• "Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür" - ATU inkişaf dövrünü yaşayır

    "Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür" - ATU inkişaf dövrünü yaşayır

    Müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir.
    Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri də misilsizdir.


    Azərbaycan cəmiyyəti, eləcə də Azərbaycan elmi XX əsrdə çox sürətlə inkişaf etmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər isə bu cəhətdən xüsusilə seçilir. Azərbaycan elminin ən çox inkişaf etdiyi dövr bu dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin, elm ocağının yeni yüksəlişi məhz ulu öndərin adı ilə bağlı idi.

    Azərbaycan xalqının nicat yerinə çevrilmiş Heydər Əliyevin siyasi kursu bu gün də inamla davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyev milli intibaha və yüksəlişə hesablanmış fəal maarifçilik missiyası həyata keçirir. Ölkə başçısının rəhbərliyi altında illərdə həyata keçirilən ardıcıl tədbirlər təkcə sosial-iqtisadi inkişafa deyil, həm də elmi-intellektual tərəqqiyə, təhsildə dövrün tələbi ilə uzlaşan elm və təhsil islahatlarının həyata keçirilməsinə, insan kapitalının möhkəmləndirilməsinə, elmtutumlu texnologiyaların inkişafına yönəlmişdir. Cənab İlham Əliyev Azərbaycan xalqının gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında hər zaman bildirməklə yanaşı, fəal milli maarifçilik xətti yeridir. Respublikamız inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi istiqamətinə yönəldir. Ölkə iqtisadiyyatının yüksək inkişaf tempi, ictimai-siyasi sabitliyin davamlı xarakter daşıması, təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün daha çevik islahatlar aparmağa imkan yaradır. Eyni zamanda, cəmiyyət həyatındakı sürətli dəyişikliklər milli təhsil konsepsiyasının daim müasirləşdirilməsini, iri dövlətlərin maarifçilik ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ kimi gündəmə gətirir. Azərbaycan Prezidenti İlham Əliyevin milli təhsil sisteminin inkişafı və problemlərinin həlli istiqamətində həyata keçirdiyi davamlı siyasətin qayəsində də məhz bu ali məqsəd dayanmışdır.
    Azərbaycan Texniki Universiteti ölkəmizdə ali texniki təhsilin inkişafında, sənaye və iqtisadiyyatın müxtəlif sahələri üçün yüksək ixtisaslı milli mühəndis kadrlarının yetişdirilməsində mühüm rol oynamışdır. Universitet fəaliyyət göstərdiyi 60 il ərzində böyük inkişaf yolu keçərək yüksək ixtisaslı texniki kadrlar hazırlayan çoxprofilli ali təhsil ocağına və texniki elmlər üzrə nüfuzlu elmi mərkəzə çevrilmişdir.
    Respublikanın texniki elmlərin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim və ziyalılarının, tanınmış mütəxəssislərin, dövlət xadimlərinin bütöv bir nəsli bu universitetin məzunlarıdır. Ümumiyyətlə isə fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan Texniki Universiteti ölkəmiz və bir sıra xarici dövlətlər üçün 90 min nəfərədək yüksək ixtisaslı kadr hazırlamışdır.

    Azərbaycan Texniki Universiteti bu gün də ölkəmizin ictimai-siyasi, elmi həyatında mühüm rol oynayan bir elm ocağıdır. Universitetin son illər nüfuzunun artmasında, elmi potensialının güclənməsində, dünyanın qabaqcıl təhsil müəssisələri sırasında layiqli yer tutmasında görkəmli elm xadimi, tanınmış alim, müdrik rəhbər kimi Xalıq Yahudovun müstəsna xidmətləri vardır.

    Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri kimi Xalıq Yahudov bütün həyatını Azərbaycanımızın inkişafına, elmi potensialının güclənməsinə sərf etmişdir.
    Xalıq müəllim vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyət, yüksək texniki biliyi və təhsili olan, yüksək tibbi, iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir. !
    Sadəlik, təvazökarlıq, mülayimlik, əməkdaşlara qarşı həssas və qayğıkeş münasibət Xalıq Yahudovun xarakter ştrixləridir. Eyni zamanda işdə son dərəcə tələbkarlıq, öz vəzifə borcunu vicdanla, şərəflə, ləyaqətlə yerinə yetirməyənlərə güzəşt edilməməsi də Xalıq müəllimin iş prinsipidir. Məhz bu xüsusiyyətlər rektoru hər zaman qalibiyyətlərə aparıb. Elə bu gün Texniki Universitetin idarəçiliyində qazandığı böyük uğurların kökündə də məhz bu xüsusiyyətlər dayanır.
    Xalıq müəllimi bütün tələbə və müəllim kollektivi ona görə çox sevir ki, o, onlara, hamıya təmənnasız kömək edən böyük ürək sahibidirz.
    70-dən çox elmi məqalənin, dərs vəsaitinin, dərsliyin və metodik materialların müəllifi olaraq elmimizin inkişaf tarixinə öz adını qızıl hərflərlə yazmışdır. Yetirməsi olan neçə-neçə tələbəsi hər yerdə Xalıq müəllimin adını ucaldır, elm ziyasını dünyaya yayır.
    Texniki Universitetin nüfuzunun yüksəlməsində, qazanılan uğurlarda prorektor İlham Pirməmmədovun böyük rolunu qeyd etməmək olmaz. Bütün həyatı ilə təhsil sisteminə bağlı olan İlham müəllim ATU-nin elmi potensialının güclənməsində öz bilik və bacarığı ilə böyük işlər görüb.
    Uzun illər elmi, ictimai fəaliyyətdə və axtarışlarda ömür sürən İlham müəllim hər zaman əsl vətəndaş təəssübkeşliyindən irəli gələrək Azərbaycanın inkişafı, onun işıqlı gələcəyi naminə çalışmışdır.
    İlham müəllim 1990-cı ilin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycanın milli təhsil sisteminin qurulmasında, yeni dərsliklərin hazırlanmasında, ali məktəblərin Avropa təhsilinə inteqrasiyasında öz bilik və bacarığını sərf etdi. Təhsilimizin milliləşməsi prosesi uzun zaman alsa da, bu gün bu proseslərin uğurla aparılmasında İlham müəllimin zəhməti əvəzsizdir. Çünki nəzəri biliklə yanaşı, ənənələrdən gələn təhsilin idarə olunması təcrübəsinə sahib olan çox az sayda insanlar var ki, məhz bu insanlardan biri də İlham Pirməmmədovdur. Bu xüsusiyyətləri ilə İ. Pirməmmədov öz adını Azərbaycanın təhsil tarixinə qızıl hərflərlə yazıb.
    Xalıq müəllim və İlham müəllimin böyük əməyi sayəsində Texniki Universitetinin maddi-texniki bazası əsaslı şəkildə yaxşılaşmaqla yanaşı, təhsilin və tədrisin səviyyəsi də yüksəlib.

    Media mənsubu olaraq hər zaman Xalıq müəllimin böyük əməllərini, elmi fəaliyyətini böyük qürur hissi ilə izləyirik. Böyük alim, görkəmli şəxsiyyət kimi Xalıq müəllimin nəsillərə örnək ömür yolunu məmuniyyət hissi ilə işıqlandırır, qazandığı uğurları işıqlandırırıq. Məsuliyyətlə demək istərdik ki, Xalıq müəllimin fəaliyyəti ümummilli liderin tövsiyyələrinə, cənab prezidentin tələblərinə uyğun qurulub. Texniki Universitetin bu günkü uğurlarının kökündə də bu amil dayanır.
    Xalıq müəllim də müntəzəm olaraq dövri mətbuatda çıxış edir. Təsadüfi deyil ki, "Qızıl qələm", "Xalqın nüfuzlu ziyalısı" və bir çox digər media mükafatlarına layiq görülmüşdür. Xalıq müəllimin çoxşaxəli fəaliyyəti içərisində yaradıcılığı xüsusi yer tutur. Odur ki, hər bir media mənsubu Xalıq müəllimi özünün ən yaxın dostu hesab edir.

    Nicat Mahmudov
    Rubrika.az


    Facebook-da paylaş