• Ermənistan üsyan ərəfəsində -müxalifət xalqı küçəyə çağırdı

    Ermənistan üsyan ərəfəsində -müxalifət xalqı küçəyə çağırdı

    “10 gün sonra ölkədə üsyan başlaya bilər” - erməni siyasilər və politoloqlardan hakimiyyətə sərt xəbərdarlıq gəldi; “Parlament dinləmələri heç nəyi dəyişməyəcək, əgər...”

    Rubrika.Az Yeni ilin gəlişi ermənilər üçün Şaxta babanın yox, hakim rejimin “sürprizləri” ilə yadda qalıb. “Yeni Müsavat” xəbər verir ki, yanvarın 1-dən Ermənistanda əsas gündəlik tələbat malları ilə yanaşı, benzin, dizel yanacağı, sıxılmış qaz da bahalaşıb. Təbii ki, əhali bunu öz üzərində o zaman hiss edəcək ki, öhdəsindəki və satışda köhnə ərzaq ehtiyatı bitəcək. Enerjidaşıyıcılarının qiymətinin artması isə zəncirvari reaksiya kimi əlavə bahalaşma dalğası yaradacaq.

    Sözsüz ki, hakimiyyət vəziyyətin və mümkün radikal proseslərin fərqindədir. Prezident Serj Sərkisyanın yanvarın 10-da hökumətin təcili müşavirəsini çağırması da müstəsna olaraq bu impetarivlə bağlı idi. Ancaq belə görünür ki, həmin toplantı PR işindən savayı heç nəyə yaramayıb. Ölkədə qiymətlərlə bağlı narazılıqlar artır.

    Heç şübhəsiz, bu üzdən spiker Ara Babloyan yanvarın 23-də hakim Respublikaçılar Partiyasının üstünlük təşkil elədiyi parlamentdə bahalaşma ilə bağlı dinləmələr keçiriləcəyini bəyan edib. Ancaq yerli siyasi müşahidəçilər bunun da bir görüntü xarakteri daşıyacağı və vəziyyəti dəyişməyəcəyi qənaətindədirlər.

    Ara Babloyan ile ilgili görsel sonucu

    *****

    “10 gün sonra Ermənistanda üsyan olacaq”. Rubrika.az-ın "Yeni Müsavat”a istinadən məlumatına görə, bu sözləri tanınmış erməni politoloq Levon Şirinyan Laragir.am nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistanın hazırkı prezidenti prezident kürsüsündən baş nazirliyə keçməklə öz hakimiyyətini saxlamağa çalışır.

    Ölkədəki gərginlik fonunda baş verəcək mümkün sosial-siyasi kataklizmlərə toxunan politoloq deyib: “Biz hazırda elə vəziyyətdəyik ki, kataklizmlər istənilən an və ən gözlənilməz formada baş verə bilər... İnsanlar hələ ki bahalığı hiss eləmirlər, çünki yeni il ehtiyatları hələ tükənməyib. Hakimiyyət də müzakirələrə məhz indi, boşuna başlamayıb. Təxminən 10 gün sonra əhali hər şeyi öz üzərində hiss edəcək və onda üsyan ola bilər. Əgər ”Yelk" bloku (parlamentdəki müxalif fraksiya - red.) aksiyaları təşkil edə bilsə, o zaman etirazlar böyüyən xətlə gedəcək".

    “Bizim ölkəmiz institusional şəkildə inkişaf eləmir, onu oliqarxlar, psevdo-ziyalılar, mümkündür ki, hərbi rəhbərlik idarə edir. Ermənistanda istənilən hərəkat çox sürətlə siyasi hərəkata çevrilə bilər”, - deyə o əlavə edib.

