• R.MEHDİYEVİN M.CABBAROV TƏQDİMATINDA GİZLİ KODLAR

    R.MEHDİYEVİN M.CABBAROV TƏQDİMATINDA GİZLİ KODLAR

    Doğrulmayan ümidlər, yoxsa daha bir şans...

    Şans üçüncü dəfə verilmir


    Son günlər ölkə gündəminin əsas müzakirə predmeti dövlət başçısının fərmanı ilə iki nazirin vəzifəsindən azad olunmasıdır. Daha doğrusu onlardan biri- Vergilər naziri Fazil Məmmədov öz postunu itirdi. Təhsil naziri vəzifəsindən azad olunan Mikayıl Cabbarov isə yeni təyinatla Fazil Məmmədovu əvəzləyib. Bu dəyişikliklər iqtidarın çoxdan müzakirələri aparılan kadr islahatlartlarının tərkib hissəsi kimi qiymətləndirilir. Doğrudan da hər iki nazirlik zaman-zaman cəmiyyətin ən sərt tənqidinə tuş gələn dövlət qurumları olub. Vergilər nazirliyi əməkdaşlarının iş adamlarına, sahibkarlara çəkdikləri dağlar Qafqaz sıra dağlarından da uca və uzundur. İllər boyu bu nazirliyin fəaliyyətinə nəzər salınsa onların ölkənin inkişafına köməkdən çox maneçilik törətdikləri, zərbə vurduqları aydın olar. Təsadüfi deyil ki, ölkə başçısı da azad sahibkarlıq mühitinin formalaşdırılması üçün sahibkarlara qarşı yersiz yoxlamaların dayandırılması haqqında dəfələrlə göstəriş verib. Ancaq, vergi müfəttişləri Nuh dedilər, peyğəmbər demədilər. Qeyd etmək lazımdır ki, vergi sistemində şəffaflığa nail olunması üçün qanunvericilik bazası, islahatlar paketi qəbul edilib. Ancaq baş verənlər problemin qanunlardan deyil daha çox insan faktorundan qaynaqlandığını sübut etdi. Proseslər göstərdi ki, Fazil Məmmədov ona edilən xəbərdarlıqlardan nəinki nəticə çıxarıb, əksinə nazirlikdə vəziyyət hər gün daha da pisləşib.
    Fazil Məmmədov iqtidardakı yüksəlişi ilə özünə böyük bir imperatorluq qura bilmişdi; ona Bakının Binəqədi rayonu, ölkənin Qərb bölgəsi (Gədəbəy, Şəmkir, Qazax) həvalə olunmuşdu, nazir də öz adamlarını yerlərdə yerləşdirib, özünü külli-ixtiyar sahibi kimi aparırdı. Lakin, baş verənlər onun üçün hər an labüd sonu bir az da yaxınlaşdırırdı. Ən azından Ziya Məmmədov nümunəsindən dərs çıxarmalı olan F. Məmmədov yaratdığı korrupsiya impriyasını çökdürə bilmədi və yaxud istəmədi. Xüsusilə son zamanlarda dövlətin özəl sektora diqqətinin artdığı bir vaxtda vergi məmurlarının tam bir yağmalama siyasəti həyata keçirdiklərini bilməyən yoxdur.
    Həmçinin eks nazirin adının MTN işi çərçivəsində çıkilməsi də diqqətləri onun üzərində cəmləmişdi. Bu zaman sahibkarların maliyyə göstəricilərinin MTN çetesinə çatdırılmasında vergi rəhbərliyinin rolu məsələsinin araşdırıldığı da qeyd olunurdu. Hətta F.Məmmədovun da sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov kimi Eldar Mahmudova aylıq haqq ödədiyi bildirilirdi. E.Mahmudov vəzifədən alınandan sonra hətta F.Məmmədovun bir müddət işə çıxmadığı da mətbuatda yer alan məlumatlardandır.
    Fazil Məmmədovun “islahatları” nəticəsində Vergilər Nazirliyi ölkənin ən şişkinləşmiş strukturuna çevrilmişdi. Belə ki, Vergilər Nazirliyi hazırda ən çox ştat yükü olan struktura sahib dövlət qurumlarından biri sayılır. Fazil Məmmədov özünə təyin etdiyi müşavirlərin sayı ilə az qala Ginnesin rekordlar kitabına düşməyi hədəfləyirdi. Belə ki, noyabrın 30-na qədər 14 müşavirlə çalışan eks-nazir həmin gün daha bir müşavir təyinatı ilə bu sayı 15-ə çatdıran ilk nazirimiz olmuşdu.
    Həmçinin Vergilər Nazirliyinin ştatının da bu prinsipə uyğun olduğu haqda rəylər mövcuddur. Bir-birinin fəaliyyətini təkrarlayan idarə və şöbələrin mövcudluğu isə nazirliyin çevik fəaliyyətinə maneə yaradır.
