• Prezident Sumqayıtda bir neçə müəssisənin açılışını etdi

    Prezident Sumqayıtda bir neçə müəssisənin açılışını etdi

    İlham Əliyev: “Biz ili uğurla başa vururuq”

    Azərbaycan prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıta səfər edib. Dövlət başçısı “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

    Rubrika.az-ın APA-ya istinadla məlumatına görə, “Baku Steel Company” MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlət başçısına görülən işlərlə bağlı ətraflı məlumat verib.

    Dövlət başçısı zavodu işə salıb.

    Məlumat verilib ki, yenidənqurmadan sonra zavodun illik istehsal gücü 90 min tondan 200 min tona çatdırılıb. Müəssisədə 531 nəfər daimi işlə təmin edilib ki, onların da orta aylıq əməkhaqqı 1500 manatdır.

    Azərbaycan istehsalı olan borular daxili bazarda satılmaqla yanaşı, Almaniya, Hollandiya, Belçika, İtaliya, Avstriya, Türkiyə, Rusiya, Qazaxıstan, Litva və Ukraynaya ixrac ediləcək.

    Prezident daha sonra digər obyektlərin açılışında iştirak edib. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak edib, burada müəssisənin kollektivi ilə görüşüb.

    Prezident İlham Əliyevin çıxışında deyib ki, on səkkizinci dəfədir ki, Sumqayıtda səfərdəyəm: “Bu il ikinci dəfədir ki, gəlmişəm. Şəhərdə bütün infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir. Fasiləsiz içməli su ilə təminat 94 faizə çatıb, qazlaşma 100 faizdir, elektrik enerjisi ilə heç bir problem yoxdur, yeni yollar salınır. Biz bu il Bilgəh-Sumqayıt sahilboyu yeni yolun salınmasını təmin etdik. Sosial obyektlər, məktəblər, xəstəxanalar, Olimpiya kompleksi, Paralimpiya mərkəzi, "ASAN xidmət" mərkəzi yaradılıb. Bu gün biz “Kimyaçı” Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışını qeyd edəcəyik. Yəni həm sosial, həm iqtisadi sahədə, sənaye sahəsində çox böyük inkişaf var. Sumqayıt bulvarı isə - mən bunu bulvarın açılışında da demişəm - bir möcüzədir. Çünki qısa müddət ərzində belə bulvarın salınması doğrudan da çox böyük hadisədir. İnsanların rahat yaşaması, işlə təmin olunması üçün bütün işlər görülür. Bir daha demək istəyirəm ki, Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir. Bir məsələni də qeyd etməliyəm ki, bütün müəssisələr ən yüksək ekoloji standartlara malikdir. Bunu mən xüsusi tapşırmışdım. Çünki bilirsiniz ki, vaxtilə Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi. Hətta bütün beynəlxalq reytinqlərdə dünyanın ekoloji cəhətdən ən problemli şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt ekoloji cəhətdən bəlkə də ən gözəl və təmiz şəhərlərdən biridir. Bax, biz buna nail ola bilmişik. Buna görə Sumqayıtın ekoloji vəziyyətinin daim yaxşılaşdırılması diqqət mərkəzindədir və bu gün buranın təmiz havası, gözəl iqlimi əminəm ki, sumqayıtlılar üçün də çox önəmlidir.

    Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıbdır. Budur, əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir. Bu gün Azərbaycan belə gözəl əsərlər yaradır və xalqımıza bəxş edir. Burada, bu görüşdə iştirak edən bütün vətəndaşlar bu gün açılışında və təməlinin qoyuluşunda iştirak etdiyim müəssisələrin nümayəndələridir".

    “Bu gün ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan müəssisələr fəaliyyətə başlayır. O müəssisələr ki, idxaldan asılılığı aradan götürəcək. Bu, məni çox sevindirir. Çünki bizim əsas məqsədlərimizdən biri də odur ki, yerli istehsal artsın, iş yerləri yaradılsın və idxaldan asılılıq azalsın”.

    APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olarkən deyib.

    Dövlət başçısı qeyd edib ki, bu gün böyük şüşə zavodunun təməli qoyulub: “Bu zavod fəaliyyətə başlayandan sonra artıq Azərbaycanda şüşə idxalı dayandırılacaq. Əksinə, Azərbaycan özü şüşələri ixrac edəcək. Nəzərə alsaq ki, bu gün Bakıda və digər şəhərlərdə yüzlərlə yaşayış binası, müasir göydələnlər tikilir, şüşəyə tələbat çox böyük olacaq. Siz bilirsiniz ki, biz son vaxtlar xalçaçılığın inkişafına çox böyük diqqət göstəririk və artıq qısa müddət ərzində on xalça fabriki açılıb. Gələn il də on fabrik açılacaq və bütövlükdə otuz xalça fabrikinin yaradılması nəzərdə tutulur. Əlbəttə ki, bu fabriklərin uğurlu fəaliyyəti üçün yerli xammal lazımdır və əyirici-boyaq fabrikinin təməli də bu gün qoyulub. Bu, dövlət investisiyası hesabına yaradılacaq müəssisədir. Beləliklə, biz bütün xalçaçıları, həm bu fabriklərdə çalışan, eyni zamanda, fərdi qaydada işləyən xalça ustalarımızı öz xammalımızla təmin edəcəyik”.
    Prezident həmçinin bildirib ki, bu gün, eyni zamanda, siqaret fabrikinin təməli qoyulub: “Bu fabrikin də çox böyük əhəmiyyəti var. Biz indi siqaret idxalından asılıyıq. Əlbəttə, biz hamımız istəyirik ki, Azərbaycanda siqaret istehlakı azalsın, insanlar bu pis vərdişdən əl çəksinlər. Ancaq hələ ki bu, belə deyil. Əlbəttə, daxili istehsal xarici istehsalı əvəzləməlidir. Bu fabrikdə istehsal olunacaq məhsul daxili tələbatın əlli faizini bağlayacaq. Əminəm ki, gələcəkdə biz daxili tələbatımızı 100 faiz ödəyəcəyik və eyni zamanda, xarici bazarlara ixrac edəcəyik. Bu gün Azərbaycanda tütünçülük çox sürətlə inkişaf edir. Əlbəttə ki, tütünçülüyün son məhsulu olan siqaret istehsalı da Azərbaycanda yaradılır”.

