• “Bu oyunu biz pozduq...” - Bakı və Ankaranın ortaq mesajı

    “Bu oyunu biz pozduq...” - Bakı və Ankaranın ortaq mesajı

    İstanbul zirvəsindən dünyaya 2018 ismarışı; Ərdoğanın ev sahibliyi etdiyi islam sammiti Türkiyə və Azərbaycan üçün kritik hədəf cızdı; məkrli planlar de-şifrə olunur; ərəb şeyxlərinin Ermənistanda peyda olması təsadüfmü? Bakı üçün də mühüm gəlişmə...

    Rubrika.Az musavat.com-a istinadla bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi təşəbbüsü ilə İstanbulda reallaşan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin fövqəladə toplantısı qardaş ölkənin regional supergüc olaraq mövqeyinin daha da möhkəmlənməsi, nüfuzunun artması ilə yadda qaldı. Azərbaycan da daxil, türk toplumunun malik olduğu böyük potensialı göstərdi, Türkiyə və Azərbaycanın İslam dünyası üçün etibarlı lokomotiv missiyasını ortaya çıxardı.

    Türkiyə güclənirsə, sözsüz ki, Azərbaycanın da gücünə güc qatılır. Təsadüfi deyil ki, İstanbul zirvəsi və orada nümayiş etdirilən ortaq siyasi iradə öncəliklə türk düşmənlərini əməllicə pəjmürdə və narahat elədi, dost-müttəfiqləri isə təbii ki, sevindirdi. Eyni zamanda müsəlman toplumun maraqlarını ciddiyə almayan, yaxud kor-koranə bəzi Qərb dairələrinin havasına oynayan antitürk çevrələri nişan verdi.

    Bu xüsusda prezident Rəcəb Tayyib Ərdoğanın aşağıdakı sözləri diqqət çəkir. Sitat: “15 ildir Türkiyəni böyük, güclü, məzlumların, günahsızların ümid qapısı, güvən qaynağı olan bir ölkə kimi gücləndirməkdəyik. Türk milləti olaraq hələ dünyaya son sözümüzü söyləmədik. Hər şeyin zamanı olduğu kimi, bu böyük günün də zamanı var. Müsəlmanların gələcəyini yaxından maraqlandıran oyunu biz pozduq. Əgər bu gün daxildən, xaricdən davamlı hücumlara məruz qalırıqsa, böhtanlara tuş gəliriksə, davamıza və onun uğuruna canımıza qəsd edilirsə, səbəbi bu mübarizələrdən vaz keçməməyimizdir”.

    Gerçəkdən də, böyük Yaxın Şərq oyununun əsas hədəfi “ipə-sapa yatmayan” Türkiyə və onun müttəfiqləridir. Bunu bir sıra Qərb siyasiləri heç gizlətmirlər də.

    *****

    “Türkiyə regionun stabil ölkəsinə və doğan ulduzuna çevrilib. Təkcə 2017-ci ilin üçüncü rübündə ölkənin iqtisadiyyatı 11% artıb. İlin sonu üçünsə bu göstərici 7,5% ola bilər. Türkiyə bəzi Qərb dairələrinin bütün əngəllərinə rəğmən, inkişaf eləməkdədir. Dünya şokda, Türkiyənin rəqibləri isə kədər içindədir. Onlar Türkiyəni dayandırmaq üçün hər şeyi sınaqdan çıxardılar”.

    “Yeni Müsavat” xəbər verir ki, bu sitat “Sabah” qəzetinin ingilis versiyasındakı məqaləsindəndir. Məqalədə daha sonra deyilir: “Onlar istəmirlər ki, Türkiyə regionda öz maraqlarını qorumaq bacarığına malik iqtisadi, hərbi və siyasi cəhətcə aparıcı derjava olsun. Onlar Suriyada PKK-ya bağlı təşkilatlara kömək göstərməklə də Türkiyəni dayandırmağa, Türkiyə iqtisadiyyatına ziyan vurmağa çalışdılar. Lakin bütün bunlar fiasko oldu... Amerika sorğusu göstərdi ki, Ərdoğan Yaxın Şərqdə ən populyar liderdir. Bu, ona görə baş verdi ki, Ərdoğan Yaxın Şərq əhalisinin qayğısını çəkir, onu fələstinlilərin ağır vəziyyəti narahat edir. Ancaq bütün bunların fonunda ərəb liderlərinin əksəriyyəti Qüdsün İsrailin paytaxtı elan edilməsinə laqeyd yanaşdılar. İstanbulda islam liderlərinin sammiti ərəb liderlərinin Qüds və Fələstin xalqı ilə bağlı situasiyadan nə dərəcədə narahat olduqlarını nümayiş etdirdi”.

    *****

    Qeyd edək ki, İstanbul sammitində Səudiyyə Ərəbistanı, Misir və bəzi digər ərəb ölkələri öz liderləri səviyyəsində iştirak etməyib. Siyasi təhlilçilərin bununla bağlı şərhləri maraqlıdır.

    “Ərdoğanın İstanbul sammitində daha genişmiqyaslı proseslərə start verməyi hədəfləyən siyasəti ərəb ölkələrinin böyük qısqanclığına səbəb olub”. Bu sözləri Axar.az açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert hazırda Qüds istiqamətində iki cəbhənin açıldığını bildirib.