    Fazil Məmmədovu bitirən səbələrdən danışdıqca siyahını bir xeyli də uzatmmaq olar. Amma, şükür ki, daha bu siyahını uzadacaq addımlar atmaq səlahiyyətlərini itirdiyindən keçmişləri təkrar etmək istəmirik.
    Mikayıl Cabbarovun Təhsil naziri postuna gəlişi kimi Vergilər naziri təyinatı da bir o qədər səs-küylü və maraqlı oldu. Onun təhsil sisteminə rəhbərliyi dönəmində ünvanına heç də Fazil Məmmədovdan az tənqid gəlmədiyini qeyd etmək lazımdır. Gənc və perspektivli nazir imici ilə cəmiyyətə təqdim olunan M. Cabbarov ən azından illərlə təhsildə kök salan problemlərin böyük əksəriyyətini ləğv edə bilmədi. Korrupsiya və rüşvət bu gün də təhsilimizi məhv edən metastaz kimi qalmaqdadır. Müxtəlif islahatlar aparmaq görüntüsü yaratsa da təhsildə heç bir inqilabi dəyişikliklərin baş verməməsi göz önündədir.
    Ümumtəhsil məktəblərində hal-hazırda 150 minə yaxın müəllim işləyir və 1 milyon yarıma qədər şagird təhsil alır. Ölkədə 4447 ümumtəhsil məktəbi, lisey, gimnaziya, sağlamlıq imkanları məhdud olanlar üçün fəaliyyət göstərən təhsil müəssisələri var.. Demək olar ki, bütün ümumtəhsil məktəblərinin əksəriyyətində rüşvət halları hələ də qalmaqdadır.
    M. Cabbarovun apardığı “islahat” nəticəsində Naxçıvan Muxtar Respublikasını çıxmaq şərti ilə, 15 Ərazi Hesablama Mərkəz yaradılıb. Ərazi Hesablama Mərkəzləri yaradılarkən əsasən, həmin bölgələrdə təhsil üzrə maliyyə təsərrüfat işini həyata keçirmək və ona nəzarət etmək üçün yaradılsa da, hazırda konkret olaraq təhsili idarəetmə ilə məşğuldur. Nəticədə regionlarda təhsilin idarəedilməsində Təhsil Nazirliyinin qurumları arasında ikitirəlilik yaranıb.M. Cabbarovun yaratdığı bu “ikitirəlik” isə daha çox sıravi müəllimlər üçün problemlər yaradır.
    Nazir olduğu dönəmdə neqativ hallara qarşı mübarizə aparmaq adı altında populist bəyanatlar versə də, son illərdə təhsil sistemində, xüsusən də ümumi təhsildə rüşvət faktoru azalmayıb. Bu da təhsilimizin ciddi problemlərindən xəbər verir. Bir sözlə, təhsilimizin bu günü və gələcəyi üçün çox qorxulu bir vəziyyət yaranıb.
    Göründüyü kimi təhsil naziri kimi ona bəslənən ümidləri doğrulda bilməyən Mikayıl Cabbarova yenidən daha böyük etimad göstərildi. Təsadüfi deyil ki, bir çoxları “M. Cabbarov Təhsil Naziri kimi ona göstərilən etimadı doğrultdumu ki, indi də vergilər nazirliyinə gedir” sualını səsləndirirlər. Haqsız da deyillər. Amma, bu M. Cabbarov üçün çox böyük şansdır. Təhsil naziri kimi qarşıya qoyulan hədəflərə tam çata bilməyən biri üçün belə təyinat çox böyük etimaddır .Həm də dövlət başçısının xüsusi diqqət yetidiyi və köklü islahatlar gözlədiyi bir sahədə.

    Bu anda diqqətimizi çəkən xüsusi bir məqamı qeyd etməsək olmaz. Bəlkə də diqqətli oxucular, elə nazirin özü də xatırlayar - birinci dəfə Mikayıl Cabbarovu nazir postuna hörmətli akademikimiz Ramiz Mehdiyev təqdim etmişdi. Hörmətli akademikimiz o zaman İlham Əliyev sədaqətindən irəli gələn səbəblərdən dövlətin öz yeni kadrına bəslədiyi ümidindən söhbət açmışdı.
    İndi də M. Cabbarovu Vergilər Nazirliyinin kollektivinə hörmətli akademikimiz təqdim etdi. Bu dəfə isə verilən məlumatlarda bildirilir ki, akademik keçmiş vergilər nazirini sərt tənqid edib. Yəqin ki, keçmiş nazirin ünvanına səsləndirilən tənqidlərin əslində kimin ünvanına deyildiyi aydındır. Qalır nəticə çıxartmaq. Şans isə üçüncü dəfə verlimir...

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş