınmağa başlayıb. Düzdür, idxal həcmlərinin artımında gömrük statistikasının şəffaflaşdırılması, qeydiyyatdan yayınma hallarının minimuma endirilməsi də rol oynayır. Lakin düşünürəm ki, həm ət, həm də süd məhsullarının idxalında bu qədər ciddi artımı şərtləndirən əsas amillər sırasında son 2 ildə müxtəlif bitkilərin əkinlərinin heyvandarlığın sıxışdırılması hesabına artırılması da mühüm rol oynayır. Bizim kənd təsərrüfatına məsul olan məmurlarımız hesablayıblar ki, ölkədə 500 min baş cins mal-qara olarsa, ət və süd məhsulları ilə daxili tələbatı tam təmin etmək olar. Buna görə də heyvandarlığı bütün ölkə boyu sıxışdırırlar. Həmin məmurlar nəzərə almayıblar ki, Azərbaycanda olan mal-qaranın heç 10 faizi də cins heyvan deyil - indiyədək bitkiçilikdə olduğu kimi, heyvandarlıqda da ekstensiv yolla gedilib. Diqqət baş sayına yönəldilib, nəinki məhsuldarlığa. Buna görə də müxtəlif bitkilərin əkinlərini genişləndirmək deyəndə, ağıllarına ilk olaraq otlaq, yaylaq, qışlaq və biçənək əraziləri gəlir. Bundan əlavə, heyvandarlıq üçün yem bazası rolunu oynayan yonca, taxıl sahələri də pambıqdan tutmuş tütün və çuğunduradək digər bitkilərin əkini altına salınır. Beləliklə də, həm heyvanları örüş yerlərindən məhrum edirlər, həm yaylaq-qışlaq yerlərindən, həm də yemdən. Yerli məmurlar dövlətin müxtəlif bitkilərin əkini üçün ayırdığı subsidiyaları ələ keçirmək üçün əkinləri necə gəldi - yerli şərait, suvarılma imkanları nəzərə alınmadan artırmağa çalışırlar. Nəticədə isə normal məhsuldarlıq əldə olunmur, eyni zamanda heyvandarlığın inkişafı əngəllənir”.

    Ekspert onu da vurğuladı ki, ölkəyə çoxlu sayda cins mal-qara gətirilsə də, ət və süd məhsulları istehsalında bunun nə dərəcədə müsbət nəticə verdiyinə dair hər hansı rəqəmlər yoxdur: “İllərdir dövlət vəsaitləri hesabına xaricdən Azərbaycana cins mal-qara alınıb gətirilir, hələ də ortaya bir rəqəm qoyulmayıb ki, bu mal-qara nə qədər artırılıb, onların ölkə üzrə ət istehsalında payı nə qədərdir, süd istehsalında nə qədərdir. Yəni bir keyfiyyət qiymətləndirilməsi aparılıb, nəticələr açıqlanmır. Əvəzində milyonlarla dollar vəsait sərf edilərək uzaq Braziliyadan damazlıq buğalar, kəllər alınıb-gətirilir. Azərbaycanda hazırda qarşıda duran əsas vəzifə ölkənin ət və süd məhsulları ilə daxili istehsal hesabına tam təmin olunması olmalıdır. Bunun üçün yerli iqlim şəraitinə uyğunlaşdırılmış cinc mal-qaranın sayının artırılması, daxili tələbatı tam təmin edəcək saya çatdırılması ilə paralel olaraq yem bazasının yaradılması lazımdır. Cins mal-qaranın sayının artırılması yaxınmüddətli dövr üçün mümkün olmadığı üçün mövcud baş sayının azalmaması üçün tədbirlər görülməli, məhsuldarlığın aşağı olduğu yerlərdə pambıq, çuğundur, tütün və digər bitkilərin əkildiyi ərazilər yenidən yonca, qarğıdalı və digər yem bitkilərinin əkininə ayrılmalıdır. Yəni burada söhbət əslində bütövlükdə aqrar sektorda kəmiyyət yüksəlişindən keyfiyyət yüksəlişinə keçiddən gedir. Bu, həm bitkiçilik üçün vacibdir, həm də heyvandarlıq üçün. Azərbaycanın əkinəyararlı topraq sahələri, suvarma imkanları elə geniş deyil. Bunu bu yaxınlarda dövlət başçısı da vurğulamışdı ki, hər bir rayonun aqrar planı hazırlanmalıdır: orada rayonun əkinəyararlı torpaq sahələri, suvarılma imkanları, yetişdirilməsi effektiv nəticə verəcək bitkilərin siyahısı, heyvandarlığın inkişaf imkanları və sair bütün məlumatlar bu planda əksini tapmalıdır. Yəni hər hansı bitkinin əkini kor-koranə, yaxud dövlət dotasiyasını mənimsəmək üçün şəxsi maraqlar baxımından deyil, sırf rayonun potensialı nəzərə alınmaqla həyata keçirilməlidir”.

    Ətin qiymətinə gəlincə, D.Sakit qeyd etdi ki, yerli istehsalla idxal olunan ətin qiymətindəki artımın səbəbləri fərqlidir: “Daxildə istehsal olunan ətin bahalaşmasının əsas səbəbləri yem bazasının məhdudlaşması, heyvandarlığın sıxışdırılması, bir də bu ilin hədsiz quraqlıq keçməsidir. İdxal olunan ətə gəlincə, düzü, rəsmi statistika göstərir ki, bizim ət aldığımız Ukrayna, Rusiya, Belarus kimi ölkələrdə qiymətlər yüksək deyil. Hər halda, idxalda qeydə alınan qiymətləri götürsək, həmin qiymətlər hazırda Azərbaycandakı mövcud qiymətlərdən 2 dəfə aşağıdır. Bu il yanvar-oktyabrda 52 milyon 451,45 min dollara 34004, 30 ton ət idxal olunub. Kiloqramı orta hesabla 1,5 dollara düşür. Ötən ilin 10 ayında 28 728,35 ton 32 108,41 min dollar - kiloqramı 1,11 dollara. Bu, orta qiymətdir: bütün növ ətlər(mal, donuz, qoyun, soyudulmuş, təzə və sair) üzrə. Amma məsələn, iribuynuzlu mal ətinin qiyməti orta qiymətdən yüksəkdir.

    Ötən il xarici ölkələrdən ümumilikdə 5235,5 ton iribuynuzlu heyvan əti idxal etmişik. Bunun 87 faizdən çoxu - yəni 4565,47 tonu Ukraynadan alınıb (təzə, soyudulmuş, sümüklü, sümüksüz dondurulmuş və sair). Bu zaman ümumi idxala 13 milyon 615,41 min dollar, o cümlədən Ukraynadan idxala 10 milyon 650,95 dollar sərf etmişik. Beləliklə, ümumi idxal üzrə orta qiymət 2,6 dollar, Ukraynadan idxal üzrə isə 2,3 dollar təşkil edib. Onu da qeyd edim ki, bu, ətin növləri üzrə orta qiymətdir. Belə ki, ötən il təzə və ya soyudulmuş iribuynuzlu heyvan ətinin 1 kiloqramının orta idxal qiyməti 2,3 dollar, dondurulmuşu isə 2,56 dollar təşkil edib. Qoyun və keçinin təzə, soyudulmuş və ya dondurulmuş əti isə 1,9 dollara idxal olunub".

    Rubrika.az


    Facebook-da paylaş