• Beyləqan təhsilində böyük qalmaqal- Müəllimlər və valideynlərin kütləvi narazılıqları nədən qaynaqlanır ?

    Beyləqan təhsilində böyük qalmaqal- Müəllimlər və valideynlərin kütləvi narazılıqları nədən qaynaqlanır ?

    Yuxarı Kəbirli kənd tam orta məktəbinin sabiq direktoru Şəkura Tapdıqova haqqında şok faktlar

    Redaksiyamıza Beyləqan rayonu Əli Əsgərov adına Yuxarı Kəbirli kənd tam orta məktəbinin bir qrup müəllimi tərəfindən Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevə, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyevə, Təhsil Nazirliyi Daxili nəzarət şöbəsinin regional ofisinin müdiri Kamil Abdultağıyevə ünvanlanmış müraciəti daxil olub. Müraciətdə bildirilir ki, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi tərəfindən 11.10.2016-cı il tarixində Yuxarı Kəbirli tam orta məktəbində yoxlama aparılmış və nəticədə ciddi qanun pozuntuları aşkar edilib. Yoxlamalar nəticəsində aydın olub ki :
    1. 2015-2016-cı tədris ilində fakultətiv, dərnək və fərdi qrup məşğələləri keçirilməmiş, nəticədə dövlətə 3634 manat ziyan vurulmuşdur. Cari tətdris ilinin əvvəlindən bu günə qədər yenə də fakultətiv və fərdi qrup məşğələləri keçirilməmiş, əmək haqqının verilməsinin dayandırılması RTŞ-nə tapşırılmışdır.
    2. Birinci siniflərin məktəbə qəbulu ilə bağlı komissiya yaradılmayıb, əmrləşmə işləri aparılmayıb.
    3. 26.08.2016-15.09.2016-cı il tarixləri üçün məktəb müəllimlərinin işə davamiyyət jurnalı olmayıb.
    4. Məktəb vəzifəlilərinin işə davamiyyət jurnalı olmayıb.
    5. Əmr kitabı 14.06.2016-cı il tarixindən işlənməmişdir. Məktəbin fəaliyyəti əmrləşdirilməmişdir.
    6. Məktəbin pedaqoji şurasının protokol kitabı yoxdur.
    7. Əmr kitabı səhifələnmiş, qaytanlanmış, ancaq möhürlə təsdiq olunmamışdır.
    Müraciət müəllifləri bildirirlər ki, aşağıda göstərilən nöqsanlar nazirliyin yoxlamasının diqqətindən yayınmışdır . Bu sırada jurnalların vaxtlı-vaxtında işlənməməsini göstərmək olar. “Məktəb kollektivi şahiddir ki, Ş. Tapdıqova işlədiyi müddətdə əksər vaxtlarda dərs dediyi siniflərə girməmiş, dərs keçmədiyi halda qeyri-qanuni olaraq əmək haqqı almışdır”.
    Müraciətdə həmçinin attestatların verilməsi zamanı baş verən qanunsuzluqların da nədənsə yoxlamanın diqqətindən yayındığı göstərilir. “Valideynlərin bu barədə dəfələrlə RTŞ-yə və nazirliyin qaynar xəttinə müraciətləri olmuş, RTŞ-nin işə qarşıması nəticəsində attestatların bir qismi qaytarılsa da qalanları hələ də öz sahiblərinə verilməmişdir.”
    Müraciəti imzalayan Yuxarı Kəbirli kjənd tam orta məktəbin müəllimləri bildirir ki, “bu nöqsanlardan aydın görünür ki, Ş. Tapdıqova məktəbdə direktor olduğu müddətdə çox ciddi maliyyə pozuntularına yol verərək dövlət vəsaitini mənimsəmişdir. Məktəbdə direktorun şəxsən nalayiq davranışları kollektivin mənəvi-psixoloji durumuna mənfi təsir etmişdir. Bundan başqa Ş. Tapdıqova hər yerdə özünü şəhid ailəsi kimi təqdim edir. Doğrudur, onun qardaşı 1993-cü il Kəlbəcər hadisələri zamanı itkin düşmüşdür. Ancaq özünün ailəsi olduğu halda şəhid adından istifadə edir.
    Məlumat üçün bildirək ki, diaqnostik qiymətləndirmə zamanı ixtisasdan 11, metodikadan isə 6 bal toplayaraq müəllimlər arasında ən axırıncı nəticə göstərməsinə baxmayaraq daha çox dərs saatı tələb edir.”
    Müraciəti imzalayan müəllimlər yazır ki, yol verdiyi nöqsanlara və ciddi qanun pozuntularına rəğmən Ş. Tapdıqova Təhsil Nazirliyinin qəbulunda olmuş, özünün təmiz və nöqsansız işçi olduğunu, lakin onun yerinə direktor təyin olunmuş İlhamə Vəliyeva və müəllim kollektivi tərəfindən guya təzyiqlərə məruz qaldığını bildirmişdir.
    “Bütün bunlara baxmayaraq məktəbdə təlim-tərbiyəyə fikir verməyən və məktəbdə müəllim simasına yaraşmayan lazımsız söz-söhbət və anarxiya yaradan keçmiş direktor yenidən direktor vəzifəsinə qayıtmaq üçün bütün vasitələrdən istifadə edir.
    Çox təəssüf doğuran haldır ki, yol verdiyi ciddi nöqsanlara görə işdən azad olunan Ş. Tapdıqova mütəmadi olaraq yuxarı dairələrdə qəbulda olmuş, işlədiyi kollektivlə bağlı şikayət və böhtan dolu məlumatlar vermişdir. Bunun nəticəsi olaraq ondan sonra direktor təyin olunan İlhamə Vəliyeva tutduğu vəzifədən azad olunmuşdur. Səbəb kimi isə İ. Vəliyevanın Ş. Tapdıqovanın direktor olduğu dövrdə yarıtmaz fəaliyyətinə görə aldığı intizam tənbehi göstərilmişdir. Halbuki
    İ. Vəliyeva cari ilin aprel ayından bu vəzifəyə təyin olunduqdan sonra təhsilin bütün sahələrində əsaslı dönüş yaradılmış, mənəvi-psixoloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşmışdır. Əgər Ş. Tapdıqova yenidən vəzifəyə təyin olunacaqsa, böyük tarixə malik olan Yuxarı Kəbirli kənd tam orta məktəbi uçuruma yuvarlanacaq deməkdir.
    Məktəb kollektivi adından sizdən artıq dərəcədə xahiş edirik ki, böyük bir təhsil ocağının belə bir vəziyyətə düşməsinə izn verməyəsiniz.”
    Həmçinin məktəb müəllimlərinin bir qrupunun imzasıyla Beyləqan rayon Təhsil Şöbəsinin müdiri X. Rüstəmovaya ünvanlanmış müraciətin surəti də redaksiyamıza təqdim edilib. Müraciəti imzalayan müəllimlər Ş. Tapdıqovanın yenidən Yuxarı Kəbirli kənd tam orta məktəbinə direktor təyin olunmasına etiraz edirlər. Müəllimlər etirzaz edərək bildirirlər ki,” Ş. Tapdıqova direktor işlədiyi son dövrlərdə məktəbdə təhsil adına heç bir işlə məşğul olmurdu. Vəzifə səlahiyyətlərindən sui istifadə edərək hər bir kəsə və işə şəxsi mənafeyindən yanaşırdı...
    Qeyd edək ki, Ş. Tapdıqova nəinki məktəb direktoru olmağa, heç adi müəllim işləməyə belə yaramır.”
    Yuxarı Kəbirli kənd tam orta məktəbinin V və VI sinif şagirdlərinin valideynlərinin imzasıyla Beyləqan rayon Təhsil Şöbəsinin müdiri X. Rüstəmovaya ünvanlanmış müraciətlərdə Ş. Tapdıqovanın “dərs zamanı müəllimə yaraşmayan söz və ifadələrdən istifadə etdiyi, şagirdlərin valideynləri haqqında xoşagəlməz ifadələr işlətdiyi, şagirdlərin psixologiyasına pis təsir göstərdiyi” bildirilir. Bütün bunların nəzərə alınaraq həmin siniflərdə Ş. Tapdıqovanın dərs keçməməsi tələb edilir.