    “İstanbul sammitindən öncə Ərəb Ölkələri Liqasının xarici işlər nazirlərinin toplantısı baş tutdu. Burada dominantlıq təşkil edən Səudiyyə Ərəbistan, Misir və digər ərəb ölkələri idi ki, gündəliyi də məhz onlar tərtib etmişdilər. Fikir verin, Türkiyənin təşəbbüsü ilə baş tutan İstanbul zirvəsində sözügedən ölkələr bir o qədər fəal iştirak etmədilər. Çünki bu ölkələr məhz Ərəb Ölkələri Liqası çərçivəsində güclərini birləşdirməyə üstünlük verirlər. Türkiyənin təşəbbüsü ilə baş tutan İƏT zirvə görüşü isə panərəb yox, panislam xarakteri daşıyırdı”, - deyə ekspert qeyd edib.

    *****

    Maraqlıdır ki, bu arada, yəni məhz İstanbul zirvəsindən sonra bəzi ərəb şeyxləri və övladları İrəvanda peyda olublar. Bu barədə informasiyanı “Qraparak” erməni qəzeti yayıb. Bildirilir ki, İrəvana gələnlər arasında Birləşmiş Ərəb Əmirliyinin Əbu Dabi Əmirliyinin şahzadəsi Mənsur ibn Zeyd əl-Nahyanın da olduğu bildirilir. Onların İrəvana 3 gün öncə gəldiyi və erməni iş adamı Qagik Çarukyanın qonaqları olduğu vurğulanıb.

    “Qraparak” görüşdə əsas məqsədin ərəb investisiyasının Ermənistana cəlb edilməsi olduğu deyilir. Ancaq bu, asan məsələ deyil. Əks halda, qonşu İran çoxdan bu yöndə ciddi uğurlara nail olardı. Di gəl, Ermənistana bütünlüklə nəzarət edən Rusiya faktoru, Ermənistanın Azərbaycanla müharibə vəziyyətində olması, Qarabağ konfliktinin həll olunmamış qalması, bunun nəticəsi kimi, Ermənistanın blokada şəraitində olması və dünya okeanına çıxışının olmaması işğalçı ölkəyə böyük xarici sərmayə yatırımını mümkünsüz edir. Hərgah, erməni rəsmiləri ərəb ölkələrinə intensiv səfərlər eləməklə vəziyyətdən və blokada şəraitindən çıxmağa çalışırlar.

    Yeri gəlmişkən, İrəvanda iqtisadi durum başa çatmaqda olan 2017-ci ildə daha acınacaqlı olub, ölkədən kapital axını sürətlənib. Üstəlik, parlament xarici borc üçün müəyyən etdiyi kritik hədd baryerini artırmaq məcburiyyətində qalıb. Beləliklə, investisiya tapmayan Ermənistan gələn il borclanmanı artırmağa hazırlaşır. Yanvardan isə Ermənistanda, Dağlıq Qarabağda böyük bahalaşma dalğası gözlənilir: 800-ə yaxın mühüm tələbat malının qiymətinin, həmçinin, benzinin qiymətinin qalxması gözlənilir.

    Yəni, ərəb şeyxlərinin İrəvan səfəri müəyyən mənada Azərbaycan üçün narahatlıq doğursa da, əslində ciddi təlaşa əsas yoxdur. Müəyyən qədər rahatsızlıq yaradan Qüds ətrafındakı olaylardan dolayı Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə strateji tərəfdaşımız İsrailı arasında münasibətlərin gərginləşməsi, Bakının müəyyən seçim qarşısına gəlməsidir. Fəqət, “küncə sıxılmış” İsrailin də bundan sonra Azərbaycana ehtiyacının artacağını söyləmək olar.

    *****

    “Ayrıca maraq kəsb edən istiqamət Türkiyənin Qüdslə bağlı sərt mövqeyi və Putinlə Ərdoğanın Ankaradakı bəyanatıdır. Belə olan halda Ankaranın yaxın müttəfiqi Bakı çətin ki, ümumi bəyanatlardan kənarda qalsın”. Bu sözlər rusiyalı politoloq Qriqori Trofimçuka məxsusdur.

    Onun fikrincə, Bakı Təl-Əvivlə yaxın münasibətləri saxlamaqdan ötrü çox çalışmalı olacaq. “Aydın olan bir şey var. Yaxın Şərqdə vəziyyət çətinləşir və daha ciddi fazaya daxil olur. Bu prosesin iştirakçıları bundan sonrakı dönəmdə necə hərəkət edəcəklərinə qərar verməlidirlər. Ağ Evin Qüds gedişi çox şeydən xəbər verir. Bu gedişi Donald Trampın qəribəliyinə bağlamaq olmaz. Çox şey hələ təzə başlayır. Daha etibarlı sülh prosesi üçün Rusiya və Türkiyə Suriyadan ABŞ-ı qovmalı olacaq”, - deyə o əlavə edib.

    Çevrəmizdə, bölgədə vəziyyət gerçəkdən də, daha ciddi fazaya daxil olub, çox şey təzəcə başlayır. Demək, Azərbaycan üçün də 2018 - yeni çağırışlar ili olacaq - həm Qarabağ (Ermənistan) alanında, həm də qardaş Türkiyə və İsraillə əlaqələr baxımından. Gələn il dost-müttəfiqləri qorumaq zərurəti yəqin ki, artacaq. Bir şeyi dəqiqdir ki, Bakı və Ankara Ərdoğanın təbirincə desək, bu il də əleyhimizə olan böyük oyunu sinxron siyasət sayəsində poza bilib. Amma məkrli oyunlar hələ bitməyib...

    Rubrika.Az


    Facebook-da paylaş