    *****

    Bu arada 19 yanvara etiraz aksiyası təyin eləmiş “Yelk” bloku parlamentdə insanları bahalaşma əleyhinə küçələrə çıxmağa və hakimiyyəti Vergi Məcəlləsinə dəyişikliklərə məcbur etməyə çağırıb. “Yeni Müsavat” erməni qaynağına istinadən xəbər verir ki, dünən - həftənin birinci günü parlamentdə bahalaşma ilə bağlı müzakirələrdə sözügedən fraksiya yaranmış vəziyyətə görə məhz hakim çoxluğu günahkar elan edib.

    “Elə təəssürat yaranır ki, sanki hakim partiya və hakimiyyət bahalaşmadan yalnız indi xəbər tutub və qarşısını almağa qərar veriblər. Ancaq biz bütün 2017-ci il ərzində bu barədə danışır, xəbərdarlıq edirdik ki, yanvarın 1-dən yeni Vergi Məcəlləsinin qüvvəyə minməsi ilə bahalaşma qaçılmaz olacaq. Sıxılmış qazın qiymətini siz üç dəfə qaldıranda fikirləşmədinizmi ki, bu, multiplikativ effekt verəcək?”, - deyə fraksiyanın üzvü, deputat Edmon Marukyan öz çıxışında bildirib.

    Bu yerdə bir daha xatırladaq ki, parlamentin spikeri Ara Babloyan yanvarın 23-də bahalaşma ilə bağlı parlament dinləmələrinin anonsunu verib. Edmon Marukyan isə bəyan edib ki, dinləmələrin hər hansı əhəmiyyəti yoxdur, əsas odur ki, təcili şəkildə Vergi Məcəlləsinə düzəlişlər edilsin. “Biz adamları küçəyə çıxmağa çağırırıq, çünki parlament meydançası artıq özünü tükədib” - deputat əlavə edib.

    Öz növbəsində fraksiyanın başqa bir üzvü - Nikol Paşinyan qeyd edib: “Rəsmi məlumatlara əsasən, keçən il inflyasiya dəhşətli ölçüdə olub. Ət, yağ, benzin, dizel yanacağı bahalaşıb. Yanvarın 1-dən yeni Vergi Məcəlləsi qüvvəyə minəndən sonra növbəti bahalaşma başlayıb. Yanacağın bahalaşması isə qiymətlərin permanent qalxmasına gətirəcək, inflyasiya 20-30%-ə çatacaq. Yeganə çıxış yolu - Vergi Məcəlləsinə düzəlişlər eləməkdir. Bu da yalnız küçəyə çıxan xalqın təzyiqi ilə mümkündür”.

    *****

    Böyük ehtimalla belə də olacaq. Hər halda, xalqdan çoxdan uzaq düşmüş mövcud hakimiyyət - kriminal Sərkisyan rejimi xoşluqla qiymət endirməsinə getməyəcək. Çünki bu, oliqarxik rejimin marağında deyil. Başqa yandan, onu da unutmaq olmaz ki, mövcud hakimiyyət öz xalqına qarşı qan tökmək təcrübəsinə də malikdir (1 mart 2008).

    Durumun həssaslığı həmçinin onunla bağlıdır ki, Serj Sərkisyan cəmi ayyarım sonra (martın 2-nə seçki təyin edilib) prezidentlikdən ölkənin əsas şəxsi olacaq baş nazirliyə sıçrayış eləməyi hədəfləyib. Bu isə yalnız ölkədə minimal ictimai etimad və siyasi barış şəraitində mümkündür. Aydındır ki, ölkədəki daxili qarışıqlıq fonunda buna nail olmaq qeyri-mümkün olacaq. Əks halda, yəni milli konsensusun olmamasına rəğmən, Sərkisyanın israrla baş nazir postunu tutması yanan ocağa yağ tökmək effekti verərək, xalqın qəzəbini bir az da artıracaq.

    Əlavə edək ki, bu günlərdə Avropadakı erməni diasporunun liderlərindən olan Aşot Qriqoryan da Sərkisyanı hakimiyyətdən və xalqa qarşı zorakılıqlardan çəkinməyə çağırıb.

    Rubrika.Az


    Facebook-da paylaş