    P.S. Xatırladaq ki, bir müddət öncə Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəhbəri Kənan Quliyev haqqında mediada ilginc məlumatlar verilmişdi.
    Bildirilirdi ki, ayrı-ayrı məktəb direktorlarının vəzifədən çıxarıılması üçün xüsusi plan həyata keçirilir. Belə ki, məktəb direktorları hansısa çatışmamazlıq və ya qanunsuzluq səbəbindən vəzifədən çıxarılır, qısa bir müddət sonra başqa bir işə keçirilir. Bunun üçün isə məktəblərdə xüsusi yoxlamalar keçirilir.
    Həmçinin verilən məlumatlara görə, nazirlik rəsmisi Kənan Quliyev rayon təhsil şöbələri və məktəb direktorlarından hər ay "aylıq" tələb edir. Bunu gecikdirən və ya vermək istəməyən şöbələrdə yoxlamalar keçirilir, süni maneələr yaradılır və nəticədə direktora “aylıqlar” “illiklərlə” əvəz edilir.
    Bildirmək istərdik ki, nazirlikdə Daxili nəzarət şöbəsinin rəisi işləyən K. Quliyev BBTİ-də həmin şöbənin rəis əvəzi kimi işləyir. BBTİ-nin 4-cü mərtəbəsində yerləşən 412-ci kabinet K.Quliyevin şöbəsinə məxsus olsa da indiyə qədər burada onun qəbuluna düşmək xoşbəxtliyi kimsəyə nəsib olmayıb. Görünür, K. Quliyevin başı daha “vacib” işlərə qarışdığı üçün qəbula vaxt tapa bilmir.
    Mövzunu davam etdirəcəyik.

    Nicat Mahmudov
    Rubrika.az




    Facebook-da paylaş