    Dövlət başçısı onu da bildirib ki, pestisid zavodunun tikintisi artıq öz həllini tapıb: “Bu da çox vacib sahədir. Mənim göstərişimlə bu sahəyə böyük diqqət ayrılır. Çünki bu günə qədər biz yenə də idxaldan asılıyıq. İndi daxili tələbatı bu parkda yaradılan zavod tam ödəyəcək. Gələcəkdə - növbəti mərhələdə isə ixrac imkanı da yaradılacaq. Bu, kənd təsərrüfatının inkişafına çox böyük təkan verəcək. Çünki kənd təsərrüfatı sənaye istehsalı ilə bərabər, bizim əsas, prioritet istiqamətimizdir. Düzgün aqrotexniki tədbirlərin görülməsi nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra bilərik”.

    “Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir” - deyə prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olarkən deyib: “Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir - həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik. O ki qaldı sənaye zonalarının yaradılmasına, bu proses ölkəmizdə geniş vüsət alıb. Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayıb, Hacıqabul, Masallı, Sabirabad rayonlarında oxşar zonalar yaradılır. Mingəçevir Yüngül Sənaye Parkında birinci böyük fabrikin açılışı gələn ilin əvvəlində nəzərdə tutulur. Yəni Azərbaycanda sənayeləşmə prosesi sürətlə gedir. Bunun təməlində bizim siyasətimiz, xarici və yerli investorların inamı dayanır. Çünki ancaq sabit olan ölkələrə investisiya cəlb olunur. Azərbaycan o ölkələrdəndir ki, çox gözəl beynəlxalq nüfuza malikdir, iqtisadi cəhətdən uğurla inkişaf edir. Davos Forumunun hesablamalarına görə, ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə biz 35-ci yerdəyik. Bu gün Sumqayıtda bu 7 müəssisənin, bundan əlavə, bu müəssisələri qidalandıran yarımstansiyaların fəaliyyətə başlaması bizim düzgün siyasətimizi bir daha göstərir və biz 2017-ci ili uğurla başa vururuq”.

    Prezident böyük imkanlara malik olan Data Mərkəzinin açılmasından da danışıb: “Bu, dünyanın ən son texnologiyalarına əsaslanan mərkəzdir. Azərbaycan bu sahədə də dünya miqyasında liderlik nümayiş etdirir. Bildiyiniz kimi, blokçeyn texnologiyası bu gün dünyada çox böyük diqqətə malik olan bir sahədir. Bir çox ölkələr, şirkətlər bu texnologiyanı öz ölkələrinə gətirmək üçün çalışırlar, fəaliyyət göstərirlər. Burada da Azərbaycan ön sıralardadır. Belə böyük və müasir, bütün dünya standartlarına cavab verən Data Mərkəzinin yaradılması onu göstərir ki, biz gələcəyə baxırıq, biz ölkəmizi dünyada gedən mütərəqqi proseslərə uyğun şəkildə inkişaf etdiririk. Bu, həm elm mərkəzidir, həm sənaye müəssisəsidir və həm də böyük biznes sahəsidir. Bir sözlə, bir gündə Sumqayıtda, görün, yeddi müəssisəyə təkan verilir, onların fəaliyyəti təmin edilir. Əgər biz Sumqayıt Kimya Parkının digər rezidentlərini də əlavə etsək, görərik ki, bu, doğrudan da dünya miqyasında böyük bir sənaye mərkəzidir. Çünki hazırda ”SOCAR Polymer" və karbamid zavodlarının tikintisi davam edir. Bu iki layihənin ümumi sərmayə həcmi 1 milyard 700 milyon dollardır. Bu, bizə imkan verəcək ki, həm yerli istehsalı, yerli xammalı təmin edək, həm də ki, böyük ixrac imkanları yaradılacaq. Qeyd etdiyim kimi, bu sənaye parkında bütövlükdə 15 rezident var. Həm xarici, həm də daxili investorlar burada fəaliyyət göstərirlər. Əgər biz vaxtında bu qərarı qəbul etməsəydik və dövlət öz tərəfindən bütün lazımi tədbirləri görməsəydi, o cümlədən maliyyə dəstəyini göstərməsəydi, əlbəttə ki, bu gün bu park da olmayacaqdı və biz bu gözəl imkanlardan məhrum ola bilərdik. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti gələcəkdə daha da genişləndiriləcəkdir. Burada böyük ərazilər var, yeni layihələr təqdim olunur, yeni layihələr nəzərdən keçirilir. Ona görə bu parkın çox böyük gələcəyi var".

    Sonda prezident qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə sumqayıtlıları təbrik edib.

    Rubrika.Az


    Facebook-da paylaş