• Bakıda “Bank Standart”dan növbəti ÖZBAŞINALIQ

    Bakıda “Bank Standart”dan növbəti ÖZBAŞINALIQ

    Bakı şəhər sakini, 75 yaşlı Tofiq Zərqulu oğlu Xəlilov yenidən redaksiyamıza gələrək şikayətlənib. Onun sözlərinə görə ötən il bağlanan “Bank Standart”ın əməkdaşının dələduzluğu ucbatından evsiz qalıb. O, fırıldaqla üzləşməsində 44 il evli qaldığı arvadı Lətifə Xəlilovanın da iştirakçılığı olduğundann bu yaşında ondan boşanıb. Şikayətçi başına gələnləri bu cür nəql edib:

    “Dövlət Əmlak Komitəsinə işləyərkən 1983-cü ildə Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospektində yerləşən 39-cu evdə 3 otaqlı mənzillə təmin olunmuşam. 2005-ci ildə həyat yoldaşım Lətifə Xəlilova həyət evinə köçmək istədiyini dedi. Daim bina evində yaşamaqdan narazılıq etdiyinə görə evi satıb həyət evi tikməyə razılıq verdim. Ona mülkün satılması üçün etibarnamə vermək məcburiyyətində qaldım. Nəhayət, onun istəyi ilə Xətai rayonu, 2-ci Zeytun sovxozu, Naximov küçəsi, döngə 2, ev 110 ”d” ərazisində yerləşən yarım tikiliyə köçməli olduq. Tikiliyə köçdüyümüz andan təmir-tikinti işləri aparmışam. Ev sulu ərazidə olduğundan ora torpaq daşıtdırdım, yol çəkdirdim. Bütün bu işlərə ümumilikdə 40 000 manat xərc çəkmişəm. Həmin ərazidə yaşayan qonşular çəkdiyim əziyyətlərin hamısının şahidi olublar”.

    Rubrika.az musavat.com-a istinadla bildirir ki,şikayətçinin sözlərinə görə 2006-cı ildə “Bank Standart”ın əməkdaşı dələduzluq yolu ilə həmin evi ələ keçirib: “Bankın əməkdaşı Emin Abbasov həyat yoldaşım Lətifə Xəlilovanı aldadaraq evin girovu əsasında 32 000 manat alqı-satqı müqaviləsini imzaladıb. Ona 25 000 ABŞ dollar sələmə pul verməklə evi saxtakarcasına ələ keçirib. Əvəzində isə həyat yoldaşım hər ay faiz ödəməklə E.Abbasova cəmi 38.750 ABŞ dolları qaytarıb. Borc müqaviləsi adı altında Emin Abbasov 24 mart 2006-cı il tarixdə alqı-satqı müqaviləsinə imza atdırmaqla onun etibarından sui-istifadə edərək bizə, ər-arvada məxsus evi məndən xəbərsiz ələ keçirib. Olaydan 11 ay sonra Emin Abbasov mənim xəbərim olmadan evə mülkiyyət hüququ əldə edir. Sonra isə o, həyat yoldaşıma heç bir borcu olmadığına dair 20.08.2007-ci il tarixdə etibarnamə vermişdi ki, evi sata bilsin. Həmin etibarnamə 12.08. 2008-ci il tarixdə Emin Abbasovun şəxsi ərizəsinə əsasən ləğv edilib”.

    Şikayətçinin sözlərinə görə, evi ələ keçirdikdən sonra Emin Abbasov əməllərini davam etdirərək 01 avqust 2007-ci il tarixdə 2871 nömrəli saxta arayış alıb: “28 gündən sonra isə o, ”Bank Standart” KB-nin Nəsimi rayon filialının işçiləri ilə əlbir olub evi girov qoyub. Bu zaman sənəddə məni ev dələduzu Emin Abbasovun qohumu kimi göstəriblər. Nəticədə qeyri-qanuni olaraq girov qoyulan evə görə bank tərəfindən verilən 51.600 manat kreditdən 9.288 manat (18%) bankda saxlanılıb. E.Abbasovla L.Xəlilova arasındakı “razılaşmaya” görə, Lətifəyə çatan 10.000 manat əvəzinə 15.000 manatı banka ödəməli imiş, ancaq banka 14.648 manat ödənilib. Qalan 32.312 manatı Emin Abbasov özü götürüb və bu səbəbdən də 2008-ci ilin oktyabr ayından banka 35.820 manat ödəyib. Bankın məlumatına görə, qalan kreditin faiz borcu 22.423 manat təşkil edir. 3 ildən sonra isə E.Abbasov gəlib mənə dedi ki, evi alıb”.

    Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də heç bir nəticəsi olmayıb:

    “Təəssüflər olsun ki, 2009-cu ildən bu günə kimi bütün instansiya məhkəmələri saxta sənədlər əsasında qərarlar verib. Nəticədə 31 avqust 2010-cu il tarixindən etibarən 2 nəvəmlə evsiz qalmışam. Bizim evimizə isə kirayəçi yerləşdiriblər. Mən isə nəvələrimlə birgə kirayədə yaşayıram. 7 il ərzində 35 000 manatdan çox kirayələrə pul vermişəm. Əmlakımız darmadağın olub. Ümumilikdə mənə 100 000 manatdan çox ziyan dəyib. Bütün instansiya məhkəmələrində isə qanunun tələblərinə riayət edilmədən bizim vətəndaşlıq hüquqlarımız kobud şəkildə pozulub. Bu qədər ədalətsizlik, haqsızlıq olar?! 75 yaşımda nəvələrimlə birgə evsiz qalmaq çox ağırdır. Üstəlik, səhhətimdə də ciddi problemlər yaranıb”.

    Şikayətçinin sözlərinə görə onun etibarından sui-istifadə etdiyi üçün 44 il evli olduğu həyat yoldaşından da boşanıb: “Evsiz qaldığım üçün Lətifə Xəlilova ilə 1973-cü ildə aramızda bağlanan nikahın ləğvinə dair məhkəməyə müraciət etdim və bu ilin oktyabrında boşandım”.

    Şikayətçi aidiyyəti orqanlardan köməklik istəyib:

    “Xahiş edirəm, İcra Haqqında Qanunun 20.1.2-ci maddəsinin tələblərinə əsasən barışıq yolu ilə saziş təsdiq edilməsinə və mənim 22 423,82 manat olan faiz borcumun banka ödənilməsini öhdəmə götürməyimi nəzərə alaraq evin mənə qaytarılmasına dair qətnamə qəbul edilməsinə köməklik göstərsinlər”.

    Məsələ ilə bağlı qarşı tərəfin də rəyini dərc etməyə hazırıq.

    Qeyd edək ki, “Bank Standart” ötən ilin sentyabrında bağlanıb. Belə ki, 30 sentyabr 2016-cı il tarixli qərara əsasən bankın lisenziyası ləğv olunub. Bankın keçmiş rəhbəri Kriman Səlim Eldaroviç isə bu ilin iyul ayından beynəlxalq axtarışa verilib.

    Rubrika.az


    Facebook-da paylaş